• 2018.11.21

Keçmiş boksçu Oskar de la Xoyya ABŞ-ın növbəti prezidenti olmaq fikrinə düşüb

Baxış sayı: 67
05:00 11/09/18 | Gündəm

Dünya Boks Şurasının (WBC), Beynəlxalq Boks Federasiyasının (IBF) və Dünya Boks Təşkilatının (WBO) versiyaları üzrə müxtəlif çəki dərəcələrində keçmiş dünya çempionu Oskar de la Xoyya 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə seçkilərdə öz namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.

De la Xoyya TMZ xəbər portalına müsahibəsində deyib: “Mən peşəkar boksçu olandan bəri milyonlarla insan məndən soruşub, nəyə görə mən seçkilərdə onları təmsil etməyə cəhd göstərməyim? Nəyə görə mən ayağa qalxıb öz səsimi ucaltmayım? Axı aşkar görünür ki, sən yalnız prezident olmaqla ən çox sayda insanlara yol tapa bilərsən”.

Keçmiş boksçu nümunə kimi prezidentlik ambisiyalarını bəyan etmiş repçi Kanye Uestin adını çəkib.

Azadaz TASS agentliyinə istinadla keçmiş boksçunun bu sözlərini sitat gətirir: “Mən həqiqətən çox ciddi ovqatdayam və hesab edirəm ki, əgər Kanye Uest nə vaxtsa prezidentliyə namizədliyini irəli sürəcəyini söyləyə bilirsə, buna görə az qala bütün dünyanı cırnada bilirsə, mən nə üçün belə edə bilmərəm”.

Vaxtilə ən güclü boksçulardan biri olmuş de la Xoyya yüngül çəki dərəcəsindən orta çəki dərəcəsinə qədər müxtəlif çəki dərəcələrində çıxış edib. Peşəkar rinqdə 45 döyüş keçirən de la Xoyya həmin döyüşlərdən 39-da (o cümlədən 30-da nokautla) qalib gəlib və 6 dəfə məğlub olub. Atlet boksçu karyerasını başa çatdırandan sonra promouter fəaliyyəti ilə məşğul olmağa başlayıb.

ABŞ-da prezident seçkilərində səsvermə 2020-ci il noyabrın 3-də keçiriləcək. Keçmiş vitse-prezident Co Bayden və keçmiş dövlət katibi Con Kerri, habelə Merilend ştatından ABŞ Konqresini Nümayəndələr Palatasının üzvü Con Dileni prezident kürsüsü uğrunda mübarizədə iştirak etmək niyyətini bildiriblər.