• 2018.12.15

Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Baxış sayı: 65
23:00 28/09/18 | Xarici Siyasət

Sentyabrın 28-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azadaz-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda Prezident Emoməli Rəhmon Tacikistanın sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verdi. O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Emoməli Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını elan etdi.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirdi. O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verdi və Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırdı.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış etdi.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verdi. Hər iki sənəd yekdilliklə qəbul olundu.

İclasda bəzi prosedur məsələlərə baxıldı.

Sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzaladılar.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına səfəri sentyabrın 28-də başa çatıb.