• 2018.12.15

Bakıda Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

Baxış sayı: 25
14:00 28/11/18 | Təhsil

 

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.

Azadaz xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

XV qurultayda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət rəsmiləri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb.

Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Cari il üçün "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Həmçinin təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən nazir ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Qeyd edib ki, son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha çox bal toplayan abituriyentlər arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb.

Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu bildirən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov ulu öndər Heydər Əliyevin "Mən dünyada müəllimdən şərəfli ad tanımıram" kəlamını xatırladıb. Baş nazirin müavini deyib ki, insanın taleyi, gələcəyi, öz ailəsinə, cəmiyyətə, dövlətə xidməti valideynlərin verdiyi tərbiyə ilə yanaşı, məktəbin və müəllimlərin verdiyi bilik və vərdişlərdən də bilavasitə asılıdır. Bu baxımdan müəllimlər, sözün həqiqi mənasında, həm insanın, həm cəmiyyətin, həm də dövlətin inkişafında çox mühüm vəzifəni yerinə yetirirlər. Təhsilin inkişafının dövlətin siyasətində əsas prioritetlərdən biri olduğunu vurğulayan Əli Əhmədov qarşıda duran vəzifələrdən də danışıb. O, qurultayın qərarlarının təhsil sisteminin daha da inkişaf etməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Milli Məclis sədrinin müavini Bahar Muradova ötən beş ildə Azərbaycanda təhsil sisteminin uğurlarını yüksək qiymətləndirib. Qeyd edib ki, bu uğurlar, həmçinin Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin bu gün uğurla davam etdirilməsinin nəticələridir. Bahar Muradova təhsil sahəsində qanunvericiliyin hər zaman diqqət mərkəzində olduğunu qeyd edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov dövlətimiz tərəfindən təhsilə və təhsil işçilərinə xüsusi diqqət və qayğı göstərilməsindən danışıb. Bildirib ki, muxtar respublikanın şəhər, rayon və kəndlərində yeni-yeni məktəb binaları tikilib, təhsil müəssisələri müasir avadanlıqlarla təchiz olunub. 2017-2018-ci tədris ili Naxçıvan üçün uğurlu olub. Məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə təhsil sisteminin inkişafında həyata keçirilən dövlət proqramlarından danışıb, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı bu sahədə atılmış növbəti mühüm addımlardan biri kimi dəyərləndirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri təhsil işçilərinin sosial hüquqları, müəllimlərin sosial problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili istiqamətlərində görülən işlərdən danışıb və bu işlərin davamlı olacağını vurğulayıb.

Qurultayda çıxış edən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı bütün sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə xüsusi önəm verdiyini vurğulayan Məleykə Abbaszadə deyib ki, respublikamızda bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Dövlət İmtahan Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verən DİM Direktorlar Şurasının sədri bildirib ki, bu qurumun vəzifəsi ölkəmizdə həyata keçirilən mərkəzləşdirilmiş imtahanların təşkili və onun keyfiyyətinin təmin olunmasından ibarətdir. Bu ilin ötən 10 ayı ərzində DİM-in apardığı imtahanlarda ümumilikdə 641 min 517 nəfər iştirak edib. Bir sıra dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müxtəlif tədris müəssisələrindən on minlərlə müəllim Mərkəzin əməkdaşları ilə birlikdə imtahanların idarə olunmasında iştirak edib.

Məleykə Abbaszadə əhaliyə DİM tərəfindən 7 milyondan çox elektron xidmət göstərildiyini diqqətə çatdırıb. Bu o deməkdir ki, imtahanda iştirak edən hər bir şəxs ən azı 10 dəfə DİM-in elektron xidmətlərindən faydalanıb.

Dövlət İmtahan Mərkəzinin tədris prosesində müəllimlərə dəstək vermək üçün bir sıra tədbirlər reallaşdırdığını bildirən DİM Direktorlar Şurasının sədri, eyni zamanda, bu il Bakı şəhəri üzrə 272, on dörd rayonda 60 elmi-metodiki seminarın təşkil olunduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsil sahəsinə daim böyük diqqət göstərdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirib.

Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor son 15 ildə ölkəmizdə davamlı və inklüziv inkişaf üçün iqtisadi baza yaradıldığını söyləyib. Bildirib ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Respublikamızın inkişaf göstəriciləri bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində təsdiqini tapıb.

Rektor innovativ inkişaf strategiyasının reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Akademik Urxan Ələkbərov qeyd edib ki, ölkəmizin inklüziv cəmiyyət quruculuğu istiqamətində qazandığı uğurlarının başlıca amili təhsil və insan potensialının formalaşdırılmasıdır. Bütün nailiyyətlərin əsasında bilik, biliyin əsasında təhsil dayanır.

"McKinsey" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy Azərbaycanda bütün sahələrin, o cümlədən təhsil sisteminin uğurlarını vurğulayıb.

Qurultayda çıxış edən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev rəhbərlik etdiyi təhsil ocağında 100-dək şagirdin biliklərə yiyələndiyini, pedaqoji kollektivin 23 nəfərdən ibarət olduğunu bildirib. O, bu məktəbin Təhsil Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsinin qalibi olduğunu xatırladıb. “Azərbaycan Prezidentinin bilavasitə diqqət və qayğısının real nəticəsi olaraq müasir infrastrukturun yaradıldığı Cocuq Mərcanlı kəndində hər addımda hiss edilən böyük ictimai-sosial canlanma mövcuddur. Həyat öz axarı ilə davam edir. Artıq üzərindən məcburi köçkün adı götürülmüş xeyli sayda əhalinin yaşadığı kəndimizdə insanların təhlükəsizlik, əmin-amanlıq şəraitində özlərinə rahat məişət qurmaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli imkanlar təmin edilib”, - deyən Zamin Həziyev ümumtəhsil sahəsində görülən genişmiqyaslı işlərin Cəbrayıl rayonunda da vüsət aldığını bildirib. Qeyd edib ki, hesabat dövründə rayonun məzunlarından 1181 nəfəri ali məktəblərə qəbul olunub. On bir şagird respublika fənn olimpiadalarında qızıl və gümüş medallar qazanıb. Təkcə ötən il 342 nəfər ali məktəblərə qəbul olunub, həmçinin 29 məzun 600-dən yuxarı bal toplayıb. İki məzun orta məktəbi qızıl medalla başa vurub. Zamin Həziyev növbəti illərdə rayonun uğurlarında şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin də öz layiqli payı olacağına əminliyini bildirib.

Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksinin gənc riyaziyyat müəllimi Nigar Əliyeva ölkəmizdə gənclərin hərtərəfli inkişafına yaradılan geniş imkanlardan söz açıb. Qeyd edib ki, müəllimlik məsuliyyətli olduğu qədər şərəfli, çətin olduğu qədər maraqlı peşədir. Müəllim öyrətməklə yanaşı, daim öz üzərində çalışmalı və özü də öyrənməlidir. Dövrün çağırışlarına cavab vermək və gələcək nəsillərin daha xoşbəxt və daha sağlam yaşaması üçün gənc müəllimlərin mütaliə etməsi, təhlillər aparması, daha yaxşı öyrətmək üçün daha yaxşı araşdırma aparmaları vacib şərtdir.

Çıxışlarda XV qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllimin nüfuzunun daha da artırılması ilə bağlı təkliflər irəli sürülüb. Vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş və "Tərəqqi" medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət mükafatları təqdim edilib.

Qurultay işini panel sessiyalarla davam etdirib. “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği" mövzusunda sessiyada son beş ildə ölkəmizdə peşə təhsili sisteminin inkişafından danışılıb. Qeyd edilib ki, peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili ilə bağlı xüsusi müddəalar öz əksini tapıb, həmçinin 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Peşə təhsilinin inkişafı ölkənin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi istiqamətində mühüm addımlardan biri kimi səciyyələnir. Ölkəmizdə peşə təhsili sistemində aparılan uğurlu islahatlar, peşə təhsilinin düzgün təbliği nəticəsində bu sahəyə maraq daha da artıb. Təhsil sistemində pedaqoji prosesin tərkib hissələrindən biri peşəyönümü işidir. Bu işin təşkilində ümumi məqsəd cəmiyyətin peşə maraqları və imkanları ilə əmək bazarının tələbatı arasında balansı müəyyənləşdirmək, gəncləri maraq və bacarıqlarına uyğun istiqamətləndirməkdir. Bu baxımdan peşə təhsili müəssisələri peşəyönümü işinin təşkilində və təbliğində yaxından iştirak edir. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması nəticəsində respublikamızda Peşə Təhsili mərkəzləri yaradılıb.

Qurultayın "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel sessiyalarında ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində görülən işlərdən danışılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Sonda qurultayın qətnaməsi qəbul olunub.

Azərbaycan müəllimlərinin XV qurultayında ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndə iştirak edib.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 5 qurultayı keçirilib.