• 2018.12.15

GƏLİN BİRLİKDƏ OXUYAQ

Baxış sayı: 104
12:00 01/12/18 | Təhsil

 

         Aristotelin “Siyasət” əsərinin icmalı

   

   E.ə 384-cü ildə indiki Yunanıstan adlanan ölkədə- Stagiritdə anadan olan qədim Yunan filosofu Aristotelin dövlət və cəmiyyət məsələləri də diqqətindən kənar qalmamışdır. “Etika”, “Metafizika”, “Ritorika”, “Poetika”, “Ruh haqqında”, “Nikomax etikası” və s. kimi əsərlərin müəllifi olan və tarixin yüz ən çox öyrənilmiş şəxsiyyətlərindən biri olan Aristotelin “Siyasət” əsəri bu istiqamətdə başlıca yeri tutur. Aristotelin fikrincə, siyasətin əsas məqsədi rifahdır. Dövətin əsas məqsədi isə düzgün siyasət yürütməkdir. Dövlət ilkin münasibətlər kimi zərurətin məhsuludur. Dövlətin necə yarandığını aydınlaşdırdıqdan sonra, müəllif, dövlət quruluşu nəzəriyəçilərinin və filosofların fəaliyyəti və gördüyü işlərdən söz açır. Daha sonra onun dövründə olan ən yaxşı-lakedemon, krit və karfagen dövlət quruluşlarını nəzərdən keçirir. Dövətin tərkib hissələrinə nəzər salarkən isə, vətəndaş anlayışını müəyyənləşdirməyə cəhd edir. Aristotel altı dövlət quruluşu formasını təxmin edir və bunlardan üçünü düzgün, üçünü isə qeyri-düzgün hesab edirdi. Aristotelə görə, çar hakimiyyəti(monarxiya), aristokratiya və politiya düzgün, istibdad üsul-idarəsi, oliqarxiya və demokratiya isə qeyri-düzgün dövlət quruluşu formalarıdır. Dövlət quruluşunun müfəssəl izahını verən mütəfəkkir, dövlətin siyasi quruluşunu isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti olmaqla, üç yerə bölür. Dövlət çevrilişlərinin baş vermə səbəblərini və ondan mühafizə yollarını axtaran Aristotel, sonda yaxşı həyatın mənbəyini xeyirxahlıqda görürdü.

                                                   ARİSTOTEL DEMOKRATİYA HAQQINDA

       2500 il əvvəl yazılmış və iyirmi beş əsrə yaxın tarixi olan bu əsərin müasir dövrümüzə bu qədər uyğun olması və Aristotelin müdəalarının bu gün də aktuallığı əsərin və müəllifin mükəmməlliyindən xəbər verir. Əsər ictimaiyyət, yəni bütün insanların oxuması üçün nəzərdə tutulub. Analiz bacarığı olan şəxslərin bu əsəri oxuması, onlara siyasət aləmində çox şeydən xəbər tutmağa kömək edəcək. Mən də bir analiz etmək bacarığımı sınaqdan keçirdim və bu əsərdən özüm üçün müəyyən lazımi məlumatlar mənimsəyə bildim. Mən ümumi olaraq, belə nəticəyə gəldim ki, bu əsər, dövlət və xüsusilə,  dövlət quruluşları haqqında   ilkin müfəssəl məlumat vermək məqsədi ilə yazılıb. Müəllif bu əsərdə ictimai-siyasi quruluşları bir-birindən tamamilə fərqləndirir, ən nəhayət, sonda isə bunlardan hansının daha yaxşı həyatı təmin edəcəyindən bəhs edir. Əsərin də əsas məqsədi yaxşı həyatın təmin olunma vasitələrini aşkarlamaqdır.  Buna  görə də o, dövlət quruluşlarının formalarını fərqləndirir və qanunların əsas prinsip olaraq, dövlətin idarə  olunmasında rolunun əvəzsiz olduğunu qeyd edir. Əvvəldə də dedim ki, əsərdə əksər fikirlər günümüzdə də aktualdır və  birbaşa səsləşir. Aristotelin dövlət quruluşları haqqında verdiyi müfəssəl məlumat, bugünün də siyasi ədəbiyyatlarının və mütəfəkkirlərinin əsas mənbəyidir. Nə qədər desəm də ki, əsər mükəmməldir və sanki bu dövrə nəzərən yazılıb, onda, səhv etmiş olaram. Çünki əsərin müasir zamanla səsləşməyən məqamları da var. Mən onları iki hissəyə bölürəm və onları tənqid etmək yox, sadəcə bu dövrdə qəbuledilməz olduğu üçün qeyd edirəm. Birincisi, demokratiyanın müəllif tərəfindən qəbul edilməməsi, digəri isə vətəndaşlığ üçün həddən ziyadə şərtlərin qoyulmasıdır.
       Aristotel demokratiyanı kəskin şəkildə tənqid edir və həmin quruluşun tətbiqini ümumun mənafeyi üçün zərbə hesab edir. Aristotelin  əsərin sonunda demokratik qanunlara rəğbətlə yanaşması az-maz hiss olunsa da, yenə də əvvəlki fikrindən köləcəsinə yapışaraq, demokratiya qurluşunu ümumun mənafeyini deyil, yoxsulların mənafeyini qoruduğuna görə, tənqid edir və onu qeyri-düzgün dövlət quruluşlarından biri kimi qeyd edir. Müasir zamanımıza baxsaq, görərik bu gün demokratiya Aristotelin dediyi kimi qeyri-düzgün hesab olunmur. Buna əyani sübut, bu gün dövlətlərin demokratiya qurmaq yolunda atdıqları addımlardır. Bu gün ən yaxşı həyatın təminatı yalnız demokratiyada mümkündür. Hazırda demokratik dövlətlərə daha geniş səlahiyyət və fəaliyyət sahəsi verilir. Xüsusən də, böyük dövlətlərin demokratiya yolunda irəliləməsi, demokratiyanın əhatə dairəsini və təsirini artırmışdır. Ötən əsrin məhşur siyasətçisi Çörçilin fikrilə, demokratiya məsələsində Aristotellə olan toqquşmamızı başa çatdırmaq istəyirəm. “Demokratiya quruluşu ən pis dövlət quruluşu formasıdır, amma indi ondan daha yaxşısı mövcud deyil”.  (ARDI VAR)

 

Fərhad Baxışov 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə
I kurs magistr tələbəsi

Bakı, 01 dekabr 2018, Azadaz