• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Ümummilli maraqların qorunması Vətənsevərlikdən keçir

11:42 09/05/20 | Diaspora

Artıq diasporamız Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir

Müasir dövrdə diaspor fəaliyyətinin önəmi daha da artıb. Bu gün bizə diaspor fəaliyyəti daha çox “Qarabağ problemi” adlandırdığımız işğal altında olan torpaqlarımızla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün lazımdır. Azərbaycanın diaspor təşkilatları təbii ki, bu yöndə fəaliyyət göstərir, problemin yaranma tarixi barədə həqiqətləri yaşadıqları ölkələrdə çatdırırlar. Bu işlərdə türkdilli ölkələrin dəstəyi də müstəsna əhəmiyyətə malikdir. Xüsusilə qardaş türk diasporunun.

Son dövrlərdə Türkiyə-Azərbaycan diaspor təşkilatlarının birgə mübarizəsi daha effektli və təkmilləşdirilmiş formada özünü göstərir. Azərbaycan diasporu təmsil etdiyi ölkədə erməni diasporunu da öz fəaliyyəti ilə üstələyir. Bütün xarici ölkələrdə erməni diasporuna Azərbaycan əleyhinə anti-təbliğat aparmalarına imkan yaratmır.

İstənilən dövlət, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun xaricdəki diasporasının müstəsna rolu var. 

Diaspora eyni zamanda bir millətin vahid şəkildə formalaşmasına yardım edən əsas amillərdəndir. Ölkədən kənarda yaşayan azərbaycanlılar öz millətinin dirçəlməsi üçün münbit şərait yaradır. Azərbaycan diasporası ilə onun dövlətinin sistemli əlaqəsi ölkəmizin öz hüdudlarından kənarda tanıdılması yönündə müsbət nəticələrin nəticə etibarilə ortaya çıxması heç kəsə sirr deyil.

Bəli, bu gün Azərbaycan dövləti diaspor quruculuğu işinə xüsusi önəm verir. Xaricdəki diasporamız getdikcə inkişaf edir. Azərbaycan xalqı və dövlətinin qarşısında duran problemləri daha dərindən dərk edir və dünyaya da tanıtmaq istiqamətində fəaliyyətlərini gücləndirirlər. Dünya azərbaycanlıları artıq vahid mərkəzdən idarə olunur. Bu məkanın adı Azərbaycandır. Diasporamızın ideoloji cəhətdən istiqamətlənməsi işi də buradan həyata keçirilir və Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. Dünya azərbaycanlılarının qurultayının Bakıda keçirilməsi, onların dövlət tədbirlərinə qatılması, Azərbaycan dövlətinin xarici və daxili siyasətinə aid məsələlərin dünyada təbliğində onların iştirakı göstərir ki, getdikcə təşkilatlanma, ideoloji cəhətdən səfərbər olunma və azərbaycançılıq ətrafında birləşmə istiqamətində işlər sürətlənir. Ümumi ab-hava onu deməyə əsas verir ki, Azərbaycan dövləti və xalqının milli mənafeyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların şüuruna hakim kəsilir və onlar eyni fikrin daşıyıcılarına çevrilirlər.

Hələ vaxtı ilə Ulu öndərimiz Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına birinci səfərindən sonra Azərbaycan diasporası barədə belə demişdi: “Mən xarici ölkələrə səfərlərim zamanı diaspora üzvlərini bir yerə toplamağa cəhd göstərirəm. Mən bunu Amerikada da həyata keçirmək istədim. Çikaqoda toplantıya 35 nəfər gəldi. Eləcə də, Parisdə və Londonda da toplantıya əksəriyyəti İran azərbaycanlıları olan 35-40 nəfər qatıldı. Bu diasporadırmı? Baxın, torpaqları işğal edilən bizik, şəhid verən bizik, illərdir vətənsiz yaşayan bizik, ancaq günahkar olan da bizik. Bunun səbəbi aydındır. Amerikada 250 milyon insan yaşayır. Bunun 1 milyonu ermənidir. Sayları çox azdır. Ancaq mövqeləri, vəzifələri etibarilə ictimai fikri öz məqsədləri ətrafında birləşdirə bilirlər. Biz mübarizəmizdə haqlı olduğumuzu kəskin şəkildə sübut etməliyik. Unutmayın, ermənilərə silah verənlər və maddi yardım göstərənlər qədər bizə yardım edən yoxdu. Biz lobbimizi bütün dünyada qurmalıyıq».

Sonrakı dönəmdə əsası Ulu Öndərimiz tərəfindən qoyulan diaspora siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə xaricdəki Azərbaycan diasporası mütəşəkkillik qazandı və öz inkişaf yoluna qədəm qoydu.

Ulu Öndərimizin səsləndirdiyi fikirlərdən xeyli zaman keçir. Bu müddət ərzində mühüm qərar və qanunların qəbul edilməsi, eləcə də, Heydər Əliyevin xarici səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşü, onun tövsiyə və məsləhətləri xarici ölkələrdə diasporamızın mütəşəkkil cəmiyyət kimi formalaşmasına, inkişafına xüsusi təkan vermişdir. 

Ekspert Əbülfəz Şeydabəyov qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın diaspor və lobbiçilik siyasəti uğurla davam etdirildi: «1990-cı ildə dünyada iki hərbi-siyasi blokun (NATO, Varşava Müqaviləsi Təşkilatı) rəqabəti sona çatmış, Sosialist düşərgə iflas olmuşdu. Həmin ildə ölkəmizdə vüsət almış milli azadlıq hərəkatı və on minlərlə azərbaycanlının meydan aksiyaları nəticəsində yetmiş illik əsarətin dəmir qəfəsi qırılmış və hürriyyət günəşi Azərbaycanın səmalarında parlamışdı. Elə bu ərəfələrdə mənfur qonşu Ermənistan tərəfindən minlərlə soydaşımızın tarixi yurdumuz olan Qərbi Azərbaycandan sürgünə uğraması, ardınca Qarabağ münaqişəsi işğalı ilə yüzlərlə ailənin keçmiş Sovet Respublikalarına və digər ölkələrə mühacirəti ilə davam edib. Azərbaycan Respublikası öz müstəqilliyini yenidən qazanandan sonra dövrünün ölkə rəhbəri, böyük azərbaycanlı, uzaqgörən siyasətçi, ümummilli lider Heydər Əliyev xaricdə yaşayan milyonlarla azərbaycanlıya daim önəm verib. O, hər xarici səfərlərində həmin ölkələrdə yaşayan Azərbaycan diaspor heyəti ilə görüşlər keçirir, onlara Ana Vətən Azərbaycan ətrafında milli mənafelərin qorunması naminə sıx birləşmələrini tövsiyə edirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin inadlı təşəbbüsü ilə məhz 1989-cu il hadisələri, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi milli bayramlar təqviminə qızıl hərflərlə həkk oldu».

Ə.Şeydabəyov vurğulayıb ki, Ümummilli liderin diaspor və lobbiçilik sahəsinə verdiyi önəmin təzahüru kimi milli tarixə düşmüş fərmanlarından biri də dövlət müstəqilliyimizin 10 illik yubileyi ərəfəsində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi oldu. 2001-ci ilin 9-10 noyabr tarixində Bakı şəhərində təşkil olunmuş Qurultaya dünyanın dörd bir yanından milli diaspor nümayəndə heyətləri, yaşadıqları ölkələrdə nüfuzlu, tanınmış sima olan onlarla soydaşımız qatılmışdı. Tarixə azərbaycanlı damğasını vuran bu kəlamlar da Heydər Əliyev tərəfindən məhz bu Qurultayda səslənib: “Mən həmişə fəxr emişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam!”.

Bəli, bu sözlər özlüyündə dünya azərbaycanlılarına bir həmrəylik fəlsəfəsi istiqaməti göstərməklə yanaşı kökləri keçmişimizə dayanan bir missiyanın başlaması demək idi».
Təbii ki, bu gün də Azərbaycanı kənarda layiqincə tanıtmaq diaspor təşkilatlarımızın çiyninə düşən əsas vəzifədir. Burada istəkdən başqa heç bir problem olmamalıdır. Çünki yaşadıqları ölkələrin əksəriyyətində buna nümunə üçün kifayət qədər təcrübələr var.

Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, başqa tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir. Bu işdə isə birlik və həmrəylik başlıca vəzifə olmalıdır.

Cavanşir QƏDİMOV

Nə işin...nə işim var?



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?