• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

İçimdəki ağrı yol yoldaşım olaraq qalacaq

09:50 19/05/20 | Digər

Qadın gülərsə..

Hər dəfə müəllim haqqında yazanda orta məktəbdə nəğmə dərsində öyrəndiyimiz bir mahnının misraları düşür yadıma: “Əldə qələm tutmağı bizə sən öyrətmisən, Möhkəm addım atmağı bizə sən öyrətmisən. Heç zaman unutmarıq böyük əməyini biz, Ey mehriban dostumuz, əziz müəllimimiz”.

Xatirimdə qalan bu misraların nə az, nə çox yarım əsrə yaxın yaşı var. Bəli, bu gün müsahibim yenə müəllimdir. Oxucularımız yəqin ki, rubrikamızın Cənub bölgəsindən onlara təqdim etdiyimiz müsahibələri də xatırlayır, onlarla görüşdürdüyümüz xanımları da. Lakin hələ sizlərlə görüşməyən cənublu xanımlarımız qalıb, özü də təbiəti, meyvələri, xüsusən də çayı dillər əzbəri olan Lənkəran torpağından. Yenə də zaman fərqinə söykənən müsahibələrə görə bizlərdən inciməyə dəyməz. Əsas verdiyin sözə əməl etməkdi ki, biz də bunu həmişə özümüzə borc bilmişik. Bölgələrimizdəki xanımlarla adətən yerli İcra Hakimiyyətinin köməkliyi ilə tanış oluruq. Lənkərandakı bələdçimiz icranın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Könül Manafova oldu. Bir xanımı xüsusi olaraq vurğulayaraq dedi ki, onunla söhbət etməyə dəyər. Mən də elə o dəyər sözündən tutub onunla vədələşdim. Artıq bir saatdan sonra gənc, səliqəli, mədəni bir xanımla üz-üzə oturmuşduq. Onunla ümumi tanışlığa körpü salıb məram və məqsədimizi bildirəndə, qarşıda məni qəmli bir həyat hekayəsinin gözlədiyindən hələ ki bixəbər idim. O danışdıqca, mən eşitdiklərimin ağırlığından suallarımı bir-bir unudurdum. O isə danışırdı... Göz yaşlarını isti bir təbəssümə qataraq danışırdı. İstəyirəm indi də onu Sizlər dinləyəsiz. Müsahibim Aysel Axundovadı – Lənkəran rayon Boladi kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi.

ADDIM

1982-ci ilin bir payız günü ağlaya-ağlaya doğulan körpələrdən biri kimi mən də bu dünyanı salamladım. Taleyindən xəbərsiz bir körpə kimi doğma kəndimin bir sakini oldum. Qayğısız xoşbəxt bir ailədə böyüdüm. 2001-ci ildə Boladi kənd 1 saylı orta məktəbi, 2005-ci ildə Lənkəran Humanitar Kollecini bitirmişəm. Həmin ildən də Boladi kənd 2 saylı tam orta məktəbdə çalışıram.

OCAQ

Lənkəranda hörmətli, nümunəvi və çoxuşaqlı bir ailənin üçüncü övladıyam. Altı bacı və bir qardaşıq ailədə. Altı qız olmağımıza baxmayaraq, valideynlərim məni daha çox sevib. Atam Namik Bayramov hüquqşünas olub, bu gün də fəaliyyətini davam etdirir. Müstəntiq olduğundan işi ətraf rayonlarla daha çox bağlı olub. Atam bizi az-az görsə də, çox ciddi nəzarət altında böyümüşük. Ağır xasiyyətli atamın biz qızlara qadağaları çox idi. Evimizə kənar bir kişi xeylağının gəldiyini xatırlamıram. Bununla belə atam bizə təhsil verməyi vacib bilib. Yeddi övlad hamımız təhsil almışıq. Atam qızlara müəllimlikdən başqa sənət yaraşdırmadığından biz altı bacını müəllim edib. Hamımız müəllim olaraq eyni kolleci yalnız müxtəlif sahələr üzrə bitirmişik. Bu, onun istəyi olub və atamın sözünə qarşılıq nəsə deməyə bizim həddimiz olmayıb. O qədər ağır təbiətə malik idi ki, onunla eyni süfrə arxasında oturmaqdan belə çəkinmişik. Anam Zahirə xanım təbii ki, evdar qadın olub, altısı qız olmaqla, yeddi uşağı böyüdüb, tərbiyə vermək asan deyildi. Bu gün böyüdüyüm ailə və aldığım tərbiyə ilə fəxr edirəm.

MÜƏLLİM

Atamın birmənalı olaraq bizim müəllim olmaq istəyini qanun olaraq qəbul etsək də, etiraf edim ki, bu arzu uşaqlıqdan məndə olub. Həmişə arzulamışam ki, müəllim kimi sinfə girim, dərs keçim, şagirdlərimi qiymətləndirim. Bu baxımdan atamın istəyi ürəyimcə oldu. İndi peşəmə o qədər bağlıyam ki... Həqiqətən bu sənətlə öyünməyə dəyər, çünki bu gün qazandıqlarımıza görə müəllimə borcluyuq, elə biz müəllimlər özümüz də. Müəllim öyrətdiyi kimi, daima özü də öyrənməlidi. Bu, artıq dövrün tələbidi. Təbiətcə sakit biri olmadığımdan daima axtarışdayam, tapdıqlarımı tətbiq etməkdə çox həvəsliyəm. Hər bir uşağın düzgün bünövrəsi ibtidai sinifdə qoyulur. Aşağı siniflərdə uşağa aşılanan nə varsa, məktəbi bitirəndən sonra belə, onun inkişafında, cəmiyyətdə tutduğu mövqeyində öz təsirini göstərir. Müəllimlik ən çətin sənətdirsə, ibtidai siniflə işləmək üstəlik çox məsuliyyətlidir, çünki qarşında hələ də oyuncaqlardan ayrılmayan balacalar dayanıb. Hərənin öz xarakteri, öz tələbi, öz düşüncəsi var. Biri mülayimdi, biri ötkəm. Biri zəifdi, biri güclü. Biri utancaqdı, biri üzlü. Biri acizdi, biri qətiyyətli. Və üstəlik onların dəcəlliyi. Belə bir toplumun qarşısında isə yalnız bir nəfər dayanıb – müəllim. Xoş o müəllimin halına ki, bu rəngarəng toplumu ələ ala bilib və özünü sevdirməyi bacarıb. Müəllim nə qədər fəal, aktiv olarsa, uşaqlarda maraq və həvəsin yaranması özünü mütləq biruzə verəcək. Uşaqların əksəriyyəti məktəbə bağçadan gəlir. Bağçalar isə müxtəlif tədbirlər ocağıdı. Buna alışqan olan uşaq məktəbdə bir qədər fərqli tədbirlər görəndə, onda maraq artır, mütləq iştirakçıya çevrilmək arzusu oyanır. Əsl müəllimin peşəkarlığı da bunda özünü göstərir. Bu sarıdan Tanrı mənə şanslı müəllim olmağı nəsib edib, daima müxtəlif təklif və tədbirlərlə çıxış etməkdən zövq alıram. Çünki qızımdan sonra məni həyata bağlayan, yaşamağa sövq edən yeganə amal işimdi. Bir müddət əvvəl açıq dərs keçdim. Dərsim rayon Təhsil Şöbəsinin nümayəndələri tərəfindən yüksək səviyyədə qarşılandı. Kompleks yoxlama çərçivəsində sinif otağım, şagirdlərin hazırlığı, dərsimin səviyyəsi Pedaqoji Şurada xüsusi olaraq qeyd olundu.

Uşaqları çox sevirəm. Sanıram ki, sinif dolusu övladım var və yalnız balacaların müəllimi olmaq üçün yaranmışam.

ŞAGİRD

Məktəb adlı dünyanın bir əsas qəhrəmanı var – şagird. Bu qəhrəmanı yetişdirən isə müəllim adlı qüvvə var. Və bu qüvvə on il boyunca bütün gücünü sərf edir ki, cəmiyyət üçün yetişdirdiyi qəhrəmanlar hansı sahədə qərar tutsalar da, zəmanəsinin adına layiq ola bilsin. Əlinə çanta alıb məktəbin astanasından daxil olan bu günün altı yaşlı qəhrəmanı tamam fərqlidi, cünki onun texnologiya, informatika və sosial şəbəkələrdən artıq xəbəri var, üstəlik televizora da baxır. Onların sələflərinin isə bir informasiya mənbəyi var idi – kitab. Ona görə də bu günün şagirdi məktəbə qismən hazırlıqlı və yorğun gəlir. Bu baxımdan bir ibtidai sinif müəllimi kimi narahatam. Etiraf edim ki, bu gün birincilərin yükü çoxdu, amma əslində bu normal deyil. Əgər uşaq bir kitabdan oxuyub öyrənə bilərsə, ona əlavə daha dörd kitabı yükləmək günahdı. Mən nə hazırlıq keçən uşaqlara, nə də birincilərə ev tapşırığı vermirəm. Valideyn bundan narahat olanda deyirəm ki, biz artıq o dərsi keçmişik və bunu təkrar ona bir ev tapşırığı kimi verməyə lüzum yoxdu. Valideynə məsləhət görürəm ki, belə narahatlıqları varsa, uşağı mütaliəyə cəlb etsinlər. Birincilərlə işləmək çox çətindi, onları nə yormaq, nə də dərsdən qorxutmaq olmaz. Onlara sərbəstlik vermək lazımdı, təbii ki, çərçivə daxilində. Əgər bir səhifə oxuyursa, qoy oxusun. Yox, mütləq iki səhifə oxumalısan deyə, bir məcburiyyət olmamalıdı. Bu sarıdan müəllim, şagird, valideyn birliyi ilk gündən möhkəm üçbucaq yaratmalıdı. İbtidai sinif şagirdinin dərslərini hazırlamaq vaxtı olmalıdı. Məktəbdən beyni dolu gələn uşaq rahatlanıb, yeməyini yeyib mütləq bir-iki saat yatmalıdı. Dincəlmiş beyinlə oyanan uşaq nə tənbəllik edəcək, nə də dərslərini hazırlamaq üçün bəhanə gəzəcək. Mənim ən ağrılı yerim şagirdlərin əksər hissəsinin sosial şəbəkələrdən asılılığıdı. Bu günün tələbatına görə müəyyən məlumat əldə etmək, informasiya almaq üçün bu lazımdı, amma mütləq valideynin nəzarəti altında. Şagirdin əlinə mobil telefon verib məktəbə yollayan valideyn bunun daha çox mənfi tərəfini düşünməlidi. Çox vaxt biz böyüklər sosial şəbəkələrdə gördükərimizdən dəhşətə gəliriksə, həyatı tam anlamayan yeniyetmənin təsir altına düşmə ehtimalının yüksək olduğunu unutmaq olmaz. Tez-tez eşidirəm valideyn deyir ki, gücüm çatmır, bacarmıram. Bu məni sözün əsl mənasında dəhşətə gətirir. Valideynin övladına necə gücü çatmaya bilər? Birmənalı olaraq həm ana, həm müəllim kimi düşündüyüm odu ki, məlumat və informasiya kimi hallar istisna olmaqla, məktəbi bitirənə qədər şagirdi sosial şəbəkələrdən və mobil telefonlardan uzaq tutmaq lazıdı. Uşağa həm valideyn, həm də məktəb tərəfdən qadağa qoyulmasının tərəfdarıyam, bir şərtlə ki, bu, ağır şəkildə olmamalıdı. Qəti və ağır qadağaların nəticəsi də ağır olur. Mən qadağalarla bğyüyən biriyəm və bugünkü halımdan, durumumdan çox razıyam. Desəm ki, məktəbin bünövrəsində şagird-müəllim münasibəti durur, bu, tam doğru olar. Şagirdini yaxşı tanımaq istəyən müəllim onun ürəyinə yol tapıb, etibarını qazanmalıdı. “Sözə qulaq asmasaz valideyninizi məktəbə çağıracağam” hədəsini heç vaxt qəbul etməmişəm. Əsl müəllim odu ki, çağrılmadan valideyn özü gəlib övladı ilə maraqlansın. Müəllimdən istilik, səmimiyyət görən ən dəcəl, ipə-sapa yatmayan, zəif oxuyan şagird belə, ona böyük rəğbətlə yanaşır, çünki münasibətlərdə bir

doğmalıq hissi duyur. Buna nail ola bilən müəllim sənətinin peşəkarıdır. Adətən deyirlər ki, məktəb şagirdə yalnız öz divarları daxilində cavabdehdi. Bunula da razı deyiləm. Çox vaxt olur ki, evdə yaranan problemdə müəllim müdaxiləsi müsbət nəticə verir. Deməli, müəllim hər yerdə olamlıdı və şagird onu hər zaman hiss etməlidi. Əgər müəllim həm sevilən, həm də tələbkardısa, bu, əsl uğurdu. Buna nail ola bildiyim üçün öyünməyə haqqım var.

AYSEL

Həyat mənimlə çox amansız bir oyun oynadı. Nədən oynadı, niyə məni seçdi? İllərdi bu haqda düşünürəm. Sonda gəldiyim qərar bu olub ki, mən və o, Allahın asanlıqla üzümüzə açmaq istəmədiyi bir qapını biz zorla açdıq. Tanrı istəsəydi onu bir göz qırpımında açardı, deməli bir bildiyi vardı ki, mən bunu indi anlayıram. On il bir-birini sevən iki gənc sonda ailələrinin razılığına nail olub ailə qurduq və bu ailənin cəmi iki ay ömrü oldu. 60 gündən sonra bir telefon zəngi min bir çətinliklə qurduğum ailənin nöqtəsini qoydu – həyat yoldaşım avtomobil qəzasında dörd dostu ilə birlikdə həyatını itirdi. Bununla da uğrunda illərlə mübarizə apardığım ailə səadətim bitdi. Bir göz qırpımında hər şey nağıla çevrildi. Bax, bunun üçün Tanrı bu izdivaca yol vermək istəmirmiş... Yaşamaq mənasını, anlamını itirdiyi məqamda Yaradan tutunmaq üçün mənə bir dayaq göndərməklə, həyatda qalmağa məcbur etdi. O təkcə dayaq yox, həm də bir əmanət idi. Və nə yaxşı ki, Tanrı onu mənə bağışladı. Qızımız Nəzrin atasının ölümündən yeddi ay sonra dünyaya gəldi, ikisi də bir-birindən xəbərsiz. O anadan olandan sonra nə qədər ağır bir yük daşıyacağımı anladım. Onu da anladım ki, artıq güclü olmaq zamanıdı, çünki yarımçıq bir ömrü yeni nəfəsdə yaşatmağa borclu idim. İndi o vaxtdan artıq on dörd il keçib, Nəzrin yeddinci sinifdə oxuyur. Ağlı kəsən bir yeniyetmə olsa da, indiyə qədər özümdə cəsarət tapıb onunla söhbət edə bilməmişəm. Dəfələrlə mənə deyiblər ki, apar atasının məzarını görsün. Amma özümdə qüvvə tapa bilmirəm, artıq anladığını bilsəm də, istəyirəm bir az da böyüsün. Həmişə şəkillərinə baxıb ağladığımı görsə də, indiyə qədər bir dəfə də olsa, heç nə soruşmayıb. Hətta bir dəfə mən ağlamayım deyə, şəkil albomunu gizlətmişdi. Axtarsam da tapmadım, sonda anladım ki, üzülməyim onun üçün çox ağırdı. Nəzrin yarımçıq bir ömrün yadigarı olsa da, ona qarşı çox ciddiyəm. Nənəsi onun nazını çox çəksə də, mən onu ailəmizdə aldığım tərbiyə ilə böyüdürəm. Onun tərbiyəsi və təhsilindən başqa düşündüyüm heç nə yoxdu. İllər məni cəsarətli bir insana çevirdi. Hər şeydən küskün Aysel indi çalışmaqdan yorulmur. Artıq evə qapanmaq mənlik deyil. Müxtəlif tədbirlərin təşkilatçısı kimi dəfələrlə rayon rəhbərliyinin fəxri-fərmanına layiq görülmüşəm. Bir tapşırıq alanda nə gecəm olur, nə gündüzüm. Onu yüksək səviyyədə təqdim eləməsəm, özümə yer tapa bilmərəm. Evdə hər şey demək olar ki, mənim üstümdədi. Düzdü, qaynanamın köməkliyi mənə dəyir, lakin düşünürəm ki, onun da qayğıya ehtiyacı var. Məktəb, ictimai işlər, həyət-baca, toyuq-cücə - Ayseı hamısına yetişir. Əkib-becərməyi çox sevirəm, tərəvəzlərin hamısını öz həyətimdən toplayıram. Əgər bir tədbirə hazırlaşıramsa, gecə də olsa, xörəyimi, çörəyimi bişirib işimi tamamlamış hesab edirəm. Lakin bildiyim odu ki, nə etsəm də, içimdəki ağrı-acı, nisgil yol yoldaşım olaraq qalacaq.

VƏTƏN

Vətən mənim elə bir dünyamdı ki, onu sözlə ifadə etmək çətindi. Onun bir qarışına belə laqeyid qalmaq mümkün deyil. Sinfimi nəhəng bir bayraq bəzəyir, görənlər onun möhtəşəmliyinə heyran qalır. Başqa cür ola da bilməz, çünki o mənim Vətənimi təmsil edir. Bu hissi ilk gündən şagirdlərimə də aşılayıram, onları vətənpərvər böyütməyə borcluyuq.

QADIN GÜLƏRSƏ

Dünyada bütün gözəlliklər qadınla bağlıdı. Harda gözəllik varsa, onun arxasında bir qadın nəfəsi vardır demək. Qadın xırdalığa belə sevinən varlıqdı. Onun hərarəti olan yerdən kin-küdurət qaçaq düşər. Qadının qəlbini qırmaq günahdı, onun ahına tuş gəlmək ağırdı. Bunu heç kəsə arzu etmərəm. Ona görə də dünya çalışsın ki, qadının üzü daima gülsün. Gülsün ki, həyat rəngarəng olsun.

SON SÖZ

Bu gün yer kürəsi çox çarəsizdi. Müsəlman dünyası isə dua-səna ilə Ramazan ayını yaşayır və həyat davam edir. Bu da müqəddəs ayda Tanrının bəşəriyyətə bir lütfüdü. Ümid edək ki, bu lütfün nuru dünyamıza nicat verəcək.

Tamilla TEYMURQIZI

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?