• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

“Yazıçı və şairlər koronavirusla mübarizə edir”: Şair-qəzəlxan Yasin Xəlil aksiyaya qoşularaq yeni qəzəlini təqdim etdi

11:12 16/04/20 | Mədəniyyət

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir. Qeyd olunan aksiyaya şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” ədəbi məclislərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Yasin Xəlil (Xəlilov Yasin Xəlil oğlu) də qoşularaq #Evdəqal çağrışına dəstək oldu.

Ali məktəblər üçün üç dərsliyin, iyirmiyə yaxın metodiki vəsaitin, səkkiz ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş yüzə yaxın elmi məqalənin, on iki ixtiraya patentin müəllifi olan Yasin Xəlil “Bir kiçik zərrə bütün aləmi məyus elədi...” misrası ilə başlayan qəzəlini təqdim etdi. 8 beytdən ibarət olan qəzəl dünyada sürətlə yayılan və bir çox canlara son qoyan “bir kiçik zərrə” adlandırdığı koronovirus haqqındadır.

Şair-qəzəlxanın ruhundakı fəryadı əks etdirən qəzəldə həmçinin o, “Güc birlikdədir” deyərək bütün dünyanı bu kabusdan qurtulmağa səsləyir.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Yasin Xəlilin qəzəli oxuculara təqdim olunur:

Bir kiçik zərrə bütün aləmi məyus elədi,
Evimizdə o bizi gör necə məhbus elədi.

Boğdular haqqı dəmadəm, göyə çıxdı ahı
Yığıb Allah hamısın bir qara kabus elədi.

Şərin iz qoyduğu hallar olub əvvəllər də,
Hər belə addımı Allah özü mənhus elədi.

Gedib Allaha danışdı bir uşaq gördüyünü
Öz şikayətlərini körpəyə məxsus elədi.

Son zamanlar düzü, çox ağ eləmişdin, vallah,
Adəm oğlu demə ki, öylə deyil, sus, elədi.

İttihamlar da bugün məncə bir az yersizdir,
Fərqi yox, kim elədi, çin elədi, rus elədi.

Birləşib biz qoca dünyanı xilas etməliyik,
Neyləyək biz, eləyən etdiyin, əfsus, elədi

Babalı boynuna qoy sən deyən olsun, Yasin,
Hər nə etdi bizə, əlbəttə bu Virus elədi.

Tofiq SEYİDOV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?