• 3 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.9001 , Rus rublu: 0.0259 Türk lirəsi: 0.2903

Həyatın boranları daim yaşadar məni

09:38 21/05/20 | Digər

Qadın gülərsə...

İslam peyğəmbəri: “Cənnət anaların ayaqları altındadır” dedi. Əsrlər sonra dahi Cavid: “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” dedi. Sovet epoxası qadın əməyini ucaltdı. Demokratik Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevirdi. Əslində biz hələ demokratiya yolunda gəncik, 29 yaşlı bir gənc. Lakin bununla belə sözümüzü deyə, hünərimizi göstərə bilmişik. Mən bunu hər dəfə müsahibim olan xanımlarla görüşəndə xatırlayıram. Çünki bu günün qadını əgər sərbəst ayaq üstə durmağı bacarırsa, o cəmiyyətə zaval yoxdu. Bu gün oxucularımızı daha bir sahibkar xanımla görüş gözləyir. Üzündən təbəssüm əskik olmayan bu xanımla söhbət əsnasında bir daha anladım ki, qadın çox güclü varlıqdı. Onun dəyərini bilib, layiq olduğu qiyməti verəndə, həqiqətən də çoxunun dediyi kimi, qadın gülər. Müsahibim uzun illik pedaqoji fəaliyyətindən sonra vurğunu olduğu təbiətə bağlanan Rəftarə Şükürova oxucularımızı Lənkərandan salamlayır.

ADDIM

1964-cü ilin novruz ətirli günündə Tanrının əhvalının xoş ovqatında yaratdığı füsünkar Lənkəranda doğulmuşam. 1981-ci ildə 2 saylı orta məktəbi, 1984-cü ildə Lənkəran Pedaqoji Texnikumunu bitirmişəm. Həmin ildən Lənkəran rayon 3 saylı məktəbdə otuz iki il ibtidai sinif müəllimi kimi çalışmışam. Lakin günlərin bir günü təbiətə olan vurğunluğum məni müəllimlikdən uzaqlaşdırdı, çünki bu istək qalib gəldi.

OCAQ

Çox səviyyəli, güclü tərbiyəsi, zəhmətkeş bir ailədə böyümüşəm. Yeddi uşaqlı böyük bir ailəmiz olub. Atam Məhərrəm Şükürov avtobus sürücüsü, anam Kifayət xanım evdar qadın idi. Baxmayaraq ki, anamın tibb bacısı kimi sənəti olub, atam ona işləməyə icazə verməyib. Yeddi uşaqdan təkcə mən orta ixtisas təhsilliyəm. Alti bacı-qardaşım ali təhsilli, rayonda böyük hörmət-izzət sahibidi. Mən ailənin altıncı övladıyam və məndən böyüklər Bakıda oxuduğu vaxtlarda anam xəstə idi. O üzdən onu tək qoyub təhsil almaq imkanım olmadı. Təhsili vacib və mütləq bilən atam mənə dedi ki, texnukumu bitirəndən sonra ali təhsil üçün sənəd verərsən. Lakin tale elə gətirdi ki, mən ailə qurdum və ali təhsil istək olaraq da qaldı. Son günə qədər mərhum atam dedi ki, təhsil sarıdan bir tək sənə borclu qaldım. Məktəbdə yaxşı oxumuşdum deyə, texnukumda təhsil alanda müəllimlərimdən utanırdım, lakin onlar həmişə deyərdilər ki, ibtidai sinif müəlliminə həmişə ehtiyac var və bu mənim təsəllim olurdu. Hər iki valideynim 62 yaşında haqq dünyasına qovuşub. Bu gün biz övladlar həmişə valideynlərimizin ruhuna rəhmət gətirdə biliriksə, çox xoşbəxtik.

SAHİBKAR XANIM

Təbiətə hədsiz vurğun bir insanam. Ya ev işi, ya həyətdə çalışmaq kimi bir seçim qarşısında qalsam, gözüyumulu həyət işinə gedərəm. Arzulamışam ki, bir bağım olsun, torpaqda çalışım, ona qulluq edim, orda yaradım, qurum. Tale elə gətirdi ki, kürəkənim Lənkəranın İstisu qəsəbəsində torpaq alıb bağ saldı, lakin Bakıda yaşadıqlarından daima nəzarət etməyə imkan olmurdu. Mən də məktəbdə işləyirdim deyə, iki işi tənzimləmək çətin idi. Bu səbəbdən məktəbdən ayrıldım. Bu bağ mənim sevgim ilə məcburiyyətin vəhdətidi. Bağa ürəklə, sevə-sevə gəlirəm, onu həyatımın şah əsəri hesab edirəm. Əvvəl bir müəllim kimi şagirdlərimin uğuruna sevinirdimsə, indi açan çiçəkləri, böyüyən ağacları görəndə, yaxşı məhsul alanda sanıram ki, dünya mənimdi.Torpaqla iş hər zaman ağırdı. Böyük əziyyət, zəhmət və məsuliyyət tələb edir. Olur ki gün ərzində beş, səkkiz, on, bəzən on bir kilometr yol gedirəm. Amma zəhmətinin bəhrəsini görəndə, hər şey bir anın içində yox olur. Müəllifini xatırlamıram, lakin məktəb vaxtından yadımda qalan bir şeir var: “Yaşamaq istəmirəm sürünüb dizin-dizin, İstəyirəm ən uca zirvələrə çatım mən. Xəfif dalğalarını neyləyirəm dənizin, Onun qasırğasına, dalğasına vurğunam. Qoy boğsun yağış məni, boran məni, qar məni, Həyatın boranları daim yaşadar məni”. Bu misralar mənim həyat amalım olub. On üç hektar bağı idarə etmək, onu o səviyyədə saxlamaq asan deyil. Torpaqla işləyənlər yaxşı bilir ki, təbiətin öz qanunları var və sən ona tabe olmağa məcbursan. Bunun şaxtası, yağışı, qarı, istisi istənilən vaxt özünü göstərəcək və bunun qarşısında insan həqiqətən acizdi. Bağda əsas feyxoa və kivi sitrus meyvələri üstünlük təşkil edir. Lakin düşündüm ki, sahə varsa, istifadə etmək lazımdı və naringi, portağal, limon ağacları da əkməklə məhsulun çeşidini artırdım. Deməzdim ki, hər il yüksək məhsul ala bilirik, bəzən məhsul illik xərci belə ödəmir. Lakin daxili inamım ümidlərimi yaşadır və inanıram ki, məhsuldar bir bağ yarada biləcəyəm. Mən işə təzə başlayanda anladım ki, qadını zəif edən elə qadın olmağıdı. Traktor lazım olurdu, ya Kənd Təsərrüfatı İdarəsinə getməliydim, qadınam deyə utanıb çəkinirdim. Bu işlərdə həyat yoldaşım köməyimə gəlirdi. O səbəbdən məni rayonda bu işimdə gec tanıdılar, çünki bağdan kənara çıxmırdım. Əvvəllər dizayn salonum vardı sonra onun fəaliyyətini dayandırdım. Əksəriyyət elə ora çalışdığımı zənn edirdi. Lakin günlərin bir günü yaxşı insanlar tərəfindən fermer kimi Kənd Təsərrüfatı İdarəsinə açılışa dəvət olundum və yalnız bundan sonra fəaliyyət sahəm üzrə tanınıdım. Artıq on il bu sahədə olmağıma baxmayaraq, rayonda son illərdə sahibkar xanım kimi tanınmışam. İşimdə bir sahə ilə kifayətlənmək mənə yad xüsusiyyətdi. Düşündüm ki, meyvələrin bir qismini konservləşdirək. Elə də etdim, marinad, mürəbbə və rıçal hazırlayaraq əvvəl Novruz yarmarkalarında, daha sonra “Kənddən şəhərə” mağazalarında satışlar təşkil etdik və istehsal etdiyimiz məhsullar bəyənildi. Artıq konservləşdirilmiş məhsullara kompotlar da əlavə olunub və “Citrus Valley” markası ilə realizə olunur. Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən kəndə” proqramı çərçıvəsində fermerlərə dəstək məqsədi ilə Aqroturizm layihəsinə biz də cəlb olunduq və artıq ötən il 150 turist qəbul etdik. İşimdə ailəm məndən dəstəyini heç vaxt əsirgəməyib. Mərhum qayınatam Kazım Kazımov Aqrar Sənaye Birliyinin rəhbəri olub. Mənə xeyli məsləhət və tövsiyyələr edib. Ömür-gün yoldaşım Rövşənə təşəkkür edirəm ki, mənə bu işdə çalışmağa icazə verib, bağa gedib gəlməkdə mənə kömək edir. Belə bir deyim var: “Adaya çıxandan sonra sanıram ki, gəmilər yanıb”, yəni geriyə yol yoxdur. Mən artıq özümü bir adanın sakini kimi hiss edirəm. Bu işə əl qoymuşamsa, geri dönmək mümkün deyil. Təsərrüfatımdan mütəmadi olaraq on ailə evinə çörək aparır. Mövsüm zamanı isə bu ailələrin sayı qırxa çatır. Və əgər bu gün bir oçağın ruzi qaynağı ola bilmışəmsə, özümü Tanrının sevimli bəndəsi hesab edirəm.

RƏFTARƏ

Etiraf edim ki, mən uzun illər arzu etmədiyim bir sahədə şalışsam da, bunu heç vaxt biruzə vermədim. Arzum memar olmaq idi, çünki yaradıcılıq qabiliyyətim vardı. Bu, çatmadığım arzu olsa da, qeyri-təvazökarlıq kimi səslənməsin bir müəllim olaraq, həm hörmət qazandım, həm də sevildim. Bir dəfə mənə sual verdilər ki, bir müəllim kimi uğurun nə oldu? Qürurla cavab verdim ki, hər dəfə ibtidai sinifləri yola salanda, onların: “Rəftarə müəllimə, kaş həmişə bizə siz dərs deyəydiz” söyləmələri mənim ən böyük uğurum oldu. Biz elə böyümüşük ki, işimizi həmişə yüksək səviyyədə görməyə alışqanıq. Bu, ailəmizə xas bir xüsusiyyət olub, çünki biz orta hədd anlayışı bilməmişik. Pedaqoji fəaliyyətim dövründə rayon rəhbərliyinin, Təhsil Şöbəsinin fəxri-fərmanlarına layiq görülmüşəm. Mən yaxşı müıllim adını qazanmağa nail oldum, çünki var gücümü işimə sərf edə bildim. Yaş üstünə yaş gəldikcə, həyat təcrübəm artdıqca, mən valideynlərimə həsəd aparıram. Onların bizə verdiyi tərbiyəyə, alışdırdıqları düzlüyə, çalışqanlığa, saflığa görə valideynlərimin qarşısında baş əyirəm. Mən bü gün övladları ilə öyünən anayamsa, buna görə də ata-anama borcluyam, çünki onlardan nə almışamsa, övladlarıma ötürə bilmişəm. Ən əsas hər ikisini zəhmətkeş bir insan kimi yetişmiş görmək böyük fərəhdi. Biz bir valideyn olaraq, onlara yalnız istiqamət vermişik. Bu gün həyatda nəyə nail olublarsa, öz bilik, qüvvə və bacarıqlarının nəticəsidi. Qızım Tohidə Rəşidova üç uşaqla magistraturaya daxil oldu, işləyə-işləyə oxudu. İşdən gəlib, uşaqları rahatlayıb, səhərə qədər göz yummadan imtahanlara hazırlaşardı. Babasının adını daşıyan oğlum Kazım Kazımovun çalışdığı şirkət onun rayondakı uğurlu işini görüb, Bakıya daha məsul vəzifəyə irəli çəkdi. Bir valideyn üçün övladlarının rifahını görməkdən ali nə ola bilər? Onlar həyatda mənim güc mənbəyimdi. Geyimimdən tutmuş istirahətimizə qədər hər şeyin qayğısına qalırlar. Onların sayəsində dünyanın çox ölkələrini gəzmişik. Övladlarından çox razı, onlarla qürur duyan ana olduğum üçün Tanrıma şükrlərim sonsuzdu. Onlara baxanda, geri boylanıb bir daha özümə nəzər salıram ki, necə övlad olmuşam? Bir sinif yoldaşım vardı, anası valideyn iclasından sonra gəlib ele hey fərəhlənərdi ki, müəllimlər yaxşı oxuduğuna görə qızımi çox tərifləyir. Anam isə sakitcə qulaq asardı, bir kəlmə də deməzdi, bəlkə də özlüyündə təəccüblənərdi. Çünki o, yeddi uşağını da yalnız yaxşı oxuyan görmüşdü və bu anam üçün bir adət halına çevrilmişdi ki, uşaq elə yaxşı da oxumalıdı. Valideyn övladından bir şikayət eşidəndə, hansısa hərəkətinə görə üzü qızaranda əzab çəkir. Biz ata-anamıza heç zaman utanclıq gətirmədik. Deməsə də, hiss edirdim ki, anam məndən həmişə razı olub. Bir dəfə ad günümdə dedilər ki, Rəftarə, bir özün haqqında danış. Dedim ki, mən pis ola blməzdim. Qarşısında bu cür bacı-qardaşları olan insanın buna haqqı yoxdu. Bir məsəl var: “Aşıq gördüyünü çalar”. Mən ailəmdən nə görmüşəmsə, onu da əxz eləmişəm. Bu da Allahın mənə mükafatıdı. Mən görmüşəm ki, anam həm ata tərəfimin, həm öz tərəfinin necə hörmətini qazanıb, necə sevilib. Özündən razılıq kimi səslənməsin, bütün bunları davam etməyə çalışmışam. Düşdüyüm ocaq hər iki tərəfdən böyük və rayonda hörmətli bir nəsildi. Mən bu ailənin yeganə gəlini kimi onlara göstərdiyim hörmət və sevginin qarşılığını ala bilmişəm. Heç kəs deyə bilməz ki, ailəsində söz-söhbət, problem yaşanmır. Nə olubsa, elə evimin divarları daxilində də qalıb, ən əzizim olan anama belə bildirməmişəm. Mənim üçün ən yaxşı gəlin, ən yaxşı həyat yoldaşı, ən yaxşı ana olmamaq kimi bir anlayış yoxdu. Bir dəfə yaşayirsansa, onu ancaq yaxşı adla başa vurmalısan. Amalım yalnız bu olub. Ailəmə diqqət və qayğım heç vaxt əskik olmayıb. Hər işin ən yaxşısını görmək prinsipim mətbəximə də aid olub. Əlimdən çıxan dadlı, ləzzətli yeməklər həmişə təriflənib. Bu gün uğrunda çalışdığım bağı sonbeşik övlad kimi sevirəm, ona bağlıyam. Və istəyirəm ki, onun da gələcəyi bol-bəhrəli olsun.

VƏTƏN

Bu gün var qüvvəmlə çalışdığım bağım Vətənimin bir hissəsidi. Onun səliqə səhmanını görəndə, sanıram ki, Vətənim gözəlləşib. Hər gün bağa gedəndə kəndin kənarından axan bir çayın qırağından keçirəm. Və ordakı natəmizliyi görəndə ürəyim çox ağrııyır. Axi, bura Vətəndi. Ayağımızın tutduğu bir qarış yer belə, Vətındi. Dibini təmizlədiyimiz kol da Vətəndi. Suvardığımız bir ağac da Vətəndi Ətrafımızda nə görürüksə, hamısı Vətəndi. Onu sevməmək mümkündümü? Mən füsünkar Bakı gecələrini şox sevirəm, yarıdan çoxunu gəzdiyim Azərbaycana vurğunam. Vətənimə çox vaxt kənar gözlə baxıram ki, görüm gələn turistlər onu mənim kimi görə bilirmi? Dünyanın çox yerində olmuşam, böyük, yaraşıqlı şəhərləri gəzmişəm, amma öz Vətənimə bərabər bir iz tapa bilməmişəm...

QADIN GÜLƏRSƏ

İşimlə bağlı müsahibə də vermişəm, çəkilişlər də olub. Amma bu qədər səmimi, sərbəst, ürəkdən gələn isti bir söhbət etmək imkanı verən olmayıb. Bunun üçün qəzetinizə minnətdarlığımı bildirirəm. Vətəni firavan, ailəsi xoşbəxt qadının üzü gülər. Şəraiti çətin olsa belə, evinə ruzi gələn qadının üzü gülər. Kiçicik bir qayğı, isti bir nəvaziş görən qadının üzü gülər. Uçuq komada yaşasa da, bir daha top, tüfəng, mərmi səslərini eşitməyəcəyini bilən qadının üzü gülər. Saleh övladı olan qadının üzü gülər. Qadının üzünü gülməsi üçün o qədər səbəblər var ki... Təki bu gülüşü onlara çox görməsin dünyamız.

SON SÖZ

Dünya köhnə dünyadı, Rəftarə xanım. Gələni üçün də, gedəni üçün də köhnədi. İndi isə mübtəla olduğu bir çarəsizlik içində çapalaya-çapalaya qalıb dünya. Ümidini onu yaradan Tanrıya bağlayıb. Tanrı Rəhman və Rəhimdi, Tanrı əfv edib bağışlayandı. Qoy Yaradan dualarımızı eşidib, bir kərə ol deməklə, var etdiyi dünyanın çarəsini göndərsin, rəhmətini bir daha onun üzərindən çəkməsin.

Tamilla Teymurqızı

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?