• 29 May 2020
  • Dollar: 1.7 , Avro: 1.8981 , Rus rublu: 0.0263 Türk lirəsi: 0.2814

Ramazan ən müqəddəs ay və ayların sultanıdır

10:50 23/05/20 | Sosial

Bu il koronavirus pandemiyası ilə əlaqədar hər bir müsəlmanın bayram namazını evində qılması tövsiyə olunur

Müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd etməyə hazırlaşır. İlk öncə qeyd edək ki, bu il koronavirus pandemiyası ilə əlaqədar hər bir müsəlmanın bayram namazını evində qılması tövsiyə olunur.

Xatırladaq ki, Ramazan ayı aprelin 24 başlayıb və sabah - may ayının 24-də başa çatır.

Bayram günü ərəfəsində ən vacib məsələ müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, küsülüləri barışdırması əsas yer tutur. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaz qılmalıdırlar. Məhz buna görə bayramdan bir gün əvvəl axşamdan fitrə zəkatı hazırlayıb kasıblara, xəstələrə paylanmalıdır.

Bayram günü oruc tutmaq olmaz. Həmin gün tezdən qüsl almaq, çimib təmizlənmək, təmiz paltar geyinmək vacibdir.

Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmamışdan qabaq heç olmasa bir kiçik xurma yeməlidir.

Azərbaycanda bu bayramın xüsusi önəmi var. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır.

Qurani Kərimin Fəqərə sürəsində qeyd olunur ki, “İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər”.

İslamda ilin ayları arasında Ramazan ən şəfaqətli, müqəddəs ay və ayların sultanıdır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar. Çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olub. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin “Qədir” surəsində qədir gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər.  

Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranıb. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. İkinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (S.Ə.S) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Beləliklə, Məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.

Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.

Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. İnanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.

Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək qəti qadağandır. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir (10 manata qədər).

Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. (oğlanlar 15 yaşdan, qızlar 9 yaşdan) Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa - o, Allah üçündür, əvəzini də Allah verir. 

Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu. İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi…

Müsəlman qardaş və bacılar Ramazan bayramınız mübarək!

Hacı Tofiq SEYİDZADƏ


Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?