• 2019.01.24

GƏLİN BİRLİKDƏ OXUYAQ: Aristotelin “Siyasət” əsərinin icmalı

Baxış sayı: 72
11:45 08/12/18 | Təhsil

             Dövlət Quruluşunun Formaları

 İndi isə mətni Dövlət Quruluşunun Formalarını, onlardan hansıların düzgün, hansıların isə qeyri-düzgün olmasını  araşdırmaqla davam edirik. Bir nəfər, ya bir para adam, ya da çoxluq ictimai mənafeyi əldə rəhbər tutaraq idarə edirsə, həmin dövlət quruluşu formaları düzgün sayılır. Bir nəfərin, ya bir para adamın, ya da çoxluğun mənafeyini nəzərdə tutursa, bunlar qəbul edilməzdir.  Bir nəfər ictimai mənafeyi əldə rəhər tutaraq idarə  edirsə, biz onu çar hakimiyyəti adlandırırıq. İctimai mənafeyi rəhbər tutan, bir nəfərdən çox olan, bir para adamın hakimiyyətini aristokratiya adlandırırıq. Ümumun mənafeyi naminə çoxluq idarəçiliyini isə biz politiya adlandırırıq. Adı çəkilən üç dövlət quruluşu düzgün dövlət quruluşu formalarıdır. Indi bizə aydın oldu ki, niyə görə Aristotel dövlət quruluşlarını iki yerə bölür. O, bu bölgüdə ictimai mənafeyi əsas götürən dövlət quruluşlarını düzgün hesab edir. Adı çəkilən quruluşlardan, çar hakimiyyətindən-istibdad-üsul idarəsi, aristokratiyadan-oliqarxiya, politiyadan isə demokratiya yayınan dövlət quruluşlarıdır və bu yayınan dövlət quruluşları qeyri-düzgün formalardır. Çünki, istibdad üsul idarəsi yalnız hökmdarın mənafeyini, oliqarxiya dövlətli adamların mənafeyini, demokratiya isə yoxsulların mənafeyini mudafiə edən dövlət quruluşlarıdır. Onlardan heç biri ümumun mənafeyini üstün tutmur. Oliqarxiyada vəzifələr, sayca azlıq təşkil edən dövlətli adamların əlində, demokratiyada isə, vəzifələr sayca çoxluq təşkil edən yoxsulların əlində cəmləşib.  Yanaşı olaraq da, bu quruluşlarda hakimiyyət kimin əlində cəmləşibsə, hər şeyi özünə  uyğunlaşdırır və öz mənafeyi naminə idarə edir.
       Müəyyənləşdirməyə çalışdığımız digər bir məsələ dövlətdə ali hakimiyyətin kimə məxsus olmasıdır. Kimə məxsus olsa bu həm ümumun maraqlarına, həm də dövlət quruluşuna uyğun olar? Bu sualı verdikdən sonra, hər  dövlət quruluşuna uyğun olaraq, hakimiyətə yiyələnmək iddiasında olan qüvvələri sadalayaq. Bunlar-xalq kütləsi, varlılar, nəcib adamlar, bütün adamlardan yaxşıların biri və müstəbiddir. Indi isə bizim vəzifəmiz bu qüvvələrə olan münasibətimizi, xüsusilə də tənqidi münasibətimizi əks etdirməkdir. Ona görə tənqidi deyirəm ki, tənqid edərək hansının pis, hansınınsa daha yaxşı olduğunu müəyyənləşdirə bilərik. Belə ki, xalq kütləsinin hakimiyəti zamanı çoxluq hər şeyi özünə götürüb, azlığın sərvətini bölüşdürməyə başlayacaq. Bu məsələ də dövləti məhv edəcək. Müstəbid də hökmranlığı zamanı öz üstünlüyünə arxalanıb güc tətbiq edir. Bayaq çəkdiyimiz misala uyğun olduğu diqqətimi cəlb etdi, müstəbidin etdiyin, xalq da dövlətlilərə qarşı edirdi. Dövlətlilərdən ibarət olan azlığın, yəni varlıların hökmranlıq etməsi isə, əmlakın kütlənin əlindən alınıb talanması ilə nəticələnəcək. Necə ki, kütlə bunu dövlətlilərə qarşı da edə bilərdi, bu ehtimal dövlətlilərin də kütləyə qarşı münasibətində  əks olunur. Bu da ədalətsizlik və alçaqlıqdır. Nəcib adamların hökm sürməsi isə qalanlarının siyasi hüquqlarını əlindən alır. Digəri də buna bənzərdir, hansı ki o da müəyyən hissəni siyasi hüquqlardan məhrum edir. Belə ki, hakimiyyətin ən dəyərli şəxsin əlində olması da daha çox oliqarxiyaya yaxınlaşma olardı, çünki çoxluq siyasi hüqulardan məhrum olacaqdır. Burada da biz ən yaxşı həll yolunu taparaq, ortaq bir nöqtəyə gələ bilmişik. Ali hakimiyyətin azlığın deyil, hamısından yaxşı çoxluğun, bununla belə onlardan ən yaxşılarının əlində olması, məsələnin həlli üçün ən yaxşı yoldur.  
       Dövlət quruluşlarının formalarını müəyyən etdikdən sonra, artıq işimiz həmin quruluşlar haqqında ayrı-ayrılıqda danışmaqdır. Ən düzgün dövlət quruluşlarından biri olan çar hakimiyyətinin müzakirəsinə keçməmişdən əvvəl, onun bir yoxsa bir neçə formasının olduğunu müəyyənləşdirək. Çar hakimiyətinin beş forması var və onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər. Çar hakimiyyətinin formalarından biri və birincisi ömürlük hakimiyyətdir, yəni çar ölənə qədər onu heç kəs əvəzləmir və onun hakimiyyəti qeyri-məhduddur. Burada hakimiyyətin ötürülməsi varislik yolu ilə olur. Bəzi xalqlarda isə çar hakimiyyətinin timsalında monarxiyanın digər formasını görürük. Bu istibdad üsul idarəsini yada salır, lakin bu idarə həm qanuna, həm də varislik hüququna əsaslanır. Bu çar hakimiyyətinin ikinci formasıdır. Çar hakimiyyətinin başqa bir forması isə esimnetiya adlanır. O, seçki üzrə olan istibdad üsul idarəsini təmsil edir və burada varislik yoxdur. Bu isə onu çar hakimiyyətinin ilk iki formasından fərqləndirir. Bu cür idarə forması despotizmə əsaslanan istibdad üsul idarəsidir, digər tərəfdən isə esimnetlər könüllü olaraq seçildiyinə görə çar hakimiyyətinin bir formasıdır. Çar hakimiyyətliyinin dördüncü forması isə həm vətəndaşların könüllü surətdə razılığına, həm də qanuni vərəsəlik hüququna əsaslanan monarxiyalar idi. Könüllülük prinsipi mənə üşüncü formanı xatırlatdı. Qanuna əsaslanması isə onun, çar haimiyyətinin ikinci və üçüncü formalarına bənzədiyini deməyə əsas verir. Onlar vətəndaşların razılığı əsasında könüllü surətdə çar olurlar. Amma onların gələcək nəsli çar hakimiyyətinə vərəsəlik yolu ilə sahib olurdu. Çar hakimiyyətinin beşinci forması isə bir adamın hamı üzərində məhdudiyyətsiz hökmranlığıdır və o, dövlətin bütün işlərini idarə edir.   Yəni, onun imkanları qeyri-məhduddur. əslində beşinci formanı oxuyanda onu birinci ilə səhv saldığımı düşündüm. Mənə ele gəldi ki, eyni formalardır, amma, araşdırmam mənim bu fikrimi tamamilə dəyişdirdi. Deməli bunlar arasında fərq ondan ibarətdir ki, birinci formada çarın hakimiyyəti ömürlükdür, lakin, sonuncu formada isə hakimiyyət qeyri-məhdud olsa da, ömürlük yox, müddətlidir.
 Çar hakimiyyəti ilkin yaranmış dövlət quruluşu olduğuna görə təhlillərimizi də məhz burdan basladıq. Sonradan məhz elə bu quruluşun özündən başqa dövlət quruluşları formalaşmağa başladı. Əvəllər yüksək mənəvi keyfiyyətləri olan adamların azlığı və dövlətlərdə əhalinin az məskunlaşması çar hakimiyyətini zəruri edirdi. Sonradan daha çox bu kimi yaxşı keyfiyyətlərə malik adamlar üzə çıxdı və onlar bir nəfərin hakimiyyəti altında olmaqdan imtina etdilər və politiyanı yaratdılar. Daha sonrakı dəyişiklik keyfiyyət baxımında deyil, əmlak munasibətlərində özünü göstərdi. İnsanlar ümumi sərvət hesabına zənginləşməyə başladılar.  Bu halda politiyadan təbii olaraq var-dövlətə əsaslanan oliqarxiya əmələ gəldi. Oliqarxiyadan isə əvvəlcə istibdad üsul idarəsi meydana çıxdı. Bunun səbəbin özümdə belə yəqin edirəm ki, oliqarxların bir-birilə mübarizəsi hakimiyyətdə birinin qalması ilə nəticələnib. Məhz bu səbəb də istibadad üsul-idarəsini yaradib. Hökmdarların mənfəət güdməsi isə xalq kütlələrinin onların əleyhinə qalxaraq, demokratiyanı yaratması ilə nəticələndi.  Çünki, xalqın müstəbidə və onun əməllərinə dözümü çox deyil. Onun əməlləri xalqın istismarına,  öz mənafeyini möhkəmləndirməyə yönəlib.
   Biz yuxarıda çar hakimiyyətindən və onun bir neçə formasından bəhs etdik. Amma biz dövlət quruluşu formalarının bir neçə olmasının səbəbini izah etmədik. Elə isə izah edək ki, niyə görə dövlət quruluşların sayı bir deyil, bir neçədir. Dövlət quruluş formalarının bir neçə olmasının səbəbini hissələrin çoxluğu ilə izah etmək olar. Biz bunu bilirik ki, bütün dövlətlər ailələrdən təşkil olunmuşdur. Bu ailələrin  isə sonradan bir birindən fərqlənməsi, onların özlərinin də ayrı-ayrı hissələrə parçalanması quruluşların sayının artması ilə nəticələnir. Dövlətin tərkib hissələri bir deyil, çoxdur. Məhz elə bu çoxluq dövlət quruluşu formalarının da çoxluğuna gətirib çıxarır. Dövlətin əhalisinin tərkib hissələrindən biri əkinçilər, ikincisi sənətkarlar, üçüncü hissə-ticarətçilər, dördüncü hissə–günəmuzd işləyənlər, beşinci hissə isə-hərbiçilərdir.  Sadalanan tərkib hissələrindən biri azlıq, digəri isə çoxluq təşkil edəndə, yəni biri daha güclü, biri isə nisbətən zəif qüvvəyə malik olanda, dövlətdə bu hissələr bir-birinə tamamilə zidd olur. Bu ziddiyətdən, o cümlədən də, birinin yaxud digərinin üstünlüyündən asılı olaraq müvafiq dövlət quruluşu formaları meydana çıxır.  Dövlət quruluşları içərisində demokratiya və oliqarxiya bəhs etdiyimiz mövzuya daha uyğundur.
       Dediyimiz kimi, demokratiya və oliqarxiya formalarının çoxluğu ilə seçilən dövlət quruluşlarıdır. Ilk olaraq, demokratiyanın hansı formalarının olduğunu nəzərdən keçirək. Demokratiyanın birinci formasının əlaməti bərabərlikdir. Bərabərlikdə nə yoxsullar, nə də çarlar heç bir üstünlüyə malik deyillər və hər iki sinif bərabərdir. Ali hakimiyyət də hər iki sinfə məxsusdur. Amma demokratiyada çoxluğu xalq təmsil edir, demokratiya xalqın hakimiyyətidir və buna görə də, çoxluğun qərarı həlledici əhəmiyyətə malik olur. Demokratiyanın digər formasında isə vəzifəyə yiyələnmək üçün əmlak senzi tələb olunur, lakin bu tələb çox da böyük olmur, cüzi əmlak senzilə şərtlənir. Demokratiyanın üçüncü formasında isə doğulduğu vaxtdan, yəni şəksiz vətəndaş olan bütün şəxslərin vəzifə tutmaq hüququ var, lakib burada hökm sürən qanundur. Demokratiyanın dördüncü formasında isə vətəndaş olan hər kəsin vəzifə tutmaq hüququ var, burda da hökm sürən  yenə qanundur. Bu dördüncü formanın, demokratiyanın üçüncü forması ilə olan yaxınlığı marağıma səbəb oldu. Fərqin nə olduğunu müəyyənləşdirəndə isə, aydın oldu ki, üçüncü formada əvvəldən vətəndaş olan və indidə vətəndaş olaraq mövcudluğunu davam etdirən şəxslər hökmran ola bilər. Dördüncü formada isə fərqli olaraq, doğulandan vətəndaş olmaq kimi bir zərurət yoxdur, sadəcə indi vətəndaş olmağı kifayət edər. Demokratiyanın beşinci formasında bütün deyilən şərtlər eynidir, lakin orada ali hakimiyyət qanuna yox, sadə xalqa məxsusdur.   Ali hakimiyyətin qanunlara əsaslanmadığı yerdə isə demaqoqlar peyda olur. Demokratiyanın belə ifrat formada tətbiq olunması, istibdad üsul idarəsini xatırladır. İfrat demokratiya da, istibdad üsul idarəsi də ən yaxşı vətəndaşlarla zalımcasına davranır. Demaqoqların və müstəbidlərin oxşarlığınını da həmçinin verilən uyğunluğun davamı kimi göstərmək olar
       İndi isə oliqarxia quruluşunun formalarını nəzərdən keçirək. Qeyd edim ki, demokratiyanın beş forması olduğu halda, oliqarxiyanın dörd forrması var. Oliqarxiyanın birinci formasında vəzifə tutmaq böyük əmlak senzilə şərtlənir. Yəni daha çox var-dövlət sahibi olan şəxslər vəzifə tuta bilir. Buna görə də burada yoxsullar vəzifəyə buraxılmırlar. Oliqarxiyanın digər formasında isə vəzifəyə keçmək böyük əmlak senzi ilə şərtlənir, amma, bu senzi qazanan insanlar az sayda olduqda, oliqarxiya hesab olunur.  Oliqarxiyanın üçüncü formasında oğul atasının yerinə vəzifəyə keçir, bir növ vərəsəlik yolu ilə hakimiyyət otürülür. Dördüncü forma isə qanunun deyil, vəzifəli şəxslərin hökm sürdüyü zaman olur. Bu bizə demokratiyanın beşinci formasından tanış olan bir tipdir. Demokratiyada biz bunu ifrat forması adlandırmışdıq. Oliqarxiyanın bu cür formasını isə dinastiya adlandırırlar. 
       Bundan əvvəlki hissələrdə aristokratiyaya toxunsaq da, burda da bir qədər ondan danışaq. Aristokratiya ən yaxşı xadimlərin idarə etdiyi dövlət quruluşu formasıdır. Hər bir quruluşda vəzifəyə seçilmək üçün müəyyən şərtlər var. Burada vəzifəyə seçilmək üçün əsas şərt yüksək mənəvi keyfiyyətlərlə malik olmaqdır. Həmçinin var-dövlətə də sahib olmaq vəzifə sahibləri üçün zəruridir. Dövlət quruluşu əgər, həm var- dövləti, həm məziyyəti, həm xalqı hesaba alırsa, o zaman bu aristokratiya quruluşunun özüdür. Əgər vətəndaşın məziyyəti və xalq hesaba alınırsa, demokratiya və aristokratiyanın qarışığı meydana çıxır. 
       Politiya haqqında fikirlərimizi müəyyənləşdirməklə davam edirik. Politiya-oliqarxiya və demokratiyanın qarışığıdır. Demokratiya təmayüllü dövlət quruluşu formalarını adətən politiya, oliqarxiya təmayüllüləri isə aristokratiya adlandırırlar. Biz dedik ki, oliqarxiya və demokratiyanın qarışığının məhsulu kimi politiya yaranır. Indi baxaq ki, bu qarışığı necə əldə edirlər və oliqarxiya və demokratiyanın hansı tərəflərindən istifadə edib politiya çatırlar. Deməli, fikrimiz aydın olsun deyə, bunu sadə bir misalla izah edək. Bilirik ki, demokratiyanın əsas prinsiplərindən biri vəzifələrə adam təyin edilməsinin püşk yolu ilə olmasıdır. Oliqarxiya da isə  bu proses seçki yolu ilə həyata keçirilir.  Demokratiyada vəzifəyə təyin etmə əmlak senzilə şərtlənmir. Oliqarxiyada isə əmlak senzi zəruri haldır. Beləliklə, bu iki quruluşun müsbət cəhətlərin götürüb daha yaxşı quruluşu əldə etmək olar. “Oliqarxiyadan vəzifəyə adam təyin edilməsinin seçki yolu ilə olmasını, demokratiyadan isə bu təyinatın əmlak senzi ilə şərtlənməməsini götursək daha düzgün formanı politiyanı yaradarıq.”  Belə qənaətə gəldim ki, politiyada  vəzifəyə adam təyin etmə seçki yolu ilə, əmlak senzinə əsaslanmadan aparılır.
       İstibdad üsul idarəsi isə monarxiya quruluşunun formaları ilə oxşarlıq təşkil edir. Burada hakimiyyət hökmdarın(müstəbidin) özbaşınalığı ilə qəddarcasına, zalımlığla həyata keçirildiyindən, o, daha çox qeyri-məhdud monarxiyaya uyğundur.

(ARDI VAR)

 

Fərhad Baxışov 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə
I kurs magistr tələbəsi

Bakı, 08 dekabr 2018, Azadaz