• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Birlik olan yerdə istənilən məqsədə çatmaq olar

11:30 16/05/20 | Diaspora

Diaspor təşkilatlarımız artıq ölkə xaricində dövlətimizin maraqlarını layiqincə müdafiə edə bilirlər

Təbii ki, bugünkü reallıqda diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün dövlətlərin dəstəyi vacib şərtdir. Baxmayaraq ki, diasporalar dövlət xaricində yaratdıqları təşkilatlarla öz ölkələrinin maraqlarını müdafiə edirlər. Ancaq ən güclü diasporanın geniş fəaliyyəti üçün belə dövlət dəstəyinin olması vacibdir. Etiraf edilməlidir ki, bu işdə Azərbaycan dövləti öz sözünü deyib və hazırda da eyni mövqeni sərgiləməkdədir. Nəzərə alsaq ki, dünya azərbaycanlıların yalnız beşdə biri Azərbaycan Republikasında yaşayır, onda diaspor təşkilatlarına dövlət qayğısının nə qədər vacib olduğunu dərk etmiş olarıq. O da etiraf edilməlidir ki, diaspor təşkilatları da öz növbəsində dövlətin maraqlarını müdafiə etməyə borcludurlar. Hətta xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların koordinasiyası, milli adət-ənənələrimizin təbliği kimi məsələlər də diasporanın üzərinə bir vəzifə olaraq düşür. Nəzəri baxımdan sadalanan vəzifələrin icrası diaspor təşkilatları üçün elə də çətin məsələ hesab olunmamalıdır. Çünki xarıcdə yaşayan soydaşlarımızın sayı elə onların maddi imkanlarının göstəricisi deməkdir. Deməli, diaspora təşkilatlarımızın maddi vəziyyəti onların geniş fəaliyyətinə imkan yaradır, sadəcə amalın təmiz olması gərəkdir. Məntiqi baxımdan bu qüvvələrin dövlət ətrafında cəmləşdirilməsinə nail olunsa, dünyanın ən güclü diasporu ilə rəqabət aparmaq elə də çətin olmaz. Bunun üçün isə bir sıra ptaktiki tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Azərbaycan diasporunun formalaşma tarixinə nəzər salsaq görərik ki, bu dövrü bir neçə mərhələyə bölmək zərurəti ortaya çıxır. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasının ilk mərhələsi VII əsrin sonu - VIII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını diasporun yaranmasının təməlini qoyub.

Diasporumuzun inkişafında ikinci mərhələ isə X və XIX əsrləri əhatə edir. Məhz həmin dövrdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində, xaricdə məskunlaşması daha geniş vüsət alıb.

Diasporamızın formalaşmasının sonrakı mərhələləri ölkəmizin rus, sonradan sovet imperiyası tərəfindən işğal olunması, birinci və ikinci dünya müharibələri, SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması ilə əlaqədardır. 1979-cu ildə İranda İslam inqilabının baş verməsi nəticəsində də minlərlə cənublu soydaşımız vətənlərini tərk edərək, Qərb ölkələrinə sığınmaq məcburiyyətində qalıb. Təxminən, 30 milyon azərbaycanlının tarixən yaşadığı müasir İran ərazisindən son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasını tərk edənlərin sayından qat-qat çox olub. Beləliklə, onlar Qərb ölkələrində güclü Azərbaycan diasporu formalaşdırıblar. Təqribi sayı 50 milyondan çox olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır.

Dünya azərbaycanlılarının dövlətimizin inkişafı istiqamətində səylər göstərməsi XX əsrin ortalarında bir sıra hallarda müşahidə olunurdu. Lakin ölkəmizin SSRİ-nin tərkibində olması, siyasi ideologiyanın fərqliliyi və nəhayət, Azərbaycanın da digər ölkələr kimi, "xalqlar həbsxanası"nda məhkum olması dövlət-diaspor münasibətlərinin qurulmasına maneə idi. O zamanlar Azərbaycan diasporunun, əsasən, Azərbaycanın müstəqilliyinin əldə olunması istiqamətində fəaliyyət göstərməsi müstəqil olmayan bir dövlətin diasporla əlaqələr qurmasını mümkünsüz edirdi.

Azərbaycan diasporunun Azərbaycan dövləti ilə birgə və qarşılıqlı fəaliyyəti Azərbaycanın yenidən müstəqilliyinə qovuşması və ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə əlaqədardır. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə 1993-cü ildə ikinci dəfə qayıtmasından sonra, ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin 16 dekabrında dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, birlik ideyasının reallaşması istiqamətində stimula çevrilmişdi.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra, Azərbaycan xarici siyasətinin qarşısında iki mühüm vəzifə dayanmışdı: birincisi, Azərbaycana suveren dövlət kimi təminatlar almaq, ikincisi, Qərblə strateji əməkdaşlıq imkanlarından faydalanaraq, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək idi.

Qeyd olunan məsələlərin həlli istiqamətində ümummilli lider Heydər Əliyev diasporun güclənməsinin mühüm rol oynayacağını yaxşı anlayırdı. Təbii ki, Heydər Əliyevin uzaqgörən siyasəti istənilən vəziyyətdə lazımi qərarların verilməsi ilə nəticələnirdi. Bununla yanaşı, erməni diasporu tərəfindən uzun illər idi Qərb xalqları arasında Azərbaycan barəsində mənfi rəy formalaşdırılması istiqamətində planlı fəaliyyət mövcud idi. Ermənilərin Dağlıq Qarabağ münaqişəsi və qondarma "erməni soyqırımı" haqqındakı yalanları Qərb ölkələrində ictimai rəyə nüfuz etmişdi. Formalaşdırılmış mənfi rəyin də aradan qaldırılması vacib idi. Çünki istənilən dövlətin dayağı xalqdır və xalqın hər hansı bir dövlət barəsində formalaşan rəyi həmin xalqın mənsub olduğu dövlətin xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Belə olan halda ermənilər tərəfindən Qərb ölkələrində Azərbaycan xalqı və dövləti haqqında formalaşdırılmış mənfi rəyi aradan qaldırmaq məqsədi ilə diasporun planlı və əlaqəli şəkildə fəaliyyət göstərməsi zərurəti yaranırdı.

Belə bir vəziyyətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq, 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı.

Həmin ilin noyabrın 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etdi. Qurultayda diaspora nümayəndələri ilə yanaşı, Azərbaycanın 130-dan çox dövlət və ictimai qurumlarından, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq iştirak etdi. Həmin tədbir bütün dünyada yaşayan soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi baxımından mühüm addım idi.

Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi.

Belə bir qurumun yaradılması ideyası ümummilli liderin 2002-ci il iyulun 5-də "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərmanı ilə reallaşmağa başladı.

Qurultayın keçirilməsindən bir neçə ay sonra - 27 dekabr 2002-ci il tarixdə ümummilli lider Heydər Əliyev tərəfindən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq olunması dövlətin diaspor siyasətinin reallaşması istiqamətində atılan mühüm addımlarından idi. Qanun təsdiq edilməklə dövlət-diaspor münasibətlərində yeni mərhələnin bünövrəsi qoyuldu. "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi dövlət başçısının diasporumuza ümdə əhəmiyyət verməsinin bariz nümunəsidir. Qanunun qəbul olunması ilə Azərbaycan dövləti və Azərbaycan diasporu arasında olan bütün əlaqələr və fəaliyyət istiqamətləri müəyyən edildi. Bununla dövlətimiz Azərbaycan diasporu ilə olan əlaqələri nəzarətə götürdü.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması (indi Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) və müvafiq qanunun qəbul olunması ilə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya olunması işi öz həllini tapdı. Bu hal, eyni zamanda, ölkəmizin xarici siyasətində uğurlar əldə etməsində də özünü göstərdi. Uğurlu xarici siyasətin həyata keçirilməsi dövlətçiliyin inkişafının təməl prinsiplərindən biri olduğuna görə, Azərbaycan bu amilə xüsusi önəm verir.

Xaricdə yaşayan azərbaycanlıların dövlətimizin daim diqqət mərkəzində olması Prezident İlham Əliyevin fəaliyyətində də özünü büruzə verir. "Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır".  Bu sözləri Prezident İlham Əliyev Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib. Bu sözlər özlüyündə dövlətimizin xaricdə yaşayan soydaşlarımıza nə qədər önəm verməsinin bariz nümunəsidir.

"Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir", - deyə Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində bildirib.

"Diaspor üzvləri də Azərbaycanın elçiləridir" ifadəsi dövlətin diaspor siyasətinə verdyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir. Bəs diaspor təşkilatlarımız Prezident İlham Əliyevin qeyd etdiyi kimi «Azərbaycanın elçiləri» vəzifəsini layiqincə yerinə yetirə bilirlərmi?

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova bu sahədə görülən işləri məqsədəuyğun sayır. O açıqlamasında bildirib ki, Skandinaviyada, xüsusilə də Finlandiyada azərbaycanlıların hazırkı fəaliyyəti, təşkilatlanma işi qənaətbəxşdir: «Son bir neçə ildə Skandinaviya ölkələrində, eləcə də Finlandiyada azərbaycanlıların fəaliyyətində dinamika var. Bu istər müxtəlif ümummilli məqsəd daşıyan tədbirlərin keçirilməsində, istərsə də yerli rəsmilərlə təmasların, birgə işlərin gerçəkləşdirilməsində özünü göstərir. Məsələn, son illər təmsil etdiyim təşkilat olaraq Türkiyə diasporu və təmsilçiləri ilə birlikdə yerli fin rəsmilərlə bir neçə mühüm təmaslarımız olub. Bundan başqa, yerli təmsilçilərlə birlikdə musiqi, mədəniyyətin digər sahələri, idman üzrə bir sıra tədbirlər keçiririk. Bu, dinamika üzrə davam edir. Təşkilatlanmaya gəldikdə isə, qardaş Türkiyə diasporu ilə birgə təşkilatlanmamız sürətlənir. Xüsusilə son zamanlar yaradılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası buna böyük təkan verir. Qeyd edim ki, Azərbaycanın bu məsələdə bizə dəstəyi danılmazdır».

Ü.Cabbarova Azərbaycan həqiqətlərinin Finlandiyada tanıdılması istiqamətində gördükləri işlərdən də söz açıb: «Bildiyiniz kimi, Skandinaviya ölkəsi olan İsveçdə yerli qanunverici orqanlara son seçkilərdə azərbaycanlılar da qələbə qazandı. Bu, ənənə halını almağa başlayır. Belə ki, Finlandiyada, əsasən də, fəal gənclərdən ibarət sosial bazamız formalaşmağa başlayır ki, gələcəkdə burada da istər qanunverici orqanlarda, istər digər rəsmi sahələrdə gücümüzü sınayaq. Azərbaycan həqiqətləri burada daim bizim üçün prioritetdir».

Təşkilat sədri bildirib ki, artıq Avropanın bir neçə ölkəsində, o cümlədən Skandinaviya ölkələrində də azərbaycanlıların koordinasiya şuraları fəaliyyət döstərir: «Bildiyiniz kimi, mən Koordinasiya Şurasının əlaqələndiricisi seçilmədən öncə, Finlandiyada Azərbaycan-Turk Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərmişəm. Bu təşkilat 2012-ci ildə Finlandiyanın Espoo şəhərində yaradılıb. Təşkil etdiyimiz tədbirlərin başlıca məqsədi Azərbaycan-Türk milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini Azərbaycan-Türk gənclərinin yaddaşına yazmaq, onlarda milli ruhun, milli məfkurənin formalaşmasına nail olmaqla yanaşı, yerli ictimaiyyəti vətənimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, xüsusilə Qarabagın işğalını Xocalı soyqırımını təbliğ etməklə erməni yalanlarını ifşa etmək idi. Keçən ilin oktyabrında İsveçin paytaxtı Stokholmda Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası təsis olundu və mən Finlandiya üzrə əlaqələndirici seçildim. Qeyd olunan vəzifəyə seçildiyim gündən sonra Finlandiyada yaşayan güneyli - quzeyli azərbaycanlıların təşkilatlanması, onların diaspor və lobbiçilik fəaliyyətlərinə daha aktiv şəkildə cəlb edilməsi istiqamətində ciddi fəaliyyətə başladıq. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin son bir ildə Avropada atdığı addımlar burada yaşayan biz azərbaycanlılar üçün yeni nəfəs və həvəs verib. Bu, Skandinaviya ölkələrində qabarıq şəkildə özünü göstərir. Yuxarıda sadaladığım layihələrin gerçəkləşməsi də məhz bu amildən stimul alır. Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı cənab dünyadakı bütün azərbaycanlıların Prezidenti kimi apardığı fəaliyyət bizim üçün çox böyük dəstəkdir. Biz azərbaycanlılar daim bunu üzərimizdə hiss edir, etimadı doğrultmağa çalışırıq».

Qeyd edək ki, hazırda dünyada yaşayan azərbaycanlıların sayı təxminən 50 milyona yaxındır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın əksər hissəsi bu gün müxtəlif təşkilatlarda birləşirlər. Bu təşkilatların üzvləri ayrı-ayrı insanlar olsalar da, məqsəd birdir - Azərbaycanın haqq səsini dünyada ucaltmaq, doğma yurdumuza arxa-dayaq durmaq.

Xaricdə yaşayan soydaşlarımızla və orada fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi baxımından bu sahədə atılan ən mühüm addımlardan biri də prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə "Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi”nin yaradılması oldu. Azərbaycanda diaspora və lobbiçilik quruculuğu sahəsində daha bir mühüm addım xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi, eləcə də əlaqəndirilməsi ilə bağlı qurultayın keçirilməsi idi.

Bəli, qlo­bal­la­şan dün­ya­da xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı ilk növ­bə­də on­la­rın hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə­si, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı ba­xım­dan önəm­li­dir. Çünki, müa­sir döv­rün tə­ləb­lə­ri­nə uy­ğun ola­raq qar­şı­da du­ran ən va­cib mə­sə­lə həm­tə­və­tən­lə­ri­mi­zin ta­ri­xi və­tən­lə əla­qə­lə­ri­ni güc­lən­dir­mək, Azər­bay­can di­li­ni, ta­ri­xi­ni və coğ­ra­fi­ya­sı­nı təd­ris et­mək, mə­də­ni ir­si­mi­zin təb­li­ği­ni və öl­kə hə­qi­qət­lə­ri­nin da­ha ge­niş müs­tə­vi­də dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı pro­se­si­ni sü­rət­lən­dir­mək­dir.

Bu gün soy­daş­la­rı­mı­zın Azər­bay­can na­mi­nə təş­ki­lat­lan­ma­sı yal­nız öl­kə­mi­zin mil­li ma­raq­la­rın tə­min olun­ma­sı ba­xım­dan de­yil, həm də müa­sir dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lə­rə in­teq­ra­si­ya ba­xım­dan da zə­ru­ri­dir. Təbii ki, istər Azərbaycanda, istərsə də xaricdə yaşayan soydaşlarımızı narahat edən əsas məsələ Qarabağ problemidir. Diaspor təşkilatlarımız da bu ağrılı məsələnin mahiyyətini aydın dərk edir, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında və qəbul edilməsində böyük səy göstərirlər.

Cavanşir QƏDİMOV

Nə işin...nə işim var?



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?