• 2018.11.21

Ağcabədidə 10 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Baxış sayı: 75
16:25 01/09/18 | Gündəm

Sentyabrın 1-də saat 15:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 16:23-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Ağabəyli kəndində əl qumbarasının və patronların tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Azadaz-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə yol kənarına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 10 ədəd partlamamış hərbi sursat (1 ədəd “F-1” əl qumbarası və 9 ədəd patron) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1-dən sentyabrın 1-dək ANAMA tərəfindən 3606 partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə on mina və 73 kiloqramlıq partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 117 min 15 kvadratmetr ərazi yoxlanılıb.