• 4 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Diaspor təşkilatlarımız arasında inteqrasiyaya ehtiyac var

12:00 02/05/20 | Diaspora

Həmrəy olmağımızın, gücümüzü birləşdirməyin zamanı çoxdan yetişib

Zamanın bütün mərhələlərində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi milli şüurun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindən biri olub. Bu mənada diaspor və güclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan qarşıya çıxan problemlərin, həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulub.

Diaspor sahəsində aparılan islahatlar da bu siyasətin tərkib hissələrindən birini təşkil edir. Bu işin dövlət səviyyəsində aparılması da sevindirici haldır. Əslində, diaspor fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək olar ki, diaspor siyasəti ilə bağlı sistemli şəkildə iş aparılır. Bunun nəticəsidir ki, son dövrlərdə diaspor fəaliyyəti xeyli güclənib.

Son iki ilə yaxın müddətdə Azərbaycan diasporunun təşkilatlanması, onun mütəşəkkil formada fəaliyyət göstərməsi istiqamətində təqdirəlayiq addımlar atılıb. Müxtəlif ölkələrdə Azərbaycan diasporunun Koordinasiya Şurası yaradılır, ayrı-ayrı diaspor təşkilatları həmin şuraların tərkibində birləşərək daha məhsuldar fəaliyyət göstərirlər.

Onu da qeyd etmək lazımdır ki, sözügedən Koordinasiya Şuraları birbaşa Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin iştirakı və onun xeyir-duası ilə təşkil edilir. Bu məqsədlə Komitə rəhbərliyinin ayrı-ayrı ölkələrə səfərləri, təşkil olunan görüşlər, keçirilən müzakirələr ümumilikdə diasporumuzun durumu, qarşılaşdığı problemlər və onun həlli yollarının tapılıb müəyyən edilməsinə dəstək olur. Avstriyada da bu işlərin görülməsi istiqamətində bir sıra təqdirəlayiq addımlar atılıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizli deyib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstriyada yaşayan azərbaycanlılarla da görüşü olub və görüş çox səmərəli keçib. Onun sözlərinə görə, komitə sədrinin Avstriyaya səfəri diaspora sahəsində bir canlanmanın təməlini qoyub: "Bundan sonra insanlar diaspora sahəsində daha aktiv fəaliyyət göstərəcəklər. Komitə sədrinin belə görüşlərinin digər ölkələrdə yaşayan azərbaycanlılarla keçirməsi düzgün və effektlidir. Bu, həmin ölkələrdə yaşayan soydaşlarımızda dövlətimizə, hakimiyyətimizə böyük inam, etibar qazandırır. Komitə sədri problemləri soydaşlarımızın dilindən eşidir, təklif və fikirlərini dinləyir. Avstriya respublikasında fəaliyyət göstərən müxtəlif iş adamları, incəsənət xadimləri və diaspora fəallarının görüşündə Avstriya Azərbaycanlıları Cəmiyyəti olaraq geniş tərkibdə biz də iştirak etdik. Bildiyiniz kimi Avstriya Respublikasında aktiv fəaliyyət göstərən tək diaspora Avstriya Azərbaycanlıları Cəmiyyətidir. Çıxışım zamanı diaspora sahəsində 2019-cu ildə keçirdiyimiz tədbirlərdən və onların əhəmiyyətindən bəhs etdim. Diaspora sahəsində gördüyümüz və görəcəyimiz işlər barədə komitə sədrinə məruzə etdim".

Təşkilat sədri bildirib ki, Azərbaycan diaspora sahəsində digər ölkələrə baxdıqda çox yenidir və görüləcək çox işlər və çox problemlər var: "Bu barədə də tədbir iştirakçılarına bəhs etdim. Qeyd etdiyim kimi dünyada diaspora təcrübəsinə baxanda Azərbaycan hələ çox gəncdir. Bunu nəzərə alsaq diaspora sahəsində yetərincə problemlər mövcuddur. İlk problemimiz soydaşlarımızın yaşadığı ölkələrdə inteqrasiya problemidir. Digəri Azərbaycan dilli məktəblərin olmamasıdır ki, bu barədə də söz açıldı. Bu kimi problemləri diaspor təşkilatları təkbaşına həll edə bilməzlər. Dövlət yardımına böyük ehtiyacımız var. Ümid edirəm ki, komitə sədri bu problemlərin həllində bizə yardımçı olacaq. Diaspora sahəsində hər hansı bir problemin həlli Azərbaycanın xaricdə yüksək səviyyədə və yetərincə təbliği deməkdir, soydaşlarımızın həmrəyliyi, güclənməsi deməkdir".

F.Əzizli onu da deyib ki, komitə sədri ilə görüşə bir neçə həftə öncədən hazırlaşılıb və Avstriya Respublikasında olan soydaşlarımızla görüşüb onların təklif və problemləri qeydə alınıb: "Görüşümüz zamanı da bu problemlərdən bəhs etdik və komitə sədri də öz növbəsində bu problemlərin həlli yolunda dövlət qurumu olaraq öz dəstəklərini verəcəklərini söylədi. Təbii ki, belə bir görüş bizdə gələcək planlarımızın həyata keçməsində bir ruh yüksəkliyi yaradır. Biz bir daha arxamızda güclü Azərbaycanın dayandığını hiss etdik. Yuxarıda qeyd etdiyim kimi Azərbaycan diaspor quruculuğu sahəsində yeni-yeni addımlayır. Hədəfimiz bu sahədə bizdən tarixən təcrübəli və güclü olan erməni diasporasının təbliğatını dağıtmaqdır. Düzdür, buna haradasa qismən də olsa nail olmuşuq, amma istədiklərimizi tam həyata keçirə bilməmişik. Buna görə də dövlətin mənəvi və maddi yardımına böyük ehtiyac duyulur".

Cəmiyyət sədri qeyd edib ki, keçirilən görüşdə Fuad Muradov diaspora sahəsində olan problemlərin ən başında pərakəndəliyin olduğunu deyib və diaspora təşkilatlarının birləşməsinin vacibliyini bildirib: "Bu sevindirici haldır ki, komitə sədri diaspora sahəsində olan problemləri və öz təcrübəsini bizimlə bölüşür və vahid bir sistemə keçməyin zamanının gəlib çatdığından danışır. Onun fikirlərində böyük həqiqət var. Təşkilatlarımız arasında inteqrasiyaya böyük ehtiyac var, həmrəy olmağımız, gücümüzü birləşdirməyin zamanı çoxdan yetişib. Aramızda olan inciklikləri, umu-küsünü bir kənara qoymalıyıq, öz-özümüzə düşmən kəsilməməliyik. Aramızda təməli möhkəm olan bir körpü yaratmalıyıq. Bu körpünün qurulması prosesində təkcə dövlətimiz yox, imkanlı soydaşlarımız, xeyriyyəçi biznesmenlərimiz, diaspor sahəsindəki iş adamlarımız da iştirak etməlidirlər. Görüşdə Fuad Muradov bizə tam dəstək verəcəylərini bildirdilər. Artıq bir neçə layihənin birlikdə həyata keçrilməsi müzakirə olundu və layihələrin başlanmasına start verildi. Düşünürəm ki, 2020-ci ildə cəmiyyətimiz daha böyük layihələrə imza atacaq və Azərbaycan diaspor təşkilatları arasında ilk yerlərdə qərar alacağıq. Amma onu da deyim ki, bu layihələrin həyata keçməsi o qədər də asan olmayacaq. Ümumiyyətlə, diaspor quruculuğu sahəsində heç bir layihə asanlıqla həyata keçmir. Bunun qarşısını almaq istəyən qüvvələr çox olur. İnanıram ki, bunların da öhdəsindən gələcəyik və istəyimizə nail olacağıq. Qarşımıza çıxacaq istənilən qüvvəni dəf etmək gücündəyik".

Təbii ki, bu gün Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir. Bu işdə isə birlik və həmrəylik başlıca vəzifə olmalıdır.

Cavanşir QƏDİMOV

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?