• 2018.11.21

Misir BMT-nin insan hüquqları üzrə ali komissarının bəyanatını qətiyyətlə pisləyib

Baxış sayı: 36
08:00 10/09/18 | Dünya

Misir hökuməti ölkədə qadağan edilmiş “Müsəlman qardaşlar” terror təşkilatının 75 üzvü barədə bu günlərdə Qahirə Cinayət Məhkəməsinin çıxardığı ölüm hökmü ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin bəyanatını qətiyyətlə pisləyir.

Azadaz xəbər verir ki, Misir XİN-in bəyanatında ali komissarın obyektivlik və peşəkarlıq meyarlarından, həmçinin tutduğu beynəlxalq vəzifə səlahiyyətlərindən uzaqlaşdığı bildirilir. Qeyd olunur ki, bu, komissar Mişel Baçeletin fəaliyyətində uğursuz başlanğıcdır.

Misirin xarici siyasət idarəsi M.Baçeletin məhkum olunanların törətdiyi cinayətin ağırlığına, təqsirsiz insanların, hüquq mühafizə orqanları əməkdaşlarının qətlinə məhəl qoymayaraq, ölkənin məhkəmə orqanlarının qərəzsizliyinə kölgə salan və onları “Müsəlman qardaşlar” terror təşkilatının fəallarına qarşı repressiyada ittiham edən mülahizələrini təkzib edir və yolverilməz sayır.

Bununla yanaşı, XİN məhkəmə orqanlarının qanunun aliliyi prinsipinə tam sadiq olduğunu təsdiqləyir.

Misir BMT-nin insan hüquqları üzrə ali komissarını gələcək mövqeyində qərəzsizlik və peşəkarlıq nümayiş etdirməyə və insan hüquqları üzrə qurumun möhkəmlənməsində diqqətini cəmləməyə, həmçinin BMT nizamnaməsinin norma və prinsiplərinə müvafiq olaraq öz səlahiyyətlərinə sədaqətli olmağa çağırıb.

Xatırladaq ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Misir məhkəmə sistemini məhkumların əsas hüquqlarına etinasızlıqda ittiham edib və ölkəni “Müsəlman qardaşlar” terror təşkilatının liderlərinə və digər üzvlərinə qarşı ölüm hökmünü tətbiq etməməyə çağırıb.

Asya Hacızadə