• 9 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Dünyanın hər yerində diasporumuzun birliyinə böyük ehtiyac var

10:00 23/05/20 | Diaspora

Artıq Azərbaycan dövlətinin dəstəyi ilə diasporumuz dünya azərbaycanlılarının haqlarını qoruya biləcək bir qüvvəyə çevrilib

Bu gün diaspor təşkilatlarımızın inkişafı və strateji hədəflərinə çatması üçün yeni taktiki yollardan istifadə olunmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasında da başlıca hədəflərindən biri məhz bu olub. Bunun üçün xaricdə yaşayan soydaşlarımızın birliyinə nail olunması məqsədilə ciddi addımlar atılmaqdadır. Soydaşlarımız da bundan ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar.

Qeyd edək ki, bu mənada Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması xüsusi qeyd edilməlidir. Bu Fonda diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstərir. Müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərlər, informasiyalar e-maillərə birbaşa göndərilir. Təşkilatların e-mail poştları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstərir.

Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətdə təbliğ edilir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsinə, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir. Bütün bunlar, ölkə Prezidentinin Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısına qoyduğu vəzifələrdir. Komitə verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışır. Komitə “Vətən uzaqda deyil” şüarı ilə hamıya, xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa çalışır, hər bir soydaşımızın yaşadığı yerdən asılı olmayaraq, güclü, qüdrətli Azərbaycan dövlətini öz yanında hiss edir.

Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Diasporuna Dəstək Fondu” Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli sərəncamı ilə yaradılıb. Fondun yaradılması diaspor sahəsində daha sistemli və davamlı işlər görməyə imkan yaradıb. Dövlət Komitəsinin qarşısında həm Əsasnamə, həm dövlət başçısının tapşırıqları ilə müəyyən vəzifələr qoyulur. Bunlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması, milli-mədəni irsimizin təbliği, azərbaycançılıq ideologiyasının, milli kimliyimizin qorunması və s. aiddir. “Azərbaycan Diasporuna Dəstək Fondu” da qeyd edilən istiqamətlərdə mümkün dəstəyi göstərir.

Ümumilikdə dünyadakı 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycanda, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız yaşayır. Onu da qeyd edək ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Artıq istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında ciddi narazılıq müşahidə olunmur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində əsas problemlər aradan qaldırılıb və Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşə bilməsinə nail olmaq üçün ciddi işlər görülüb.

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi həqiqətləri dünyada təbliğ etməklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı olur. Həmçinin xaricdə yaşayan soydaşlarımız bu ümummilli məsələyə olduqca həssas yanaşırlar və Dövlət Komitəsi buna mümkün dəstəyi göstərir. Hər il Ermənistan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilir, “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Ermənistan, işğala son qoy” və s. şüarlarla mitinqlər təşkil olunur. Qondarma Dağlıq Qarabağ rejiminin xaricdə keçirmək istədiyi tədbirlər, Ermənistanın xarici ölkələrdə münaqişəyə dair həqiqətləri təkzib edən tədbirləri və s. ilə bağlı soydaşlarımız dərhal reaksiya verir, öz haqq səslərini ucaldırlar.

Artıq xaricdəki soydaşlarımız vahid amal uğrunda təşkilatlana bilib

Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsini xüsusi qeyd olunmalıdır. Son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ-da Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın fəallıq nümayiş etdirməsində kömək olacaq.

Təbii ik, barışıq, birlik, həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi ulu öndər Heydər Əliyev tərəfindən diasporun qarşısında qoyulan əsas vəzifədir. Ulu öndər Heydər Əliyev hansı ölkəyə gedirdisə, diasporumuzla görüşəndə bu məsələni soydaşlarımıza xatırladırdı. Milli diasporun yaşadıqları ölkələrdə birləşməsi, eləcə də bu istiqamətdə işlər görməsi vacib amildir. Dünyanın hər yerində diasporumuzun milli birliyinə böyük ehtiyac var. Bu sahədə diasporun çalışmalarını davam etdirməsi vacib amildir. Bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir. Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər. Məhz bu zaman hər hansısa işin effektiv nəticəsi olar. 

Yaxın diaspor tariximizə kiçik baxış

Dəfələrlə tarixi ədalətsizliyə məruz qalsa da, milli dövlət institutları ləğv edilsə də, Azərbaycan xalqı müstəqillik yolunda öz mübarizəsini dayandırmamışdır. İyirminci yüzilliyin əvvəllərində yaranmış mürəkkəb tarixi şəraitdə müstəqilliyini bərpa etmək üçün xalqımız mühüm addımlar atıb. İmperiya zülmündən azad olan Quzey Azərbaycan 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlətini – Azərbaycan Demokratik Cümhuriyyətini yaratdı. Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüzə - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni hakimiyyət zorakılıqla devrildi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoyuldu. Demokratik qüvvələrin əksəriyyəti repressiyaya məruz qaldı, xalqın bir qismi isə mühacirət etməyə məcbur oldu.

Sovet imperiyası tərkibinə qatıldığı 70 il ərzində Azərbaycana qarşı müstəmləkəçilik siyasəti yeridilmiş, Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalmışdır. İmperiya siyasəti dünya azərbaycanlılarını bir-birindən təcrid etmək məqsədilə pantürkizm məfhumunu Şərq aləmində təhlükəli bir ideya kimi təqdim edərək, dünyada və Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar arasında əlaqələrin məhdudlaşmasına, kəsilməsinə cəhd göstərmişdi. Bu siyasətin təzahürü kimi sərhəd çəpərləri Azərbaycan xalqını parçalamışdır. Bütün bunlara baxmayaraq, azərbaycanlılar milli dövlət, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni davam etdirmişlər.

Ötən əsrin 90-cı illərindən başlayaraq, xalqın milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdir. Naxçıvan Muxtar Respublikasında demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışlar. 1989-cu ilin dekabrında Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul edildi.

Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ Sərhəd Qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar. Lakin buna baxmayaraq, Naxçıvanda "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirildi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Muxtar Respublikada geniş qeyd edildi.

Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır

Dünya azərbaycanlılarının təşkilatlanmağa başladığı ilk illərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni və ermənipərəst qüvvələrin apardığı qeyri-obyektiv təbliğatın ifşası, Azərbaycan həqiqətləri ilə bağlı doğru informasiyanın yayılması Azərbaycan diaspor qurumlarının qarşısında dayanan əsas vəzifələrdən biri kimi qəbul edilib. Prezident İlham Əliyev bütün tədbirlərdə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündən, Dağlıq Qarabağ münaqişəsi ətrafında ermənipərəst qüvvələrin apardığı təbliğatın mahiyyətindən geniş söhbət açır. Azərbaycan Respublikasına qarşı hər hansı formada təcavüzün qarşısının alınması, lobbiçilik fəaliyyətinin genişləndirilməsi, milli maraqların müdafiə olunması hər bir Azərbaycan icmasının və xaricdə yaşayan hər bir azərbaycanlının müqəddəs vəzifəsi kimi dəyərləndirlir.

Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın maraqlarının qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə lazımi şəkildə çatdırılmasında xaricdəki diaspor təşkilatlarımızın qarşısında bir sıra mühüm vəzifələr durur. İlk növbədə, dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmlənməsinə ehtiyac var. Vətənləri ilə bağlı olan soydaşlarımız özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda, Azərbaycan dövləti onlara daha böyük dəstək verə biləcək. Dövlətimizin başçısının bu xüsusda həmvətənlərimizə belə bir müraciəti var: “Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu çox yaxşı olar.”

Yeni tarixi şəraitdə diaspor təşkilatlarımızın qarşısında duran vacib vəzifə Azərbaycan reallıqlarını, ilk növbədə, Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırmaqdan ibarətdir. Biz informasiya dövründə yaşayırıq və informasiyanın əhəmiyyəti getdikcə artır. Biz buna hazır olmalıyıq. Lakin etiraf etmək lazımdır ki, bizim zəif yerlərimizdən birincisi xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdırsa, ikincisi isə xarici media qurumları ilə Azərbaycan diaspor təşkilatlarının öz işini lazımi səviyyədə qura bilməməsidir. Bizim xarici mediaya çıxışımız çox məhduddur. Bu sahədə əsaslı dönüş yaratmaq üçün təbliğat işimizi daha da təkmilləşdirməliyik.

Təbii ki, bu mənada dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, azərbaycançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, təbii ki, bizim mənəvi dəyərlərimiz  də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Deməli, insan hansı ölkədə  yaşamasından asılı olmayaraq, öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. Ümummilli lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında bunu tövsiyə edirdi: “İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Tarix boyu dövlətçiliyi olmayan, amma yaşayan və inkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu, məlum olduğu kimi, kilsə (məbəd) oynamışdır. Xaricdə yaşayan türklərin birləşməsində, güclü türk diasporunun (məsələn, Almaniyada olduğu kimi) yaranmasında aparıcı rol isə Türkiyə dövlətinə məxsusdur.

Qeyd etmək lazımdır ki, diasporun yəhudi və türk modellərinin yaranması fərqli olduğu kimi, missiyası da fərqlidir. Yəhudi diasporu müstəqil İsrail dövlətinin yaranmasında maddi və mənəvi əsas rolu oynamışdır, faktiki olaraq, bu dövləti yaratmışdır. Türkiyə dövləti isə xaricdə, əsasən Avropada yaşayan türklərin təşkilatlanmasına dəstək vermiş, güclü türk diasporunun yaranmasına nail olmuşdur (hazırda Amerikada yaşayan türklərin təşkilatlanması və erməni diasporuna qarşı duracaq səviyyəyə çatması istiqamətində iş gedir). Odur ki, yəhudi diasporu İsraili dəstəklədiyi kimi (bu dəstək əsasında ABŞ İsrailə ildə iki milyard dollardan çox yardım ayırır), Türkiyə də türk diasporunu dəstəkləyir.

Azərbaycanda isə tarixi, sosial-siyasi şərait elə gətirib ki, Azərbaycan dövləti gənc olduğu, yenicə qurulduğu kimi, Azərbaycan diasporu da gəncdir, yenicə təşkilatlanır. Yəhudi və türk diasporlarından fərqli olaraq, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı kömək, qarşılıqlı dəstək əsasında qurulmalıdır. Məsələn, Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Dağlıq Qarabağ probleminin Azərbaycanın maraqları çərçivəsində həllində mühüm rol oynaya bilər.

Müstəqil Azərbaycan dövlətinin qurulması və dünya azərbaycanlılarına dayaq olacaq  səviyyəyə çatması istiqamətində əsaslı işlər böyük siyasətçi Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra başladı. 1994-cü ilin mayında Azərbaycana zorla sırınmış qanlı müharibə dayandırıldı, Ermənistan - Azərbaycan cəbhəsində atəşkəs elan olundu. 1994-cü ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında Əsrin neft müqaviləsi imzalandı, Azərbaycana xarici sərmayələr gəlməyə başladı. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və haqlı olaraq “İnsan haqları manifesti” adlanan Azərbaycan Konstitusiyası  ümumxalq referendumu yolu ilə qəbul olundu. Elə həmin ildə də müstəqil Azərbaycanın ilk demokratik parlamenti çoxpartiyalı əsasda seçildi və dərhal siyasi və iqtisadi islahatların keçirilməsi üçün qanunvericilik bazası hazırlamaqla məşğul oldu. 1996-cı ildən etibarən iqtisadi tənəzzülün qarşısı alındı, iqtisadi və siyasi islahatlar aparmaq, o cümlədən diaspor quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı.

1997-ci ilin avqustunda Azərbaycan Prezidenti Amerikada bütün dünya azərbaycanlılarına müraciət etdi: “Əgər sən azərbaycanlısansa, bilməlisən: dünya azərbaycanlılarının bir müstəqil dövləti var - Azərbaycan, dünya azərbaycanlılarının bir tarixi Vətəni var - Azərbaycan. Dünya azərbaycanlıları öz tarixi vətənlərini, müstəqil dövlətlərini müqəddəs hesab etməli, onun ətrafında birləşməlidirlər”.

Elə həmin ildə Prezidentin İcra Aparatında xaricdə yaşayan azərbaycanlılarla iş üzrə xüsusi bölmə yaradıldı. Yaxın və uzaq xaricdə yaşayan Azərbaycan diasporunun təşkilatlanması prosesi vüsət aldı və Azərbaycan Prezidentinin diqqəti və qayğısı altında davam etdi. Amerikada və Avropada de-fakto yaşayan azərbaycanlılar öz təşkilatlarını yaratdılar və de-yure fəaliyyətə başladılar.

Bu gün əzmlə demək olar ki, artıq Azərbaycan dövlətinin dəstəyi ilə diasporumuz dünya azərbaycanlılarının haqlarını qoruya biləcək bir qüvvəyə çevrilib.

Cavanşir QƏDİMOV

Caner Erkin “Beşiktaş”dan ayrılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?