• 5 İyun 2020
  • Dollar: 1.7 , Avro: 1.912 , Rus rublu: 0.026 Türk lirəsi: 0.2915
SON DƏQİQƏ

Müxalifəti parçalamaq istəyənlərin niyyəti bəllidir

10:31 23/05/20 | Siyasət

Partiya sədri: «İqtidara, onun siyasətinə müxalifətdə olmaq olar, ancaq dövlət mənafeyinə müxalifətdə olmaq vətəndaşa yaraşmaz»

«Vaxtı ilə bir təşkilatda və onun ətrafında birləşən, indi iqtidar, "iqtidaryönlü", konstruktiv, radikal və s. adlandırılan siyasi partiyalarda təmsil olunanların, milyonlarla vətəndaşımızın dəstəyi ilə, Azərbaycanımızın müstəqilliyinin qazanılmasında xidmətləri (az və ya çox) danılmaz faktdır». Bu sözləri Təkamül partiyasının sədri Teyyub Qənioğlu «Azad Azərbaycan»a açıqlamasında bildirib.

Onun sözlərinə görə, məhz məzmun və mahiyyət cəhətdən biri-birindən fərqlənən milyonlarla insanların ümumi məqsəd birliyi ətrafınada birləşməsinin və çiyin-çiyinə mübarzə aparmasının nəticəsi olaraq biz Azərbaycanımızın müstəqilliyini qazanmışıq: «İnşallah bu daimi olacaqdır! Müstəqilliyimizin əldə olunması xalqımıza, dövlətimizə uçuz başa gəlməyib: ərazimizin 20%-ni müvəqqəti də olsa itirmişik, minlərlə insanlarımız həyatından məhrum olub. Nə yaxşı ki, itkilərimizin ağırlığına baxmayaraq dövlətimiz, xalqımız ayaqda durmağı bacarıb! Tarix göstərir ki, dövlət müstəqilliyini əldə etmək asan məsələ deyil, çətindir. Ancaq onu qoruyub saxlamaq, ictimai-siyasi sabitliyə nail olmaq, azad, demokratik, sivil cəmiyyət formalaşdırmaq, əhalisinin firavan yaşayışını təmin etmək qat-qat çətindir».

T.Qənioğlu qeyd edib ki, uzun zaman ardıcıl, dönməz fəaliyyət, siyasi baxışından asılı olmayaraq birlikdə hamının, ayrılıqda hər kəsin birgə fəaliyyətini tələb edir: «Tarixi təcrübə göstərir ki, inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün dövlətlərində mövcud hakimiyyətin siyasətindən, bu və ya digər sahələrdəki fəaliyyətindən narazı qalan, hakimiyyətə müxalifətdə olan müəyyən sayda insanlar, siyasi partiyalar olub, vardır və yəqin ki, bu həmişə belə olacaqdır. Mövcud iqtidara, onun siyasətinə müxalifətdə olmaq olar, bu normaldır, ancaq dövlət mənafeyinə, milli mənafeyə müxalifətdə olmaq vətəndaşa yaraşmaz! Dövlət mənafeyinin, milli mənafenin qorunması siyasi baxışından, iqtdarda, müxalifətdə olmasından asılı olmayaraq hamının müqəddəs borcu olmalıdır. Təbiidir ki, bu məqsədə nail olunması ökədə iqtidar-müxalifət münasibətlərinin səviyyəsindən, iqtidar tərəfindən müxalif siyasi qüvvələrə münasibətin səviyyəsindən, bu sahədə mövcud vəziyyətdən də asılıdır. Təqdirəlayiq haldır ki, son zamanlar ölkəmizdə iqtidar-müxalifət münasibətlərinin normalaşdırılması istiqamətində dövlət səviyyəsində müəyyən addımlar atılır».

Partiya sədri Prezident Administrasiyasında "Siyasi partiyalar və qanunvericilik orqanları ilə iş" şöbəsinin yaradılmasını və bu şöbənin sərgilədiyi fəaliyyəti xüsusi təqdir edir. Onun fikrincə, bu prosesin davamı gələcəkdir.

T.Qənioğlu belə xoş mərama qarşı çıxanların olmasını isə təəssüflə qarşılyır: «Təəssüf ki, bəzi radikal müxalifət partiyaları iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirləri nəinki normal qarşılamamış, əksinə onları sabotaj etmək yolunu tutmuşlar. Bu azmış kimi, onlar dövlətin iqtidar-müxalifət münasibətlərini normallaşdırmaq istiqamətində atdığı addımları müxalifəti parçalamaq istəyi kimi qələmə verməyə çalışırlar. Guya bununla dövlət itaətkar, sözəbaxan müxalifət formalaşdırmaq, özlərini isə siyasi səhnədən silmək istəyir. Belələrinin başını kola soxub gizləndiyini hesab edən dəvəquşudan nə fərqləri var? Özlərini "ana müxalifət", mövqelərini bölüşməyənləri isə "cib müxalifəti", "iqtidaryönlü müxalifət", "bir adamı və bir papkası olan müxalifət" adlandıraraq illərdir müxalifəti parçalayanlar, kimin həqiqi müxalifət olması haqqında "arayış vermək səlahiyyətinə malik kontor" olmaq istəyənlər, hər dəfə bir müxalifət partiyasını hədəfə götürüb onu aşağılamağa çalışanlar sizlər deyilsinizmi, cənablar? Məgər "real müxalifət olmaq" sizlər kimi, xarici havadarların himayəsi altında dövlət və milli mənafelərə zidd "fəaliyyət göstərmək"dirmi, opponentlərini aşağılamaq, mövqelərini bölüşməyənləri "söyüşlərə qonaq etmək"dirmi, sivil mübarizə yolunu yox, qarşıdurmanı seçməkdirmi?»

Partiya sədrinin sözlərinə görə, heç kəs iddia etmir ki, Azərbaycanda hər şey normaldır. Bəzi sahələrdə çatışmazlıqlar da var. Bunu hər kəs görür. O, son dövrdə belələrinə qarşı aparılan mübarizəni də xatırladıb: «Deyəsən bunlara qarşı dövlət səviyyəsində, xüsusilə son zamanlar aparılan işləri bəziləri görmürlər və ya görmək istəmirlər. Onlar bu istiqamətdə işlərin müəyyən zamana ehtiyacı olduğunun fərqində deyillər. Müxalifətdə olmaq hər şeyi qara rəngdə görmək anlamına gəlməməlidir! Təbii, hər birimiz qanun pozuntularına, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı mübarizənin daha sürətli aparılmasını istəyirik və gözləyirik. Bu istiqamətlərdə fəaliyyətin əsas yükü dövlətin üzərinə düşür. Ancaq Təkamül Partiyası olaraq hesab edirk ki, müxalifət partiyaları da bu işə öz töhfələrini verməlidirlər: belə halları aşkar etmək, onların aradan qaldırılması üçün əsaslandırılmış təklif və tövsiyələr vermək yolu ilə. Fikrimizcə, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması istiqamətində dövlət səviyyəsində atılan və atılması nəzərdə tutulan addımların əsas məqsədlərindən biri də müxalifəti parçalamaq yox, milli mənafelərimiz naminə onları mövcud problemlərin həllinə cəlb etməkdir».

T.Qənioğlu bu mövqeyi bölüşməyənlərə müraciət də edib: «Xanımlar və cənablar, bu dövlət bizimdir - uğurları və uğursuzluqları ilə! Ona görə də, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq biz uğurlarımıza kölgə salmaq yox, onların möhkəmlənməsi, uğursuzluqlarımızın aradan qaldırılması istiqamətində birlikdə mübarizə aparmalıyıq. Çünki biz birlikdə güclüyük».

BİLMAN

 Ağ vərəqlər



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?