• 4 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Vətən ömrün başlanğıcıdır

11:53 07/05/20 | Digər

Qadın gülərsə...

“Biz Azərbaycan deyəndə, onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, o qədər də zəngin olar”. Bu, Ümummilli lider Heydər Əliyevin kəlamıdır.

Tarix boyu Azərbaycan qoynunda məskən salan müxtəlif xalqları, onların mədəniyyət və dinlərini vahid bir dəyər uğrunda birləşdirən məkan olub. Və ölkə başçısı İlham Əliyev “Multikulturalizmə alternativ yoxdur” deməklə, müxtəlif mədəniyyətli xalqların eyni, bərabər imkanlara sahib olmasını bir daha təsdiq etmiş oldu. Bütün bunları mənə Qusarda “Qadın gülərsə” dediyim son müsahibim xatırlatdı. Milliyətcə ləzgi olan, Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova maraqlı, səmimi bir həmsöhbət oldu.

ADDIM

Qusar rayonunda anadan olmuşam, 1972-ci ilin qızmar yay günü. 1989-cü ildə 3 saylı orta məktəbi əla qiymətlərlə, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini qiyabi bitirmişəm. Təhsil aldığım müddətdə rayonumuzun yerli radio verilişləri redaksiyası ilə əməkdaşlıq etməklə yanaşı, “Qusar” qəzetində korrektor olmuşam. Ailə qurandan sonra Quba Müəllimlər İnstitutunda ixtisasdəyişmə kursunu bitirərək pedaqoji fəaliyyətə başlamışam. Məzunu olduğum məktəbin rus bölməsində Azərbaycan dili müəllimi kimi çalışmışam. 2013-cü ildən Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoruyam.

OCAQ

Bu gün dəbdə olan gender bərabərliyini mən böyüdüyüm ailədə 70-ci illərdən görmüşəm desəm, heç də yanılmaram. Valideynlərim orta-ixtisas təhsilli olub. Qusarın Böyük Muruq kəndindən olan atam Sabir Aydəmirov çox zəhmətkeş, hədsiz mehriban insan idi. Müxtəlif yerlərdə çalışıb. Son olaraq Konserv zavodunda işləyib. Qusardan olan anam Rəhilə Aydəmirova Aqrar Sənaye İdarəsinin işçisi olub. Üç bacıyıq ailədə. Evin sonbeşiyi olduğumdan ərköyün böyümüşəm. Atamın çox fərqli dünyagörüşü olub, biz üç bacının qayğısına qalıb, nazını həmişə çəkib. Böyük bacım Nəzakət mühasibat sahəsində çalışıb. İkinci bacım Nailə Qusar Uşaq İncəsənət Məktəbində nağara müəllimidi. O zaman atam bacımı nağaraya qoyanda hamı ona irad tutdu ki, bu qız sənəti deyil axı. Atam isə heç kimin sözünə məhəl qoymadan, öz bildiyi kimi edib.

Həyatımda atamın zəhməti çox böyük olub. Həmişə dərslərimi ona danışardım, xüsusən də universitetdə oxuyanda. Məni o qədər həvəslə, diqqətlə, maraqla dinləyərdi ki, danışdıqlarımı anlayıb-anlamadığını belə hiss etmirdim. Atam yeməyimizdən tutmuş, soyuqda qalın geyinməyimizə qədər diqqət edərdi. Düzü, ondan gördüyümüz diqqəti anam bizə verməyib. Atamın həmişə gözünün üstümüzdə olması anamı bu sarıdan arxayın edib. Çox təəssüflənirəm ki, bu gün belə valideynlər çox azdı. Bütün gününü sosial şəbəkələrdə keçirən valideynləri görəndə ürək ağrısı yaşayıram. Kaş bu günün ata-anaları övladlarına qayğı və diqqəti artıra biləydi.

MƏRKƏZ

Mənim üçün çox dəyərli olan bu mərkəzə rəhbər təyin edilməyim taleyin bir qisməti oldu. İclasların birində çıxışımı bəyənən rəhbərlik bildirdi ki, rayonda Heydər Əliyev Mərkəzi açılır, ora rəhbərlik etmək üçün kadr axtarırıq. Bu təklifi mənə edəndə hansı hisslər keçirdiyimi izah edə bilmirəm. Böyük məsuliyyət olduğunu bilsəm də, bu dahi şəxsiyyətə olan məhəbbətim hər şeyi üstələdi. Artıq yeddi ildir ki, mərkəz fəaliyyət göstərir. Bura həm sosioloji, həm də mədəniyyət mərkəzidir. Müxtəlif mədəni-kütləvi tədbirlərin, sosial layihələrin, sərgilərin həyata keçirilməsində aktiv fəaliyyətimizlə həmişə öndəyik. Mərkəzin işçiləri əsasən xanımlar olduğundan, qadın siyasəti, gənclərlə işlərin aparılması istiqamətində öz layihə və təkliflərimizlə daima çıxış edirik. Biz Azərbaycan torpağında yaşayan azsaylı xalqlardan biriyik. Özümüzü hər zaman bu torpağın bir parçası bilmişik. Yadımdadı, 1998-ci ildə millət atası Heydər Əliyev ikinci dəfə prezidentliyə seçkilər ərəfəsində Qusara gəlmişdi. Mən qucağımda kiçik qızım onun getdiyi yola paralel küçə ilə qaça-qaça getmişdim ki, bu şəxsiyyəti yaxından görə bilim. Xalq onu həmişə sevib. Çünki respublikanı ən gərgin vaxtdan xilas edən bu dahi insan oldu. Bu ağrını, acını biz də çəkirdik, üstündə gəzdiyimiz torpaq bizim də Vətənimizdi. Başqa cür ola da bilməz. Bu gün Heydər Əliyev kimi bir liderin bu mərkəzində çalışmaq və ona rəhbərlik etmək mənim üçün böyük fəxarətdir. Çünki buranın hər guşəsində Heydər Əliyevi xatırladan mütləq nəsə var.

NEVA

Bu, bəlkə ilk növbədə ixtisasımdan irəli gəlir, onu bilmirəm. Bildiyim odu ki, mən ictimai-sosial bir insanam. Düşünürəm ki, bu təbiətimdən gələn bir xüsusiyyətdi. Cəmiyyətlə daima ünsiyyətdəyəm. Və bu cəmiyyətdə məni narahat edən məqamlar var. Ən əvvəl bu, gənclərlə bağlıdı. Bu günün gəncləri mənim nəzərimdə iki qrupa bölünüb. Biri elm, təhsil, dünyaya inteqrasiya yolu ilə gedir, o biri sosial şəbəkələrin qoynunda böyüyür ki, bu da onların boşluğudu. Təbii ki, ətrafda bu boşluqdan istifadə edənlər olur və nəticədə bir ailənin faciəsi başlayır. Bu gün mükəmməl, sağlam, savadlı gəncliyin yetişməsi üçün bütün imkanlar var və yaradılır. Bizim dünyaya meydan oxuya biləcək gənclərimiz var. Bundan yararlananlar gələcəyini düşünənlərdi. Boşluğa yuvarlananlar isə peşiman olsalar da, ordan çıxmağa iradələri çatmır. Əlacsız qalan valideyn çıxış yolunu dövlətdə tapır. Hər şeyi dövlətin boynuna yükləmək olmaz axı... Nədənsə çoxumuz ictimai qınaq deyilən bir amili unuduruq. Çünki hər kəs özünü, ailəsini, övladını düşünür. Qonşunun uşağı düz yolda deyilsə, çıxış yolunu öz övladımızı qorumaqda görürük. Amma əgər mən, sən, o, qonşuya dəstək olub, o gəncə nəsihət, öyüd, yaxşı bir nümunə göstərmək kimi bir hərəkətlə kömək etsək, bəlkə də həmin gənc tuş gəldiyi bu qınaqdan utanar. Amma çox halda biz bunu etmirik, çünki cəmiyyətdə duyğusallıq azalıb. Bu gün texnologiyanın bu qədər yüksək inkişafı fonunda, təəssüf ki, savadsızlıq halları hələ də var. Bu daha çox ailədə ananın savadsızlığından irəli gəlir. Əgər ananın müəyyən bir təhsili varsa, o ailədə savadsız uşaq böyüməz. Biz tez-tez ekspert qrupu ilə ucqar kəndlərə gedib qadınlarla sadə xalq dilində danışaraq söhbətlər aparırıq.

Mənim fəaliyyətimdə qadın siyasəti həmişə qabarıq olub. Bu məqsədlə kəndlərimizdə apardığımız söhbətlərin birində psixoloq müəyyən etdi ki, ailədə qadınlara qarşı psixoloji zorakılıq daha qabarıqdı. Kənd yerlərinin yazılmayan qanunları çoxdu. Kişi mütləq şəkildə evin böyüyüdü, ailənin büdcəsi mütləq onun əlində olmalıdı. Belə olan halda qadın hər gün evin kişisindən bir manat çörək almaq üçün pul istəməyə məcburdu. Hər gün davam edən və adət halını alan bu səhnə yavaş-yavaş qadını yorur, evdə oturmaq istəmir, çünki bu psixoloji zorakılıq onu düşünməyə vadar edir. Rayon və kənd yerlərində hər evdar xanımın mütləq bacardığı bir qabiliyyəti var. Biz təklif və çağırışlarımızla qadınların əl işlərindən ibarət satış sərgilər təşkil etməklə, onları asılılıqdan uzaqlaşdırmağa, öz qazanclarını əldə etməyə yardımçı oluruq. Azərbaycan qadını tarixən güclü olub - Tomris, Sara xatun Tuti Bikə, bu günümüzdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva... Bu gün yüzlərlə öz yolu, dəsti xətti olub fəaliyyətində ona bənzəməyə çalışan xanımlar var. Çox vaxt deyirlər ki, sosial layihələr dövlətin səlahiyyətindədi və bunu da etməlidi. Lakin əgər biz öz yerimizdə bacardığımız imkanlar çərçivəsində bir iş görmək bacarığına malikiksə və bununla da dövlətimizə az da olsa yardımçı ola biliriksə, bunun nəyi pisdi? Bir neçə il əvvəl uzun illər rayonda ibtidai sinif müəllimi olmuş Mariya Səfərova Sankt-Peterburqda oğlunun yanında yaşayırdı. Yay ayında rayona gəldi. Öyrənib ki, rayonumuzda belə bir mərkəz var, gəlib bizi tapdı. Dedi ki, orda Təqaüdçülər evi adlanan bir məkan var. Boş vaxtlarında təqaüdçülər ora cəm olur, kağızdan quşlar, digər fiqurlar düzəldir. İstəyirəm bunu uşaqlarmıza öyrədim. Böyük məmnuniyyətlə razılaşdıq. Mariya müəllimə bunu heç bir təmənna güdmədən uşaqlara həvəslə öyrətdi. Həm özünün başını qatdı, həm də uşaqlar yay tətilində maraqlı nəsə öyrənə bildi. Sonra düşündüm ki, rayonda, kəndlərdə nə qədər təqaüdçülərimiz var. Bəlkə mən də onlar üçün nəsə edim. Mariya müəllimə ilə razılaşıb peşəsindən asılı olmayaraq, evdə qalıb darıxan təqaüdçüləri çay süfrəsi arxasına yığıb onlara Yeni il bayramı keçirdik. Maraqlı söhbətlər, unudulmuş xatirələr, daha nələr, nələr onların ruhunu o qədər oxşadı ki, ayrılmaq belə istəmirdilər. Üzdə kiçik görünsə də, onlar üçün unudulmadıqlarını hiss etmək böyük sevinc idi.

Fiziki qüsurlu, əlil gənclərlə bağlı bir lahiyə ilə çıxış etdik. Sosial şəbəkədə gördum ki, çay kənarında çox da yaxşı vəziyyətdə olmayan bir evdə anasını itirmiş, atanın dolanışıq üçün qazandığı cüzi maaşla dolanan uç uşaq var. Onlar üçün yardım aksiyası keçirmək təşəbbüsünü qaldırdım. Bu işlərlə kimlərəsə kömək edə biliriksə, azacıq da olsa diqqət göstəririksə, üzlər gülüb, könüllər şad olursa, zənnimcə bu da bir qayğıdır. Mən bu işləri görmədən rahat yaşaya bilmərəm. İnsanlarda azalan duyğusuzluq məni çox narahat edir və daima bu haqda düşünürəm. Amma bununla belə mən də bir evin xanımı və anayam. Etiraf edim ki, mərkəzə gəldiyim vaxtdan ailəmlə işim arasında balans yaratmağa çalışsam da, onlara kifayət qədər vaxt ayıra bilmirəm. Şanslı biriyəm, çünki yanımda məni başa düşən, dəstək verən ömür-gün yoldaşım var. Bir məruzə və ya çıxış hazırlayanda mənim üçün sakit şərait yaradır. “Əvvəl bizə danış görək çıxışın necə alınıb” deməyinin özü belə, mənim üçün böyük diqqətdir. Son vaxtlar mətbəxə də ürəklə, kifayət qədər vaxt ayıra bilmirəm. Bununla belə qaynar qazanım, isti yeməyim mütləq olub. Bir yerə dəvət olunanda hazırlaşıb getmək kimi bir tənbəlliyim də var. Ona görə də qonaq qarşılamağı daha çox sevirəm. İki qız, bir oğlan anasıyam. Böyük qızım A.Zeynallı adına Musiqi Kollecini bitirib, musiqi müəllimidi. Kiçik qızım göz cərrahlığı üzrə ordinatura təhsilini davam etdirir. Sonbeşik olan oğlum Mahaçqala Tibb Universitetinin stomatologiya fakültəsinin tələbəsidi. Mənim valideynlərimin öz bacı-qardaşı arasında o qədər mehribanlıq, hörmət, isti münasibət olub ki, yaxşı mənada həmişə onlara həsəd aparmışam. Atam özündən kişik qardaşını belə, adı ilə çağırmazdı, ona “stxa” (qardaş) deyə müraciət edərdi. Ata-anam biz bacıları da belə tərbiyə edib. Təəssüf ki, indiki nəsldə bu kimi dəyərlər azalıb. Görüb yaşadıqlarımı övladlarıma ötürməyə çox çalışmışam. Amma hərdən zəmanə öz üzünü göstərir. Mən insanların biri haqqında yaxşı fikirdə olmadığını görəndə, üstəlik mənə ondan uzaq durmağı tövsiyə etdiyini eşidəndə, həmin adamla yaxın olmağa çalışıram. Ən əvvəl bunun doğru olub-olmadığını öyrənməyə çalışıram. Deyilənlər təsdiqini tapanda mənə balta vurulan insanın etdiyi əməl deyil, o əməli yaradan səbəb maraqlı olur. Onu araşdırıram, səbəbi axtarıram, çünki səbəbsiz, özbaşına heç nə olmur. Bu da xarakterimin bir cizgisidi. İnsanları duyğusuz, laqeyid görə bilmirəm.

VƏTƏN

Vətən kökünün dərinliyi, yaşı ölcüyə gəlməyən, sayı bilinməyən budaqları çoxaldıqca əyilməyən, kölgəsində hamıya yer olan bir ağacdı. Vətən hər insan ömrünün başlanğıcıdı. Və bu başlanğıc dünyanın hansı nöqtəsindən başlayıb davam etməsindən asılı olmayaraq, insan kökünə bağlı olub onu yaşatmalıdı. Vətən budur!

QADIN GÜLƏRSƏ

Ürəkdən gələn, bu qədər sərbəst və səmimi söhbət üçün yaratdığınız imkana görə qəzetinizə minnətdaram. Söhbət əsnasında qadın mövzusunun mənim üçün çox vacib olduğunu düşünürəm ki, vurğulaya bildim. Ana olan hər bir qadının xoşbəxtliyi ailəsindən başlayır. Əgər ailə xoşbəxtdirsə, deməli, cəmiyyət rahatdı. Cəmiyyət rahatdısa, deməli, firavanlıq var. Firavanlıq varsa, deməli, dünyada əmin-amanlıq var. Bax, onda qadının üzündən təbəssüm, gülüş heç vaxt əskik olmaz. Amma təəssüf ki, bu gün nə bu xoşbəxtlik, nə bu firavanlıq, nə də bu əmin-amanlıq tamlıq yarada bilməyib, hələ ki pərən-pərəndi. İnanıram ki, bir gün bəşəriyyətin qapısını döyən xoşbəxtlik bütün qadınların üzünü daima güldürəcək.

SON SÖZ

Bu hər birimizin arzusudu, Neva xanım. Amma nə yazıq ki, sevinclə qarşılaşdığımız il bizə hələ ki, xoş müjdəsini vermək fikrində deyil. Ruh yüksəkliyini saxlamağa çalışsaq da, həqiqətdən qaça bilmir bəşəriyyət. Bu məqamda yada Vaqif Səmədoğlunun bu misraları düşür: “Dünya susmalıdı artıq. Allaha kömək vaxtıdı”.

Tamilla TEYMURQIZI

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?