• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Yardımlının məktəb tarixi

12:09 07/07/20 | Təhsil

Yardımlı rayonunda dünyəvi məktəblərin açılması Sovet dövrünə təsadüf edir. Həmin vaxta qədər burada təhsil dini xarakter daşımış, dərslər mollaxana və mədrəsələrdə keçirilmişdir.

Yardımlıda ilk dəfə dünyəvi məktəb(lər) 1928-ci ildə Kürəkçi, Vərgədüz, Telavar, Yolocaq, Bərcan, Arus, Ovra və Yardımlı (2008-ci ildən şəhərdir) kəndlərində açılmış, birinci siniflər fəaliyyətə başlamışdır. 1929-cu ildə Yardımlıda daha 7 kənddə (Hamarkənd, Porsova, Cerinbel, Dağüzü, Eçara ...) məktəb açılmışdır. 30-cu illərdə Ostayır (1930), Köryədi, Bürzünbül (1932), Bilnə, Alar (1933), Perimbel 91939) və digər kəndlərdə məktəblər fəaliyyətə başlamışdır. Sonrakı illərdə isə demək olar ki, rayonun bütün kəndlərində məktəblər açılmışdır.

Yardımlı rayonunda məktəblərin yaradılmasında, təhsilin inkişafında lənkəranlı müəllimlərin böyük payı vardır. Lənkəranlı İskəndər Əkbər oğlu Talışinski Yardımlının (Vərgədüzün) həm ilk müəllimi, həm də ilk Maarif (Təhsil) Şöbə müdiri olub. 1981-1988-ci illərdə (I katib) və 1993-1999 (İcra Başçısı)-cu illərdə Lənkərana rəhbərlik etmiş Dilruba Camalovanın (1938-2009) valideyinləri Cəbrayıl Xalıq oğlu Camalov və Maral Teymurxan qızı Camalova (Talışinskaya) Yardımlıda müəllim işləmişlər.

Cəbrayıl Camalov Bərcan, Ostayır kənd məktəblərində direktor, Yardımlı qəsəbə (M.F.Axundov adına) məktəbində müəllim işləmişdir. 1969-cu ildə dünyasını dəyişmiç və Yardımlı qəsəbə (indi şəhərdir) qəbiristanlığında dəfn edilmişdir. Maral Camalova isə Bərcan kəndində müəllim, daha sonra isə direktor vəzifəsində çalışmışdır. O, 1950-ci ildə, 37 yaşında vəfat edərək Bərcan kənd qəbiristanlığında dəfn edilmişdir. Sonradan Dilruba Camalova tərəfindən valideyinləri Cəbrayıl və Maral Camalovların nəşi Lənkərana gətirilmiş və onlar şəhərin Təzə qəbiristanlığında (Aeroport yaxınlığında) dəfn edilmişlər.

Lənkəranlı Ağasəf Rəhim oğlu Rəhimov (1909-1988) 1928-ci ildə Lənkəran Pedaqoji Məktəbini (indiki Humanitar Kolleci) bitirdikdən sonra təyinatla işləmək üçün Yardımlı rayonuna göndərilmiş, orada müxtəlif məktəblərdə müəllim, direktor, Rayon Xalq Maarif Şöbəsində (Təhsil Şöbəsi) metodist-inspektor, Maarif Şöbəsinin müdiri, rayonda çıxan "Yeni kənd" (indiki "Zirvə") qəzetinin redaktoru işləmiş, əməkdar müəllim fəxri adına layiq görülmüşdür. o, 1988-ci ildə vəfat etmiş və Yardımlı qəsəbə 9şəhər) qəbiristanlığında dəfn olunmuşdur.

Qeyd edim ki, Ağasəf Rəhimov xalq şairi Qabilin və general-mayor Abbasəli Novruzovun qaynatasıdır. Qabil 1948-1951-ci illərdə Yardımlı kənd məktəbində (indiki M.F.Axundov adına şəhər 1 saylı tam orta məktəb) müəllim işləyərkən iş yoldaşı Bəyim Ağasəf qızı Rəhimova ilə ailə həyatı qurmuşdur.

Hazırda Yardımlı rayonunda 80 ümumtəhsil məktəbi vardır ki, bunun 46-sı tam, 18-i ümumi, 16-sı ibtidai məktəbdir. Məktəblərdən 2-si Yardımlı şəhərində yerləşir. Bu məktəblərdə oxuyan 8947 şagirdin təlim-tərbiyəsi ilə 668 müəllim məşğul olur. Ümumtəhsil məktəblərindən başqa rayonda 2 Peşə Məktəbi və Uşaq Musiqi Məktəbi də vardır.

Sovet dönəmində rayonda 186 saylı Texniki-Peşə Məktəb və müstəqilliyimizin ilk illərində isə Azərbaycan Beynəlxalq Universitetinin Yardımlı filialı fəaliyyət göstərmişdir. 186 saylı Texniki-Peşə Məktəb 1977-ci ildə Masallı rayonunun Bədəlan kəndində yerləşən 137 saylı Texniki-Peşə Məktəbinin filialı kimi fəaliyyətə başlamış, 1983-cü ildən 186 saylı Yardımlı Kənd Orta Texniki Peşə Məktəbinə çevrilmişdir.

İldırım ŞÜKÜRZADƏ, 
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?