• 2018.12.15

“KOROĞLU” Dastanı: gəlin birlikdə ədəbiyyatımızı və tariximizi öyrənək

Baxış sayı: 147
00:30 23/10/18 | Mədəniyyət Təhsil

                                                                               “KOROĞLU”   DASTANI
MÜNDƏRACAT:
I. Alı kişinin gözünün çıxarılması. Koroğlunun Çənlibelə köçməsi
2.Dəli Həsənin Koroğluya qoşulması
3.Koroğlunun Nigara aşiq olması və onu qaçırması
4. Koroğlunun Eyvazı Çənlibelə gətirməsi
5.Keçəl Həmzənin Qıratı oğurlayıb qaçırması
6.Koroğlunun  zülmkar Həsən Paşa ilə  döyüşü, atasının və  xalqın  qisasını alması
8.Eyvazın Əhməd Paşanın qızı Pərizadla evlənməsi və Koroğlunun naibi təyin olunması 
9.Gizir Oğlu Mustafa Bəyin Koroğlunun dəstəsinə qoşulması
10.Bolu Bəyin Koroğlu ilə döyüşü,
11.Həsən paşanın qızı  Dona xanımın Dəmirçioğlu ilə evlənməsi
12. Misir Padşahının oğlu İsabalanın Koroğlunun dəstəsinə qoşulması.
13.Şah Abbasın  Koroğlunun üzərinə qoşun göndərməsi və onunla  döyüşməsi, Koroğlunun qalib gəlməsi 
14.Koroğlunun  odlu silah,tüfəng və topu görəndən sonra özünün igidlik dövrünün  sona çatdığının və  zəif olduğunu etiraf etməsi
15.Çənlibelə qayıdarkən  dağların başından qayaların uçması və Koroğlunun dəstəsinin Çənlibeldə qeybə çəkilməsi

2. Dəli Həsənin Koroğluya qoşulması
 Koroğlu Həsən paşanın adamlarının əlinə keçməmək üçün uzaqdan görünən Ağrı dağının zirvəsinə tərəf gedirdi. Üz - üzə dayanmış uca dağların arasında ensiz bir dərə var idi. O, gah həmin dərənin kənarı, gah da uca dağların yaşıl ağaclarla örtülmüş ətəyi ilə sıldırım qayaların başına tərəf gedirdi. Bir az aşağıda,dərənin dibindən qulaq batıran, hay - küylü, gurha -gurla,  qayalara çırpına - çırpına  və ilan kimi burula - burula, sürətli  bir dağ çayı axırdı. O çayın adına Seylan çayı, bəziləri isə gəlib Araza qarışdığına görə, Araz çayı deyirdilər. Koroğlu həmin çayın kənarı ilə bir-neçə saat yol getdi. Artıq həm onun özü, həm də atları yol getməkdən bərk yorulmuşdu. Onun ürəyindən keçirdi ki, sıldırım qayaların ətəyində, çəmənlik bir yer, bir də bulaq başı olaydı, oturub bir az çörək yeyib, dincələydi. Nəhayət, Koroğlu sıldırım qayaların ətəyində, o qədər də hündür olmayan yaşıl ağacların arasında şırıltı ilə axan, göz yaşı kimi dup – duru və sərin suyu olan bir bulağın başına gəlib çatdı. Xalq arasında həmin bulağa “Südlü bulaq” deyirdilər. O, atların yükünü boşaldıb, yəhərlərini çıxartdı. Atlar bulağın suyundan doyunca içib çəməndə otlamağa başladılar. Həmin andaca Koroğlunun başı üstündən bir neçə qartal dövrə vurub bu yerlərə gələn təzə qonağın və ya sakinin kimliyini yoxladılar. Onlar özlərinə məxsus qorxulu səs çıxararaq yenə də qayaların zirvəsinə qondular. Koroğlu bu yerlərə nabələd idi. Amma o güman edirdi ki, Həsən paşa öz dəstəsi ilə bura hücum eləsə də, heç nəyə nail ola bilməyəcək. Ona görə ki, həmin bulağın başına ən çoxu 3-4 atlı yan - yana gəlib - gedə bilərdi. Qalanlarının dəstə halında gəlməsi mümkün olan iş deyildi. Onlar gözləməli, bir az sonradan onların ardınca gəlməli idi ki, uçqun - filan olmasın. Koroğlu zənn etdi ki, əgər bir müddət burada yaşasa, onu heç kim tutub öldürə bilməyəcək. Çünkü bu dağların başına böyük bir qoşunun çıxması mümkün deyildi. Az adamların və dəstənin öhdəsindən gəlmək isə onun üçün asan idi. Koroğlu dərhal qolunu çırmalayıb işə başladı, əvvəldən düşünərək götürdüyü ət baltası ilə ağaclardan doğrayıb özünün gecə təhlükəsiz yatması üçün balaca bir daxma düzəltdi. Daha sonra atlara vəhşi heyvanlar hücum etməsin deyə onlara da daldanacaq hazırladı. Axşama yaxın artıq onun   özünün orada gecə qaranlığında təhlükəsiz yatması və atları bağlaması üçün yer hazır oldu. O, əvvəl bir tonqal qalayıb özünə axşam yeməyi və çay hazırladı. Tonqal və Ay işığı onu gecə qaranlığının zəhmindən azad edirdi. Koroğlu bir qədər sonra başının altına pal - paltar qayaraq arxasını qayaya söykəyib yuxuladı. Bir azdan qara buludlar onun başının üstünü aldı, göy guruldadı, şimşək çaxdı və leysan yağışı yağmağa başladı. Çox keçmədi yenidən bütün dağ dərəni duman - çən bürüdü. Sonra canavarların ulaşması, çaqqalların, meşə quşlarının səsləri ətrafı bürüdü. Gecə yarısı birdən atlar kişnədi. Qırat sanki şaxə qalxıb döyüşə hazırlaşaraq ayaqlarını yerə döyürdü. Koroğlu elə bildi ki, Həsən paşanın adamları gəlib. O cəld ayağa qalxıb Misri qılıncı götürüb atların yanına gələndə iki canavarın tam atların yaxınlığında olduğunu gördü. Uşaq vaxtlarından canavarlardan qorxmayan Koroğlu cəld əlini yerə atıb yekə bir daş götürdü və var gücü ilə onlara tərəf tulladı. Canavarlardan biri daşın zərbəsindən az qaldı yerə yıxılsın. Onlar zəngildiyə - zəngildiyə qaçıb getdilər. Səhərə qədər Koroğlu gah mürgüləyir, gah da durub atların yanında gəzişərək ətrafa tamaşa edirdi. Yağış isə ara-bir yağıb kəsirdi. Koroğlu həmin qorxulu gecəni “Südlü bulağın” başında gecələdi. O, səhər dan yeri söküləndə, ulduzlar sayrışan vaxtı, hava işıqlanmamış yuxudan oyandı. Bir azdan isə Günəş çıxdı, Göy Qurşağı dağların başından dərəyə qədər gözəl bir qövs şəklində göründü, təbiət yenidən canlandı. Koroğlu bir istədi ki, hər nə varsa götürüb yoluna davam eləsin, amma fikrindən daşındı. O, öz - özünə belə dedi: Tarix boyu bütün böyük sərkərdələr, qəhrəmanlar kimi türk xaqanları da at belində gəlib özlərinə dağların, dərələrin yamacında yurd-yuva salıblar, sonra isə döyüşə - döyüşə irəli gedərək daha rahat yaşamaq üçün əlverişli yerlərə sahib olublar. Lakin onlar tək-tənha yox, qoşunla, dəstə ilə, öz yaxın dostları, silahdaşları ilə birlikdə döyüşə gediblər və qalib gəliblər. Lakin mən isə təkəm. İndi dərk edirəm ki, həyatda mənim də bir dostum olsa, heç kəs mənə qalib gələ bilməz. Mən təcili olaraq özümə dost, həmfikir və arxadaşlar tapmalıyam. Lakin mən hələlik belə qorxulu yerlərdə yaşamalıyam, elə yerdə ki, ora hər adam gəlib asanlıqla məni tuta bilməsin. Qoy bura - Çənlibel mənim məskənim olsun”.
 Koroğlu yaxşı bilirdi ki, buralarda tək-tənha yaşamaq çox qorxuludur.
Səhərin sərin suyunda əl üzünü yuyub yüngül pendir-çörək yedi. Sonra Duratı hər tərəfini ot basmış bir ağacın kötüyünə bağladı və qabağına su qoydu, bütün əşyalarını da qaya dibində görünməz bir yerə daşıyıb gizlətdi. Sonra Qıratı yəhərlədi, Misri qılıncını atın yəhərində gizlətdi, aşıq paltarı geyinib, sazını çiyninə asaraq atına mindi və uzaqda görünən kəndə tərəf getdi. O düşünürdü ki, mənim kim olduğumu soruşsalar deyərəm ki, aşığam. Bu ellərdə aşığa hamı hörmət edir. Lazım gələndə isə Misri qılınca əl ataram.
Yolda onun qabağına bir dəstə atlı çıxdı. Koroğlu elə bildi ki, bunlar Həsən paşanın adamlarıdır və onu axtarırlar. İstədi qılıncı çəkib onlara hücum eləsin, amma fikrindən daşındı. İşin axırını gözlədi ki, görsün bunlar kimdir. Atlılar onun yanına çatanda onlardan biri Koroğludan soruşdu: -Aşıq, sən kimsən və hara gedirsən?
-Koroğlu dedi: -Mən bu yerlərə nabələt olan bir aşığam, adım Rövşəndir, Azərbaycana gedirəm.
Onlardan biri Koroğluya dedi: -Sən Azərbaycana satmaq üçün mal gətirməyəmi gedirsən?  Onda bizə yol xəracı vermədən Azərbaycana gedə bilməzsən.
Koroğlu dedi: -Mən özüm sadə xalq aşığıyam, tacir deyiləm, xalqdan dolanıram və xalqıma xidmət edirəm. Mən dünən bütün gecəni yağışlı havada qalmışam. Özüm də üşümüşəm. Bir az istirahət etmək, çay içmək, günorta yeməyi üçün yaxşı, qonaqsevər bir adam axtarıram.
Dəli Həsən qəh - qəh ilə gülüb dedi:
-Ay dəli aşıq, deyəsən sən hələ bu yerlərin qaydasını bilmirsən, dünyanın işlərindən baş açmırsan. Belə geyinib - keçinib yol gedirsən, amma məni tanımırsan. Deyəsən sən məndən də dəlisən. Mənim adım bütün aləmə yayılıb, bütün Xorasan vilayəti mənə xərac verir, sən isə məni aldatmaq istəyirsən. Sən bir atına bax, atın heç aşıq atına oxşamır. Ya sən qaçaq - quldursan, ya da zəngin bir tacir. Təkbaşına mənim yolumu kəsmək istəyirsən. Mənə Dəli Həsən deyərlər. Görünür mənim adımı eşitməmisən, yoxsa yalan danışıb məni aldatmaq fikrinə düşməzdin. Atının yəhərində və cibində nə varsa tök yerə, yoxsa, səni öldürəcəm.
Koroğlu ona belə cavab verdi: - Mən sənə yalan danışmıram, məndə pul yoxdur sizə verməyə.
Dəli Həsən əmr etdi ki, bunu atdan düşürün. Onun dəliləri istədi Koroğluya yaxınlaşalar, Qırat iki ayağı ilə elə şaxə qalxdı ki, Dəli Həsənin adamları qorxaraq geri qaçdılar. Koroğlu dedi:
-Ay dəli Həsən, sən indiyə qədər Qoç Koroğlu ilə yox, quzularla döyüşmüsən.
Dəli Həsən qaçaqlara hay verdi ki, bu dəlini tutun.
Koroğlu avazla sözə başlayıb dedi:
-Atamın vəsiyyətinə görə mən türkü ilə, saz çala - çala döyüşə başlamalıyam. Koroğlu mahnı oxuya - oxuya əlini yəhərin altında gizlətdiyi Misri qılınca atdı. 
Dəli Həsən dedi: -Aşıq qılıncın da var. Gəl səninlə təkbətək döyüşək. Əgər sən qalib gəlsən, mən bu dəstəmlə sənin qulluğunda duracam. Yox əgər sən qalib gəlsən, atını və qılıncını, bir də sazını mənə verəcəksən.
Koroğlu razılaşdı. Onlar bir - birindən on - onbeş metr kənara çəkilib döyüşə başladılar. Uzaqdan Koroğlunun Qıratı Dəli Həsənin atının üstünə necə şığadısa, onun atı güclə kənara sıçıradı. Dəli Həsən bir təhər atının yüyənini saxlayıb onun üstünə yenidən hücum çəkdi. Koroğlu onun qalxanına necə bir zərbə vurdusa, Misri Qılıncı qalxanı parçalayıb ikiyə böldü. Dəli Həsən özünü saxlaya bilməyib yerə yıxıldı və atı isə hürkərək o biri atların yanına qaçdı. 
Koroğlu cəld atdan düşüb boğazından yapışıb dedi: -Dəlilərinə de ki, hamısı qılıncını yerə qoysun, yoxsa sənin başını kəsəcəm. 
Dəli Həsən dedi: -Ey pəhləvan, yeddi ildir ki, bu yolları kəsmişəm, Allaha and içmişəm ki, kim mənim arxamı yerə vursa, ömrüm boyu sidqi ürəklə ona xidmət edəcəm. Mənim başımı kəsmə, mən sənə sədaqətli dost olacam.
Bu sözləri eşidən Koroğlunun ürəyi yumşaldı. Dəli Həsənin əlindən tutub onu yerdən qaldırdı.

Dəli Həsən Koroğludan soruşdu:
-Ey pəhləvan, sənin adın nədir?
Koroğlu dedi:
-Mənə Koroğlu deyərlər. Bəs sənin adın nədir?
Dəli Həsən dedi: -Mənə də Dəli Həsən deyərlər.Mən ağaların, paşaların əlindən qaçıb Xorasan elindən buraya gəlmişəm.Ağrıdağın ətəyində məskən salmışıq.Yeddi ildir ki, mən bu yollarda qaçaqlıq edirəm, bir padşah xəzinəsi qədər var-dövlət yığmışam.Biz kasıb-kusub adamlara toxunmuruq. Əksinə, varlı ağalardab,bəylərdən, paşalardan ələ keçirdiyimiz var-dövlətin bir hissəsini onlara paylayırıq.Biz güclü,pəhləvan adamları öz cərgəmizə qatırıq. Amma sən məndən daha güclü və tədbirlisən. Ona görə də mən  bütün dəstəmlə birlikdə ömrümün axırına qədər sənə xidmət etməyə hazıram. Var-dövlətimin hamısını sənə bağışlayıram.Amma gərək haqsız iş tutmayasan, əgər haqsız olsan,ədaləti tapdalasan səndən də qaçacam.
Koroğlu gördü ki, bu elə onun axtardığı adamdır,dedi:-Düş qabağıma, görüm o xəzinə  hardadı?
Dəli Həsənlə, Koroğlu qabaqda, dəstə isə onların dalınca yola düşüb Ağrı dağının ətəyində  olan bir mağaraya gəldilər. Koroğlu Qıratdan düşdü,atın cilovunu Dəli Həsənə verdi.Qıratın belə bir xüsusiyyəti var idi ki,Koroğlu əli ilə onun cilovunu kimə versəydi, sakitcə dayanırdı.Dəli Həsən Qıratı mağaraya bağladı.Onlar mağaranın içinə daxil oldular.Dəstə isə çöldə gözlədi.Dəli Həsən bütün var –dövlətini  Koroğluya göstərdi. Koroğlu gördü ki,Dəli Həsən dürüst adamdır, ona dedi: “Mən görürəm ki, sən dürüst adamsan.Mən də sənin kimi haqq-adalət uğrunda dava aparıram.Həsən Paşanın dəstəsini şül-küt edib onun əlindən buralara qaçıb gəlmişəm.Mənim də qaldığım yer buradan çox da uzaq yer deyil.Gəl bu qızıl-gümüşü götürüb oraya gedək.Orada layiqli bir yer tapıb özümüzə iqamətgah tikək.Elə yer tikək ki, Həsən paşanın sarayından geri qalmasın.Əl-ələ verək, birlikdə mübarizə aparaq.Onda hamıya qalib gələrik.Amma mağarada çox qalmaq olmaz.Hamımızı elə pit-birə qiracaq”.
Bu sözlər Dəli Həsənin xoşuna gəldi. O mağaradan çölə çıxıb adamlarına əmr etdi ki,bütün sərvəti atlara yükləsinlər. Onlar bütün mal-dövləti neçə qəflə-qatıra,eşşəklərə  və atlara yükləyib yola düşdülər.Çox çətinliklə gəlib axşama yaxın Koroğlunun oylağına, Duratı bağladığı yerə çatdılar.Koroğlu Dəli Həsənin dəstəsinin üzvlərinə “mənim dəlilərim”-deyə müraciət edirdi.Bu söz onların da xoşuna gəlirdi.Onlar deyirdi:-“Biz istəmirik ki, bizi “qul”, “rəiyyət”, “nökər” adlandırsınlar. Biz azad insanlarıq.Azadlığın dadını dadmışıq.Daha heç kimə qul olmarıq”.Bu sözlər Koroğlunu daha da sevindirər və ruhlandırardı.
Koroğlu dəstəsi ilə bir müddət orada qaldılar.Gecə-gündüz dağların daşından, meşənin ağacından kəsib özlərinə saray kimi ev-eşik, hamam,ticarət yerləri, qılınc və silah-sursat hazırlayan emalatxana, və s. tikirdilər.Ətraf kəndlərdən, şəhərlərdən eşidən-bilən sənatkarlar da oraya axışırdılar. Koroğlu onların əməyini layiqincə qiymətləndirirdi. Heç kəsi narazı salmır,hamıya layiqli xələt, bəxşiş, mükafat verirdi. Çox keçmədən Qaradağ torpağında, Göycəbel deyilən yerdə, Ağrı dağına bitişik olan uca dağlardan birinin ətəyində, böyük və səfalı bir  çəmənlikdə 
Çənlibel adlı böyük bir yaşayış məskəni salındı.Çənlibelin və Koroğlunun adı bütün vilayətlərə yayıldı.Bütün dəlilər əl - ələ verib Koroğlu üçün daha gözəl bir saray tikdilər. Az müddət ərzində bütün vilayətlərdə yaşayan cavan, qoçaq igidlər Koroğlunun başına toplaşdılar.Koroğlu Dəli Həsəni qoşun başçısı qoydu.
Bir gün Koroğlunun ürəyindən ata yurdunu görmək keçdi. O Dəli Həsəni yanına çağırıb dedi.-De görüm, sənin neçə nəfər döyüşçün var?
Dəli Həsən dedi: - Ən azı 700 nəfər qılınc tutan döyüşcüm var.
Koroğlu dedi:-Onlardan ən yaxşı döyüşənlərini 200-ünü seç, mən sabah vətənim Azərbaycana baş çəkməyə gedirəm.Dəli Həsən ən igid döyüşçülərdən 200 nəfərini seçib silahlandırdı.Koroğlu onları götürüb sübh tezdən yola düşdü. O xaxt Azərbaycan hakiminə  xəbər çatdı ki, Güyçəbeldən Koroğlu adlı bir nəfər  200 yüz igid ilə Azərbaycana gəlib.Azərbaycanın hakimi Koroğlunun niyyətini bilmək üçün  Koroğlunun yanına elçi yolladı. Elçilər Cəlali Koroğludan soruşdular ki, buraya gəlməkdə məqsədi nədir.Yoxsa şahın vilayətini dağıtmaq istəyirsən? Şahın sarayı filan yerdədir,nə sözün varsa,gedib ona deyə bilərsən.
Cəlali Koroğlu bu sözü eşitdikdə atasının sözü yadına düşdü.Atası ona tapşırmışdı ki,Azərbaycan torpağında qan tökmə,çalış ki, orada hamıya yaxşılıq edəsən. Buna görə də, Azərbaycan hakiminin elçisinə bildirdi ki,qoy vilayətin hakimi mənə bir –iki gün möhlət versin,burada səfalı yerlərdə istirahət edib.Sonra qayıdıb Osmanlı torpağına gedəcəm.Elçi çıxıb getdi.Koroğlu iki gün orada qaldı,sonra iki yüz atlını da götürüb  Qazlı gölə(“Göyçə” gölü,indi ermənilər ona “Sevan gölü deyirlər)tərəf yola düşdü.İrəvanda  Hüseynəlixan Qacara çatdı ki,bəs Koroğlu adında bir adam  peyda olub,Osmanlı ilə Səfəvi padşahlarının arasını vurur,vardövlətli tacirlərin yolunu kəsib onları soyur. Hüseynəli xan  1500 nəfərlik bir qoşun  yollayıb hər yerdə axtarış apardı.Gözətçilər xəbər gətirdilər ki, minbeşyüz nəfərlik qoşun onların üstünə gəlir.Koroğlu dedi:-Dəlilərim,döyüşə hazır olun,amma mən əmr etməyincə  qılınca əl atmayın. 
İki ordu qarşı-qarşıya durdu.Hüseynəlixan döyüşçülərindən birini Koroğlunun yanına göndərib belə dedi:”-Ay dəli sən kimsən ki, iki padşahın arasını tutasan,iki tərəfin get-gəl yollarını bağlayasan. Koroğlu haray çəkib ucadan  Hüseynəli xana dedi:
-Ey sərdar, mən sənin mal-dövlətini aparmamışam, sənin vilayətini çalıb-çapmamışam.Mən öz vətənimi görməyə gəlmişəm.İzn ver bir-iki gün istirahət edib qayıdaq öz məskənimizə.
Hüseynəli xan gördü ki,Koroğlunun adamları onunkundan sayca xeyli azdır.Bu vilayətin ağası, hakimi  mənəm, sən kimsən ki, mənim iznim olmadan buralarda yeyib-içəsən.Əmr verdi ki, bunların hamısını qırın.
Koroğlu dedi:
-Ey sərdar, mən həmişə türkü oxuya-oxuya döyüşürəm.Fürsət ver bir türkü oxuyum,sonra döyüşə başlayaq. Hüseynəli xan dedi:-hər nə ürəyin istəyirsə oxu,onsuz da Qu quşları ölümündən qabaq mahnı oxuyur.
Koroğlu   Telli sazını sinəsində həmayıl eyləyib, döçünə basıb oxumağa başladı:

Canım sərdar, budu sözün doğrusu,
Can alıcı Əzrayılam,gəlmişəm.
Can almağa  çeşmim gəllad oğrusu,
Can alıcı Əzrayılam, gəlmişəm.

Gürüm sərdar bu gün hara gedirsən,
Xəncər olub bağrım başın didirsən,
Bu gün bu dünyanın tərkin edirsən,
Can alıcı Əzrayılam, gəlmişəm.

Ağa vəzir, mən xub sənə neylədim,
Hər nə etdim, dost könüldən eylədim,
Səni o sərdara cəllad eylədim,
Can alıcı Əzrayılam, gəlmişəm.

İndi zərbi şəstim sənə bildirrəm,
Dostun ağladaram, düşmən güldürrəm,
Koroğlu der, vallah səni öldürrəm,
Can alıcı Əzrayılam, gəlmişəm.


Koroğlu  sözünü qurtaran kimi  Hüseynəlixan əmr elədi:
-Bunları tutun!
Koroğlu da əmr etdi:
-Canım cavanlar, girin meydana, savaş başlandı!
Qılıncların cingiltisi, tökülən qanların fışqırtısı, atların kişnəməsi ərşə çatdı.Hüseynəlixan nə qədər çalışdı ki,Koroğlunun dəstəsini mühasirəyə alsın,bacarmadı.Koroğlu Qıratın üstündə hansı dəstəyə hücum etdisə qacıb meydanı boşaltdılar və aranı açdılar. Koroğlu  öldürülməliləri öldürdü, alınmalıları aldı,sərdarın qoşunu başını götürüb İrəvana qaçdı.Koroğlu Qazlı göldən  xeyli sərvət və döyüşcünü özü ilə götürüb Çənlibelə qayıtdı. Çənlibeldə hamı Koroğlunun bu qələbəsini eşidib yeyib - içdilər ,saz çalıb oynadılar. (Ardı var)  

Dastanı danışdı: Uğur Əliyev

Bakı, 23 oktyabr 2018, Azadaz