• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915

Birgə mübarizə diaspor təşkilatlarımızı daha da gücləndirir

09:30 21/05/20 | Diaspora

Diaspor qurumlarımız arasında koordinasiya daha effektiv olmalıdır

Bugünkü reallıqda dünya azərbaycanlılarının təşkilatlanması, ölkəmizlə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir. Tarix elə gətirib ki, 50 milyondan artıq azərbaycanlının yalnız beşdə birindən bir qədər çoxu Azərbaycan vətəndaşıdır. Lakin nəzərə almaq lazımdır ki, bu, müasir dünya üçün o qədər də qeyri-təbii sayılmır.

Qlobal dəyərlərin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə azərbaycanlıların müxtəlif dövlətlərin vətəndaşları olması onların milli birliyi üçün mümkün qədər az maneə yaratmalıdır. Hər şeydən əvvəl ona görə ki, azərbaycanlıların siyasi iradəsini ifadə edən müstəqil dövləti, özünəməxsus adət-ənənələri, dili, dini, “azərbaycançılıq” ideologiyası mövcuddur.
Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri də Vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın formalaşması, vahid bir amal ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin təbliğ olunmasıdır. Prezident İlham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edə bilir. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir. Bütün bunlar son nəticədə Azərbaycanın tanıdılmasına xidmət edir. Təbii ki, bunun üçün də güclü lobbi quruculuğu işi aparılmalıdır. İstənilən halda lobbiçilik işinin necə aparılmasını araşdırdıqda öncə bunun strategiya və taktikasını müəyyən etmək lazımdır.

Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış ulu öndər Heydər Əliyev Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına hər zaman böyük həssaslıqla yanaşır, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirirdi. Azərbaycançılığın həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilməsinə var qüvvəsi ilə çalışan Ümummilli Lider bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin edir, azərbaycançılığın öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaqdan ibarət olduğunu bildirirdi. Dünya azərbaycanlılarının Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin əsas məqsədi idi.

Vaxtilə ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyi ilə bağlı demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlılar üçün doğma Vətəndir. Hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi müstəqil bir dövlət durur. İnanıram ki, əsrlərdən bəri arzusunda olduğumuz və uğrunda mübarizə apardığımız müstəqil və azad Azərbaycan ideyalarının həyata keçirildiyi bu tarixi sınaq anlarında dünyanın hər bir guşəsində yaşayan həmvətənlərimiz bizim ümummilli məqsədlərimizin tam gerçəkləşməsi üçün daha böyük əzmlə çalışacaqlar”.

Tarixən hər bir ölkənin xarici siyasətinin uğurlarında, ölkənin müsbət imicinin qorunub saxlanılmasında xaricdə yaşayan təşkilatlanmış həmvətənlər mühüm rol oynayıblar. Hər bir ölkənin xarici siyasətində başlıca bir neçə resurs vardır. Azərbaycanın siyasi, intellektual, demoqrafik, iqtisadi, energetik və coğrafi potensialı onun xarici siyasətinin resursudur. Əgər energetika siyasəti dövlətimizin əsas xarici siyasi resursudursa, xaricdə fəaliyyət göstərən, yaxşı təşkilatlanmış diaspora birlikləri də vacib resurslarımızdan biridir. Beynəlxalq təhlükəsizliyin artırılması və digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq məqsədilə diaspora siyasətinin nə qədər vacib olduğunu başa düşmək heç də çətin deyil. Xüsusilə qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da məhz bu zərurətdən irəli gəlib.

Hazırda dünyanın müxtəlif ölkələrində azərbaycanlar yaşayır və onların əksəriyyətində diaspora təşkilatları fəaliyət göstərir. Azərbaycanın yaşadığı xarici ölkələrdən biri də Kanadadır. Bu ölkədə təqribən 20 min azərbaycanlının yaşadığı bildirilir. Kanada böyük ölkədir və vilayətlərdən (əyalətlər) ibarətdir. Azərbaycanlılar isə ən çox Ontario vilayətində, Toronto şəhərində sıx məskunlaşıblar. Həmçinin Alberta vilayəti, Edmonton və Kalqari şəhərlərində, Vankuverdə, Ottavada və Monrealda da çoxlu azərbaycanlı yaşayır. Bu barədə ailə qurub Kanadada yaşayan Rəna Müslümova deyib.

Onun sözlərinə görə, Kanadada Vətənini sevən və onu tanıtmağa çalışan, bunu da çox gözəl bacaran həmvətənlərimiz var. Tez-tez müxtəlif şəhərlərdə tədbirlər keçirilir, bayramları, azərbaycanlıların iştirak elədiyi festivalları tanıtmaq, təbliğ eləmək məqsədilə sosial şəbəkələrdə paylaşırıq: "Burda yaşayan azərbaycanlıların 30-35 faizi daha aktvdir. Erməni lobbisinə gəlincə, burda dünyanın hər yerində yaşayan ermənilərin bir araya gəldiyi böyük erməni məktəbi var. Bir faktı qeyd edim: Suriyadan Kanadaya minlərlə qacqın gəldi. Onların böyük əksəriyyəti Suriya erməniləri idi. Xəbər proqramlarında hətta bu haqda bir neçə dəfə xəbər yayımlandı. Və burda olan erməni məktəbləri həmin o suriyalı ermənilərin gəlişi üçün hər şərait yaratmışdılar. Hər il aprelin 24-də yalançı erməni soyqrımını bütün dünyaya yaymaq üçün yüzlərlə erməni Kanadanın paytaxtı Ottava şəhərinə, Parlament binasının qarşısına yığışır. Oradan isə Türkiyə səfirliyinin qarşısına gedirlər. Monrealda, Ottavada və Torontoda yaşayan türklər də Ottavada ermənilərin qarşısına çıxıb bu yalana qarşı etiraz aksiyası keçirirlər. Biz də həmişə olduğu kimi öz Azərbaycan bayraqlarımızla bü yürüşə qatılırıq. Ermənilərin məqsədləri Türkiyənin bu genosidi qəbul edib onlara təzminat ödəməsidir".
Qeyd edək ki, azərbaycanlılar da Kanadanın müxtəlif əyalətlərində tədbirlər keçirir. Etiraz aksiyaları əsasən Kanada parlamentinin qarşısında baş tutur. Azərbaycan diasporası, o cümlədən Kanada universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyalarda türk tələbələr də yaxından iştirak edirlər.

Kanada-Azərbaycan Əməkdaşlıq Assosiyasıyasının rəhbəri İlham Axundov isə bildirib ki, Kanadada diaspor fəaliyyəti çox genişdir. Bu fəaliyyətin içərisində həm siyasi, həm də mədəni fəaliyyətlər yer alır: "Kanadadakı Azərbaycan diaspor təşkilatları hər iki istiqamətdə fəaliyyət göstərirlər. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası əsasən siyasi sahədə fəaliyyət göstərir. Kanada-Azərbaycan Əməkdaşlıq Assambleyası xüsusilə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aktivlik nümayiş etdirir. Digər təşkilat və cəmiyyətlər də var ki, Kanadada keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edir və Azərbaycan mədəniyyəti, zəngin tarixi-mədəni irsimizi kanadalılara çatdırırlar. Hesab edirəm ki, gördüyümüz işlər və göstərdiyimiz fəaliyyət o qədər də qaneedici sayıla bilməz. Düşünürəm ki, bu istiqamətlərdəki fəaliyyətlərimizi bir qədər də artırmalıyıq və bütün sahələrdə fəaliyyətimiz gücləndirilməlidir".

Onun sözlərinə görə, Kanadanın iki ali təhsil ocağı-Vaterlou və Toronto universitetləri ilə qarşılıqlı əmıkdaşlıq qurulub: "Bizim əsas işimiz adıçəkilən iki universitet və orda çalışan araşdırmaçılarladır. 2012-ci ilin sentyabrından etibarən Toronto Universitetində Azərbaycan araşdırmaları dərsi tədris olunmağa başlanıb. Bu magistr və doktorantlar üçün kredit dərsi olaraq keçilir. Həmin dərsi öyrənəcək tələbələr müxtəlif mövzularda Azərbaycan üzrə araşdırmalar apararaq sonda tezislər üzrə 20 səhifəlik material yazırlar. Həmin materiallar da Toronto Universitetində keçirilən beynəlxalq konfransda məruzə olunur. Sonra isə konfransın materialları Toronto Universiteti tərəfindən çap ediləırək dünyanın bir sıra ali təhsil ocaqları, nüfuzlu kitabxanalara göndərilir. Bu isə Azərbaycanın tanıdılmasında önəmli rol oynayır".

«Bu gün elə ölkələr var ki, onlara diaspor fəaliyyəti lazım deyil. Məsələn, Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. kimi ölkələrə diaspor fəaliyyəti o qədər də önəm kəsb etmir. Ancaq, Azərbaycan elə bir çoğrafi məkanda yerləşir ki, biz istəsəkdə, istəməsəkdə bizə mütləq güclü diaspor, lobbi fəaliyyəti lazımdır». Bunu isə Avropada fəaliyyət göstərən diaspor fəallarımız deyir. "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə qeyd edib ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu güclü omalıdır. Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı, bununla bərabər dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız özlərini ictimai diplomat kimi aparmalıdırlar: «Hər bir atdıqları addımları ciddi götür qoy etməli, vətənin, millətin adına ləkə gətirəcək heç bir düşünülməmiş hərəkətə yol verməməli, vətən, millət anlayışı onların qarşısında duran ən ali məqsəd olmalıdır. Eyni zamanda diaspor quruculuğu strateji səviyyədə inkişaf etməlidir. Yalnız bu yolla məqsədlərimizə nail ola bilərik. Çox uzağa getməyək. Mən, hər sahədə bizə açıq və gizli düsmənçilik fəaliyyəti göstərən erməni diasporunun hansı yollarla məqsədlərinə çatdıqlarını göstərmək istərdim. Erməni diasporu yoxsulluq içində batan Ermənistanı ayaq üstə saxlayır. Separatçı Dağlıq Qarabağ rejiminə külli miqdarda yardım edirlər. Bunlarda hərə öz üzərinə götürdüyü və bacardığı işdən yapışırlar. Bizdə isə heç bir iş görməyib, liderlik azarından xilas ola bilmirik. Dostumuz olan yəhudi lobbisinin fəaliyyətini  göstərmək olar və onlardan çox şey öyrənə bilərik. Eyni zamanda yunan lobbisini nümunə göstərmək olar. Bu misalların sayını artırmaq da mümkündür».

E.Mustafazadə qeyd edib ki, bu işlərdə Avropada təhsil alan gənclərimizin potensialından da yararlanmaq lazımdır: «Bu gün onlar dərsdən sonra oz maddi tələbatlarını təmin etmək üçün başqa işlərdə çalışırlar. Ancaq biz onlara ayda müəyyən qədər maaş verməklə diaspor mərkəzlərimizdə işlə təmin edə bilərik. Sizi inandırıram bu gün onlar elə iş ortaya qoyarlar ki, bizim diplomatlarımız onlar kimi çalışa bilməzlər. Savadlı, intellektual gəncliyin potensialından yararlana bilməsək istədiyimiz diaspor strategiyasını həyata keçirə bilməyəcəyik. İndidən diaspor fəaliyyəti ilə bağlı konkret olaraq 5 ilin, 10 ilin fəaliyyət strategiyası ortaya qoyulmaldır. 20 Yanvar, Xocalı faciəsinin ildönümünü gözləməməliyik. Hər gün, hər saat iş getməlidir. Tarixi günlərimizdən tutmuş milli mətbəxəmizin təbliğinə qədər sistemli iş aparılmalıdır. Ermənilər yalançı tarixləri ilə bağlı bir neçə dildə kitab çap etdirirlər. Biz də Azərbaycan haqqında geniş məlumatları özündə daşıyan kitab çap etdirib, Avropa insanına göstərməliyik ki, Azərbaycan türkləri İslam dünyasının ən qabaqcıl, müasir düşüncəli, demokratik insanlarıdır».

Diaspor fəalı bildirib ki, avropalılar ölkəmiz haqqında kifayət qədər məlumatlara malikdirlər: «Sizə adi bir fakt deyim. Şəxsi ünsiyyət zamanı onlarda ölkəmizə qarşı ciddi maraq oyanır. Azərbaycana gəlib buraları ziyarət etmək istəyirlər. Təkcə, Qurban Səidin “Əli və Nino” romanı Hollandiyada bir neçə dəfə çap olunub. Onu da bildirim ki, bu əsəri Qərbi avropalılar çox maraqla qarşılayırlar və sevə-sevə oxuyurlar. Bu, kitab bu gün də Azərbaycanın tanınmasında mühüm rol oynayır».

E.Mustafazadə vurğulayıb ki, səfirliklərimizlə diaspor qurumlarımız arasında koordinasiya daha güclü olmalıdır: «Bu gün vətənpərvər diplomatlarımız var ki, fəallıq göstərirlər. Ancaq, elələri var ki, onlara diaspor işi maraqlı deyil. Ya da heç həvəs göstərmirlər. Bəziləri günlərini sayır. Mən bu cür passiv, əlini ağdan qaraya vurmayıb, yalnız şoumenliklə məşğul olan diplomatları həmişə bütün görüşlərdə tənqid edirəm və onların bu cür hərəkətlərini erməniyə xidmət kimi də adlandırmışam. Lakin tənqiddən nəticə çıxaranlar çox azdır. Səfirliklərimizlə diaspor qurumlarımız arasında güclü koordinasiya olmalıdır. Bir də xaricdə oturub iqtidar-müxalifət söhbəti aparmaq ağılsızlıqdır. Mənasız bir işdir. Daxilimizdə olan məsələləri öz içimizdə həll etməliyik. Bunu kənara çıxarmaq və dartışmalara səbəb olaraq gətirmək, ümümi işlərimizə mənfi təsir edəcək. Bəzən Avropada yaşayan dəyərli insanlarımızı qarşı-qarşıya qoymaqla, ortaya bir qrup "urapatriotlar" çıxır. Bu "patriotların" bir qismi Azərbaycanda məişət zəminində ağır cinayət törətmiş, dövlət əmlakını mənimsəmiş şəxslərdir. Onlar Avropada adlarını və soyadlarını saxtalaşdıraraq, özlərini "siyasi" adam kimi qələmə verib yaşamaq hüququ alıblar. Geri qayıtmamaq üçün Azərbaycana hər cür böhtan yağdırmaqdan çəkinmirlər. Millətimizin mədəniyyətinə, mənəvi sərvətinə zərbə vururlar. Dəyərlı soydaşlarımız haqda şaiyə yayırlar, onların arasına düşmənçilik toxumu səpirlər. Belə üzdəniraq soydaşların bəzilərini Bakıda dəstəkləyənlər də var. Dəfələrlə Avropada iqtidar və müxalifətyönlü əsl Azərbaycanı sevən soydaşlarımızın birləşmək anları çox olub, dərhal qara əllər bu birliyi pozub».

E.Mustafazadə bildirib ki, Heydər Əliyev Fondu da diaspor işinin güclənməsində önəmli işlər görür: «Fondun dəstəyi ilə xaricdə Azərbaycan haqqında müxtəlif dillərə çap edilmiş kitablar paylanılır. Azərbaycanın tarixindən tutmuş mədəniyyətinə, turizm sahəsinə qədər əhatə edən kitabçaların yayılması ölkəmizə maraq yaradır və Azərbaycan haqqında informasiyanı genişləndirir. Əvvəllər bizim belə kitablara böyük ehtiyacımız var idi. İndi isə, biz belə kitabları asanlıqla əldə edirik. Avropa insanının marağını  Azərbaycana pop, rep musiqisi ilə yarada bilmərik. Çünki, onlar artıq belə musiqilərdən beziblər. Biz onları milli musiqimiz muğam, milli rəqslərimizlə, eləcə də gözəl poeziya və nəsr əsərləri ilə ölkəmizə maraq yarada bilərik. Cox təəssüf edirəm ki, Azərbaycanın şair və yazıçılarının əsərlərini Avropa dillərinə tərcümə edilib yayılmasına həvəs göstərmirik. Bu işdə qeyri–səmimi qonşularımızdan çox geri qalırıq. Bu, üzdən də bəzən klassik fikir adamlarımızın milli mənsibiyyətləri də mənimsənilir».

Bəli, artıq Azərbaycan diasporunun artan nüfuzu, dünyanın əksər ölkələrində nümayiş etdirdiyi real güc günü-gündən genişlənməkdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı statistik materiallarda da Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər haqqında geniş məlumatlar verilmişdir. Bildirilir ki, bir tərəfdən bu tədbirlər davamlı xarakter daşıyır, digər tərəfdən də həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün mahiyyəti haqqında daha obyektiv məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

​Qəbul edilən qətnamələrdə Azərbaycan həqiqətlərinin təbliğinin gücləndirilməsi diaspor qurumlarının qarşısında dayanan başlıca vəzifələrdən biri kimi dəyərləndirilir.

Cavanşir QƏDİMOV

İlk dəfə: Nə "Dünya Daşqını" olmuşdu, nə də Noyun/Nuhun "Xilaskar gəmisi"



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?