• 2018.12.15

Türkmənistan Azərbaycan ərazi bütövlüyünü dəstəkləyir

Baxış sayı: 38
05:30 23/11/18 | Siyasət

Bəyanata əsasən, Türkmənistan Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyir. Prezident İlham Əliyevin xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir.
Səfər çərçivəsində prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.
Dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Bununla yanaşı, nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.