• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Müasir dünyada diasporun önəmi artıb

10:13 07/05/20 | Diaspora

Diaspor fəallarımız bir-birləri ilə münasibətdə hər zaman milli mənafeni şəxsi mənafedən üstün tutmalıdır

Müasir dünyada diaspor böyük əhəmiyyət daşıyan bir fəaliyyət sahəsinə çevrilib. Tarixə diqqət etdikdə görürük ki, diaspor fəaliyyəti daha çox dövləti, Vətəni olmayan xalqlara lazım olub. Məhz bu səbəbdən - bəzi millətlərin vətəni olmadığından onların diaspor fəaliyyəti güclü olub. Biz azərbaycanlıların vətənimiz, dövlətimiz (Azərbaycan Respublikası) olduğu üçün diaspora o qədər də ehtiyacımız olmayıb. Ancaq artıq dünyada miqrasiya genişlənib, insanlar iş dalınca və başqa səbəblərdən ayrı-ayrı ölkələrə köçürlər. Bu, normal bir prosesdir, insanlar ölkədən-ölkəyə köçür, dünya kiçilir və beləliklə də sərhədlərin önəmi azalır. Bununla yanaşı diaspor təşkilatları da güclənir. Müasir dünyada diasporun önəmi də artıb.

Xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsasları 2002-ci il dekabrın 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunur. Bu qanun Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədi ilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirir. Bütün bunları isə Azərbaycan dövlətinin dünyanın dörd bir yanında yaşayan soydaşlarımıza və həm də bəzi maraqlı tərəflərə jesti saymaq olar.

Dövlət Komitəsindən aldığımız rəsmi məlumata görə, hazırda dünyanın əksər ölkəsində 400-dən çox Azərbaycan icması fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir: “Xaricdə yaşayan soydaşlarımız ölkəmizin inkişafına, qarşıya çıxan problemlərin həlinə yaxından kömək göstərməyə çalışır, digər ölkələrin diaspor təşkilatları ilə sıx əlaqə saxlayır, dünyanın qabaqcıl ölkələrinin diaspor təcrübələrini öyrənirlər. Xaricdəki həmvətənlərimiz arasında Azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərindən kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına öz töhfələrini verirlər. Bu məqsədlə müxtəlif tədbirlər təşkil olunur, görülən işlər kütləvi informasiya vasitələrində işıqlandırılır. Diaspor təşkilatlarımız öz fəaliyyətlərində bu istiqaməti daha da gücləndirməli, yaşadıqları ölkələrdə ölkəmizi layiqincə təmsil etmək üçün öz fəaliyyət dairələrini daha da genişləndirməlidir”.

Bu gün hər bir azərbaycanlı Rusiya neft sənayesinin qurucularından biri, əfsanəvi neft kəşfiyyatçısı, geoloq Fərman Salmanovun, dünya şöhrətli rəssam Tahir Salahovun, elm aləmində “Zadə” soyadı ilə tanınmış alim Lütfi Əliəsgərzadənin, Fransada yaşayan rəssam Toğrul Nərimanbəyovun, müğənni-bəstəkar Müslüm Maqomayevin adları ilə fəxr edir, qürur duyur. Onların və başqa adını çəkmədiyimiz məşhurlarımızın və qeyri məşhurlarımızın yeganə Vətəni Azərbaycan olub və bu gün də olmaqdadır.

Təbii ki, azərbaycanlıların diaspor tarixi uzaq keçmişə təsadüf etsə də, tarixən yaranan fasilələr bunun inkişafına imkan verməyib. Amma sonuncu mərhələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ilk dəfə olaraq ən fəal və uzunmüddətli mərhələyə keçdi. Bununla diaspor işində köklü dönüş yarandı.

Ümummilli lider Heydər Əliyev xaricə səfərləri zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla görüşərək onların qayğı və arzuları ilə maraqlanır, yeni müstəqillik qazanmış tarixi vətənimizin xaricdə tanıdılması üçün dəyərli tövsiyələrini və dəstəyini verirdi. Dünya Azərbaycanlılarının 1-ci qurultayının təşkili bu işlərin parlaq nümunəsi oldu. Bu qurultayda azərbaycanlıların vahid ideya ətrafında birləşməsinin, gələcəyə istiqamətlənmiş vacib ideyaların praktiki olaraq əsası qoyuldu. Əsas prioritetlərdən biri o idi ki, xaricdəki həmvətənlərimizin yaşadıqları ölkələrdə inteqrasiyasının dinamikləşməsi, Azərbaycan həqiqətlərinin geniş yayılması mütəmadi olsun.

Nəzərə alaq ki, xaricdəki soydaşlarımızın, xüsusilə də Avropadakı azərbaycanlıların tam əksəriyyəti məhz Azərbaycan müstəqillik qazandıqdan sonra köç ediblər.

«Mən Almaniyada, ümumiyyətlə, son vaxtlar Azərbaycan diasporunun yeni fəaliyyətini yeni mərhələ kimi adlandırmazdım. Bunu Azərbaycan diasporunun həmrəylik nümayişi etdirməsi, yeni metodlardan istifadə etməsi dövrü adlandırardım. Avropada Almaniya da daxil olmaqla yeni metodların diasporda istifadə olunması artıq nəticə etibarı ilə özünü biruzə verməkdədir». Bunu Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Yaşar Niftəliyev qeyd edib. Onun sözlərinə görə, son dövrlərdə Avropanın bir sıra ölkələrində həmvətənlərimizlə keçirilən görüşlər, müzakirələr və alınan qərarlar ciddi canlanmaya səbəb olub. Bu, indi lobbiçiliyin dirçəlməsində də özünü göstərir: «Ümumiyyətlə, lobbiçilik məsələsi ilə bağlı onu deyə bilərəm ki, bu, biz azərbaycanlılar üçün yeni mərhələdir. Müstəqillikdən sonra yeni addımlar və sair. Biz azərbaycanlılar yeni-yeni Avropada təkamülləşərək yerli idarəetmə ilə, seçkili orqanlarla sıx ünsiyyət yaradırıq, dostlar qazanırıq. Bunlar indi-indi öz nəticəsini verməkdədir. Artıq bir neçə bölgələrdə azərbaycanlılar özləri yerli qurumlara seçilirlər, təyin olunurlar və sair. Diaspor sahəsində tətbiq edilən yeni metodlar əminəm ki, lobbiçiliyi də sürətləndirəcək. Ən başlıcası gənclərimizin yerli partiyalara üzv olması aktual məsələyə çevrilib və gündəmdədir. Əsas inteqrasiyanın güclü olmasıdır. Əks halda lobbiçilik zəif inkişaf edər».

Y.Niftəliyev qeyd edib ki, Avropada azərbaycanlıların koordinasiya şuralarının yaradılması, azərbaycanlıların birləşərək yeni mərkəzdə cəmlənməsi diasporda yeni və böyük bir hərakatın başlanğıcıdır.  Onun fikrincə, bu, Avropada azərbaycanlılar arasında birlik əhval ruhiyyəsini yaradır: “Azərbaycanlıların koordinasiya şuralarında birləşməsi, bunun çərçivəsində dil kurslarının, Azərbaycan məktəblərinin yaradılması diaspor hərəkatında ciddi dönüş yaradıb. Artıq pərakandə, irili-xırdalı tək-tək təşkilatlar halında yox, vahid qüvvə ilə - Koordonasiya Şurası (KŞ) olaraq fəaliyyət göstərəcəyik ki, bu da Avropada azərbaycanlıların istənilən proseslərdə iri güc olmasından xəbər verəcək».

Y.Niftəliyev əlavə edib ki, son aylarda Dövlət Komitəsi tərəfindən Avropada diaspor sahəsində olduqca mühüm addımların atılması burada yaşayan azərbaycanlıları yeni təkliflər ətrafında düşünməyə həvəsləndirir: «Konkret metodlardan düzgün istifadə edilməsi, gənclər hərəkatına önəm verilməsi, lobbiçiliklə bağlı yeni yeni addımlar və sair yaxın illərdə Azərbaycan diasporunda ciddi qələbələrdən xəbər verir. Qısa müddətdə ən vacib məsələ olan azərbaycanlıların birləşdirilməsi kimi məsələdə əldə olunan nailiyyətlər, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin bu isiqamətdə qətiyyətindən xəbər verir ki, bu da digər məsələlər üçün bizdə ciddi ümid yaradır”. 

Cavanşir QƏDİMOV

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?