• 12 Avqust 2020
  • Dollar: 1.7 , Avro: 1.9032 , Rus rublu: 0.0261 Türk lirəsi: 0.3104

SADİQLİK

10:26 28/07/20 | Mədəniyyət

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

(Müasir nağıl-hekayə)

Hə, mənim əzizlərim, sizə kimdən danışım, kimdən deyim, yer üzündə olan cənnət məkan məmləkətlərdən birindən və onun camaatından. Bu məmləkət özü nə qədər gözəl, füsunkar olsa da, adamları da o qədər sadəlövh, heç vaxt aralarında birlik olmayan, rüşvət, yerlibazlıq, tayfabazlıq, sadəlövhlük xəstəliyinə tutulan adamlar idilər. Və bu biçarələrin çoxusu o qədər müti, o qədər hər şeyə inanan idilər ki, vur başlarına qapazı, al çörəklərini əllərindən, sənə bir kəlmə də ağır söz deməzdilər. Fikirləşərdilər ki, elə belə də olmalıdı. Onları belə gözüqıpıq eləyən isə bu məmləkətdə uzun illər ağalıq eləyən hökmdarları idi. Hakimiyyəti əlinə aldığı ilk illərdən o, bu məmləkətin kişilərini qorxu altında saxlayaraq başı qapazlı eləmişdi. Artıq söz danışanın isə köklü-köməcli nəslini kəsib, özünü də axtalatdırırdı. Və belə rəvayət edirlər ki, qoca yaşında bu hökmdar millətinin sadiqliyini bir daha yoxlamaq üçün onu yeni imtahanlara çəkir. Bir gün əyan-əşrəfi yanına yığıb deyir:

- Həzarat! İstəyirəm, xalqımın mənə sadiqliyini yoxlamaqçün onu yeni imtahanlara çəkim.

Əyan-əşrəf yaltaqlıqla təzim edib deyir:

- Necə bilirsiz, elə də olsun, ulu hökmdar. Bizim Allahımız, Siz yer üzünün ən ağıllı hökmdarı və əşrəfisiniz. Sizin hər sözünüz bizimçün Quran ayəsidi.

- Onda əmr edirəm. Sabahdan hər şeyin qiyməti tən yarı artırılsın. Görüm, mənim xalqım bu əmri necə qarşılayır. Özünüz də sabahdan çıxın millətin içərisinə, görün nə danışırlar.

Elə səhəri günü sübh tezdən əyan-əşrəf təğyir-libas olub qarışırlar adamların arasına. Xalqdan hökmdara qarşı şikayət, qarğış, etiraz eşitsələr də, hər şeyi qulaqardına vurub, saraya gəlib yalan söyləyərək dedilər:

- Ulu hökmdar, yer üzünün əşrəfı olan dahi şəxsiyyət, xalq sizin əmrinizi çox böyük sevinclə qarşılayıb. Uşaqdan böyüyə hamı sizin canınıza dua edir. Hamı deyir ki, bu mərhəmətinə görə Allah hökmdarımızın canını sağ eləsin. Allah bizim ömrümüzdən kəsib onunkuna calasın. Bu günümüzə də min şükür.

Əyan-əşrəfindən bu sözləri eşidən hökmdar özündən razı, bir müddət beləcə gəzdi. Bu müddətdə də xalqdan da heç bir narazıçılıq, inciklik eşidilmədi. Hamı başını aşağı salıb, bir tikə çörək pulunu qazanmaqçün gecə-gündüz işləyirdi.

Bir müddət də belə keçəndən sonra əhval-ruhiyyəsi yaxşı olan, gününü kefdə-damaqda, eyş-işrətdə, öz hərəmləri arasında keçirən hökmdar yenə xalqını imtahana çəkmək istədi. Bu dəfə əmr elədi ki, hər şeyin qiyməti iki dəfə də artırılsın. Ölkəyə gələn, ölkədən çıxan mallara da böyük miqdarda gömrük xərci qoyulsun.

Hökmdarın əmri yenə də Quran ayəsi kimi xalqa çatdırıldı. Yenə də xalqdan heç bir narazılıq, inciklik eşidilmədi. Meydanlarda, küçələrdə aşıqlar, şairlər, dərvişlər hökmdarı tərifləyir, mədhiyyənamələr deyirdilər. Bütün bunları öz gözləri ilə görən hökmdarı təəccüb bürüdü. Oturub fikirləşdi və öz-özünə dedi:

- Mən ki, uzun illərdi bu xalqa belə zülm eləyirəm, onun başında turp əkirəm, əcəba, bu xalq axı niyə mənə güldən ağır söz demir? Yalnız tərifləyir. Tərifləyir... Doğrudanmı, xalqım məni belə çox sevir? Hər əmrimə belə cani-dildən qulaq asır, əməl edir. Bəlkə əyanlar məni aldadır? Gedim özüm xalqımla görüşüb, söhbət eləyim. Özüm də başa düşürəm ki, sözdən başqa hər şeyin baha olduğu bu məmləkətdə yaşamaq mümkün deyil.... Bəlkə bu millətin artıq hamısı ömrünü mənə qurban verib, o dünyalıq olublar?.. Axı bunların çoxu tez-tez bu sözləri deyir: “Allah bizim ömrümüzdən kəsib, Sizin ömrünə calasın ey yer üzünün günəş olan Hökmdarımız”. Bəlkə həqiqətən məddahlardan, əyan-əşrəfdən başqa bu məmləkətdə heç kim qalmayıb? Köçüb başqa məmləkətə gediblər?

Hökmdar hamıdan xəbərsiz-ətərsiz faytona minib, gömrük məntəqəsinə sürdürdü. Gördü ki, gömrük məntəqəsində çox böyük növbə var. Hamı da kişili-arvadlı şalvarlarını, tumanlarını çıxarıb, durublar. Bu mənzərəni görən hökmdar əvvəl çaşdı. Sonra da böyük maraqla faytonu lap axırda dayanan qoca bir kişinin yanında saxlatdırıb, onu yanına çağırtdırdı. Qoca kişi hökmdarı tanıyıb, əlləri şalvarında ona təzim elədi. Hökmdar maraqla qocadan soruşdu.

- Bu nədi, ay qoca? Niyə bu camaat şalvarını, tumanını aşağı çəkib, belə böyük növbə ilə durublar?

Qoca müdrik adam olduğuna görə fikirləşdi ki, hökmdara həqiqəti olduğu kimi başa sala bilməyəcək. Daha doğrusu, hökmdar əsl həqiqəti qəbul eləməyəcək. Ola bilər ki, hətta əsl həqiqəti eşitdiyinə görə elə qocanı nəsillikcə bir anın içərisində o dünyaya göndərtdirəcək, ya da axtalatdıracaq. Buna görə də həyatın hər üzünü görən müdrik qoca, bicliyə, siyasətə əl atıb hökmdara dedi:

- Hökmdar sağ olsun, vallah, bizim heç nədən şikayətimiz yoxdu. Heç nədən də narazı deyilik. Qiymətləri belə qaldırmaqda çox düz iş görübsüz. Ən müdrik, uzaqgörən hökmdarlar həmişə xəzinəni xalqın hesabına, qiymətləri artırmaqla doldururlar. Bilirik ki, sizin də, əyan-əşrəfin də xərci-xəcarəti çoxdu. Xarici səfərlər, müalicə xərcləri. Məmləkətimizə gələn qonaqlara ziyafət məclisləri. Bayram şənliklərinə, yubileylərə çəkilən xərclər. Canım sizə desin, daha nələr, nələr... Bütün bunları əlbəttə ki, xalq ödəməlidi. Qiymətlər də belə baha olmalıdı ki, xəzinə xalqın hesabına dolsun. Torpaqlar da çox baha qiymətə satılmalıdı ki, onun qədrini bilsinlər. Və belə olanda, torpağı yadellilərə qoyub qaçmazlar... Onun qədrini bilərlər. Bir də xalqın ağzı nədi ki, Siz qoyduğunuz vergini ödəməsin. Əgər bu məmləkətin hətta havasını belə uduruqsa, ona görə vergi ödəmək borcumuzdu. Axı Siz bu xalqın həm günəşi, həm havası, həm də Allahısız. Ancaq bir şeydən narazıçılığımız var, ey adil hökmdar.

- Nədən narazısız, - deyə hökmdar maraqla soruşdu.

- Bu gömrük məntəqəsində “iş görən” ancaq bir nəfər, iki nəfərdi. Olar da vaxtında “işini görüb” qurtara bilmirlər. Özü də orta yaşlı olduqlarına görə “belləri tez boşalır” və yorulurlar... Ona görə də belə böyük növbə yaranır... Əgər mümkünsə, onların sayını artırasız. Cavan olsalar, daha yaxşıdı. Tez-tez “işlərini görərlər”, camaat da belə çox vaxt itirməz. Onsuz da saatlarla acından ayaq üstündə durmağa heç kimin nə heyi var, nə də taqəti... Bütün günü də sizə dua edirik. Allah bizim ömrümüzdən kəsib, sizinkinə calasın. Bir daha sizdən təvəqqe edirik ki, bu gömrük işçilərinin sayını artırın. Artırın ki, qoy “işlərini” tez-tez görə bilsinlər. Yoxsa növbədə saatlarla belə çılpaq durmaqdan, böyrümüzü, qasığımızı,

ayaqlarımızı soyuq aparır. Həm də bizim bu məmurlara öz “bədənimizi verməkdən” başqa daha heç nəyimiz qalmayıb...

Müdrik qocanın bu sözləri hökmdara ildırım kimi toxundu. Elə bil onu iki yerə böldü bu sözlər. Hökmdar faytonu tez geri sürdürüb saraya gəldi. Bütün yaltaq əyan-əşrəfin hamısını saraydan qovdu. Əmr verib, hər şeyin qiymətini əvvəlkindən də iki qat ucuz elətdirdi. Ölkəyə gələn malların gömrük xərcini bütövlükdə yığışdırdı. Ölkədən çıxan mallara isə cüzi xərc qoydu. Özünün və əyan-əşrəfın xalqdan oğurladıqlarının hamısını kasıb-kusuba, yetim-yesirə paylatdırdı. Sonra da həmin müdrik qocanı tapdırıb, saraya gətirtdi. Diqqətlə qocaya baxıb dedi:

- İndi necə, xalq məndən razıdımı, ey qoca?

- Ulu hökmdar, indi mən məcburam ki, əsl həqiqəti sizə deyim. Əvvəl xalq qorxusundan, xalaxətrin qalmasın deyə, qırıla-qırıla sizə dua edirdi. Ürəyində isə sizi söyürdü. İndi isə ürəkdən, cani-dillə sizə dua edir. Bundan sonra xalq sizi həqiqətən qoruyacaq. Sizə həqiqətən arxa olacaq. Siz indi doğrudan da xalqa xidmət edirsiz. Çünki bu məmləkətdə rüşvətin kökünü kəsibsiz. Tayfabazlığı, yerlibazlığı yığışdırıbsız. Əvvəl isə xalq sizə, əyan-əşrəfınizə qorxudan məddahlıq edirdi. İstəməsə də, yalandan üzünüzə gülürdü. Mən onları qınamıram. Axı, ehtiyac elə şeydi ki, hər kişi axıra qədər ona tab gətirə bilmir. Biri balalarının, biri özünün, qohumlarının gələcək taleyini fikirləşib sınır. Birinin də elə xəmiri nəsillikcə belə yoğrulub. Dədə-babasından başlayaraq, hər hökmdara, əyan-əşrəfə palan olublar.

- Ey qoca, belə açıq danışığına görə bu gündən səni özümə baş vəzir təyin edirəm. Vaxtı itirmə. Elə bu gündən xalqın ən ağıllı, ən bacarıqlı, ən sevimli, ən etibarlı oğullarını, qızlarını saraya topla. Hər kəsə bacardığı işi, vəzifəni tapşır. Qoy bu gündən milli bərabərlik olsun. Mən indi başa düşmüşəm ki, çox səhv eləmişəm. Xalqıma olmazın zülmlərini vermişəm. Bu, yaltaq, ikiüzlü, yarıtmaz əyan-əşrəflər, məddahlar, eləcə də qohumlarım məni yaman aldadıblar...

Qoca, hökmdarın əmrinə əməl elədi. Xalqın ən etibarlı, ən ağıllı, ən işgüzar oğullarını-qızlarını saraya yığıb hər kəsə öz bacardığı işi tapşırdı. Bundan sonra xalqdan heç nə gizlədilmədi. Hər şey açıq-açığına xalqa deyildi. Hər işin doğrusu da, yalanı da...

Belə rəvayət edirlər ki, həmin məmləkət qısa bir vaxtda dünyanın ən qüdrətli, ən qüvvətli, ən basılmaz bir ölkəsinə çevrildi. Heç bir xalq, heç bir dövlət qorxusundan onun torpaqlarına, var-dövlətinə göz dikə bilmədi. Bu məmləkətin adamlarının mehribanlığını, milli birliyini görən ulu Tanrı da onlara o qədər var-dövlət göndərdi ki, onu yığıb-yığışdırmaq belə mümkün olmadı...

Hökmdar isə bu məmləkətdə əbədi yaşadı, yaşadı... Xalq bundan sonra doğrudan-doğruya onun başına and içdi. Onu həqiqətən özünün xilaskarı, sərkərdəsi bildi və qorudu.

Dərbənd şəhəri
Sentyabr, 1999-cu il

Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?