• 28 Yanvar 2021

Dünya miqyasında Şuşa ilə bağlı müsabiqə elan olunmalıdır

13:24 07/01/21 | Mədəniyyət

Fərhad Bədəlbəyli: «Bütün azərbaycanlılar bu gün özünü
şuşalı hesab etməkdə tam haqlıdırlar
»

Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi ayrı-ayrı incəsənət xadimi, musiqi və ədəbiyyat adamları arasında çox böyük coşqu ilə qarşılanıb. Xalq artisti Fərhad Bədəlbəyli Qarabağın incisi hesab olunan doğma yurduna olan bu diqqət və qayğıdan olduqca məmnun qaldığını bildirib.

Fərhad Bədəlbəyli öz duyğularını bölüşərək bildirib ki, 28 il sonra Şuşanın azadlığını görmək, hər qarışı, hər cığırı sənə doğma olan ata-baba yurdunun tanış küçələrini dolaşmaq mənim üçün çox böyük xoşbəxtlikdir: «Bu illər ərzində orda uyuyan doğmalarımın nigaran ruhu həmişə məni narahat edirdi. Min dəfə, milyon dəfə şükür edirəm ki, yenidən onlarla qovuşaraq rahatlıq tapacağam. Aradan ötən illər göstərdi ki, Şuşa təkcə orda doğulub boya-başa çatan, uşaqlığı, gəncliyi həmin diyarda keçənlərin deyil, hər bir azərbaycanlının vətəni, arzularının şəhəridir. Bütün azərbaycanlılar bu gün özünü şuşalı hesab etməkdə tam haqlıdırlar. Prezidentin dediyi "Əziz Şuşa, biz səni dirçəldəcəyik" sözləri öz təsdiqini tapır. Doğurdan da dirçəliş prosesi başlanıb. Hamımızın gözünün qabağında və hamımızm birgə səyləri ilə Şuşa bərpa edilərək əvvəlkindən də daha gözəl və möhtəşəm olacaq. Biz hamımız bunun şahidi olacağıq».

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olan F.Bədəlbəyli deyib ki, dünya miqyasında Şuşa ilə bağlı müsabiqə elan olunmalıdır: "Müşahidə Şurasının ilk iclası keçirildi. İclasda Şuşanın gələcəyi, onun bərpası, aparılacaq abadlıq və quruculuq işləri barədə müzakirələr apardıq. Təklif edirəm ki, dünya miqyasında Şuşa ilə bağlı müsabiqə elan olunsun. Qoy dünyanın ən məşhur memarları, arxitektorları, mühəndisləri uca dağlar qoynunda yerləşən bu möhtəşəm şəhəri necə təsəvvür etdiyini, onun daha da gözəlləşməsi üçün öz layihəsini irəli sürsün. Ümumiyyətlə, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı bu prosesdə yaxından iştirak etməlidir. Hətta orta məktəb şagirdi də bu prosesdən kənarda qalmamalıdır. Şübhəsiz ki, burada yurda sevgi, Vətənə məhəbbət, tarixə və keçmişə söykənmək kimi mənəvi keyfiyyətlər üstünlük təşkil etməlidir. Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Şuşa hamımızın ürəyi, ürəyimizin şüşəsidir. Biz bu şəhəri sevirik, onunla nəfəs alırıq”.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?