• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Bu Vətəndə yaşamağa borcluyam

11:11 05/05/20 | Digər

Qadın gülərsə...

İki gün rubrikamızla qonağı olduğum Qusarda növbəti müsahibimizin görüşünə gedirdim. Yolları, rizləri izləyə-izləyə gedirdim. Hiss edirdim ki, çox da böyük olmayan bu bölgənin özünəməxsus bir şarmı var. Lakin onun nədən ibarət olduğunu anlamaqda hələ ki, çətinlik çəkirdim. Amma ünvana çatana qədər bunu anlaya bildim. Daxilimdə xoş bir rahatlıq yaradan bu bölgə insanın hisslərinə, duyğularına məharətlə sığal çəkməyi baçarır, sakit təbiəti ilə ruhları oxşaya bilir. Tapıntıma sevinən mən, artıq gəldiyim ünvanın astanasındaydım. Etiraf edim ki, çox da böyük olmayan bir bölgənin əhalisinin sağlamlığına xidmət edən, şəraiti və görünüşü ilə göz oxşayan xəstəxananı görəndə, anladım ki, milli mənsubiyyətindən asılı olmayaraq, əgər Azərbaycanda yaşayırsansa, bununla öyünə bilərsən. Bu da müsahibim...

Əynində ağ xalat, tapşırıqlarını verə-verə otağına doğru yürüdüyümüz Qusar rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin müdiri Tamara Babayeva ilə “Qadın gülərsə” oxucularımızın ixtiyarındadı.

ADDIM

Ömür yolum Qusarla bağlı olsa da, mən qədim Naxçıvanın Şərur rayonunun Zeyvə kəndində dünyaya göz açmışam. 1968-ci ildə C.Məmməquluzadə adına Baş Noraşen (indiki Cəlilkənd) kənd məktəbini gümüş medalla bitirmişəm. Həmin il daxil olduğum N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub, 1975-ci ildə ali təhsili başa vurmuşam. Sonuncu kursda milliyətcə ləzği olub Qusarda yaşayan tələbə yoldağım Əsvəddin Babayevlə ailə həyatı qurub bu bölgəyə gəlməli oldum. Və artıq həyatımın 45 illik zaman kəsiyi gözəl təbiətə malik Qusarla bağlıdı. Həmin vaxtdan indiyədək Qusar rayon xəstəxanasından mərkəzi xəstəxanaya çevrilən bu tibb ocağında ailələrə sevinc bəxş etmək kimi bir missiyanı daşıyıram.

OCAQ

Hər iki valideynim tibb işçisi olub. Atam Səfərəli Cabbarov Böyük Vətən müharibəsinin bütöv yolunu keçib. Anam Asya Cabbarova kənd xəstəxanasında mamaça olub. Əslən qarabağlı olan anam Bakıda boya-başa çatıb, təyinatla Naxçıvana gəlib və atamla həyat yolları burda birləşib. Lakin sonralar atam Moskva İqtisad İnstitutuna daxil olaraq, ixtisasını dəyişib və Şərurda müxtəlif vəzifələrdə çalışıb. Ailədə dörd bacı, üç qardaş olmuşuq. Yeddi uşağın dördü – üç qız, bir oğlan həkimdi. Bu, mərhum anamın arzusu olub. Özü texnikum bitirib ali təhsil ala bilmədiyindən bizləri həkim görməyi çox arzu edib. Həkim olan qardaşım indi haqq dünyasındadı. Biz gözümüzü açandan ata-anamızı ağ xalatda görmüşük. Bəzi yüngül əməliyyatlar olub ki, atam onu evdə edib biz də onu görmüşük. Bəlkə bunun da təsiri olub bizim həkim olmağımızda. Amma daha çox bu anamın istəyi idi ki, biz ona qarşı çıxa bilmədik. Zəmanəsinə görə müasir baxışlı valideynlərim biz yeddi uşaq arasında heç vaxt fərq qoymayıb. Hamıya eyni qayğı, eyni diqqət, eyni məhəbbət. Hər birimizin ad günü mütləq qeyd olunardı. O zaman məişət texnikası, televizor demək olar ki, ilk bizim evimizdə olub. Məsafəyə görə Bakını izləyə bilmədiyimizdən İrana baxmalı olurduq. O vaxtlar şah rejimi idi. Oranın həyat tərzi, saray yaşayışı, onların geyimləri bizə çox maraqlı idi. Bir də İrəvana baxardıq. Yeni ildə mütləq yolkamız olmalı idi. Şam ağacı tapılmadığı üçün anam evimizdə dibçəkdə yetişdirdiyi Çin gülünü (bu gülü hamımız kitayskaya roza deyə tanıyırıq) oyuncaqlarla bəzəyərdi. Və hərdən düşünürəm ki, bu gün bir uşağı ayaq üstə qoymaq nə qədər zəhmət tələb edir. Yeddi uşağı böyüdüb, onlara ali təhsil verən valideynlərim əsl qəhrəman imişlər və əsl də rəhmətə layiqdilər. Çünki bizi mükəmməl yetişdirə biliblər.

AĞ XALAT

Tələbə olandan sonra arzularımdan biri məhz yaxşı həkim olmaq idi. Həkimlik elə bir sənətdir ki, burda insan ümidlərini qırmaq çox ağırdı. Bəzən eşidirik ki, hansısa bir həkim Hippokrat andına sadiq qalmayıb, işinə səhlənkar yanaşıb. Mən bununla razı deyiləm. Biz təntənəli surətdə Hippokrat andı içməmişik və ümumiyyətlə mən bunu simvolik bir mərasim hesab edirəm. Həkim bu andı içib-içmədiyinə baxmayaraq, öz vəzifəsini yerinə yetirməlidi. Əgər daxilən sənətinə qarşı laqeyd və biganəsənsə, yüz belə and içsən mənası varmı? Bütün sənətlərdə öz peşənə qarşı məhəbbət, ürək yanğısı, böyük məsuliyyət hissi olmalıdı. Həkim isə bunları ikiqat duymalıdı, çünki burda insan həyatından söhbət gedir. Əbəs yerə demirlər ki, həyatda ən şirin nemət can sağlığıdı. Bax, elə bu şirin neməti də insan həkimə etibar edir. Və həkim gecə-gündüzə baxmadan, ailəsini belə unudaraq, xəstənin ölüm-qalım taleyi uğrunda hər şeyi arxa plana keçirib əlləşib-vuruşursa, burda maddiyyat heç yada düşmür. Allahın insana bəxş etdiyi ömrü ona qaytara bilən, yaşamaq şansını bəxş edən həkim üçün bunun sevincini yaşamaqdan böyük mükafat ola bilməz. Mən bura gələndə xəstəxanada üç həkim vardı. Onun biri tez-tez gedirdi. Rayona iki həkim baxırdı. O qədər ağır şərait var idi ki. Sərt qışı olan bu yerlər, üstəlik qaz, su, işıq problemləri də vardı. İliyə işləyən soyuq üzündən bəzən üst geyimini belə çıxarmadan işləyirdik. Mənim sahəm ailələrə sevinc bəxş edən bir sahə olub. Uzun müddət doğum şöbəsində çalışmışam, oranın müdiri olmuşam. Sonra məsləhət bilib məni ginekologiya şöbəsinə keçiriblər, 20 ildir burda çalışıram. Bir dəfə də olsun heç bir qadına sən sonsuzsan kəlməsini deməmişəm. Bu, o qədər ağır bir sözdü ki, onun yükünü daşımaq mümkün deyil. Həm də Tanrının elə möcüzələri var ki... O, ol deyəndən sonra həkimin sözünün əhəmiyyətimi qalır. Amma artıq səhiyyə o qədər inkişaf edib ki, bu gün tibbi leksikondan sonsuzluq termini silinib. Hər evdə körpə gülüşü, körpə qığıltısı bir ocağı isidir. İşimizin ən ağrılı tərəfi isə bəzən ana ölümünün olmasıdır. Allahıma sonsuz şükrlər olsun ki, bu ağrını yaşamadım fəaliyyətim dövründə, ən ağır şəraitdə işlədiyim vaxtlarda belə. Yaşasaydım, bu ağrı ömrümün sonuna qədər mənimlə qalardı. Bir məqam da var ki, buranın əhalisi başqa bölgələrdən fərqlənir. Bu da ondan irəli gəlir ki, onlar Rusiya ilə sıx əlaqəli olduğundan, özlərinə qarşı çox diqqətli və məsuliyyətlidi. Demək olar ki, burda ana ölümü halı yox həddindədi. Vaxtılə xidmətində iki həkim olan rayonun indi gözəl, müasir tələblərə cavab verən, savadlı kadrlardan ibarət xəstəxanası var. Təqaüd yaşıma baxmayaraq, bu çür şəraitdən heç ayrılmaq istəmirəm.Çox xoşbəxtəm ki, geyindiyim ağ xalat öz bəyazlığını olduğu kimi saxlayıb.

TAMARA XANIM

Düzü, məktəbdə oxuyanda riyaziyyatı çox sevirdim. Çox aktiv idim. Məktəb komsomol komitəsinin katibi seçilmişdim. Yaxşı rəsm çəkmək qabiliyyəti olduğumdan, divar qəzetlərini həmişə mən hazırlayardım. Dördüncü kursda oxuyanda xəstəxanada təcrübə zamanı riyaziyyat müəllimimlə rastlaşdım. Dedi ki, heyf sənin o riyazi biliyindən. Deyəndə ki, həkim olmağım anamın arzusu idi, bir qədər düşünüb söylədi: “Əslində riyazi təfəkkür bütün sahələrə kömək edir. Düşünməyək ki, səhv etmisən, sən yaxşı həkim olacaqsan”.

Həqiqətən müəllimimin dediyi kimi də oldu. Bizim qrupumuz əsasən məktəbi medalla bitirənlərdən ibarət və çox güclü idi. Bu gün hər birimiz daşıdığımız həkim adına layiq ola bilmişik. Mən elə bir yerdə yaşayıb işləməli oldum ki, buranın əhalisi əsasən başqa xalqların nümayəndələridi və mən Azərbaycan torpağı olsa belə, onların arasına kənardan gəlmə sayılırdım. Buna baxmayaraq, onların hörmətini, istəyini qazana bildim. Olub ki, milli münasibətlər zəmində söhbətlər qalxıb, lakin onlar mənə yad gözlə baxmayıblar. Bu, mənim ən böyük qazancımdı. Yaxşı ailəmin olmasını arzulamışam. Şükrlər olsun ki, Tanrı mənə bunu da nəsib edib. İki oğul ovladının sahibiyəm. Böyük oğlum iki ali məktəb bitirib – Moskva Kommersiya İnstitutunu və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini. Bir müddət Qusarda maliyyə sahəsində çalışıb. Hazırda özünün qurduğu biznesi ilə məşğuldu. Kiçiyim isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Daxili işlər orqanlarının əməkdaşı olub. Artıq yaş həddi ilə təqaüdə çıxdığından, hazırda qardaşı ilə bərabər çalışır. Artıq tələbə adını daşıyan nəvəm də var. Tanıyıb tanımamağımdan asılı olmayaraq, savadlı, istedadlı gənclərə rəğbət bəsləmişəm. Təəssüf ki, ailəmə ürəyim istədiyi qədər vaxt ayıra bilməmişəm. İmkanım və bacarığım yetdiyi qədər əlimdən gələni etsəm də, bu məni qane etməyib, çünki daha artığını edə bilərdim. Təəssüf ki, sənətimiz istənilən vaxt ailənin yanında olmağa bizə imkan vermir, çünki bizim işdə vaxt, zaman, saat anlayışı yoxdu. Uşaqların tay-tuşları ilə oynaya biləcəyi vaxtlarda qapı onların üzünə bağlı olub. Amma şükrlər olsun ki, məni ailədə həmişə anlayışlı qarşılayıblar. Bu da yəqin ki, daha çox həyat yoldaşımla kolleqa olmağımızdan irəli gəlib. Aldığım tərbiyə ilə övladlarımı böyüdə bilmişəm. Kökdən gələn bir xüsusiyyəti düşünürəm ki, ailədə təbliğ etmək lazım gəlmir. Uşaq sənin davranışını, hərəkətlərini görüb özü də o yolu tutur. Oğlan uşağı olmalarına rəğmən, çox həssas olub onlar. Olub ki, çağırışa getməliyəm, amma maşın gecikib. Onlar özlərinə yer tapmayıb ki, ay ana, xəstə orda necə olacaq, gecikirsən axı... Bu da bir qazancımdı. Amma nə olursa-olsun günü bu günə qədər mətbəximdə məndən başqa yemək bişirən olmayıb. Tezdən qalxıb günorta yeməyini hazırlamadan evdən çıxan bir günüm olmayıb. Mətbəximi bir neçə bolgənin yeməkləri bəzəyir – doğma Naxçıvanımın, ömür sürdüyüm Qusarın, bir də Lənkəranın. Özüm daha çox cənub mətbəxinə meylliyəm və o yeməkləri hazırlamaqdan xüsusi zövq alıram. Etiraf edim ki, torpağım üçün hər zaman darıxmışam, amma işin çoxluğu başımı qata bilib. O zamanlar Naxçıvanla əlaqə yaratmaq mümkün deyildi, içimdə ağrıya-ağrıya qalırdım. Bu ağrını yalnız iş unutdura bilirdi mənə. İndiki texnologiya o zamanlar olsaydı, torpaq həsrətini az çəkərdim. Böyük bir kollektivin əhatəsindəyəm, hamı ilə səmimi və mehriban. Çox sevinirəm ki, bütün işçilər məni özünə yaxın bilir, dərdi-səri, problemi, sevincilə bölüşür, məsləhət alır. Düzü, mən özüm açıq biri deyiləm. İçimdə olanlar, elə orda da qalır. Ürəyimə yaxınlıq bir-iki adama şamil ola bilər, vəssalam. İnsanın ali xüsusiyyəti bağışlamaq bacarığıdı. Əgər Tanrı bağışlayandısa, bəndə nə karədi ki? Bağışladığım insanlarla nə qədər xoş, səmimi münasibəti qaytarsam da, içimdəki inamsızlığı silə bilmirəm, təbii ki, bunu heç zaman biruzə verməmişəm. Düşünürəm ki, bu hərəkəti edən, ikinci dəfə də edə bilər. Nə dərəcədə düz yanaşmadı, onu bilmirəm. Həyatda cəsarətli olmağı bacarmışam. Bunun üçün yenə də valideynlərimə və illərlə qazandığım təcrübəmə borcluyam. Və istərdim ki, bütün qadınlar cəsarət sahibi olsun.

VƏTƏN

Bizim Sərurun zəngin təbiəti yoxdu. Yalnız baharda təpələri lalələr bəzəyir, yay gələn kimi onlar da quruyur, qalır bomboş təpələr. Torpağım üçün darıxan vaxtımda uşaqlar, “Ay ana, oranın nəyi üçün darıxırsan, quru, boş təpələr üçün?” deyərək məni ovundurmağa çalışardılar. Deyərdim ki, nə qədər gözəl təbiət qoynunda yaşasam da, mənim üçün torpağımın quru, boş təpələrindən füsunkar yer ola bilməz, çünki oranın adı Vətəndi. Dəfələrlə Vətəndən kənarda yaşamaq təklifləri almışıq. Yüksək maddiyyatı olsa da, cavabımız yox olub. İstəmirəm sözlərim pafoslu, gəlişi gözəl kimi qəbul edilsin, lakin içimdən gələn bir hissi heç vaxt gizlətməmişəm. Mənim üçün Heydər Əliyev kimi bir dahinin nəfəsi hopan bu torpaqda yaşamaq, onun qurduğu dövlətə xidmət etmək kimi yüksək amal yoxdu. Vətəni sevməyi ondan öyrənmək lazımdı. Bu gün onun tənzimləyə bildiyi multikultural dəyərlər sayəsində qarşılıqlı anlaşma, mehriban ünsiyyət qura bilmişik. Və bu Vətəndə yaşamağa borcluyam.

QADIN GÜLƏRSƏ

Məni tanıyan və tanımayanlarla qəzetiniz vasitəsilə qurduğum ünsiyyətə görə sizə dərin təşəkkürümü bildirirəm. Qadının üzünün gülməsi üçün kiçik də olsa, bir səbəb yetərlidi. Bu səbəblərin fövqündə əmin-amanlıq, sağlam övlad durur desəm, yanılmaram. Tanrıdan diləyim budur ki, bunları qadınlara çox görməsin. Çünki yer üzünü isidən onların təbəssümüdü.

SON SÖZ

Tamara xanımla söhbətimiz zamanı dünya bu gün vurub, yıxan, dağıdan bəladan çox uzaq idi. Amma o, söhbətimizə belə başladı: “Dünyamızın gərdişinə görə çox narahatam”. Bu gün narahatlığa dünyanın əsaslı səbəbi var və hələ ki, ağ xalatlı insanlar öz canları bahasına bu bəla ilə çarpışır. Bəli, çarpışır, çünki onun adı həkimdi.

Tamilla TEYMURQIZI

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?