• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

Milli mətbuatımızın məktəb və ənənəsi

10:12 23/07/20 | Gündəm

Bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən 145 il keçir

Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur. İlk mətbu orqanımız "Əkinci”nin  işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq, "Əkinçi”, "Ziya”, "Kəşkül”, "Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər.

Ötən yüzilliyin sonlarında isə müstəqilliyini bərpa edən xalqımız əsrlər boyu qoruduğu milli dəyərləri və unikal xüsusiyyətləri bütün dünyaya təqdim etmək imkanı qazandı. İndi artıq bizi hər kəs doğru-düzgün, olduğumuz kimi tanımağa, qəbul etməyə başlayıb. Ulu əcdadlarımızın bizə miras qoyduğu üstün dəyərlər əsrlər boyu qorunub, inkişaf etdirilib və nəsillərin yaddaşlarına hopub. Xalqın soy kökündən gələn dəyərləri isə məhv etmək mümkünsüzdür.

Milli-mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən 145 il keçir. Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, dünyanın bütün xalqları gec-tez öz tarixinə iftixarla yazır: filan vaxtda bizdə ilk məktəb açılmışdır... Birinci qəzet, birinci jurnal, birinci kitab nəşr edilmişdir... Hər bir xalqın öz ana dilində ilk qəzet oxuması, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya isə XVIII əsrin ilk illərində yaratdığı halda, Azərbaycan buna ancaq 1875-ci ildə nail ola bilir. Feodal mütləqiyyəti və orta əsr geriliyi səbəbindən “Əkinçi”nin mənsub olduğu xalqın intizarı çox uzun çəkir.

Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli oyanışın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa öz güclü təsirini göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Həsən bəy Zərdabi “Əkinçi”ni nəşr etdirməklə, Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu. “Əkinçi” Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını “Əkinçi” qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Xalqımızın ana dilində oxuması çox əlamətdar bir hadisə idi. “Əkinçi” də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Böyük ziyalı, işıqlı insan H.Zərdabi həyatı boyu, qəzetin səhifələrindəki yazı ilə xalqına fayda verməklə yanaşı, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoydu, xeyriyyə cəmiyyəti açdı, Bakı Realnı Məktəbində müəllimliyi və maarifçiliyi inkişaf etdirdi. O, zəhmətkeş xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. H.Zərdabi yazırdı: “Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki... Qəzeti çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin... Heç olmasa ki, doğru söz yerdə qalmasın”.

XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün “Əkinçi” çox böyük və mühüm bir mənbə idi. Qəzetin “Daxiliyyə”, “Elm xəbərləri”, “Mətbuat”, “Əkin və ziraət xəbərləri” və “Əfhali-əhli-dehat” bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. H.Zərdabi müxtəlif rubrikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostları Seyid Əzim Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır, məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. “Əkinçi”yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri - qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və digər məsələlər əsas yerlərdən birini tuturdu. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.Zərdabi ilə söhbətində belə demişdi: “Doğrusu, siz əsl qəhrəmansınız. Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvənizə heyranam. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz”.

Xalqımız müxtəlif tarixi dönəmlərdə ayrı-ayrı imperiyaların tərkibində yaşamasına baxmayaraq, nə dilini, nə dinini, nə də adət-ənənəsini itirmədi. Bütün bu dəyərlər mətbuatımızın yaşamasında və inkişafında öz real təcəssümünü tapdı. “Əkinçi” özündən sonra “İrşad”, “Həyat”, “Azərbaycan” qəzetlərinin, “Molla Nəsrəddin” jurnalının meydana çıxmasına yol açdı. İctimai fikir və mətbuat tariximizdə Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhman bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi şəxsiyyətlərin yeri və rolu əvəzsizdir. Onların ideya və baxışları sırf azərbaycançılıq məfkurəsi ilə yoğrulmuşdu, xalqı, milləti maariflənməyə, milli-mənəvi dəyərlərə yiyələnməklə bəşəri yüksəlişə və inkişafa səsləyirdi. Məhz bu səs-sədanın gücü ilə XIX əsrin ikinci yarısından başlayaraq XX yüzillikdə xalqımızın ictimai-siyasi və mədəni həyatında ölçüyə sığmayan inkişaf baş verdi.

Xalqı ideya və məfkurəcə maarifləndirməyin yeganə yolu yalnız və yalnız mətbuatdan və dövri nəşrlərdən keçirdi. Böyük naşir, tanınmış dramaturq C.Məmmədquluzadənin nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalı nəinki Azərbaycanın, bütün Şərq dünyasının mətbuat tarixinin nadir sənət incisidir. Bu jurnal siyasi və ideoloji sistemdə deyil, şüurda, düşüncədə, həyat və yaşam tərzində inqilablar edib.

Artıq böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız 145 il ərzində öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Bu münasibətilə bütün həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçilyimizin möhkəmləndirilməsinə, milli maraqlarımızın qorunmasına, həqiqətlərimizin təbliğinə   töhfələrinin davamlı olmasını arzulayırıq.

Tofiq SEYİDOV

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?