• 2019.03.23

Naxçıvan Muxtar Respublikasından 12 ölkəyə məhsul ixrac edilir

Baxış sayı: 31
17:00 12/01/19 |

Ötən il muxtar respublikada 49 istehsal və xidmət sahəsi istifadəyə verilib

Keçən il muxtar respublikada iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb, 49 istehsal və xidmət sahəsi istifadəyə verilib. 12 layihənin icrası isə davam etdirilir.

Azadaz-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında muxtar respublikanın sosial-iqtisadi inkişafı, əldə edilmiş nailiyyətlər müzakirə olunub, qarşıya mühüm vəzifələr qoyulub.

Muxtar respublikanın ötənilki iqtisadi uğurlarından bəhs edən nazir deyib ki, həyata keçirilmiş tədbirlər nəticəsində hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

“2018-ci ildə 411 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçılığın və ailə təsərrüfatlarının inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncamların icrası istiqamətində 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manat dövlət maliyyə dəstəyinin göstərilməsi, 210 ailə təsərrüfatının 6 mindən çox tara ilə təmin olunması, ailə təsərrüfatları və arıçılıq məhsulları festivallarının keçirilməsi təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə stimul olub, ailə təsərrüfatlarından bir qisminin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə şərait yaranıb”, - deyən Famil Seyidov qeyd edib ki, bu istiqamətdə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il görülən tədbirlər yerli məhsullarımızın daha geniş miqyasda tanıdılmasında mühüm rol oynayıb.

Özəl sektora dövlət dəstəyinin gücləndirilməsinə də toxunan nazir bildirib ki, iş adamlarının iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 27 layihənin maliyyələşdirilməsinə 6 milyon 131 min manatdan çox güzəştli kreditlər ayrılıb, bu kreditlərin 5 milyon 420 min manatı sənayenin, 711 min manatdan çox hissəsi isə kənd təsərrüfatının inkişafına yönəldilib. Ümumilikdə, muxtar respublika üzrə 2000-ci ildən ötən müddətdə fond tərəfindən 1271 layihənin maliyyələşdirilməsinə 142 milyon 313 min manatdan çox vəsait yönləndirilib.

Qeyd olunub ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olması ilə bağlı verilmiş tapşırıqların icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə 2800 ədəd hədiyyəlik məhsul və sənətkarlar tərəfindən 748 suvenir hazırlanaraq, 12 obyektdə satışa çıxarılıb. Ümumilikdə, 2018-ci ildə 722 adda 12 min 905 manat dəyərində əl işi və sənət əsərlərinin sərgisi təşkil edilib, 316 adda 5000 manatdan çox dəyərində əl işlərinin satışı həyata keçirilib.

Bildirilib ki, 2018-ci ildə görülən işlər ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini verib. Həmçinin dövlət dəstəyi ilə ötən ildə ölkə daxilində və xaricdə keçirilən beynəlxalq tədbirlərdə nazirlik əməkdaşlarının və sahibkarların təmsil olunması, 598 çeşiddə məhsulun 6 ölkədə sərgisinin təşkili ixrac potensialının genişlənməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaradıb. Bütün bunların nəticəsində hazırda muxtar respublikadan 12 ölkəyə məhsul ixrac edilir. Bundan əlavə, 2018-ci ildə “Caspian European Club” tərəfindən “6-cı Beynəlxalq Caspian Energy Forumu”nun muxtar respublikada keçirilməsi ölkədaxili şirkətlərlə sıx əlaqələrin qurulmasına və biznes əməkdaşlığına əlverişli şərait yaradıb.

“Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqində ən yüksək göstəricilərlə Naxçıvan Muxtar Respublikasının iqtisadi rayonlar arasında ikinci dəfə lider olduğunu diqqətə çatdıran nazir iqtisadi inkişaf üçün yaradılmış münbit şəraitə və geniş imkanlara görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.

Tədbir nazirlik əməkdaşlarının məruzə ətrafında çıxışları ilə başa çatıb.

Naxçıvan, 12 yanvar, Azadaz