• 9 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9056 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3101

Qan Köçürmə İnstitutunda keçirdiyim bir gün: müşahidələrim məni dəhşətə gətirdi

12:22 07/07/20 | Sosial

Qan Köçürmə İnstitutuna uzun illər siyasi xadim Kamran Hüseynovun qardaşı tibb elmləri doktoru, professor  Gürşad Hüseynov rəhbərlik edib. Son beş il ərzində bir neçə direktorun fəaliyyəti ilə tanış olmuşam. Hər gələn direktor döşəməyə metlaq döşətdirir, işıq çəkdirir. Bir sözlə xırda təmir elətdirir.

Bu xəstəxanada olan çarpayılar, stol və stullar, tibbi ləvazimatlar, aparat və cihazlar, özəl klinikalardan fərqli olaraq sovetdən qalmadır. Yəni keçmiş baş həkimdən qalmadır.


Hansıki dövlət hər bir tibb müəssisələrinə hər il kifayət qədər pul ayırır. Şəkildə gördüyünüz bu otaqda xəstələr üçün qan köçürürlər. Hər gün yüzlərlə talassemiyalı xəstələr bu xəstəxanada müalicə olunur, qan azlığı olan xəstələr donorların sayəsində həyata qayıdırlar.

Qardaşım Niyaz da qan azlığından əziyyət çəkir. Dünən biz xəstəxanada olduq. Səhər saat  9-dan növbə gözləyən və qan azlığından halı birtəhər olan Niyaza yaxınlaşıb, «niyə bu qədər gözləyirsən?» dedim .
O isə bildirdi ki, bu darısqal otaqda üç çarpayı var, ikisi qırılıb, üç stol da qoyublar ki, kim istəsə ona oturaq vəziyyətdə qan vururlar. «Növbəni gözlə» deyib mənimlə heç maraqlanmırlar da.
Xəstələrin yiyələri isə tibb bacılarının, qəbulda oturanların xələtinin cibinə əl saldıqdan sonra növbələr mənə geç çatır. Allah heç kəsi yiyəsiz etməsin. Şöbə müdirinə iradlarımı bildirdim ki, «hər həkim iki geniş otağı özəlləşdirib? Bəs bu xəstələr ara məsafəni beləmi saxlayırlar? Axı bu basabasda pandemiya şəraiti yaradırsınız».

Şöbə müdiri isə dedi ki, «keçən dəfə səninlə getdik baş həkimə də bildirdim. Mən neyləyim».
Direktor isə təzə təyin olunub. İki dəfə kabinetinə qalxsam da katibəsi bir dəfə bildirdi ki, «direktor «abxod»dadır. Xəstələri yoxlayır». İkinci dəfə isə dedi ki, «nazirlikdədir».

İradlarımı çatdırmağı xahiş etdim.
İndi isə direktora bir neçə təkliflər deyəcəyəm. Təzə direktora həkimlər bəlkə də bu çatışmazlıqları bildirmirlər. 
Katibə dedi ki, - mütləq sizinlə əlaqə saxlayacağıq - deyib məni də bir bəhanəylə yola saldı.
Amma başqa bir tibb bacısı sanki mənə ürəyi yanaraq dedi: - Mənim adım olmasın, Eldar həkim iki otaq zanit edib. Yoxlasalar nə qədər palata və kabinetlər boşdur.

Baxış otağı isə saat 4-ə qədər boş idi. Fikirləşdim ki, bəlkə həkimlər pul verib otaq alıblar? Onsuzda hər yerdə özəlləşmə gedir. Bu qədər xəstələr otaq dərdindən niyə gözləsinlər? 
Bu boyda Qan Köçürmə İnstitutunda, (indi adı olub hematologiya) iki geniş otaq ayırmaq olmazmı?  

Nəhayət ki, bir otaqda müvəqqəti çarpayı ayırdılar. Həmin otaqda oturan şöbə mudiri cavan yaşlı həkim dilləndi. Burdan çıxın pasiyentimi qəbul edirəm, burda olmaz.

Nəhayət ki, digər boş otaqda yerləsdik. Həkimlər iki olan kimi şabaş deyib evlərinə tələsirdilər.

Qan vurulmaq üçün şəkildə gördüyünüz dəmir asılqanı gətirdilər. Mətanət adlı tibb bacısı gülərək dedi, Bax indi qardaşına qan vuracağam…

Niyaz isə mənə yavaşca dedi ki, bu tibb bacısı keçən dəfə də venamı deşik-deşik etdi, sonra Tanya xanım gəlib düzəltdi. Tanya xanım isə beş nəfər xəstəyə qan köçürürdü. Vaxtı yox idi.  
Mətanət xanım axırki damara düşdü. Və qan getməyə başladı. O dərhal otağı tərk edərək o biri xəstələrə baş çəkməyə getdi. Qan gedir, yenidən dayanırdı. İki dəfə tibb bacısını çağırdım ki, bu nə deməkdir, bu qan hara gedir? 
Tibb bacısı gülərək, - birinci dəfə deyilki? Narahat olma. Görürsən də bu asılqan sovetdən qalmadır, - deyərək o birisini gətirib, dedi ki, kömək et dəyişək.

Tibb bacısı Mətanət yenə xəstəni Allahın ümidinə buraxdı. 15.00 olsa da kolidorda şöbə müdirinin ləngərləyərək getdiyini görəndə dilləndim ki, bu tibb başçısı bəlkə iynəni damara sala bilməyib. O da digər bir tibb bacısına nəsə deyib evinə tərəf yollandı. Məcbur oldum əsəbləşməyə və tibb bacısı Tanya adlı xanımı çağırdım. Bir saatdan çox damarında iynə qalmış xəstə isə pərişan və həyəcanlı idi. Tanyanı cağırın, dedi. Sağ olsun Tanya xanım. Təcrübəli və savadlı tibb bacısı olan Tanya xanım xəstəyə baxarkən - ay zaraza-  deyərək tez kəpənək deyilən iynəni xəstənin şişmiş damarından çıxartdı və dedi: - Aptekdən bir kəpənək alın tez gətirin. Bizdə yoxdur. 
Tələsik küçədə olan aptekdən yeni sistem üçün şlanq və sair alıb gətirdim. Tanya xanım xəstənin şişmiş damarını bağladı və əlinin üzərindən yoxlayıb dərhal venanı tapdı və damara düşərək dedi: - Qorxmayın, əlinizi tərpətməyin, deyərək asılqanı yuxarı qaldırdı. Qan xəstənin damarına yayıldıqca hiss edirdim ki, Niyazın yanında olmağımdan çox ürəklənmişdi. Nə yaxşı ki, gəlmişdim. Heç 20 dəqiqə keçmədi ki, qan tamam xəstəyə köçürüldü. Hansı ki, bir saat idi ki, qan ilişib damarla ətin arasında fır bağlamışdı.
Tanya xanıma dönə-dönə təşəkkür etdim.
Hər kəs gərək öz sənətini bilsin, Tanya kimi tibb bacıları çox vaxt ali təhsil almış həkimlərdən çox bilir.
Fikirləşirəm ki, bilməməzlikdən nə qədər xəstələrimizi bu tibb bacıları və naşı həkimlərimiz öldürür. Yaxşı yadımdadır. 1990-cı ildə qaynatamı mərkəzi kəndçi balinası adlandırılan 4 nömrəli xəstəxanada damarına sistem vurularkən tibb bacısının naşılığından öldürdülər. Həkimlər dərhal yazdılar ki, ay şəkəri qalxıb və ya insult keçirib, nə qədər etdik kömək edə bilmədik.
Odur ki, hər bir həkim və tibb bacısı vicdanla işləsələr hər birimizin qəlbi də sevinər. Pandemiya  dövründə işləyən vicdanlı həkim və tibb işçilərinə sağ ol düşür. Həqiqətən də onlar özlərini riskə ataraq xəstələrə qulluq edir, müalicə edirlər.
Dövlətimiz də onların əmək haqqını xeyli artırıb. Bizlər isə Aidə, Sara, Tanya adlı tibb bacılarının qədrini bilməliyik. 
Allahdan xəstələrimizə şəfa, həkimlərimizə savad, tibb işçilərinə məsuliyyət və ləyaqət arzulayıram. Onu da qeyd edim ki, xəstələri pula görə əməliyyat edən və ölümünə əvvəlcədən qol cəkdirməklə özlərini sığortalayan ağ xalatlı canilərin isə bəzən heç biri mühakimə olunmur. Maraqlıdır, niyə?...

Rauf İLYASOĞLU

Caner Erkin “Beşiktaş”dan ayrılıb



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?