• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Ağdərəsiz ötən 27 il…

11:56 07/07/20 | Siyasət

Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 27 il ötdü. Ağdərə 7 iyul 1993-cü ildə ermənilər tərəfindən zəbt edilib. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər rayonun və qəsəbənin adını dəfələrlə dəyişiblər. 1923-cu ildə Cerabert, 1930-cu ildə isə Mardakert kimi rəsmiləşdiriblər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə - Ağdərə adlandırılıb. Şəhər 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilib. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. 

Ağdərə Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.

Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Bu, faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib.

Ağdərə ərazisində olan memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb.

İşğal edilmiş ərazidə 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları, bir qayda olaraq, ABŞ-ın, Kanadanın, İsveçrənin və Fransanın iş adamları tərəfindən talan olunur.

Ermənistan və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim, ötən 27 il ərzində, Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməllərini hələ də davam etdirməkdədir. Bu isə Azərbaycan xalqının və Ordusunun səbr kasasını artıq doldurub. İnanırıq ki, qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan ordumuz işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Tofiq SEYİDOV

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?