• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Sənsiz-səninlə son ümidim...

10:44 23/05/20 | Digər

(Elegiya)

Xatirələr qulaq asmır sözümə,
Xəyallar qururam özüm-özümə.
Səndən başqa kimsə gəlmir dilimə,
Son ümidim niyə getdin uzağa...

Əziz qardaşım. Açdım sənin ömür yollarını... Getdim qarış-qarış, addım-addım... Yaralı-yaralı dözülməz illər çıxdı qarşıma... Ağlı-qaralı illərin, acılı ömür yolun axı niyə yarı yolda sındı, qırıldı... Portretinin qarşısında dayanmışam. Səninlə danışıram. Amma sən, mənə cavab vermirsən... Bəlkə də sənə deyiləsi sözlərim heç bir kitaba və yüzlərcə ürəyə sığmaz, qardaşım...

Əmək kitabçana baxıram. Bircə cümlə var. Binəqədi rayon 35 saylı Poliklinikaya işə qəbul olunsun. Ömrünün sonuna qədər bu poliklinikada işlədin. Ömrünün son günü də burada işdə oldun və sonra dünyaya “əlvida” dedin...

Sən, biz üç bacının yeganə qardaşı idin. Hamımız sənə “Qaqaş” deyirdik. Sənin yoxluğuna inanmıram qardaşım. Sənə “əlvida” da deyə bilmirəm gözümün işığı. Səni sevmək, əzizləmək demə az imiş. Səni qorumaq da lazım imiş. Mən səni övladlarımdan da çox sevirdim. Çünki anamızı itirəndə sənin cəmi 15 yaşın vardı. Ona görə də ömrüm boyu sənə ana qayğısı, ana sevgisi göstərirdim ki, anamızın ruhu həmişə şad olsun. İndi anamızın şəkli qarşısında da dayanıb, gözlərimdə yaş deyirəm:

- Əziz ana, bizi bağışla. Sənin bircə oğlunu, aslan ürəkli Aslanı qoruya bilmədik.

Qaqaş. Sən həyata qarşı çox bədbin idin. Ailə də qurmadın. Ona görə də həmişə deyirdin: “Tək gəlmişəm bu dünyaya, tək də gedəcəm”.

Biz bacıların dərdi bir də ona görə böyükdü ki, əfsus, bir nişanən də qalmadı, heç olmasa ona baxıb, təskinlik tapaq...

Bu ilin axır çərşənbə günü bizim ailəyə böyük bir müsibət günü oldu. Sən, həyata “əlvida” deyib, ömrünü tapşırdın. Ruhun göylərə uçdu... Amma bilmədin səndən sonra nələr baş verdi qardaşım...

Sənin üç yetim bacın, iş yoldaşların, dostların, tay-tuşların sənin yoxluğuna heç cürə inana bilmir... Sən gərək indi yanımızda olaydın. Həmin gün bizim nələr çəkdiyimizi kaş biləydin... Həmin günü hamı sənin xeyirxahlığından, böyük ürəyindən, insanlara yalnız yaxşılığından, aslan kimi mərdliyindən, bu adın necə də sənə yaraşdığından danışıb, göz yaşları tökürdülər... Axı sən, üzərində gəzdiyin torpağın da üstünə ayaqlarını ehtiyatla qoyurdun ki, birdən torpaq səndən inciyər... Bəs sən bizə niyə qıydın qardaş?.. Niyə hər şey birdən-birə alt-üst oldu? İndi başa düşürəm ki, bu dünyanın bütün naz-neməti, var-dövləti sənin bir baxışına, bir təbəssümünə dəyməzmiş qardaşım...

İndi tam əmin olmuşam ki, sənin dünyaya gəldiyin gün biz üç bacının həyatının ən əziz günü və həyata “əlvida” dediyin gün həyatımızın ən faciəli günü oldu. Deyirlər ki, insan gərək həyatda ümidsiz olmasın. Çünki ümid həyatın sərmayəsidi. Mən də həmişə ümidin ətəyindən tutmuşam. Həmişə ümidə sığınmışam. Axı mənim ən böyük ümidim sən idin. Ümidsizlik isə ölümə gedən yolun başlanğıcıdır deyirlər. Sən bizi həyatda ümidsiz qoydun. Sən bilirdin ki, anamızın qəlbində yanar bir çıraq idin. Bəs niyə o çırağı söndürdün? Niyə özünü qorumadın?..

Ağladır dərd məni, boğur bu qəhər,
Ümid yollarımı kəsir bu kədər.
Kim çəkər qayğımı səninki qədər,
Zalım fələk zülm olmaz bu qədər.

Hər gün öz-özümə sayı-hesabı bilinməyən qədər bu ağını deyirəm qardaşım:

- Yox məni yaşadan heç bir təsəllim,
Sanki kimsəsizəm, qalmışam yetim.
Kaş xəbər-ətərsiz öləydim sənsiz,
Sənin bu gününü görməyəydim.
Sənə məhəbbətim yaşıl donlu nağıldı,
Ruhun, hissin mənə bir göz dağıdı.
Qapı açıq yollar niyə bağlıdı,
Gəl geri dön, ümid yerim, geri dön.

Daha gücüm, taqətim qalmayıb bu ağır dərdi, bu bəxtsiz taleyi yaşamağa. Yer-göy və hətta başımın üstündə buludlar hönkür-hönkür ağlayır mənimlə birgə. Bəlkə onlar da mənim bu dağdan ağır dərdimə ağlayırlar?..

Sən çox gözəl, yaraşıqlı, boylu-buxunlu, hamının sevimlisi idin. Həm də ağıllı, savadlı, alicənab idin. Səndə bütün yaxşı, gözəl keyfiyyətlər cəmləşmişdi qardaşım. Ulu Tanrı səndən heç nəyi əsirgəməmişdi. Aslan adını sənə qoymaqda atamız yanılmamışdı. Bu ad sənin bütün hərəkətlərində özünü doğruldurdu. Bircə qismət və taledən başqa. Öz həyatını, sevincini, səadətini, xoşbəxtliyini bir ana sevgisinə qurban verdin mənim əziz qardaşım. Niyə sənin ömür payını Ulu Yaradan belə qısa yazdı? Bəlkə kiminsə sənə gözü dəydi?..

Qayıt, son sözümü deyənim olsun,
Qayıt, son sözümü dinləyən olsun.
Qayıt, gözlərimi qapayan olsun,
Qayıt, məni torpağa tapşıran olsun.

Necə ki, bir vaxtlar sənə yazdığım şeirin sonunda dediyim kimi.

Dilbər, öz ömrünü sürüb gedəcək,
Könlünü, könlünə verib gedəcək.
Gəlib son günündə də görüb gedəcək,
Sınıq ürəyimin sözüsən qardaş.
İşıqlı dünyamın, közüsən qardaş.

Axı sən niyə belə elədin? Niyə bizi gözü yaşlı qoydun? Axı biz bacılar, sənin çiynində o dünyaya getməliydik...

Mənə belə gəlir ki, Allahın sevgisi sənə olan bizim sevgimizdən, məhəbbətimizdən, etiramımızdan daha güclü oldu. Çünki deyirlər ki, Böyük Yaradan sevdiyi insanları daha tez öz dərgahına aparır...

Ürəyimdə yığılan dərdlərin, nisgillərin qübar eləməməsi üçün onları hər gün yazılara köçürürəm. Sənə çoxlu şeirlər həsr eləyirəm. “Sənə ürəyimdə bir ev tikmişəm” şeirim də onlardan biridir.

Sənə ürəyimdə bir ev tikmişəm,
Orda sənsizlik var, bir də həsrətin.
O evin üstündə göy üzü yoxdur,
Orda zaman dönüb, vaxt ölüb deyə-
Orda gecənin də gündüzü yoxdur.
Sənə ürəyimdə bir ev tikmişdim,
Nə qapısı vardı, nə pəncərəsi.
Gülüm, gəl baş-başa verib ağlayaq,
Qırx il əvvəl olan Ana adına-
Dönüb qayıt, sönmüş od-ocağına.

Sən heç bildinmi neynədin bu gedişinlə? Anamızın qəriblikdə, Ağdüdə olan məzarı da yandı. Axı biz, Zəngəzur mahalında qalan həmin qərib məzarın həsrətini çəkirdik...

Bir dərdim vardı, min oldu,
Axdı gözüm yaşı tamam sel oldu.
Sən gedəli ömrüm yaman puç oldu,
Yaz-baharım dönüb soyuq qış oldu.
Ömür sürdün, ömür yazdın xoş ada,
Fərq qoymadı nə doğmaya, nə yada.
El-obaya sığınacaq yer oldun,
Yola çıxdın, yeni yolun mübarək...

Sən dünyaya “əlvida” dediyin gündən bu bayatı dilimin əzbəri olub qardaşım.

Dərdim çoxdur görünür,
Baxtım dərin görünür.
Arxam, dayağım səs ver,
Yerin yaman görünür.
Yerin yaman görünür...
Hamı deyir ki, həyat gözəldi. Amma mən isə deyirəm:

- Həyat sənlə gözəl idi, Qaqaş! Hər gün öz-özümə bəlkə yüz dəfə təkrar eləyirəm: “Ey Böyük Yaradan. Görəsən qara torpaq, Aslan qardaşımı qoynuna alanda, hiss elədimi gələn kimdir?”..

Artıq bu dünyanın heçliyinə, puçluğuna tam əmin olmuşam. Ona görə də fikirləşirəm ki, yaşayıb səni itirməkdənsə, ölüb, sənə qovuşmaq daha yaxşıdır...

Dilbər DAĞBƏYİ


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?