• 2018.11.21

GƏLİN BİRLİKDƏ ƏDƏBİYYATIMIZI VƏ TARİXİMİZİ ÖYRƏNƏK: “KOROĞLU”   DASTANI

Baxış sayı: 124
14:30 19/10/18 | Mədəniyyət Təhsil

                                                                            “KOROĞLU”   DASTANI
“Koroğlu” dastanı 15 boydan, parçadan, hissədən və ya bölmədən ibarətdir. Orta əsrlərdən başlayaraq aşıqlar  oxuyub-yazmağı bacarmayan insanlar üçün bu dastanı çayxanalarda, toy və gecə məclislərində saz çala-çala, mahnı oxuya-oxuya  söyləyər, ona uşaqlar, qocalar, qızlar və qadınlar da qulaq asaraq ağızdan - ağıza, nəsillərdən - nəsillərə ötürərdilər. Xalqımızın tarixi yaddaşına dərin şəkildə həkk olunmuş və  bizim dövrümüzə qədər gəlib çıxmış bu qəhrəmanlıq dastanını dərindən öyrənmək və qoruyub saxlamaq hər birimizin borcudur. Mən bütün yoldaşlarımı onu diqqətlə oxumağa, öyrənməyə, qorumağa və xarici dillərə tərcümə etməyə dəvət edirəm. Bu gündən başlayaraq  həmin  dastanı hissə-hissə sizə Azadaz saytı vasitəsi ilə danışacağam.

MÜNDƏRACAT:
I. Alı kişinin gözünün çıxarılması. Koroğlunun Çənlibelə köçməsi
2.Dəli Həsənin Koroğluya qoşulması
3.Koroğlunun Nigara aşiq olması və onu qaçırması
4. Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
5.Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
6.Koroğlunun  zülmkar Həsən Paşa ilə  döyüşü, atasının və  xalqın  qisasını alması
8.Eyvazın Əhməd Paşanın qızı Pərizadla evlənməsi və Koroğlunun naibi təyin olunması 
9.Gizir Oğlu Mustafa Bəyin Koroğlunun dəstəsinə qoşulması
10.Bolu Bəyin Koroğlu ilə döyüşü,
11.Həsən paşanın qızı  Dona xanımın Dəmirçioğlu ilə evlənməsi
12. Misir Padşahının oğlu İsabalanın Koroğlunun dəstəsinə qoşulması.
13.Şah Abbasın  Koroğlunun üzərinə qoşun göndərməsi və onunla  döyüşməsi, Koroğlunun qalib gəlməsi 
14.Koroğlunun  odlu silah,tüfəng və topu görəndən sonra özünün igidlik dövrünün  sona çatdığının və  zəif olduğunu etiraf etməsi
15.Çənlibelə qayıdarkən  dağların başından qayaların uçması və Koroğlunun dəstəsinin Çənlibeldə qeybə çəkilməsi


I . Alı kişinin gözünün çıxarılması. Koroğlunun Çənlibelə köçməsi

 Bir vaxtlar Böyük Osmanlı Dövlətinin başçısı olan Sultan Murad  bu ölkənin tərkibinə daxil olan Türküstan vilayətinə Həsən  paşanı başçı təyin etmişdi.  Həsən paşa olduqca qəddar və qaniçən bir vilayət başçısı idi. Adi bir günahı olmayan insanı da qəddarlıqla öldürür və ya gözlərini çıxarırdı. O, əsasən də vilayətin Azərbaycan türklərinə  “qızılbaş”,” səfəvi”  damğası vuraraq zülm edirdi. Həmin vaxt Osmanlı Sultanı ilə Səfəvilər dövləti arasında 100 ildən artıq idi ki, müharibə gedirdi. Bu əyalətinin əhalisinin bir hissəsi  sünnü müsəlmanlar məhzəbinə məxsus olan osmanlı türkləri, bir hissəsi də  şiə məhzəbinə məxsus olan Azərbaycan türkləri, hər iki məhzəbə məxsus olan kürdlər  və azsaylı ermənilər idi. Yerli Azərbaycan əhalisi  vaxtaşırı baş verən müharibələrdən, ağır vergilərdən özünə gələ bilmirdi. Bu ərazilər gah Osmanlı dövlətinin, gah da Səfəvilər dövlətinin əlinə keçirdi və vergi qanunları və qaydaları, pul vahidləri və idarəçilik  tez-tez dəyişirdi. Türküstan vilayətinin  ərazisinə  Qərbi Azərbaycan,  Naxçıvan, Gürcüstanın bir hissəsi,   İrana və Türkiyəyə bitişik dağlıq ərazilər daxil edilmişdi. Bu  ərazilərdə Osmanlı  Sultanı  Sultan Murada məxsus olan   saysız-hesabsız at sürüsü var idi. 
Alı kişi Həsən paşanın ilxıçısı, yəni at sürülərini otaran idi. Bütün at ilxıları Alı kişinin əlində idi. Onun  Rövşən adında cavan  və olduğca qoçaq bir oğlu var idi. Rövşən hələ dünyaya gələn vaxt onun anası uşaq üstündə ölmüşdü. Rövşənə yaxın qohum-əqrabası baxıb böyütmüşdü. Rövşən mədrəsədə oxuyurdu. O,dərsdən qayıdan kimi hər gün atasına at belində yemək aparardı. O, uşaq vaxtlarından atı elə çapırdı ki, sanki at deyil, qartal süzürdü.Yel əsəndə yüngül ağac yarpağı göyə qalxan kimi, o da  bir anda sıçrayıb ata minir, quş kimi süzərək   gözdən itirdi. Hər gün dərsdən qayıdandan sonra Rövşən  atına minib çapa-çapa   dağlara gedər,  anasının və atasının qohumlarının bişirdiyi yeməyi dəsmala  büküb xurcuna (torbaya) qoyar, onu  atasına   çatdırar, çox vaxtını  atası ilə birgə keçirər, onunla nahar edər, buz bulaqların suyundan içərdi. O, hər gün  dağların ətəyində çəmənlikdə oturub istirahət edər, saz çalıb oxuyar, sonra da qaranlıq düşənə yaxın evə qayıdardı. 
Bir gün onun atası Alı kişi  çəmənlikdə, bulaq başında əlini oğlunun başına qoyub soruşdu: ”Oğul Rövşən, de görüm böyüyəndə nəçi olmaq və  kimə oxşamaq  istərdin? 
- Rövşən dərhal  dedi:  “-Ata can, mən böyüyəndə Sultan Məhəmməd Fateh kimi, Şah İsmayıl Xətai kimi dövlət başçısı olub dünyaya səs salacağam, torpaqlarımızı düşmənlərdən qoruyacağam, türk və müsəlman dünyasını birləşdirəcəyəm, düşmənlərimizi  hər yerdə məğlub edib əsl qəhrəman bir qoşun başçısı kimi tanınacağam. Mənim də Sultan Murad və Həsən paşa kimi  saysız-hesabsız əsgərlərim, atım və qoyun  sürülərim  olacaq.  Mən  Osmanlı ordusunun qoşun başçısı olacağam və Osmanlı-səfəvi müharibələrinə son qoyacam. Neçə-neçə  padşahlar  qabağımda diz çökəcək”.  Onun bu sözləri Alı kişini ruhlandırdı.  Alı kişi   Həsən paşaya çox sədaqətlə xidmət edirdi. O  arzu edirdi ki,  sədaqətli ilxıçı kimi   oğlu Rövşənə də gələcəkdə dövlətdə bir görəvli iş verilsin. Lakin Alı kişinin  bütün arzuları puç oldu...
Bir gün isti yay günlərinin birində Alı kişi at ilxısını dağın ətəyində otarırdı. Qəfildən göydən  bir topa qara bulud gəldi. İldırımlar şaqqıldadı, şimşək  çaxdı və şiddətli yağış yağmağa başladı. Qorxudan ilxıda olan atların hamısı kişnəməyə başlayanda Ceyhan çayı (Araz çayı) tərəfdəki dərədən iki vəhşi çöl ayğır atı kişnəyə-kişnəyə sürüyə yaşınlaşdı. Onlar canavar sürüyə daraşan kimi at sürüsünü pərən-pərənə salıb  o tərəf-bu tərəfə qovdular. Nəhayət axtarıb özləri istəyən iki madyana yaşınlaşdılar.  Madyanlar da erkək çöl atlarına mehr salıb onlara qarışdı və dördü birlikdə kişnəyə-kişnəyə xeyli o baş-bu başa qaçışaraq  oynaqlaşdılar və bir-biri ilə çütləşdilər. Alı kişi bu səhnəni  görəndə çox sevindi ki, onun madyanları bir ildən sonra yeni, gözəl, hündür, güclü və zirək  atlar doğacaq. Alı kişi həmin madyan atlara damğa basıb nişanə qoydu və  və onun köməkçisi olan ilxıçıya tapşırdı ki, gözdə- qulaqda olsun, madyanlar doğanda  ona xəbər versin.  Alı kişi özü də bu tarixi yadında saxladı.
Bir ildən sonra həmin madyanlar doğan vaxtı Alı kişi onların yanına gəldi və madyanlar eyni gündə iki bala doğdular. Yeni doğulan at balalarını-qulunları yerə düşməmiş  çadıra bükdülər. O hər gün yeni doğulan qulunlara qulluq edirdi. Qulunların hər ikisi böyüyüb madyan oldular.
Alı kişi hər il  atların ən yaxşılarını seçib sultanın tövləsinə aparırdı. Həmin iki vəhşi atlardan törənən  madyanları da seçib yeni atların içərisində tövləyə apardı. Bir gün Həsən paşadan dostu iki at istəmişdi. Həsən paşa atlara baxmaq üçün özü tövləyə gəldi və Alı kişidən ona hədiyyə vermək üçün iki layiqli at seçməyi əmr etdi. Alı kişi həmin iki yeni doğulan dayçaları ona təklif etdi. Amma Həsən paşa Alı kişinin bu təklifini bəyənmədi.O düşündü ki, Alı kişi onu ələ salır və ya axmaq yerinə qoyur. Ona görə də Alı kişini cəzalandırmaq qərarına gəldi. Buyurdu ki, onun gözlərinə damğa basıb kor etsinlər. Həsən paşanın hökmü ilə Alı kişinin gözlərinə odlu şiş soxub çıxartdılar. Onu gözləri  qanlı-qanlı  evlərinə gətirib atdılar.  O zaman Alı kişinin oğlu Rövşənin 19 yaşı var idi. Rövşən mədrəsədə dərsdə idi. Rövşənə xəbər verdilər ki,onun atasının gözlərini çıxarıblar. Rövşən mədrəsədən çıxıb ağlaya-ağlaya atasının yanına gəldi. Bütün qohumlar və qonşular onlara gəlib ağlaşır, adi bir ata görə insanın gözlərini çıxartdıran qəddar  Həsən paşaya qarqış edirdilər. Rövşən düz 3 gün heç nə yemədi və heç yerə getmədi. Dördüncü gün atası Alı kişi bildi ki, Rövşən heç nə yemir, ona dedi:” Oğul sən çox qeyrətli oğlansan. Mən bilirəm ki, sən mənim və mənim kimi günahsız insanların qisasını Həsən paşadan alacaqsan.  İndi dərd eləmə, gəl yeməyini ye, get bir başa Həsən paşanın evinə. Ona belə de:  “atam sənə ömürlük qulluq eləyib, sən isə iki dayçaya görə atamın gözlərini çıxartdırmısan. Onu heç nə vermədən və ödəmədən ömrü boyu çalışdışı sevimli işindən qovmusan. Heç olmasa həmin iki dayçanı atama bağışla. Atam kordur, heç olmasa, həmin dayçaların köməyi ilə evimizə çərək pulu qazanarıq. Amma oğul bu sözləri elə denə ki, Həsən paşa qəzəblənməsin, yoxsa səni də tutdurub oldürər”.
Rövşən ata minib çapa-çapa  Həsən paşanın sarayına gəldi. Saray darvazasının qarşısında duran keşikçilərə dedi ki, məni Həsən paşanın yanına buraxın, ona sözüm var.  Keşikçilər Alı kişinin oğlu Rövşəni tanıyıb bu haqda Həsən paşaya məlumat verdilər. Bir azdan sonra Rövşəni atın üstündə  içəri buraxdılar. Həsən paşa ondan soruşdu: -De görüm niyə gəlmisən?
Rövşən istədi ki, yüksək səslə Həsən paşanı hədələyərək danışsın. Lakin onun yanında dayanan qızını görcək bir az yumşaldı və sakitcə  dedi: -Sən iki ata görə, mənim  atamın gözlərini çıxarıb onu sevdiyi işindən qovmusan.  Sən bizim ailəmizi bədbəxt etmisən. Heç olmasa əmr et, həmin dayçaları atama versinlər”. Bu sözləri deyəndə Həsən paşanın sarayında onun təqribən 15-17 yaşında qızı Nigar xanım da eşitdi və cavan oğlanın  bu halına  yazığı gəldi. Həsən paşa istədi ki, Rövşəni döydürüb saraydan qovsun, amma Nigar xanın ona imkan vermədi. Atasına yalvarıb dedi:-Atacan, bu igid və mərd oğlana oxşayır, ona dəymə, onu sındırma, saraydan əli boş qovma, onsuz da atasının gözlərini çıxartdırmısan, heç olmazsa oğluna dəymə,onun kölnünü al, atları ona bağışla”.  Atası qızı Nigarın sözünü eşidib dayçaları Rövşənə bağışladı. Rövşən dayçaları götürüb evə gətirdi.
Alı kişinin həyətində tikilmiş tövlədə atlar üçün iki axur və ortada  da bir hovuz tikilmişdi. O,Rövşənə tapşırdı ki, dayçaları aparıb tövləyə bağlasın, atları həmin axurlara bağlayıb qabağına o qədər  arpa, saman töksün və hovuzu da su ilə doldursun ki, onlara düz qırx günə bəhs etsin. O həm də oğluna buyurdu ki,  tövlənin bütün dəlmə-deşiyini  elə tutsun ki, qırx gün ərzində ora iynənin ucu qədər də işıq düşməsin. Rövşən atasının dediklərinə tamam əməl etdi. O səbirsizliklə bu işin sonunu gözləyirdi, lakin dözə bilməyib  otuz doqquzuncu gün dayçalara tamaşa etmək üçün  tövlənin qapısından göz yekəlikdə bir deşik açdı. Rövşənin deşikdən baxması ilə içəridə olan  dayçalardan birinin gözünə də işıq düşdü və həmin dayça bir az soluxdu. Rövşən tez deşiyi tutub atasının yanına qayıtdı.
Səhərisi günü ata və bala tövləyə gələndə Alı kişi gözləri görməsə də əlini  birinci atın belinə, əl-ayağına çəkib dedi: Oğul, bu at yel qanadlı atdır. Onun qanadı olmasa da, quş kimi uçacaq. Bu atın adını Qırat qoydum.
İkinci ata əlini sürtəndə Alı kişi hiss etdi ki, bu at o birisindən bir az zəifdir. Ona görə Rəvşəndən soruşdu: Oğul, bu atın gözünə  işıq düşüb.Yəqin ki, ona baxmısan?
Rövşən günahını boynuna alıb dedi: -Atacan, məni bağışla, səbrim tab gətirmədi, dünən gəlib bir deşik açıb ona baxdım.
Atası dedi:-Mənim əziz oğlum, eybi yoxdur, bu atın adını isə Durat qoydum. Bu atı  da  Qıratdan başqa heç bir at ötə bilməyəcək.
Bundan sonra atları yəhərlədilər. Alı kişi Rövşənə tapşırdı ki, onların təlimi ilə məşğul olsun, qırx gün bu atları dağda- daşda  çapıb şövqün etsin, yəni onları əhilləşdirib ipə-sapa yatan atlar eləsin. 
Sonra Alı kişi  göydən düşdüyü güman edilən və götürüb çoxdan gizlətdiyi ağır bir dəmir parçasını oğlu Rövşənə verib  buyurdu ki, aparıb dəmirçiyə versin və özünə uzun bir qılınc düzəltdirsin. Elə qılınc ki, həmin qılıncla dəmiri də vurub ikiyə bölmək mümkün olsun. Rövşən atasının dediyi kimi elədi. Alı kişi qılınca baxıb dedi:-Oğul sənin bu qılıncının adını Misri qılıncı qoyuram. Bu qılınc  əlində olsa, sənə dünyada heç kim qalib gələ bilməyəcək. Sənə təvəqqəm budur ki, qılıncını möhkəm saxla, atını da tumarla”.
Alı kişi daha sonra oğluna dedi:- İndi  Həsən paşa  Ceyhan çayının (Araz) kənarına gələndə atı çaparaq onun yanına gedib deyərsən:” Ey paşa, sən bu ata görə mənim atamın gözlərini çıxartmısan.  İndi bax gör onlar  necə atlar  olub”.
Bir gün həqiqətən də Həsən paşa Ceyhan çayının kənarına öz dəstəsi ilə gəzməyə gəlmişdi. Rövşən Qıratın belində uzaqdan çapa-çapa onların yanına gəldi. Həsən paşa Rövşəndən soruşdu. Ey igid, sən kimsən, bu atı haradan alıbsan?
Rövşən dedi:- Mən sənin günahsız yerə gözünü çıxardığın Alı kişinin oğlu Rövşənəm. Bu at da sənin bəyənmədiyin həmin atlardan biridir.
Həsən paşa Rövşəni tanıdı və dedi: Sənin atan  əlli il mənə ilxıçılıq edib. Qəzəblənib onun gözlərini oydurdum. Ağa öz  nökərini cəzalandırar da, ona qayğısını, məhəbbətini bildirər də. İndi gəl sənə də qayğı və hörmət göstərim. Səni sarayımda xidmətçi və ya müşavir götürüm. 
Rövşən dedi:-Başımı vurub,ətəyimə qoz tökürsən? Atamın gözlərini kor edib, oğlunu özünə müşavir götürürsən? Allahın köməyi ilə, səndən atamın qisasını alacam. Sənin yurdunu talan edib, taxtını əlindən alacam.
Həsən paşa gülərək dedi: -Sən mənim taxtımı necə əlimdən alacaqsan?
Rövşən dedi:-Ey Paşa, yadıma bir türkü düşüb,icazə ver onu saz çalaraq oxuyum.
Həsən Paşa dedi:-Oxu,görüm, nə oxuyursan. 
Rövşən Qıratın belində Telli sazını sinəsinə basıb oxumağa başladı:

                                Öz elimdə Koroğluyam, xan mənəm,
                                Sənin tək namərdə boyun əymərəm,
                                Atamın gözlərini çıxartmısan sən
                                Onun qisasını yerdə qoymaram.

                                 Mən bilmərəm hərzə - hərzə söz nədi,
                                 Əlli nədi, altmış nədi, yüz nədi, 
                                 Nəzərimdə dərə, təpə, düz nədi,
                                 Mənəm əsrik meşələrin pələngi.


Həsən paşa yenə dedi: -Getmə,sən doğrudan da  qoçaq bir cavansan. Gəl səni aparım öz sarayıma, mənə qulluq elə.
Rövşən ona tərəf qışqıraraq dedi:-Mən sənə xidmətçi olmağı yox,qisas almağı düşünürəm.
Rövşən sözünü qurtaran kimi Həsən paşa əmr etdi ki, onu tutsunlar. Əlli nəfər qulam onun üstünə töküldü. Rövşən Misri qılıncı çəkib  Həsən paşanın dəstəsi ilə döyüşə başladı. Qırat kişnəyib elə hündür şaxəyə qalxdı ki, Həsən paşanın qoruyucuları onun ayaqları altında sanki eşşək hündürlüyündə göründülər. Ac canavar sürüyə daraşan kimi, Rövşən Misri qılıncla onların bir neçəsinin başını vurdu, bir neçəsini  də bir andaca doğram-doğram eləyib yaraladı. Həsən paşa gördü ki,  bir qoşun olsa belə, Rövşənin qabağında dayana bilməyəcək, dəstəsinə əmr etdi ki, döyüşü dayandırıb geri çəkilsinlər.
Rövşən Ceyhan çayından keçib geriyə-  atası Alı kişinin yanına qayıtdı.O hadisəni olduğu kimi atasına danışdı. Atası Alı kişi dedi: -Oğul, allah səndən razı olsun, mənim qisasımı aldın. İndi biz burada çox qala bilmərik. Dərhal məni də götür qaçaq Herat şəhərinə.
Rəvşən soruşdu: -Atacan, Herata niyə, gəl dağlara qaçaq.
Alı kişinin əlində bir  nücum kitabı var idi. Onu Rövşənə göstərib dedi: .-Bu kitabda yazılıb ki, Herat yaxınlığında bir ada var və həmin adada isə bir bulaq var.Əgər çərşənbə geçəsi həmin bulağın başında olsaq, gözlərimizi göylərə tikib bu kitabda yazılan duanı oxuya-oxuya ulduzlara baxsaq, görəcəyik ki, bir parlaq ulduz Məğribdə (Qərbdə), bir parlaq ulduz da  Məşriqdə (Şərqdə) var, biz duanı oxuyan vaxtı, həmin ulduzlar bir - birinə  yaxınlaşacaq.  Ulduzlar yaxınlaşdıqda bulağın gözündəki sudan ağ köpük çıxacaq, əgər o sudan içsək, mənin gözlərim sağalacaq, sən isə dünyanın ən güclü və ürəkli adamı olacaqsan.
Ata-bala dərhal yır-yığış edib Rövşən Qırata, atası isə Durata minib  geçə ikən yola düşdülər. Onlar gecə-gündüz yol gedib Heratın yaxınlığında  həmin  adadakı bulağın başına çatdılar. Alı kişi çox yorğun olduğuna görə, güclə ayaq üstündə dura bilirdi. Çərşənbə axşamı idi. Ata-bala göylərə baxıb həmin kitabda yazılan duanı oxudular. Həqiqətən də bulaq köpüklənməyə başladı. Alı kişi Rövşənə bir qab verib dedi: -Ay oğul, indi get bulağın gözündən özün də əl-üzünü yu və doyunca iç, mənə də bu qabı doldurub gətir.
Rövşən qabı götürüb bulağın başına gəldi. O əvvəlcə həmin su ilə əl-üzünü yudu və doyunca içdi. Sonra istədi ki, həmin bulağın suyundan atasına da  götürsün, birdən bulaq qurudu.O, köpüklü sudan qaba doldura bilmədi. Rövşən  ağlaya-ağlaya atasının yanına gəlib dedi: -Atacan, məni bağışla, mən özümü səndən qabağa saldım, kaş ki,əvvəlcə qabı dolduraydım. Amma qabı doldurmağa macal tapmadım və bulaq qəfildən qurudu. Rövşən tutduğu işdən peşiman olub ağlamağa başladı.
Atası ona dedi:-Ağlama,mənim əziz oğlum, yəqin ki, mənə belə tale qismət imiş. Mən artıq qoca kişiyəm, gələn il bu vaxta qədər öləcəyəm. Amma sən çox igid, basılmaz bir  adam olacaqsan. 
Onlar bir müddət həmin adada yaşadılar. Bir gün Alı kişi hiss etdi ki, ölüm ayağındadır. O,oğlu Rövşənə vəsiyyət etdi ki, məni burada bir çəmənlikdə dəfn edərsən və sənin ata-baba yurdun olan Azərbaycana  gedib orada yaşayarsan. Bundan sonra çalış xalq üçün yaxşı işlər görüb, qəhrəman kimi tarixdə qalasan.  Ədalətli ol, kasıb və yoxsul insanları müdafiə et, onlara yardımçı ol ki, allah da sənə yardım eləsin. Xalq arasında çalış ki, Rövşən Cəlali kimi yox, bundan sonra Koroğlu ləqəbi ilə tanınasan, ədalətli ol,nə iş tutsan Allahın  adı ilə başla, o adla da bitir ki, işlərin uğurla başa çatsın”. 
Bu vəsiyyətdən sonra  Alı kişi canını tapşırdı. Koroğlu atasının vəsiyyətinə görə onu həmin adada basdırdı. 
Koroğlu  özü Qırata mindi, bütün əşyalarını və yol üçün lazım olan hər nə varsa hamısını Duratın belinə yükləyib yola düşdü. O, bir neçə gün gücə-gündüz yol gedib Həsən paşanın vali olduğu torpaqlardan xeyli uzaqda olan yerlərə-doğma ata-baba yurduna- vətəninə geri döndü. Koroğlu  Qaflan gədiyindən keçib Azərbaycan torpağına qayıtdı. Koroğlu istəyirdi ki, münasib bir yerdə -Ağrı, Ərzurum, Van, Qars dağları ilə bitişik olan qədim Naxçıvan, Çuxursəd deyilən səfalı yerlərdən birində,  dağların, sıldırım qayaların ətəyində məskən salıb yaşasın, orada saysız-hesabsız qoyun - quzu saxlatdırıb var-dövlət sahibi olsun. O, həm də sadə və kasıb insanları, həmçinin də günahsız yerə tutulub zindanlara salınan, öz doğma yurd-yuvalarından didərgin salınmış, ağır vergilərdən cana doymuş qaçaqları, igid oğlan və qızları həmin  yerdə başına yığıb xalqa zülm edən zalım paşalara, bəylərə, xanlara qarşı mübarizə aparmaq fikrində idi. O belə bir yeri tapdı: Ora Çənlibel idi. (Ardı var)

Dastanı danışdı:  Bakı şəhəri,132-134 saylı orta məktəbin şagirdi Uğur Əliyev

Bakı, 17 oktyabr 2018, Azadaz