• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Vətən ən həssas duyğum, ən ağrılı yerimdir

13:17 30/04/20 | Digər

Qadın gülərsə...

Hə, əziz oxucu, bir müddət öncə yenə də “Qadın gülərsə” deyib yola düzəlmişdik. Çünki bölgələrimizdə yaşayan, orada çalışan xanımlarla olan müsahibələri çox bəyəndiyinizi deyirsiz. Biz də  zövqünüzü oxşamağa, yeni tanışlıqlarla görüşünüzə gəlməyi özümüzə borc bilib bu dəfə Azərbaycanın Şimalına üz tutduq. Qışda bəyaz, baharda rəngarəng, yayda yamyaşıl, payızda qızılı donu ilə təbiətə meydan oxuyan, füsunkar gözəlliyi ilə öyünən bu bölgə bizi çox səmimi və mehriban qarşıladı. Vədələşib görüşünə gəldiyimiz xanımlar kimi. Ünvana çatana qədər keçdiyim sakit küçələr, səliqəli evlər burada yurd-yuva salanların təbiətindən soraq verirdi. Mən isə gördüklərimi seyr edə-edə ilk müsahibimlə özlüyümdə söhbətimizin təməlini qoyurdum. Deyəsən bu dəfə sizi bir qədər intizarda saxladım axı. Elə isə, keçək mətləbə.

“Qadın gülərsə” növbəti qonaqları ilə birlikdə bu dəfə oxucularını Qusardan salamlayır. İlk müsahibim isə danışdıqca məni heyrətləndirən Jalə Əmirbəyova oldu. Bu sahibkar xanımla tanışlıq inanıram ki, sizlər üçün çox maraqlı olacaq.

ADDIM

1958-ci ildə Bakıda öz abu-havası, qayda-qanunları, mədəniyyəti ilə fərqlənən ziyalı ailələrinin birində anadan olmuşam. Məktəb yaşım çatanda valideynlərim əlimdən tutub məni bu gün də təlim-tərbiyəsi, uğurları ilə nümunə olan 23 saylı məktəbə aparıblar. 1975-ci ildə orta məktəbi, 1980-ci ildə o zaman ali təhsil ocaqları arasında yeganə olan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Ali təhsili başa vurandan sonra hesablama mərkəzlərində proqramçı kimi fəaliyyət göstərmişəm. 1990-cı ildə SSRİ adlı bir dövlət süquta doğru getdiyindən olanlar dağılmağa başladı və müəllim olmaq qərarına gəldim. Etiraf edim ki, həyatda gözləmədiyim dönüşlər çox olub. Və heç vaxt müəllim olmaq istəməyən mən, ixtisasımı dəyişib pedaqoji fəaliyyətə başladım. Əhmədlidə yerləşən 48 saylı orta məktəbdə əvvəl müəllim, daha sonra direktor müavini oldum. Həyat yoldaşım Elxan Əmirbəyovun təsis etdiyi “Ekologiya” liseyində riyaziyyat və informatika fənlərini tədris etdim. Daha sonra Bakı Kompüter Kollecinin nəzdində təsis etdiyim məktəbin rəhbəri oldum. Son olaraq “Elitar” gimnaziyadakı direktor müavini vəzifəmlə pedaqoji fəaliyyətimi bitirdim və həyatımdakı növbəti dönüş nəticəsində kənd təsərrüfatı sahəsinə gəldim. Çalışdım, əlləşib-vuruşdum və bugünkü sahibkar xanım adını qazana bildim. Artıq 10 ildən yuxarıdi ki, bu sahə ilə məşğulam və etiraf edim ki, heç də peşiman deyiləm.

OCAQ

Ailənin iki övladından biriyəm. Atam Əhməd Zeynalov zəngin bir həyat yolu keçib. İxtisasca dəmiryolu mühəndisi olan atam ilk gündən sona qədər Böyük Vətən müharibəsinin iştirakçısı olub. Bu müharibənin tarixində Leninqrad (indiki Sankt-Peterburq) blokadası adlı çox ağır və faciəli bir dönəm olub. Hər yerdən təcrid olunan bu şəhərin ətrafla yegənə əlaqəsi Ladoqa gölü üzərindən salınan “Həyat yolu” adlı nəqliyyat magistralını salanlardan biri də atam olub. Müharibədən sonra atam Bakı şəhərinin baş memarının müavini, Nazirlər Kabinetinin Dövlət Plan Komitəsində şöbə müdiri vəzifələrində çalışıb. Qubalı qızı olan anam Sənubər Qasımova 57 il indiki Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinin “Həndəsə” kafedrasında işləyib. Bir çox riyaziyyatçılar onun tələbəsi olub. Bakıda tanış olaraq, ailə quran valideynlərim gözəl bir ocaq qurmağı bacarıb. Qardaşım Orxan  Zeynalov Rusiyada yaşayır, alim-bioloqdur.

Mənim incəsənətə böyük həvəsim olub. Gözəl rəsm çəkmək, tikiş tikmək qabiliyyətim vardı. O üzdən atam məni memar görmək istəyirdi. Lakin anam: bu qız uşağı üçün olan sənət deyil. Bütün günü tikintidə, orda-burda olacaq. Qoy müəllim olub rahat ailəsində otursun – deyib məni öz sahəsinə çəkə bildi. Atam da, anam da  artıq haqq dünyasındadı, Allahdan onlara daima rəhmət diləyirəm.

SAHİBKAR

Tale elə gətirdi ki, Qusarda torpaq sahəsinə sahib olduq. Torpaq varsa, təbii ki, ondan istifadə olunmalıdı. Bunun üçünsə bu işin başında mütləq kimsə dayanmalıdı. Artıq övladlarım böyük və ailə sahibi idi deyə, o sarıdan sərbəst idim, vaxt darlığı problemim yox idi. Belə qərara alındı ki, bu iş mənə həvalə olunsun. Mən şəhər mühitində böyüyən insan heç vaxt kənd təsərrüfatı arzulayan olmamışam. Bakıda yaşayanların əksəriyyətinin Abşeronda bağı olur. Anam bağa, torpağa çox həvəsli idi. Atam isə əksinə, bağa daima qulluq lazım olduğundan marağında deyildi. Və bu baxımdan mən də çox həvəssiz baxmışam torpağa. Lakin gözləmədiyim halda torpaqla işləməli oldum. İlk vaxtlar çox çətin idi, təsəvvürüm belə olmayan bir sahəyə baş vurmuşdum, hər şeyi əlifbadan öyrənməli idim. Başlanğıcda mənə bu işə bələd olan qohumlarım kömək etdi. İşçi qüvvəsi tapdıq, lakin torpaq sahəsi çox olduğundan mən lizinq yolu ilə texnika aldım və işə başladıq. Yaxşı işləyən də oldu, pis işləyən də. Təbii ki, pisləri işdən uzaqlaşdırdım. Torpaq sahəsinin böyük olduğunu görüb taxıl əkməyi münasib bildim. Əkdik, becərdik, lakin məhsuldarlıq məni qane etmədi. Düşündüm, araşdırdım ki, niyə məhsuldarlıq zəifdi? Məlum oldu ki, aldığım toxum keyfiyyətsiz olub. Keyfiyyətli toxumu necə əldə edə bilərəm? Bu sualın cavabı məni Kənd Təsərrüfatı Nazirliyinin toxumluq şöbəsinə gətirdi. Burda onu da öyrəndim ki, yaxşı toxum almaq üçün özüm də toxumçu ola bilərəm. Öyrəndim, təkmilləşdim, toxumçu olub sertifikat da aldım. Təbiət etibarilə bir yerdə sakit dayanan adam deyiləm. Düşündüm ki, tərəvəzçiliklə də məşğul olum. Özümə bu sahəni yaxşı bilən bir müavin götürdüm. Əvvəl kiçik sahədə pomidor-xiyar əkdik. Gördüm ki, tərəvəz daha yaxşı əmələ gəlir. Və beləcə tərəvəz növlərini artırmaqla əkin sahələrini böyütdük. Artıq əldə etdiyim məhsuldarlıq nəticəsində Konserv zavodu və Aqrokomplekslə müqavilə bağladıq. Artıq tərəvəzçiliklə məşğulam və daxili bazarda buna tələbat var. Hər bir iş adamı əlaqələrini genişləndirmək istəyir və təbii ki, mən də. Xarici bazara çıxmaq asan deyil. Bunun üçün yaxşı komanda, marketoloq, menecment, savadlı mütəxəssislər lazımdı, bunlar isə hələ məndə yoxdu. Bu istiqamətdə axtarışlarım gedir. Özünü sahibkar hiss etmək üçün iş axarına düşməlidi, qoyduğun vəsaiti qaytarandan, gəlirin əldə etmək yollarına bələd olandan sonra bu adı işlətmək olar. Mənə yad olan bir sahəyə əl qoymuşdum. Hər xırdalığı, incəliyi bilməyə borcluydum, çünki ortada baş vurduğum bir iş vardı. Dayanmadan araşdırırdım, öyrənirdim, yaxşı məhsuldarlıq əldə etməyin yollarını axtarırdım ki, qazanc çox olsun. Bir neçə il başım buna qarışdı. 2016-cı ildə Azərbaycan Meyvə Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradıldı. Mən yalnız bura gələndən sonra sahibkarlığı hiss etdim. Xaçmaz rayonunda İqtisadi İnkişaf Nazirliyi böyük bir iclas keçirirdi. Ora mən də dəvət olunmuşdum. İclasda bir toxumçu kimi çıxış da etdim, həmfikir insanlarla görüşdüm. Yeganə qadın kimi sədrin müavini də seçildim. Kənd təsərrüfatı vergilərdən azad olduğu üçün vergi işlərinə bələd deyildim deyə, sahibkarlığın dərinliyinə bu assosiasiyaya üzv olandan sonra vardım. Gördüm ki, sahibkarın böyük işləri, hüquqları, imkanları var. Həmişə olduğu kimi aktiv fəaliyyətim öz axarı ilə davam edirdi. 2018-ci ildə ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görüldüm. Elə həmin ildə BAKUTELin keçirdiyi sərgidə İKT sahəsində kənd təsərrüfatında çalışan qadın nominasiyasında birinci yeri tutaraq, fəxri fərmanla təltif olundum. Kiçik işimin belə yüksək qiymətləndirilməsi mənim üçün gözlənilməz olduğu qədər də, çox fərəhlidi.

JALƏ XANIM

Məktəb vaxtından aktiv və fəallığımla fərqlənmişəm. Elə bir layihə, elə bir tədbir olmayıb ki, orada Jalə Zeynalova iştirak etməsin. Və bu aktivlik getdikcə həyat tərzimə çevrilib. Hər şeylə maraqlanan, anlamadıqlarımı atamdan soruşardım. Ensiklopedik kitablar atamın masasının üstündə olardı. Üçüncü sinifdə oxuyurdum. Bir dəfə atamdan hansısa sözün mənasını soruşdum. O, ensiklopediyanı əlinə alıb məni də yanında oturtdu və bütün istifadə qaydalarını öyrətdi. Artıq 9-10 yaşımda mən rahat ensiklopediyadan istifadə edirdim. Və beləcə illəri adlaya-adlaya işləməyə başladım. Mən heç vaxt evdar xanım olmaq kimi həyat tərzini sevməmişəm. İşdən yalnız övladlarımın bağça yaşı çatana qədər ayrı olmuşam, vəssalam. Həyatda bir mövqeyim də olub – mən eləməsəm, sən eləməsən, bəs kim etsin yanaşmasına laqeyid qala bilməmişəm.  Heç nəyi bəyənməyib, özü isə heç nə etməyən insanlarla barışa bilmirəm. Əgər bəyənmirsənsə, o zaman fikir bildir. Müəyyən dünyagörüşünə malik biz ziyalı insanların bu cəmiyyətin qarşısında məsuliyyətimiz var. Biz nəsə etməliyik. Söhbət böyük, qlobal işlərdən getmir, onlara məsul olan insanlar var. Biz öz yerimizdə əlimizdən gələni etməklə cəmiyyətə yararlı olmağa borcluyuq. İş və insan olan yerdə təbii ki, nöqsan var. O nöqsanı görüb ona qarşı hər hansı bir hərəkət ediriksə, bunun özü artıq bir addımdır. Və belə addımlar nə qədər çox atılarsa, ölkəmizə də, dövlətçiliyimizə də bir xeyir dəyə bilər. Bu gün məşgul olduğum sahədə zəhmətimin bəhrəsini görəndə, bundan hədsiz zövq alıram. Düşünürəm ki, bu, hər bir iş adamına xasdı. Adicə taxılın yerə dağıldığını görəndə, ürəyim ağrıyır. Ona görə yox ki, bu, itkidi. Çəkilən zəhmətə görə acıyıram. Əsl azərbaycanlı ailəsində böyüyüb, klassik ailə modeli olan evin də gəlini olmuşam. Qaynata, qaynana, baldızlar və hər zaman böyük hörmət, ehtiram münasibətləri zəminində yaşamışıq. Təbiətcə həm də mehriban bir insanam. Həm ata, həm ana tərəfdən böyük nəslimiz olduğundan həmişə ünsiyyətdə olmuşam. Ailəmizdə gördüyüm bütün yaxşıları özümlə bərabər aparmışam. Bunu övladlarıma da aşılamışam. Böyük nəsilləri çox sevirəm. Orda qayda-qanunlar, adət-ənənələr yerli yerində olur. Süfrə ətrafına böyük ailənin cəm olmasından zövq alıram. O süfrənin yeməklərini özüm bişirirəmsə, bu ikiqat zövqdür. Mətbəx ən yaxın dostumdu. Hərdən düşünürəm ki, gənc olsaydım, məndən yaxşı kulinar alınardı. Milli mətbəximizi bəzəyən nə yeməklər varsa, onu hazırlamaqda çətinliyim yoxdu. Yeməklərdə ədviyyatlardan istifadəni xoşlayıram. Avropa mətbəxində də səriştəliyəm. Təəssüf ki, indi vaxt darlığı buna imkan vermir, lakin əziz bayramlarda ailəmi bir süfrə arxasına mütləq yığıram. Dolğun, dünyagörmüş insanların söhbətlərini dinləməyi sevirəm, çünki uşaqlıqda böyüklərin yanında çox olmuşam. Bu söhbətlər mənim tərbiyəmdə, həyata baxışımda dərin iz buraxıb. Eşitdiyim nəsihətlər indiyədək qulağımda səslənir. Ürəkdən sevdiyim insanlarla görüşməyə əvvəlki kimi vaxtım olmadığından, onlar üçün darıxıram. Mənəviyyatı  zəngin insanlarla tanış olmağı xoşlayıram. Çox çalışmışam ki, valideynlərimdən, qaynata-qaynanamdan əxz etdiklərimi övladlarıma ötürüm və zənnimcə buna nail ola bilmişəm, çünki övladlarından razı bir anayam. Mən şanslı qadınam ki, ömür-gün yoldaşımla baxışlarımız, zövqlərimiz, fikirlərimiz həmişə üst-üstə düşüb. Bizim xalqın ən gözəl xüsusiyyəti ondadı ki, Şərqlə Qərbin gözəl koloritini yarada bilib. Şərqdən gələn adət-ənənələr, mənəviyyat, əqidə ilə Qərbin mükəmməl təhsil almaq, karyera qurmaq kimi nümunələrinin modeli bu gün əksər ailələrimizdə var və bu, ürəkaçandı. Belə olan halda qadın hər zaman sərbəst ayaqda dayana bilər. Əgər qadının bir peşəsi, bacarığı və əlində müəyyən madiyyatı varsa, o, sərbəst işini qura bilər. Adətən zorakılıq, şiddət görən qadınlar qorxaq və asılı olur. Bu gün məni ailəsi erkən dağılan, bir-iki ildən sonra nigahı pozulan ailələr çox narahat edir. Gənclərimizin ailə dəyərlərinə barmaqarası baxmağı artdıqca, bu, üzərində düşünülməli bir problemdi. İnsanları özümə yaxın buraxmaq üçün seçim edirəm. Vaxtında bunun peşmançılığını çəkdiyim üçün. Artıq elə bir yaş dövründəyəm ki, özünə yaxın adam tapmaq çox çətindi və tapanda bu tapıntını dəyərləndirməyə çalışıram.

VƏTƏN

Vətən ən həssas duyğum və ən ağrılı yerimdi. Mən heç vaxt xaricdə yaşamaq istəməmişəm, çünki çörəyini yeyib, suyunu içdiyim torpağın ətrini qürbət mənə verə bilməz. Bu xaricdə yaşayan həmvətənlərimə irad kimi səslənməsin. Çox üzülürəm ki, Vətənimdə həsrət qaldığım torpaqlar var, vaxtında gözəl çağlarını görüb gəzə bilmədiyim torpaqlar. Və inanıram ki, Tanrı bizə o yerlərin havasını içimizə çəkməyi nəsib edəcək.

QADIN GÜLƏRSƏ

Rubrikanıza qonaq edib isti söhbətə görə təşəkkür edirəm. İnsan həmişə səmimi unsiyyət arzulayır və onu tapanda içinə rahatlıq hopur. Bu gün o rahatlığı mənə yaşatdığınız üçün sağ olun. Qadın cəmiyyətin bünövrəsidi, çünki o, anadı. Milləti yolunda misilsiz xidmətləri olan Hacı Zeynalabdin Tağıyev ilk olaraq nə etdi? Qızlar üçün məktəb açdı. Açdı ona görə ki, Vətənin gələcəyinin onların əlində olduğunu bilirdi. Və bəşəriyyət bu qadının daima gülər üzünü görmək istəyirsə, bir az düşünsün. Çünki o gülüşə görə düşünməyə dəyər.

SON SÖZ

Bəşər övladı bu gün Tanrının qəzəbinə tuş gəlib. Etdiyi haqsızlıqların, tökdüyü nahaq qanların altını çəkir, iblisanə qəhqəhəsində indi özü boğulur. Ana fəryadına, günahsız körpələrin ahu-naləsinə, qocaların göz yaşlarına kor və kar olmaqla yanaşı,  artıq dili də topuq çalır. Etdiyin bütün çirkinlikləri qoca dünyaya yükləyən insan, nə qədər ki, sonun deyil, oyan qəflət yuxusundan.

Tamilla TEYMURQIZI

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?