• 2018.11.21

Skandinaviyalı gənclərlə konfrans keçirildi

Baxış sayı: 80
14:00 29/10/18 | Diaspora

Azadaz xəbər verir ki, 2018-ci il oktyabrın 29-da Bakı "Azərkitab" Təbliğatı Mərkəzində "Skandinaviya - Azərbaycan əlaqələrində gənclərin rolu" mövzusunda konfrans keçirilib. Konfransın təşkilatçısı İsveç Krallığında qeydiyyatdan keçmiş "Umaf" Gənclər Təşkilatının sədri Siyavuş Derakhti və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyevdir. Həmin şəxslərin təşkilatçılığı ilə İsveç krallığında, Norveçdə və ABŞ-da yaşayan 20-dən çox gənc Azərbaycan Respublikasına səfərə gəlmişdir. Bu səfərin təşkilatçılarının əsas məqsədi, ilk öncə, Azərbaycanı tanıtmaq, gənc və müstəqil dövlətin yeritdiyi daxili və xarici siyasətin mahiyyətini, onun iqtisadi, turizm potensialını, tarixini, mədəniyyətini, idmanını, ən əsas isə gənclərin necə yaşamasını, təhsil almasını Avropa, Amerika və dünyanın başqa dövlətlərindən gəlmiş gənclərə öyrətməkdən ibarətdir. Konfransda çıxış edən YAP Siyasi Şurasının Üzvü, "Iki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə

"Azərbaycan Respublikasın Avropa ilə əlaqərində neft-qaz amilinin rolu" mövzusunda məruzə ilə çıxış etdi. O, öz məruzəsində Azərbaycanın Avropa üçün etibarlı neft-qaz təchizatçısı olduğunu, bağlanan neft müqavilələrini və onların Azərbaycan və Avropanın həyatında oynadığı böyük rolun əhəmiyyətini açıqladı. Daha sonra "İki sahil" qezetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi: "Azərbaycan multikultural dəyərlərə söykənən bir dövlətdir. Ölkəmiz qədim tarixə malik olsa da, 1991-ci ildə müstəqilliyini bərpa edib və ümummilli lider Heydər Əliyevin 1993-çü ildə hakimiyyətə yenidən qayıdışı nəticəsində Azərbaycanı güclü dövlətə çevirilib. Daha sonra natiq qeyd etdi ki, məhz 1994-cü ildə "Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan bütün dünyaya tanındı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf dövrünü yaşayır. Bakı-Tiblisi-Qars dəmir yolunun çəkilişi Avropa ilə Asiyanı birləşdirən iqtisadi gücə malik layihədir. Əsrin müqaviləsinin 50 il yenidən uzadılması ölkəmizin qüdrətini daha da artırır. Azərbaycanın zəngin nefti və qazı Avropaya nəql olunur. Bu sahədə gənclərimizin bir-biri ilə sıx əlaqə yaratmağı tarixi əhəmiyyət kəsb edir".

İsveçdə yaşayan tanınmış gənc, Təbriz kökənli Siyavuş Derakhti çıxışında dedi: "Mən Azərbaycana bu səfərimdə özümlə 25 nəfər İsveçli gəncləri də gətirmişəm. Bu gənclər Azərbaycanın bugünkü inkişafı, mədəniyyəti, mətbəxi ilə tanış olacaqlar. Bu ölkənin geniş turizm potensialı olduğunu öz gözləri ilə görəcəklər. Daha sonra onlar öz ölkələrinə qayıdıb Azərbaycanın təbliğatçısına çevriləcəklər. Mən özüm daim Vətənim Azərbaycanı təbliğ etmişəm. Mən İsveçdə ABŞ prezidenti Barak Obama ilə görüşmüşəm və ona Azərbaycanlı olduğumu bildirmişəm. 2015-ci ildə yenidən mən Amerikaya dəvət olunmuşam və ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşümüz olub və o ölkənin medalını almışam. Orada daim mən Azərbaycan türkü olmağımı qeyd edərək bildirmişəm ki, bizim məqsədimiz bütün dünyada sülhün bərqərar olmasıdır". 

Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev qeyd etdi ki, bu konfrans diskusiya, sual-cavab, sərbəst şəkildə keçməsi üçün gənclər fəallıq göstərməlidir. Daha sonra konfransın aparıcısı, Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev Azərbaycan və İngilis dillərində "Gənc Politoloqlar Mərkəzinin 1998-ci ildə yarandığını, keçən müddət ərzində bu təşkilatın bir çox layihələr həyata keçirərək gənclərin dövlətçilik, milli-mənəvi dəyərlər və hərbi-vətənpərvərlik tərbiyəsində aktiv iştirak etdiyini, bu müddət ərzində dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edərək, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Gənclər Fondunun ayırdığı qrant layihələri əsasında respublikamızın ərazisində bir çox layihələr həyata keçirdiyini bildirdi".

 Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev İsveçdən və Amerikadan gələn qonaqları salamladı və bu görüşün tarixi əhəmiyyətindən danışdı. Natiq vurğuladı ki, bu gənclər ölkəmizlə daha dərindən tanış olduqdan sonra onların hər birində bizim haqqımızda xoş təəsürat yaranacaqdır".Daha sonra tədbirdə  "Azərkitab" Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənov,  Milli Məclisin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə və başqaları çıxış etdilər.

Amerikadan gəlmiş vəkil Todd Belcore vurğuladı ki, "Amerikada Azərbaycan haqqında kifayət qədər məlumat var. Biz Azərbaycan prezidenti İlham Əliyevi çox yaxşı tanıyırıq. Ölkəniz neft ölkəsi kimi bütün dünyada tanınır. Biz hər zaman sizinlə istər ticarət, istərsə də turizm sahəsində əlaqə saxlamağa hazırıq. Azərbaycanın flora və faunası zəngindir. Təbiəti də gözəldir. Bakı səliqə-səhmanı və təmizkarlığı ilə məni valeh etdi".

Daha sonra İsveçrədə yaşayan və bu layihəyə dəstək verən "Dünya Azərbaycanlıları Milli Birliyi" təşkilatının sədri  Cavad Derakhti bildirdi: "Mən bura qonaq kimi gəlmişəm. Bilmək istəyirəm ki, burada gənclər nə iş görürlər. Mən istərdim ki, İsveçin ən güclü universitetləri ilə Azərbaycan universitetləri arasında əlaqə yaransın".

Tədbirdə Millət vəkili Aydın Mirzəzadə geniş və əhatəli çıxışı zamanı Azərbaycanın qədim, tarixi kökə malik, multikultural dəyərlərindən, günü-gündən inkişaf etməsindən bəhs etdi. 

Sonra "Səs media qrupu"nun rəhbəri Bəhruz Quliyev çıxışında qeyd etdi ki, "Hələ 1918-ci ildə Azərbaycan Cumhuriyyəti yaranarkən cəmi 23 il yaşamasına baxmayaraq, ilk dəfə qadın azadlığı hüququnun qorunması haqqında Azərbaycan parlamentində qərar qəbul edilmişdir. 1875-ci ildə Azərbaycanda ilk mətbuat olan "Əkinçi" qəzeti işıq üzü görmüşdür".

İsveçdən gəlmiş Azərbaycan Türk Federasiyonunun başqanı Səttar Sevgin öz çıxışında bildirdi ki, mən Güney Azərbaycanlı kökənliyəm. 10 milyon əhalisi olan İsveç gəncliyə önəm verən bir ölkədir. Və mən çox sevinirəm ki, İsveçdə Siyavuş kimi gənclərimiz var. Biz bu ölkədən çox şey öyrənmişik".

Şair-publisist, Dünya Azərbaycanlıları Konqresinin şöbə müdiri Əli Hacı geniş və əhatəli çıxışında qeyd etdi ki, " Azərbaycan ötən əsrdə öz qapılarını ilk dəfə Nobel qardaşlarına açmışdır. Çox təəssüf ki, Azərbaycanın neftinin sayəsində varlanmış Nobel qardaşları mükafat təsis edərkən indiyənə qədər bu mükafat heç bir Azərbaycanlıya təqdim olunmayıb. Şeyx Nizami Gəncəvinin əsərləri bütün dünyaya yayılmışdır və ondan da əvvəl Azərbaycanda Dədə Qorqud abidələri ölkəmizin qədim tarixə malik olduğunu sübut edir".

İsveçdə yaşayan Kriston Norden iftixarla bildirdi ki, "5 dəfə Azərbaycanda olmuşam. Qarabağla bağla göstərilən video roliki ürək ağrısı ilə izlədik. Bu konfiliktlə bağlı dünyada çox məlumat yoxdur. Düşünürəm ki, bu məsələni dünya gəncləri arasında müzakirə etməklə Azərbaycanın haqq işini bütün dünyaya çatdırmalıyıq. Mən bu ölkədə qonaqpərvərliyin, mehribanlığın şahidi olmuşam. Üç aydan sonra Azərbaycanlı gəncləri İsveçə dəvət edəcəyik. Tədbirdə Çingiz Bayramov, Emil Vəliyev və Skandinaviya ölkələrindən gələn qonaqlar maraqlı çıxışlar etdilər və konfransın tarixi əhəmiyyətindən danışdılar. 

Konfransda Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasəti, ölkəmizdə mövcud olan dini tolerantlıq və multikulturalizm mühitini, aparılan uğurlu iqtisadi, siyası və hüquqi islahatların, eləcə də gənclər siyasətinin, Dağlıq Qarabağ probleminin mahiyyətini və danışıqlar prosesinin gedişini isveç Krallığında yaşayan gənclərə çatdırmaq məqsədi ilə 2018-ci il oktyabrın 28-dən noyabrın 4-nə qədər 20-dən artıq gənclər təşkilatçılar tərəfindən Azərbaycan Respublikasına dəvət olunmasını yüksək qiymətləndirmiş və belə tədbirlərin keçirilməsini dəstəklədiklərini bildirmişlər. 

Tədbirdə Azərbaycanın və xarici ölkələrin media nümayəndələri iştirak etdilər. Daha sonra qonaqlar şirniyyat süfrəsinə dəvət olundular.

Rauf İlyasoğlu, Fəridə Qafarqızı 

Uğur Əliyev