• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

“Gərək sevəsən, seviləsən və sevindirəsən”

13:14 18/04/20 | Mədəniyyət

Masallıda ağsaqqal yazarın yeni kitabı işıq üzü görüb

Masallı rayon Ağsaqqallar Klubunda yazıçı-publisist, “Qızıl qələm” və Həsən bəy Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitabının təqdimatı olub. Təqdimat mərasimində ağsaqqal ziyalılar, təhsil işçiləri, yaradıcı insanlar, yeniyetmə və gənclər, könüllülər iştirak edib.

Tədbiri giriş sözü ilə açan müəllif - Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev bildirib ki, oxucularla növbəti on birinci kitabı ilə görüşə gəlməkdə məqsədi milli-mənəvi dəyərlərimizin təbliği və qorunması, məktəblilərin, gənclərin aqil və müdriklərdən nümunə götürməyə çağırışdır: “Təqdim olunan yazılarda, görüşlərdə, tədbirlərdə, gənclərə nəsihətdə millətimizi səciyyələndirən azərbaycançılığın fərqləndirici xüsusiyyətlərindən olan xeyirxahlığa, mərhəmətə xidmətdə yaşlı nəslin örnək ənənələrini, həyat və xidmət nümunələrini layiqincə davam etdirmək prinsipi əsas yer tutur”.

Natiq vurğulayıb ki, üç kitabı, bilavasitə ağsaqqallara ithaf olunub. Bugünkü açıq dialoqun məqsədi də canlı müzakirəyə yol açmaqdır.

Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayaraq, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.

Görüşə toplaşanlar uzun müddət məsul vəzifələrdə çalışmış, aqil insan, tanınmış ağsaqqal, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli dövlət qulluğu təqaüdçüsü, əmək veteranı, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin ömür yolunda və işlədiyi vəzifələrdə qazandığı uğurlar, hörmət və nüfuzu barədə xoş sözlərini dilə gətiriblər və təqdim olunan kitabla bağlı fikirlərini, ürək sözlərini bölüşüblər.

“Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev, Masallı Dövlət Regional Kollecinin müəllimi Soltanağa Cəfərov, şair Əbülhəsən Həsənzadə, kitabın məsləhətçisi, yazıçı-publisist Xodaşirin Cəbiyev, təqaüdçü müəllim Əlizaman Baxış, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yaradıcılığını ədəbiyyatın müxtəlif janrlarında lazımınca sınaqdan keçirmiş Ələşrəf Niftiyevin yeni kitabını böyük maraqla oxuduqlarını bildirib, əsəri yüksək qiymətləndiriblər.

Elə kitabın belə adlandırılması hamını dərindən düşünməyə vadar edir. Natiqlər əsərin oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar: Necə edək ki, sevək, sevilək və başqalarını sevindirək?

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, rayon mərkəzi kitabxanasının müdiri Əlhəddin Nəzərov, R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Müzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, oxucular Rafiq Bağırov, Əfrail Fərziyev yazıçının ərsəyə gətirdiyi 210 səhifəlik kitabda Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yolundan bəhs edildiyini, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin məharətlə, real faktlar və uzun illərin müşahidələri ilə əks etdirildiyini diqqətə çatdırıblar.

Nəzərə çatdırılıb ki, öncəki “Ömür yolu – nur yolu”, “Oğul, bu “Quran”a and iç ki”, “Kiçiklərə, böyüklərə və hər kəsə”, “Haqqın gücü”, “Həyatımın həqiqətləri”, “Hər kəs qədrini yaşar”, “Vur-tut bu dünyada bir ömrümüz var”, “Seçilmiş hekayələr”, “Uşaqlar üçün hekayələr”, “Yaxşılığa qoyulmayıb tərəzi ” adlı bədii-publisistik kitabların hər birində alicənab ağsaqqalın vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi gələcək nəsillərə istiqamət və fayda verməkdədir.

“Gərək sevəsən, seviləsən və sevindirəsən”nin məziyyətlərindən söhbət açanlar cəmiyyətdəki qurub-yaradan insanların əməyinin, yaradıcı insanların, elm fədailərinin fəaliyyətinin müəllif tərəfindən məharətlə təsvir edildiyini söyləyiblər. Yeniyetmə gənclər və iştirakçılar el-obada əmək və ömür yolları, xidmətləri ilə şöhrət tapmış ağsaqqalların, tanınmış şəxsiyyətlərin kitabda əks olunmuş hekayətlərindən misal gətirərək xüsusi olaraq Sığdaş kəndinin keçmişindən, müharibələr iştirakçısı və Qarabağ döyüşlərində torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksələn cəsur həmyerlilərin igidlik epizodlarını xatırladılar.

“Yaşamaq uğrunda mübarizə” kitabının müəllifi Əbülhəsən Həsənzadənin keçdiyi mübarizə ilə dolu həyat yolundan, yeddi dəfə ağır cərrahi əməliyyatlara düçar olmuş, ancaq yaşamaq, mübarizə aparıb qalib gəlmək əzmini qoruyan bu qəhrəmanın hekayətini qəlbən bəyəndilər. Onun canlı çıxışı oxucuları, iştirakçıları çətin sınaqlarda dəyanətli və ümidli olmaqda, həyat yoldaşı Yeganə xanımın əsl Azərbaycan qadını kimi ölümlə çarpışan, belə anlarda həyat yoldaşının bütün ağır yükünü çiyinlərinə götürən obraz kimi möhkəm qurulan ailə sütununun möhkəmliyinin hamıya örnək olduğunu vurğulayıblar.

Müdrik sözlər, hekayə və esselərlə ehtiva olunan nəşrdə aktual, həssas mövzu seçimi, həyatdan götürülmüş epizodlar oxucu marağına səbəb olur. Hər kəs özünü müəllim, həkim, alim, Vətən keşiyində duran əsgər və zabit görmək istəyir.

Vətənpərvərlik, xalqsevərlik hisslərinə köklənmiş bədii parçalar üç bölmədən ibarət kitaba xüsusi dəyər və önəm verir.

“Şəxsiyyət və zaman”, “Biz və cəmiyyət”bölümlərində “Qafqaz müridi Şeyx Şamilə layiq pyes”(müəlliflər filologiya elmləri namizədi, nasir Sadıq Murtuzayev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu), böyük mütəfəkkir şairimiz İmadəddin Nəsiminin yaradıcılığından bəhs edən “İnsanlığın və həqiqətin carçısı”, həmyerli ağsaaql və ziyalılarımızdan Rəfi Həsənov, tarix elmləri doktoru, professor Musa Quluzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, şair, jurnalist-publisist Məmməd Kazım, “Tərəqqi” və “Şərəf nişanı” ordenli Əməkdar Mədəniyyət işçisi Lətifə Mövsümova, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar kənd təsərrüfatı işçisi İmran Əbilov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun ömür yolu barədə qələmə aldığı “Əsər, əməl, övlad nəsihəti”, “Günah işlətməyən insan”, “Cənab polkovnik, necəsən?”, “Ömür gedər, borc qalar”, “Lətifə xanım adının əsl mənasında”, “Elə sevəsən, seviləsən və sevindirəsən gərək”, “Qarabağ: Ulu vətənimiz” publisistik məqalələr, “Yaşamaq uğrunda mübarizə” povestinə (müəllif Əbülhəsən Həsənzadə) yazılmış 36 səhifəlik rəy-izahat, eləcə də son illərdə mətbuatda dərc edilən yazıları yer alıb.

“Olub keçənlərdən” bölməsindəki esselərdə isə cəmiyyəti narahat edən məsələlər və mənfi halların ifşası, əxlaqi mövzu ön plana çəkilir.

Ümumiyyətlə topluda müasir dövrün mürəkkəbliyi şəraitində insanlar ehtiyatlı olmağa, gənclər böyüklərə və ağsaqqallara qarşı ədəb-ərkan göstərməyə çağırılır.

Müzakirələr zamanı gənclərdən Emin Nüsrətov, Hüseyn Seyfullayev, Orxan Rzayev bildiriblər ki, 75 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir, həm də belə görüşlərin vaxtaşırı keçirilməsi onların dünyagörüşünü dərinləşdirir.

Bütün çıxışlarda çoxillik həyat və yaradıcılıq təcrübəsinə sahib olan Ələşrəf müəllim haqq-ədalət uğrunda mübarizə aparan həssas insani keyfiyyətlərə malik şəxsiyyət kimi dəyərləndirilib. İştirakçılar açıq dialoqla, ağsaqqallarla üz-üzə belə müzakirələrdən xeyli razı qaldıqlarını bildiriblər. Onlar təqdim olunan əsərin əhəmiyyətindən danışaraq, kitab barədə müsbət rəy söyləməklə məhsuldar yazara yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda el ağsaqqalı, dəyərli ziyalı, ictimai xadim Ələşrəf Niftiyev tədbirə toplaşanlara minnətdarlığını bildirib və kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib.

11 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi deyib ki, “əgər ömür vəfa qılarsa bundan sonra da yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcəm, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəm. Qoy gənclərimiz xalqımızın tarixini, el-obamızın tanınmış şəxsiyyətlərini, ağsaqqallarını yaxşı tanısınlar, həyatda, gündəlik fəaliyyətlərində belələrinə oxşamağa çalışıb cəmiyyətimizə gərəkli vətəndaş olmaq kimi müqəddəs amalı heç vaxt unutmasınlar”.

Bəli, elə Ələşrəf Niftiyev kimi onlarla ağsaqqalımızın həyatı təkcə 233 min əhalisi olan Masallı rayonu üçün yox, bütövlükdə respublikamız üçün bir örnəkdir. Çünki Masallı Azərbaycan xalqına çoxlu tanımış insanlar bəxş eləyib. Axı boş yerə bu məkana ulularımız “cənnət-misallı” deməyiblər.

Akif AĞAYEV


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?