• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

BABAMIN NAĞILI

13:41 17/04/20 | Mədəniyyət

(Hekayə)

Evdə tək oğlan uşağı olduğumdan anam hər il yayı məni kəndə, babamgilə göndərirdi. Özünün dediyi kimi, göndərirdi ki, havamı-suyumu dəyişim, ətə-qana gəlim. Deyəsən, elə əmələ gəlirdim də, çünki kənddən qayıdandan sonra evdə bacılarım məni “Toppuş” çağırırdılar.

İlk dəfə kəndə beş yaşında getmişdim. O vaxt anamla birlikdə avtobusla kəndə gəlməyimiz bu gün də yadımdadır. Anam zavodda işlədiyindən mənimlə kənddə iki gün qaldıqdan sonra özü şəhərə qayıtdı.

Şəhərdən gələn avtobus düz kəndimizin içindən keçib bulağın yanında saxlayırdı. Babam cavan olanda bu bulağın suyunu dağlardan çəkib gətirdiyindən hamı bu bulağa “Usuf bulağı” deyirdi. Bulaq həm də kənddən keçən avtobus və maşınların dayanacaq yeri idi. Kəndə gələn və ya kənddən gedən adamların hamısı bu bulağın başında maşınlara minib-düşərdilər, sərin sudan içib sərinləyirdilər. Bulağın üstü həmişə adamla dolu olurdı. Bulağın başında adamların çox olmasının başqa səbəbi də var idi. Qızlar bulağa səhənglərini doldurmağa gələndə hamısı mənim gözümə bəzənmiş-düzənmiş kimi görünürdülər. Bulaq başına yığılan qadınlar müştəri gözü ilə qızları süzür, oğlanlarına yaraşan qızlara diqqət kəsilirdilər. Bulaqdan on-on beş metr aralıda olan tək çinar ağacının altına isə həmişə subay oğlanlar yığışırdılar. Onların saatlarla orada yığışıb söhbət etmələri həmişə mənə maraqlı gəlirdi. Hansısa oğlanın bəyəndiyi qız bulağa gələnədək etdiyi qızğın söhbət həmin qızın bulaqdan getməsi ilə qəfil kəsilirdi. Oğlan elə o andaca söhbəti yarımçıq saxlayıb, bulaqdan əlində dolu səhənglə evlərinə sarı gedən qızın dalınca düşürdi. Əgər oğlan qızın dolu səhəngini alıb ona kömək edirdisə və qız da səhəngi daşımağa oğlana icazə verirdisə, deməli, məsələ aydındır.

Mən belə şeyləri çox sonradan anlamağa başladım. O vaxtlar isə beş yaşlı uşaq kimi bunları başa düşmürdüm. Qızların bulağa bəzənib gəlmələri və cavan oğlanların isə çinar ağacının altına yığışmaları mənə adi hal kimi görünürdü. Mən çinar ağacının altında toplaşan, özümdən böyük oğlanların yanında çox dura bilmirdim. Onların bir-biri ilə söhbət edərkən bəzən söyüş söymələrindən, pis söz danışmaqlarından utanırdım. Belə vaxtlarda ya özüm onların yanından aralanırdım, ya da onların ağızlarına marıtlayıb baxdığımı gördükdə özləri məni yanlarından qovurdılar. Mən də heç bir söz demədən ayaqlarımı sürüyə-sürüyə evmizə gəlirdim.

Mənim kəndə gəlməyimə ən çox sevinən nənəm olurdu. Babamın iki mərtəbəli evi düz Həkəri çayının yaxınlığında yerləşirdi. Onun böyük meyvə bağı və hər cür tərəvəzi olan bostan sahəsi vardı. Evin birinci mərtəbəsində - onların dediyi kimi “alt ev”də babamla nənəm yatırdı, ikinci mərtəbədə yəni, “üst qat”da dayımın ailəsi qalırdı.

Dayımın məndən bir neçə yaş böyük olan iki qızı vardı. Onlar bütün günü mənimlə oynayır, darıxmağa qoymurdular. Dayımın arvadı da çox mehriban, gülər üzlü qadın idi. O da məni çox istəyirdi. Dayımın üzünü isə bütün yay boyu cəmi br neçə dəfə görə bilirdim. O, tezdən gün çıxmamış tarlaya gedir, bir də gecədən xeyli keçəndən sonra evə gəlirdi. Mən o vaxt artıq yatmış olurdum. Dayım traktorçu idi. O, hər axşam işdən gələndə traktorunu evin yaxınlığındakı təpəciyin üstündə saxlayır, səhər o başdan onu dərə aşağı yelləyərək işə salır, sanki bütün kəndə “sabahınız xeyir” deyərək tarlaya tələsirdi.

Hamıdan geç yuxudan oyanan mən olardım. Yerimdən qalxanda hamının iş başında olduğunu görərdim. Qızlar həyət-bacanı, ev-eşiyi səliqəyə salıb, somavarı yenidən qaynadıb mənim oyanmağımı gözləyirdilər. Dayımın arvadı isə bizə günorta xörəyi hazırlayırdı. Mən yuxudan oyananda babam da obaşdan bostandakı tərəvəzləri sulayıb qayıtmış olurdu. O, həyətdəki armud ağacının altında palaz sərib oturmuş nənəmin yanında bardaş quraraq mənim yuxudan qalxmağımı gözləyərdi. Səhər çörəyimizi biz üçümüz birlikdə yeyərdik. Sonra nənəm qabağına bir xışma yun töküb didər və babamla olanlardan, ötənlərdən söhbət edərdi.

Babam az danışan kişi idi, nənəmin isə ağzı yumulmaq bilmirdi. Babam demişkən, arvadın ağzı bütün günü yorulmadan üyüdürdü. Belə vaxtlarda babam çubuğunu tənbəki ilə doldurub sinəsinə çəkər, armudu stəkandakı pürrəngi çaydan içə-içə nənəmin söhbətlərinə başını tərpətməklə cavab verərdi. Onların bir-biri ilə xısın-xısın söhbət etmələri həmişə mənə maraqlı gəlirdi.

Səhər yeməyindən sonra mən dayım qızlarına qoşularaq oynamaq üçün bağa, nahar yeməyindən sonra isə çay kənarına gedirdim. Bütün günüm dayım qızları ilə maraqlı keçirdi, nənəm yadıma ancaq axşam - yatmaq vaxtı gələndə düşürdü. Mən nənəmlə “alt ev”ə yatmağa gedəndən xeyli sonra babam da yatmaq üçün otağa girərdi. Babamın hələ cavanlığından beli ağrıdığından həmişə yerdə yatırdı. Mən isə nənəmlə otaqda yeganə olan dəmir çarpayıda yatırdım. Nənəm hər axşam mənə nağıl danışır və mən də onu öz suallarımla bezdirirdim. Babam məndən tez yuxuya gedirdi və onun xorultusu məni vahiməyə salırdı. Belə vaxtlarda mən nənəmin qucağına sığınar və nə vaxt yuxuya getməyimdən xəbərim olmazdı. Mənim gecədə bir dəfə yuxudan oyanmağım və nənəmi silkələyərək, - Nənə, çişim var, - deməyim, artıq adət halını almışdı. Nənəm də belə vaxtlarda məni qucağına alaraq həyətdəki çəpərin yanına gətirirdi. Mənim tumuşumu aşağı salıb, çəpərə sarı “çiş” eləməyimi tapşırardı. Mən qorxmayım deyə, o da məndən bir az aralıda çömbələrək yerdə oturar, tumanının balaqlarını paraşut kimi ətrafa yayaraq mənim “çiş” eliyib qurtarmağımı gözləyərdi. Belə vaxtlarda bir anlıq da olsa, bağımızın ayağından axan Həkəri çayının şırıltısı qulağıma dəyirdi. Sonra nənəm mənim tumuşumu çəkmək üçün ayağa qalxar və məni qucağında otağımıza aparardı. Mən də nənəmin qucağından onun oturduğu yerə baxardım. Nənəmin oturduğu yerdə yaranan gölməçə ayın işığında bərq vururdu deyə bu, mənə həmişə maraqlı gəlirdi.

Bir dəfə bu bərq vuran gölməçənin hardan əmələ gəlməsi barəsində babama sual verəndə o, yanımızda oturub yun didən, qımışaraq üzünü yana çevirən nənəmi tərs-tərs süzüb, - Qocaldıqca abır-həyanı itirirsən, ay arvad, - deməsi, uzun müddət yadımdan çıxmadı.

O söhbətdən bir neçə gün sonra bağın ayağında gəzərkən babamın da öz “abır-həya”sını itirdiyinin şahidi oldum. Bunu çox sonralar anlamağa başlamışdım. Amma hələ ki, onda mənim beş yaşım vardı və bu “abır-həya”nı başa düşmürdüm.

Bir axşam yenə həmişəki kimi “alt ev”ə girib nənəmin qucağına sığınaraq yatmağa hazırlaşanda, babam mənim bu gecəliyə çıxıb “üst ev”də yatmağımı istədi. “Nənəvin sənə danışdığı nağıllardan yata bilmirəm, qoy bu gün rahat yatım, səhər yenə nənənlə yatarsan” - dedi və bunu başının ağrıması ilə əsaslandırdı. Mən - “yox!” - deyib, nənəmin yatağına girdim və ona sığındım. Nənəm mənə nağıl danışmağa başladıqda, nədənsə onun da həmişəkindən fərqli olaraq bu axşam nağılı həvəssiz, tələsik danışdığını və öz mənasız suallarımla onu bezdirdiyimi hiss edirdim. Babam isə öz yerində uzanıb fısıldayırdı və hərdən də ucadan ofuldamağı mənim yuxuya getməyimə mane olurdu. Təzəcə huşa getmişdim ki, babamın səsinə gözlərimi açdım.

- Nə oldu, yatmadı?

- Yox, huşdadır, - bunu isə nənəm pıçıltıyla söylədi.

Gözlərim yumulu olsa da, babamın az sonra nənəmə dediyi sözləri eşidirdim:

- Nə oldu?

- Əl çək də a kişi, sən dədəvin göru qoy yataq.

- Dədəvin, dədəmin goru haqqı, yatammaram.

Gözlərimi yumub yuxuya getmək istəsəm də, az sonra babamın yenə nənəmi səsləməsini eşitdim. Nənəm, - Of, a kişi, sən əl çəkən döyülsən. Sənə qoca deyənin lap ataba-atasına lənət, - deyib, nazlana-nazlana yerindən qalxdı və babamın yatağına uzandı. Mən gözlərimi yumub sakitcə onların səsinə qulaq asmağa başladım. Babamın fısıltısı, nənəmin isə sakit səslə qımışması yuxumu qaçırtsa da, gözlərimi açmadım və daha da bərk yumaraq yuxuya getməyə çalışdım. Birdən babamın hıqqıltısını, nənəmin isə zəif səslə inildədiyini eşitdikdə gözlərimi açdım. Gördüklərimə inanmadım, babam nənəmin üstündə uzanıb onu boğurdu. Tez yorğanı üstümdən atıb çarpayıdan endim, ağlaya-ağlaya, - Baba, nənəmi boğma, - deyərək, balaca əllərimlə babamın çılpaq dalını yumruqlamağa başladım. Babam nənəmin üstündən aşaraq, - İt küçüyü, - deyib, yorğanı üstünə çəkdi. Nənəm də ağ baldırlarını görməyim deyə, tez tumanının ətəyini aşağı çəkib yerdən qalxaraq məni qucaqladı. Ayağa qalxıb yerimizdə uzandıq. Mən içimi çəkə-çəkə hıçqırır, nənəm isə məni sinəsinə sıxaraq sakitləşdirməyə çalışırdı:

- Ağlama, gözümün işığı. Baban məni boğmurdu ki, qulağıma nağıl danışırdı.

Bu hadisədən sonra mən bir daha “alt otaq”da yatmadım və babamın nənəmin qulağına danışdığı “nağılı” da bu günə qədər heç vaxt, heç kimə söyləmədim.

Arif ƏRŞAD


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?