• 13 İyul 2020
  • Dollar: 1.7 , Avro: 1.9162 , Rus rublu: 0.027 Türk lirəsi: 0.2989

Həkimlik Allah vergisidi

11:30 02/06/20 | Sosial

(Portret cizgisi)

Canıbəy Ağayev: “Tale şəhərim olan Sumqayıtla fəxr edirəm və çox böyük qürur duyuram”

Onu Sumqayıtda hamı gözəl təbib, xeyirxah insan, xəstə üçün əlindən gələni edən və dəyərli ziyalı kimi tanıyır. Məhz buna görə də hər gün səhərdən axşama kimi onun qəbuluna düşmək üçün çoxlu xəstələr gəlir. Bu insanlar hamısı onun qapısını ümid qapısı kimi tanıyır, onun verdiyi məsləhətlərə diqqətlə qulaq asır və bunun şəfasını da tapırlar. Ona görə də belə qərara gəldim kimi Canıbəy həkimlə oxucularımızı daha yaxından tanış edim və onun tibbi maarifləndirmə ilə bağlı maraqlı fikirlərini hamı ilə bölüşüm.

Qısa arayış: Canıbəy Əli oğlu Ağayev 1955-ci ildə anadan olub. 1972-ci ildə orta məktəbi bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə daxil olub. 1978-ci ildə institutu bitirib, 1979-cu ildə həkim interna kimi işləyib. 1979-81-ci illərdə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasında çağırışçı həkim işləyib. 1987-ci ilə kimi “AzərKimya” İstehsalat Birliyinin Tibbi Sanitar Hissəsində həkim çalışıb. 1988-1997-ci illərdə Super Fosfat zavodunda Tibbi Sanitar Hissəsinin baş həkimi təyin olunub. Sonralar 1997-ci ildə yeni yaradılmış “Kimyaçı” poliklinikasında baş həkim, 2010-cu ildə isə Kimyaçı Poliklinikasının adı dəyişmiş 4 nömrəli şəhər Poliklinikası olub və Canıbəy Ağayev də baş həkim kimi fəaliyyətini burada davam etdirir. Canıbəy həkim, 1980-cı ildə elmi fəaliyyətə başlayıb. 1981-1983-cü illərdə 3 elmi məqaləsi və metodiki göstəricisi dərc olunub.

O, 1987-1992-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspirantı olub. 1 monoqrafiyanın, 10-dan çox elmi məqalələrin müəllifidir. Respublikanın Əməkdar həkimidir. Tibb Elmləri üzrə Fəlsəfə doktorudur. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Ağsaqqallar Şurasının sədridir. Ailəlidir 2 oğlu, 4 nəvəsi var.

- Doktor, siz bir müddət kimya müəssisələrində həkim, baş həkim işləyibsiz. Əsasən də çox zərərli kimya müəssisələrində. Həmin kimya müəssisələrinin insan orqanizminə hansı zərərləri haqqında məlumat verə bilərsiniz?

- 1981-ci ildən 2010-cu ilə kimi “AzərKimya” İstehsalat Birliyinin və Super Fosfat zavodunun və “Azərkimya” Dövlət Şirkətlərinin müəssisələrində çalışan kimyaçılara xidmət göstərən Tibbi Sanitar Hissəsində və Kimyaçı Poliklinikasında işlədiyim dövrlərdə kimya müəssisələrində istehsal olunan məhsulların texnoloji proseslərində işlədilən xammalların və proses nəticəsində yaranan ayrı-ayrı zərərli faktorların kimyəvi xarakteristikasından sonra elmi işlərimi bu sahədə aparmağa başladım. Qeyd etmək istəyirəm ki, kimya sənayesində çalışan kimyaçılar bir yox, bir neçə kimyəvi faktorların təsirinə məruz qalıblar. Bu da onlarda peşə patologiyası, peşə intoksikasiyaların əmələ gəlməsinə şərait yaradırdı. Həmçinin istehsalat prosesində yaranan kimyəvi faktorlar şəhərimizin ekologiyasına da çox mənfi təsir göstərirdi. Mən də bir həkim kimi bütün bunlarla mübarizə aparırdım. Hətta tez-tez həmin müəssisələrin rəhbərlərilə böyük mübahisələrimiz olurdu. Onlar da SSRİ dövlət rəhbərləri tərəfindən müdafiə olunduqlarına görə biz istədiklərimizi edə bilmirdik. Amma müstəqillik qazanandan sonra çox şey dəyişdi...

Çox hörmətli cənab prezidentimiz İlham Əliyevin apardığı genişmiqyaslı istehsalatlar Sumqayıt kimya sənayesinin yenidən qurulmasına gətirib çıxartdı ki, bu da Sumqayıtı təmiz şəhərə çevirdi. Çünki Sumqayıtdakı bütün müəssisələrdə dünyanın ən son texnologiyalarından olan kimya avadanlıqları qurulub. Həm məhsuldarlığı yüksəkdir, həm də zərərsizdir.

- Siz, bioloji təbabətlə klassik təbabəti birləşdirən çox az həkimlərdən birisiniz. Bioloji təbabətlə klassik təbabətin fərqi nədir?

- Təqribən 15 ilə yaxındır ki, bioloji üsullarla müalicə ilə məşğul oluram. İki ildən çox bioloji təbabətin elmi əsaslarını öyrənmək üçün elmi işlər aparmışam və bu sahədə bir neçə sertifikat almışam. Bioloji Təbabət Klinikasında iki ildən çox Metabolitik pozuntular zamanı antihomotoksikoloji preparatlarla müalicə üsulları mövzusunda mühazirə aparmışam. Bu barədə istənilən məsələlərlə bağlı çox məlumat verə bilərəm. Ancaq çalışacam ki, suala qısa və konkret cavab verim. Klassik təbabətdə istifadə olunan dərmanlar kəskin hallarda yüksək effekt verir, ancaq xroniki xəstəliklərdə effekti yüksək olmur. Amma bioloji preparatlardan istifadə zamanı xəstəlikdə çox müsbət nəticə verir. Həm də bioloji preparatların əlavə təsirləri allergik reaksiyaları müşahidə olunmur, əks göstərişlər və yaş məhdudiyyəti yoxdur. Bu preparatlar uşaqlarda, hamilə qadınlarda geniş tətbiq olunur. Bioloji preparatlarla müalicə zamanı xəstələrdə immunitet artır və möhkəmlənir. Klassik təbabətdə isə yuxarıda qeyd olunan hallarda istifadə zamanı ağırlaşmalar müşahidə olunur, xəstədə immunitet aşağı düşür. Alman həkimi və alimi Hans Haynrix Rekkevingin hemotoksikoloji nəzəriyyəsinə əsasən bütün xəstəliklər 6 faza cədvəlində verilir və xəstələrə təyinat verdikdə bu cədvəl əsas götürülür. Baxılan xəstələrdə lazımi səviyyədə effekt alınır. Həmin cədvəl 3 fazaya bölünür: humoral faza, matriks faza və toxuma fazası. Hər faza özlüyündə 2 fazaya bölünür. Xəstəyə təyinat verilərkən bu patogenetik mexanizm əsas götürülür.

- Dünyamızı lərzəyə salan koronavirus COVİD-19 pandemiyası ilə bağlı nə deyə bilərsiniz?

- Virus xəstəlikləri həmişə olub. Ümumiyyətlə hər hansı bir virus infeksiyasından qorunmadıqda geniş yayılır, o cümlədən koronavirus infeksiyası da elədir. Bu xəstəlik virusun yeni bir formasıdır və pandemiya halına gətirib çıxartmışdır. Respublikamızda cənab prezident İlham Əliyevin vaxtında apardığı qabaqlayıcı tədbirlər nəticəsində xəstəliyin daha geniş yayılmasının qarşısı alınmışdır. İcbari Tibbi Sığorta Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin - TƏBİB-in apardığı operativ fəaliyyətin nəticəsində koronavirus infeksiyası nəzarətə alınıb və dəqiq profilaktik tədbirlər aparılır. Ancaq əhali xüsusi karantin rejiminə çox halda əhəmiyyət vermir, xüsusi karantin rejimi pozulur. «Evdə qal, sağlam ol» devizinə riayət edilmir, müxtəlif bəhanələrlə evdən çıxır və ictimai yerlərə gedirlər, sosial məsafə saxlamırlar və tibbi maskadan çox az halda istifadə edirlər. Amma belə etmək olmaz.

Qeyd etmək istəyirəm ki, xəstəliyin qarşısının alınmasının əsas yolu bundan ibarətdir ki, insanlar bir daha maariflənməli, xəstəliyin ilkin simptomları müşahidə olunarsa evə təciliyardım çağırmalıdırlar. Bununla da hər bir vətəndaş özünü, ailəsini, yaxınlarını bu virus infeksiyasından qorumuş olur.

- 65 illik həyatınızda reallaşdıra bilmədiyiniz hansı işlər və arzular var?

- Mənim üçün bu sual çox ağrılıdır. Çünki mən elmi işlərimi davam etdirə bilmədim. Elmlə məşğul olmaq, elmi axtarışlar aparmaq, elmdə nailiyyətlər qazanmaq çox önəmli məsələdir. Əfsus ki, baş həkim kimi başım təşkilati işlərə çox qarışdı və elmi işimi axıra kimi davam etdirib, doktorluq işimi tamamlaya bilmədim. Bax buna çox heyifsilənirəm. Çünki tibb sahəsinə çox gərəkli olan maraqlı elmi iş yazırdım. Bax bu niskil hələ də ürəyimdə qalıb...

- 1970-ci illərdən taleyinizi Sumqayıtla bağlayan gənclərdən də biri siz olubsunuz. Həmin Sumqayıtla indiki Sumqayıtın fərqini nədə görürsünüz?

- Mən 1971-ci ildə taleymi Sumqayıta bağlamışam. Bu şəhərdə Dəmir Beton Məmulatları zavodunda fəhlə işləmişəm. Burada ailə qurmuşam, ev sahibi olmuşam. Müsahibələrimdə, söhbətlərimdə şəhərin yox, həmişə şəhərimiz sözünü işlətdikdə bu mənim daxilimdən irəli gəlir. Şəhərimə çox bağlıyam. Şəhərimizin hər bir uğuruna çox sevinirəm. Əvvəllər şəhərimizdəki durğunluğu görəndə çox bədbin olurdum. Son beş ildə isə cənab prezidentimiz İlham Əliyevin şəhərimizə göstərdiyi diqqət və qayğı və aparılan düzgün kadr siyasəti nəticəsində cənab başçımız Zakir Fərəcovun yorulmaz fəaliyyəti ilə şəhərimizin yeni tarixi yazılmışdır. Möcüzəli Sumqayıt bulvarı, Heydər Əliyev sarayı, Musiqi məktəbi, Şahmat məktəbi, Bayraq muzeyi, Muğam mərkəzi şəhərimizi nəinki Respublikada, o cümlədən kənarda da tanıtdırdı. Sumqayıt dinamik inkişaf yolundadır və bu inkişaf şəhərimizi bütün dünyaya tanıtdıracaqdır. Bax ona görə də mən tale şəhərim olan Sumqayıtla fəxr edirəm və çox böyük qürur duyuram.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

"Beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatı kəskin şəkildə qınamağa çağırırıq" - Prezidentin köməkçisi



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?