• 2018.11.21

Hikmət Babaoğlu: Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi

Baxış sayı: 59
22:00 26/09/18 | Siyasət

Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və elə bu səbəbdən beynəlxalq təşkilat buna qiymət verməlidir. Əks təqdirdə, istənilən işğalçı terrorist özünü baş nazir kimi təqdim edib istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər. Məsələ bundadır ki, BMT Baş Assambleyası tamamilə fərqli gündəliklə toplansa da, Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Ancaq unudur ki, Ermənistanın işğalçı ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT Nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ziddir.

Bu fikirləri Azadaz-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, əgər bu gün Paşinyanın belə hərəkətlərinə BMT və onun mandat verib, Qarabağ probleminin həlli ilə bağlı vəzifələndirdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmasa, bu cür hadisəyə hüquqi qiymət verilməsə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaqlar?! Heç olmasa nə qədər gec deyil BMT onsuz da özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun.

Milli Məclisin deputatı qeyd edib ki, Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır. Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi isə dünya siyasətindəki ikili standartlar və islamofobiya mərkəzlərinin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq, Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri və resursları səfərbər edir. “Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək görərik ki, işğalçı ölkənin baş nazirini isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır”, - deyə H.Babaoğlu bildirib.