• 29 Noyabr 2020

9 ayın nəticələri qənaətbəxş olub

08:30 19/11/20 | İqtisadiyyat

2020-ci ilin yanvar-sentyabr aylarında Abşeron rayonunun
“Sosial-iqtisadi inkişafı” haqqında

Hələ ötən əsrin sonlarında mürəkkəb və çətin bir şəraitdə yenidən dövlət müstəqilliyini qazanan Azərbaycan bir çox ölkələrin onilliklər boyu qazandığı iqtisadi və sosial inkişaf nailiyyətlərini daha qısa zamanda əldə etmiş, sosial-iqtisadi tərəqqi sahəsində uğurlarla zəngin bir tarix yazmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi sferada həyata keçirilən, ölkə iqtisadiyyatının sürətli inkişaf məntiqinə əsaslanan siyasətin məqsədyönlü şəkildə reallaşdırılması ölkəmizdə regionlarla paytaxt arasında tərəqqi fərqinin aradan qalxmasında, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsində, əhalinin sosial rifahının yaxşılaşmasında mühüm rol oynayır.

İqtisadiyyatın sürətli inkişafında Abşeron rayonunun da əhəmiyyətli yeri var. Belə ki, rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən doqquz ay ərzində 312.6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz çoxdur. Sənayenin inkişafında qeyri-dövlət sektorunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyri-dövlət subyektləri tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 276.8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ümumi məhsulun 88.5 faizi qədərdir.

Rayonun sosial-iqtisadi infrastruktur sahələrindən biri olan nəqliyyat sektoru cəmiyyətin inkişafında mühüm rol oynayır. İlin yanvar-sentyabr aylarında rayonda nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 664.0 min ton yük daşınmışdır. İlin doqquz ayı ərzində rayonda fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasından əldə olunan gəlir 1.5 milyon manat olmuşdur.

Hesabatların təhlilindən məlum olur ki, Abşeron rayonunun iqtisadi inkişafında rabitə və informasiya sahəsinin də əhəmiyyətli yeri var. Belə ki, hesabat dövründə müəssisə və təşkilatlara, həmçinin əhaliyə faktiki qiymətlərlə 8.9 milyon manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 26.2 faiz çox rabitə xidməti göstərilmişdir. Əldə olunan gəlirin 23.8 faizi qeyri-dövlət sektorunun payına düşür.

2020-ci ilin yanvar-sentyabr aylarında rayonda 324.2 milyon manatlıq investisiya qoyuluşu olmuşdur. Bu investisiyanın 272.9 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Hesabat dövrü ərzində əhaliyə pərakəndə ticarət və iaşə şəbəkələrindən 356.5 milyon manata bərabər istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 4.3 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin dəyəri isə 64.2 milyon manat olmuşdur ki, bunun da 38.9 milyon manatı dövlət, 25.3 milyon manatı isə qeyri-dövlət mülkiyyətinə məxsus təşkilatlar tərəfindən əldə edilmişdir.

Abşeron rayonunda 2020-ci ilin məhsulu üçün 846.5 hektar sahədə dənli bitkilərin səpini aparılmışdır. Həmin sahənin 816.5 hektarı payızlıq və yazlıq dənlilər və dənli paxlalı bitkilər üçün, 30.0 hektarının isə yaşıl yem üçün biçilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə 816.5 hektar dənli bitkilərin əkin sahəsindən 979.2 ton məhsul yığılmışdır.

Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali və kəndli fermer təsərrüfatlarında 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 20000 baş iribuynuzlu mal qara, o cümlədən 13138 baş inək və camış, 104124 baş isə qoyun və keçi mövcud olmuşdur. Cari ildə təqdim olunan statistik məlumatlara və müvafiq hesablamalara görə diri çəkidə 33625 sentner ət, 256073 sentner süd istehsal edilmişdir.

2020-ci il sentyabr ayının 1-i vəziyyətinə Abşeron rayonunda iqtisadiyyatın bütün sahələrini əhatə etməklə faktiki işləyənlərin sayı 30747 nəfər olmuş, bundan 12796 nəfəri dövlət, 17951 nəfəri isə qeyri-dövlət sektorunu əhatə etmişdir. Hesablanmış əməkhaqqı fondu 130905.0 min manat olmuşdur. Rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı 532.2 manat təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə faktiki işləyənlərin orta sayı 3.0 faiz, orta aylıq əməkhaqqı isə 27.0 faiz artmışdır.

Rayonda sosial sahənin inkişafı da yüksək səviyyədə təmin olunur, quruculuq-abadlıq işləri davam etdirilir.

Təvəkkül MİRZƏYEV,
Abşeron Rayon Statistika İdarəsinin rəisi

İnanırıq ki, işğaldan azad etdiyiniz tarixi yurd yerlərimiz Sizin sayənizdə inkişaf edəcək, çiçəklənəcək



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?