• 2019.06.27

GƏLİN BİRLİKDƏ OXUYAQ: Aristotelin “Siyasət” əsərinin icmalı

10:00 23/12/18 |

        Aristotel dövlətin yaranması haqqında

(Əvvəli ötən saylarımızda) Müəllifin  araşdırmağa çalışdığı məsələ dövlətin necə yaranmasıdır. Buna görə də, əvvəl dövlət haqqında danışmalıyıq, çünki, siyasi münasibətlər dövlət olmadığı yerdə yaranmır. Bəs dövlət necə yaranır?-bu suala bir cümləylə cavab tapmağa çalışıram. Dövlət insanlar arasında ilkin münasibətlərin nəticəsi olaraq yaranır.  Ən ilkin münasibət isə ailədir, bu münasibət də hansısa zərurətdən yaranır. Bu zərurət isə gündəlik tələbatları ödəmək ehtiyacıdır. Bir neçə ailənin arasında yaranmış və daha uzunmüddətli təminatların ödənilməsinə yönəlmiş münasibət isə yaşayış məntəqəsi adlanır. Bir neçə yaşayış məntəqəsindən ibarət cəmiyyət isə artıq tamamilə bərqərar olunmuş dövlətin özüdür.   Ayrıca adam-ailə-yaşayış məntəqəsi-dövət, buradan  dövlətin yaranmasına qədər olan mərhələ və dövlətin nəyin əsasında yaranması bizə aydın oldu. Əgər mənə bu zəncirvari birliyi daha da uzatmağı desəydilər, beynəlxalq təşkilatları da əlavə edərdim. Axı onlar da dövlətlərin birliyindən yaranır. Amma mütəfəkkirin yaşadığı dövrü nəzərə alıb, verdiyi bu əlaqələrlə kifayətlənirəm.
    Dövlətin yaranmasın nəzərdən keçirdik və daha sonra dövlətin təşkil olunduğu hissələrə baxmaq lazımdır. Dövlətin hansı hissələrdən ibarət olmasını müəyyənləşdirmək üçün isə, biz əvvəlcə ailənin təşkilinə və ailədə  hansı tərəflərin olmasına baxmalıyıq. Mükəmməl ailədə iki hissə mövcuddur: sərbəstlər və qullar (ər və arvad, ata və oğul) . Dövlətdə isə bu hissələr ağa və kölələrdir. Doğrusu, mən bu hissəni oxuyarkən, Aristoteldən ağa və qul münasibətində tənqidi fikirlər gözləyirdim. Mənə elə gəlirdi ki, o, bərabər cəmiyyətdə birinin ağalıq etməsini, digərininsə  qul olmasını qəbul etməz. Amma görünür ki, yanılmışam. O, insanların bəzilərinin anadan olandan itaətdə olmaq, digərlərinin isə ağalıq etməklə bir-birindən fərqləndiyini deyir. Bunu qanunauyğun hesab edən, bunda pis bir şeyin olmadığını deyən müəllif, təsdiqini növbəti cümlədəki fikirlə əsaslandırır. “Canlı məxluqun özü də hər şeydən öncə, ruhdan və bədəndən ibarətdir. Bunlardan biri əzəldən ağalıq edən, digəri isə əzəldən itaətdə olandır.”    Buradan aydın olur ki, bədən üçün ruhun tabeçiliyində olmaq nə qədər təbii və faydalıdırsa, ağanın qul  üzərində hökmranlığı, qulun da ağaya itaətkarlığı o qədər qanunauyğundur, həm də sərfəlidir. 

    Biz dedik ki, dövlət bir birlikdir-ailələrin, yaşayış məntəqələrinin birliyidir. Bu birlik dövləti yaradıb, ama onu daima gücləndirmək olmaz. Dövlət öz birliyini daima gücləndirdiyi halda, dövlət olmayacaq. O, birliyə cəhd göstərsə, bu halda, dövlətdən ailə, ailədən isə ayrıca adam meydana çıxacaq. Bu cümləni yazanda yadıma təkamül düşür. O, inkişafın pik nöqtəsinə çatandan sonra, əvvəlki başlanğıc formaya geri dönüşdür. Amma belə inkişafa dövlətdə yol vermək olmaz. Bizim bu yanaşmamıza isə zidd bir fikir var,  bu da Sokratın müddəasıdır. Sokratın fikrincə, dövlət maksimum birliyə nail olmalıdır. Biz isə bununla razılaşmırıq və öz fikrimizi belə əsaslandırırıq: “Həddindən artıq adama (yəni çoxluğa-red.) məxsus olan şeyin qeydinə daha az qalınır. Insanlar isə ən çox şəxsən onların özlərinə məxsus olan şeylərin qeydinə qalırlar.”    Mən burdan belə bir nəticə çıxardım ki, Aristotel xüsusi olanın, Sokrat isə ümumi olanın müdafiəsinə qalxır. Bu yerdə mülkiyyət məsəəsini müzakirə etmək yerinə düşər, axı o da ümumi və xüsusi olaraq iki yerə ayrılır. 
     Bunun ardınca mülkiyyət haqqında məsələni müzakirə etmək lazımdır. Mülkiyyətin ümumi yoxsa xüsusi olması burada əsas müzakirə olunan məsələdir. Bizim fikirmizə görə, mülkiyyət yalnız nisbi mənada ümumi, ümumiyyətlə isə xüsusi olmalıdır. Ən yaxşısı odur ki, mülkiyyət xüsusi, ondan istifadə isə umumi olsun.  Ümumi mülkiyyətin tərəfdarı olmayan Aritotel, bu məsələdə də Sokratı tənqid edir. Sokrat mülkiyyətin ümumi olmasını vacib hesab etsə də, ümumi mülkiyyətə malik olanlar üçün dövlət qanunlarının necə təsis ediləcəyi haqqında da heç nə demir. Bu da, Aristotelin haqlı tənqidinə səbəb olur. Vəzifələrin təşkilində də Sokratın əsaslandığı fikir məntiqsizdir. O, hakimiyyətin  həmişə eyni adamların əlində olmasının tərəfdarıdır. Bizim bu məsələdə tənqidi münasibətimiz ondan ibarətdir ki, bərəbər cəmiyyətdə hakimiyətin bir nəfərin əlində cəmləşməsi digərlərinə qarşı ədalətsizlik olardı. Müəllif bundan sonra da Sokratın fikirlərinin tənqidi ilə davam edir və mən burdan özüm üçün belə bir nəticə hasil etdim ki, bu iki böyük mütəfəkkir tamamilə əks görüşlərə sahib adamlardır.
    “Dövlət” əsərində də Sokrat qadınların və uşaqların ümumi  olması, mülkiyyət və vətəndaşlıqla əlaqədar işlərin necə təşkil olunması ilə kifayətlənir. Bu əsərin də natamamlığı, mütəfəkkirin tənqid hədəfində olur. “Qanunlar” əsərinin isə böyük  hissəsi qanunlara həsr olunub, dövlət quruluşu barədəsə orada da az danışılır. “Qanunlarda” idarə edənlərin, idarə olunanlardan necə fərqlənəcəyi məsələsi, onların hansı keyfiyyətlərə sahib olması da diqqətdən kənarda qalıb. Bu əsərin təqdim etdiyi ən yaxşı dövlət quruluşu məsələsi də mübahisələrə səbəb olur. Bəziləri iddia edirlər ki, ən yaxşı dövlət quruluşu bütün dövlət quruluşlarının qarışığıdır. Bəzilərinin fikrincə isə, bu qarışıq oliqarxiyadan, monarxiyadan və demokratiyadan ibarətdir. “Qanunlar” da isə göstərilir ki, ən yaxşı dövlət quruluşu demokratiya və istibdad üsul-idarəsinin birləşməsindən ibarətdir.  Biz isə  belə fikirləşirik ki, əgər onların birləşməsi  dövlət quruluşu hesab edilsə, onda hamısından pisi məhz o, sayılacaq.

(ARDI VAR)

 

Fərhad Baxışov 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə
I kurs magistr tələbəsi

Bakı, 23 dekabr 2018, Azadaz