• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

PARİS, ŞAZ-ELİZE KÜÇƏSİ

12:24 21/04/20 | Mədəniyyət

Hümbət HƏSƏNOĞLU

(Hekayə)

Parisin mərkəzi, dünyanın ən bahalı və gözəl küçəsi sayılan Şaz-Elizenin başlanğıcında velorikşalar dayanır. Velorikşa qabağı velosiped, arxasında bir nəfərlik, üstü örtülü oturacaqdır. Onlara velofayton da demək olar. Küçə uzun olduğundan avtobus və taksilərlə yanaşı bu xidmətdən də yararlanmaq istəyənlər olur. Bu ekoloji nəqliyyatdan heç vaxt istifadə etmədiyimdən mənə maraqlı gəldi. Bu küçəni bir dəfə başdan-başa keçmişdim. Bir mağazaya da girmək həvəsim olmamışdı. Amma böyük zövqlə tərtib olunmuş vitrinlərə nəzər salmışdım. Ancaq, düşünmüşdüm ki, bura bir də gəlib mənə maraqlı olan yerlərə baxaram.

Bu gün özümə həmin söz verdiyim dəfə idi. Sözün düzü, mağazalar məni ən az maraqlandıran yerdir. Xarici şəhərlərdə məni ən çox maraqlandıran insanlardır. Binaya bir neçə saniyə baxmaq kifayət edir, sonra nəyinə baxasan ki?

İnsanlar başqa aləmdir... Hər biri elə özləri boyda sirdirlər. Geyimləri, görünüşləri, duruşları, baxışları, emosiyaları... Əslində bu küçə podiumdur, küçə-podium. Bütün irqlərin, xalqların, cinslərin gəzdiyi podium. Sən də istəmədən belə bu podiumda özünü nümayiş etdirməli olursan. Fikir vermisiniz, yəqin, metro eskalatoruna ayaq basan hər kəs susur. Hamı elə bil hipnoz olur, hər kəs əks istiqamətdə eskalatorla gələn insanlara maraqla baxmağa başlayır. Hamı dinməz şəkildə bir-birini elə açıqca da süzür. Bu süzmək qarşılıqlı olduğundan baxışlarda elə etiraz da olmur. İnsana elə insan maraqlıdır. Velorikşaları adətən tələbələr sürür, onlar belə öz xərclərinin bir qismini qarşılaya bilirlər. Qərbdə bu adi haldır. Velorikşanı sürmək güclü ayaqlar tələb etdiyindən bu iş elə tələbə gənclər üçündür.

Velorikşa dayanacağına yaxınlaşanda bir neçə gənc mənə tərəf yeridi. Onlardan biri eynəkli idi, eynəklini də seçdim. Göz həkimi olaraq eynəkli insanlara üstünlük verirəm. Bu bir peşə

həmrəyliyidir. Fransız dilində yalnız salamlaşmağı və xanımlara deyə biləcəyim bir neçə kompliment bilirəm. Bu dəfə yalnız salamım işə yaradı. Tələbə dostum məni izzətlə arxada oturtdu və sərin hava olduğundan ayaqlarımın üstünə qalın, isti örtük saldı və mənim ayaqlarımı hər tərəfdən kip örtdü. Tələbə dostumun son diqqəti mənə bir müştəri məmnuniyyəti gətirdi və ona içimdə rəğbətim yarandı. Bəxtimdən dostum danışmağa həvəsli idi. İngilis dilim karıma gəldi.

Məlum oldu ki, o, Parisin Tibb Universitetində oxuyur və göz həkimi olmaq istəyir. Mən ona göz həkimi olduğumu deyən an biz doğmalaşdıq. Onun eynəyi haqda soruşdum və onu velosipedçi olaraq eynəyinə görə seçdiyimi deyəndə, güldü. Ona tibb universitetinin tələbələrinin peşə seçimi ilə bağlı, bir fenomen danışdım. Tibb universitetinin tələbələri artıq üçüncü kursdan klinik fənləri öyrənməyi başlayırlar. Bu dövr bütün tələbələr özlərini xəstə sayırlar, çünki oxuduqları xəstəlik əlamətlərinin hamısını özlərində tapırlar. Mədə xəstəliklərini keçəndə hamı mədə xəstəsi, ürək xəstəliklərini keçəndə hamı ürək xəstəsi olur və sairə. Rus yazıçısı Çexovun bir hekayəsini də ona misal çəkdim. Hekayədə tələbə oğlan hamiləlik haqda mühazirəyə qulaq asandan sonra evə halsız gəlir, çünki hamiləliyin bütün əlamətlərini özündə tapır. Beləliklə, hər tələbə oxuduğu dövrdə özündə tapdığı xəstəliyi ciddi cəhdlə hərtərəfli öyrənməyə başlayır. Və təhsilin sonunda peşə seçimi gələndə tələbə başa düşür ki,onun ən yaxşı bildiyi elə öz xəstəliyidir. Ürəyi xəstə ürək həkimliyini, böyrəyində xəstəliyi olanlar böyrək həkimliyin və sairə seçir. Burada fasilə verərək əlavə etdim, gözündə problemlər olanlar, eynəklilər da göz həkimliyini seçirlər.

Eynəkli tələbə dostum bu fikrimdən uğunub getdi. Söhbətimin onunla bitəcəyini gözləməsə də fikir onun çox xoşuna gəlmişdi. Başımız söhbətə necə qarışdısa, bir də gördüm ki, artıq küçənin sonuna çatmışıq və mən küçəyə heç baxa bilməmişəm. Təəssüfüm yox idi, mən fransız bir tələbə ilə dostlaşmışdım bu isə yüz cansız küçəyə dəyərdi, hətta o küçə dünyanın ən gözəl küçəsi olsa da belə. Sonda tələbə dostum məndən israrla pul almaq istəmədi və onun bunu səmimi etdiyini gördüm. Ona dedim ki, bir şərtlə onunla razılaşaram, mənimlə birlikdə şam yeməyinə razılıq versin və əlavə etdim ki, ona göz həkimləri haqda məşhur lətifələri danışacağam. Sonuncu arqumentim onda maraq yaratdığından razılaşdı. Düşündüm ki, gələcəkdə Parisə gəlsəm, parisli göz həkimi dostumla bu küçəni tələsmədən, rahat gəzərəm.

Sumqayıt şəhəri, Mart 2020-ci il

***

KƏND QAZLARIMIZ…

(Hekayə)

Uşaq vaxtı hər yay nənəmgilə, kəndə tətilə gedərdim. Ona görə kəndlə bağlı uşaqlıq xatirələrim çoxdur... Birini isə uzun müddətdir ki, yadımdan çıxara bilmirəm. Səbəbi də o xatirəmin qorxu hissimə bağlı olması idi. Axı qorxuyla bağlı xatirələr uzunömürlü olur... Nənəmgildən tez- tez mamamgilə (Qarabağda bibiyə mama deyirlər) gedirdim. Mamagilə getməyə iki yol vardı. Biri qısa, biri də uzun. Qısa yolun üstündə həmişə qazlar olurdu. Onlar mənim yerli olmadığımı elə bil hiss eləyirdilər. Görən kimi bərk fısıltı ilə üstümə cumurdular. Təsəvvür eləyin ki, o fısıltıları dünyanın ən dəhşətli səsi sayırdım. Hər dəfə onlardan qaçıb canımı güclə qurtarırdım...

Çox vaxt da qazların qorxusundan uzun yolu seçirdim. Utandığımdan bu qorxumu heç kimlə, xüsusən də kənd uşaqları ilə bölüşə bilmirdim. Əgər onlara desəydim, mənə yəqin ki, yaxşıca gülərdilər. Heç nənəmə də demirdim. O qorxunu heç kimlə bölüşə bilmədiyimdən idi ki, bu xatirəm yaddaşımın bir guşəsində hələ də bərk oturmuşdu...

Keçən ilin payızında dəniz sahilində gəzintidə idim. Sumqayıt dəniz körpüsünün yanında dənizdən çıxmış balıqçıların ətrafına toplaşmış çoxlu insanlar gördüm. Yolumun istiqamətində olduğundan onlara yaxınlaşdım. Bir balıqçı əlində iri çöl qazı tutmuşdu. Yaxından çox iri görünürdü. Balıqçının dediyinə görə qaz balıq toruna düşmüşdü, böyük ehtimalla onu torda çabalayan balıqlar cəlb eləmişdi. Baxdım ki, qazın alveri gedir. Balıqçı yüksək qiymət dediyindən razılaşan olmurdu. Balıqçı məni tanıdı. Dedi: “Doktor, əla yağlı qazdır, bir məclisi yola verər”... Yadıma kənd qazlarımız düşdü, içimdən bir sızıltı keçdi... Sızıltımın xatirəmdən gəldiyinə şübhəm yox idi. Düşündüm ki, yaxşı olar, özüm qazın başını kəsib içimin lap dərinliyində olan qorxunu çıxararam, həm də məşhur "yeməmisən qaz əti, görməmisən ləzzətini" məsələsinə aydınlıq gətirərəm. Balıqçı ilə qiymətdə razılaşıb qazı aldım. Ətrafdakılar onu hazırlamağın müxtəlif üsullarını mənə təklif elədilər... İndi qaz mənə məxsus idi. O, mənim əsirim idi!

...Əsirlikdə olan kəndim, qazlar yadıma düşdü... Neyçünsə qazları da məhəbbətlə xatırladım!.. Axı qazlar da kəndimə olan məhəbbətimin bir hissəsi idi...

Heç kimə, heç nə demədən qazı götürüb körpünün əks tərəfinə keçdim. Burada dəniz daha geniş idi. Qaz elə bil fikrimi oxumuşdu, heç çabalamırdı da. Qazı dənizə buraxıb dedim: «Get, mən səni əsirlikdən azad edirəm! Əminəm ki, kəndimizi də, bütün Qarabağımızı da bir gün düşmən tapdağından azad edəcəyik. Mən də kəndimzə qayıdıb, çoxlu qaz alacam. Qoy onlar şəhərdən gəlmiş uşaqları hərdən öz dəhşətli fısıltıları ilə qorxutsunlar!...»

Sumqayıt şəhəri, Mart 2020–ci il


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?