• 28 Yanvar 2021

GÖZÜN AYDIN, XAN QIZI!

13:51 07/01/21 | Mədəniyyət

1994-cü il avqust ayının 16-da Azərbaycan televiziyası ilə efirə gedən ““Bilən bu dərdimi yoxdur” verilişimiz Azərbaycan klassikasının görkəmli nümayəndələrindən biri Xurşud Banu Natəvana həsr olunmuşdu. Xanzadənin adı kimi qəmli taleyinin fonunda Qarabağın tacı Şuşanın işğalından, Şuşadan gətirilib İncsənət muzeyinin həyətində qoyulmuş Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş heykəlindən də söhbət açırdıq. Biz elə bir ürəkağrıdan fikirlərlə lirik mətnlər yazdıq ki, baxan kövrəlirdi. Kadrarxası mətni Xalq artisti Əminə Yusfqızı, bir də Sərvər Şahbəyli oxudular. Əminə xanım bədii qiraəti hıçqırıqlarla ifa etdi.

Verilişin finalını Xalq yazıçısı İıyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşasının finalında Natəvanın monoloqu ilə (ifaçı Xalq artisti Amaliya Pənahova) bitirdik: “Bu yolların sonunda azad Azərbaycan görünür”. Verilişimiz səsə səbəb oldu. Bununla da ardıcıl verillişlərhazırlamağa icazə verildi.

Biz Natəvanı bir neçə dəfə respublika radiosunda, mətbuat orqanlarında yada salmışıq. Bunları qeyd etməkdə məqsədimiz budur ki, “Azad Azərbaycan” qəzetinin bu töhfəsi Şuşamızda yenidən bərpa olunacaq tarix muzeyinin “Xurşud Banu Natəvan Azərbaycan mətbuatında” bölməsi üçün kiçik bir hədiyyə olsun.

Hörmətlə, müəllif.

“...neçin gəlməz, neçin gəlməz?”

Görkəmli Azərbaycan şairəsi X. B. Natəvana həsr olunur

Ötən əsrdə Qarabağda göz açdı dünyaya. “Xan qızı” dedilər adına. Əsilzadə balası maddi təminatının fövqündə mənəvi sarsıntılar seylabına düşdü. Ömür karvanının sarvanı özü olmadı – zaman istədiyi səmtə dartdı onu. Qəlbini nigaran, dilini şikayətçi öyrətdi. Beşinə könül qızdıranda, on beşi anlamaz donunda hücum çəkdi

ona. Qəlbini qıranlar iradəsini qıra, əqidəsindən döndərə bilmədilər. Anladı Natəvan, yazdı Natəvan.

Rəqib töhmət etdi məni cüda, ey düst!

Bu zülmü gördü rəva, görməsin səfa, ey düst!

Rəqib görməsin, Allah, visali-işrətini,

O səpdi tuxmi-fərağı, görüb ey düst!

Çağırram Allahımı hal, Natəvan ilə

Məgər ki, tez verə haq düşmənə cəza, ey düst!

Mürəkkəb ictimai-siyasi mühit mənəvi hüquqlarla yanaşı adi maddi hüquqlardan da məhrum etdi Xan qızını. Bir tərəfdən Qafqaz canişini Vorontsov iqtisadi təzyiq göstərdisə, o biri tərəfdən yerli kübar ailələr qara əllərin kölgəsini bir az da artırdılar.

Qismət oyununda dağıstanlı Xasay xan Usmiyev birinci sükançı oldu. Gözünün ilk ovuna könül bağlasa da, qismətinə laqeydlik düşdü. Şairə bu bəladan o vaxt qurtula bildi ki, ona iki övlad vermiş Xasay xan sürgündə ikən özünü həlak elədi. Gəlinlik duvağı hələ solmamış Xan qızı rəsmi boşandı.

Ölüm körpüsünün yolu gen olduğundan oradan ikinci tabut da keçdi. O, Ana tabutu idi. Xan qızı şahzadə anasını öz əllərilə son mənzilə yola saldı. Dərdləri ilə tamam təkləndi şairə.

Kəcrəvişdir bu asiman, əfsus.

Bivəfadır cəhanu can, əfsus!

Ey gözüm nuri, hasili-canım,

Çəkərəm sənsiz əlaman, əfsus!

İtirib bir Şükufə qönçəsini,

Qaldı sərkəştə Natəvan əfsus!

Şairənin poetik dünyasının şeirlə, musiqi ilə tamamlandığını, rəssamlığa meylini və bu sahədəki istedadını görənlər iblis xəyanətinə əl atdılar. Quru palçıq divara yapışmasa da, tale yönümünü deyişməyə məcbur etdi. İkinci bəxt rolunu Seyid Hüseyn Ağamirov oynadı. İnsani duyğularına sığınıb rəiyyətə etibar etdiyi üçün yenidən təqiblərə məruz qaldı şairə.

Nə Misr olaydı, nə Kənan, nə Həzrəti-Yəqub,

Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı!

Nə can olaydı, nə zindan, nə karvan güzəri,

Nə Yusifi bu bəlada görən bir adəm olaydı!

Dünyasını dəyişənlərin ayağı sayalı oldu sanki. On altı yaşında növcavan Mir Abbas gedənlərin qatarına qoşuldu. Övlad dağının ağır yükü şairə qəlbində qövr elədi, düyün yaratdı. Şairə yaslı analar kimi, qara geyib, göy bağladı. Ana qəlbinin naləsi, fəğanı şairə qələmində oğul dağı kimi inlədi.

Varımdı sinədə dərdü-qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,

Xəyali zülfünə bağlı gedibdir can ölürəm

Bahari- hüsnün əra gör necə xəzanəm mən,

Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Bu qəzəlin Natəvana aid olmayan çox maraqlı başqa tarixçəsi də var. 1966-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Leyli və Məcnun” operasına quruluş verən Mehdi Məmmədov qəzəldəki əhvali-ruhiyyənin Leylinin ölüm səhnəsinə uyğun olduğunu görüb, onu operaya daxil edir. Əslində isə oğlu Mehdiqulunun qəfil ölümündən sarsılan şairə bu qəzəllə qəlbinin hıçqırıqlarını nəzmə çəkmişdir.

Ölmədi Natəvan. Sənətdə, öz əməlləri ilə, insanlığı ilə yaşadı. Sənət də, sənətsevərlər də onu yaşatdı.

Yol çəkdirmək savabdı, dedilər, yol çəkdirdi Natəvan. Su çəkdirmək savabdı, dedilər, su çəkdirdi Natəvan. Körpü ünsiyyətdi, dedilər, körpü çəkdirdi Natəvan. Xalqına elm nuru vermək üçün məktəb də tikdirdi Natəvan.

At qeyrət sayılıb. Xan qızı qeyrətli oğullara layiq at bəslətdirib. Elə atlar ki, səsi-sorağı Moskvadan, Əlcəzairdən, Parisdən gəlib.

Tələbə umanda kömək əlini əsirgəmiyibdi şairə. Alimə dayaq olub ki, elmimiz inkişaf eləsin.

Şairlərə də arxa oldu şairə. Maddi imkanını səxavətlə payladı. Bütün Zaqafqaziyanın sənət sahibləri onun himayəsinə sığındılar.

Becərdiyi buğdaya, darıya, arpaya Tanrının özü bərəkət verdi. Göz yaşı kimi duru bulaqlar, su anbarları, təmizlik üçün xəlvətlər, buzxanalar xalqına töhfə idi, kömək idi. Dərdi onu təkləsə də, soydaşlarının dərdinə yandı, el anası oldu xan qızı.

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşüftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,

Gedər bu tələti- ziba, qərənfil!

Üzündən pərdeyi- nazın kənar et!

Unutma aşiqi, haşa, qərənfil!

Otuz şairin ürək isitdiyi sənət məclisi olan “Məclisi-üns” Xan qızının səxavətinə sığınmışdı. Şairlərin qələmləri Azərbaycan, fars, cığatay dillərində danışırdı. Xəqani, Nizami, Nəvai, Füzuli ziyası bu məclisə nur saçırdı. Azərbaycanın hər dilbər guşəsində bu dilbər gəlinin şeirlərinə nəzirə yazırdılar.

Tale yazısı fövqündə kədər və faciə sümüyü yanıq ekizlər kimi şairə qolunundan əl çəkmirdi. Kənd və yaylaları əlindən alındı. Xasay xanın uşaqlarına paylandı. Əkin yerləri, xırman yerləri getdi əlindən. “Məclisi üns” getdi əlindən. Qalan qələm oldu, bir də onu son nəfəsinədək tərk etməyən ilhamı.

Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə,

Tutubdur könlümü möhnət bu firqətdə, bu firqətdə.

Neçün əhvalımı bilməz o mahi- mehriban, ya rəbb?!

Nədən heç dadıma yetməz bu müddətdə, bu müddətdə?!

Gedibdir taqətim dizdən, tükənmiş nur həm gözdən,

Neçün Ülfət kəsib bizdən bu qürbətdə, bu qürbətdə.

Deyin yari vəfadarə, o çox uymasın əğyarə,

Kərəm qılsın mənizarə bu xiffətdə, bu xiffətdə.

Buxovlanmış arzular qızıl zəncir kimi şairə boynuna dolandı. Bax, onda dili “dövran” deyib ah çəkdi.

Dövrü dönmüş dövr dövran etmədi kamimcə, ah!

Düşmənimdir, bilmərəm kim, getmişəm dövranə mən?

Yoxu varımdan qalan ancaq mənim bir can idi,

Natəvan, dəxi nedim, sərf eyləyim mehmanə mən?

Poeziyamızın kövrək, həzin notları Natəvan qələmində qadın qəlbinin hıcqırıqlarını duyumla yaşadı, deyimlə tamamladı.

Qoyubdur intizarında, neçin gəlməz, neçin gılməz?

Həmişə ahu zarında, neçin gəlməz, neçin gəlməz?

Könüldə ahu zarım var, nə səbrü, nə qərarım var,

Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,

O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?

Mənə hicran məşəqqətdir, fərağin dərdü möhnətdir,

Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?

Əlimdə ixtiyarım yox, gedib-səbri- qərarım yox,

Yanımda gül-güzarım yox, neçin gəlməz, neçin gəlməz?

Yetibdir ərş üzə dadım, tutubdur dünyanı fəryadım,

Mənim ol sərvi- azadım neçin gəlməz, neçin gəlməz?

Qalıbdır Natəvan nadan, gecə-gündüz olar giryan,

Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?

Natəvan şeirlərinin əsas ruhu həyati hadisələr üzərində köklənirdi. O, şəxsi faciəsinin fövqündə bütövlükdə Azərbaycan qadınlarına məxsus faciəni əks etdirdi. Lakin hüquqsuzluq hamını eyni dərəcədə kölə halına sala bilmirdi. Elə Natəvanın özü fiziki imkanları çatmayanda mənəvi imkanlarına, şair ilhamına söykənir, dərdini, arzularını təsvir edirdi.

Xurşidbanunun yaradıcılığında lirizm üstünlük təşkil etsə də, bu şeirlərin hər birində mühit, zaman real təsvirdən yaxa qurtara bilməyib.

Bilin yaran, bu dünyada hərə bir kar ilən oynar!

Kimi xanənişin olmuş, kimi bazarilən oynar.

Kimi təxti-mürəssədə, başında taci- şahanə,

Kimi zindan içində əl-ayağı dar ilən oynar.

Kimi Məcnun sorağində, kimi Leyla fərağində,

Kimi yarın üzərində yatan şahmar ilən oynar.

Kimisi şadü xürrəmdir, kimi leylü nəhar ağlar,

Fələk də sərgiran olmuş Xurşidi-zar ilən oynar.

Natəvan Qarabağda göz açdı dünyaya, Qarabağda da vida söylədi dünyaya. Ondan bizə bir dəftər qaldı, adına “Gül dəftəri” deyirlər, bir də sənət inciləri. Əlyazmalar institutunda bu dəftər nadir eksponatlar arasında qorunur. Dəftərə heyran qalmamaq mümkün deyil. Natəvanın fiziki gözəlliyi əqli gözəlliyi ilə birləşib (Natəvan Qriboyedovu şahmat oyununda mat qoyub), karandaşla qeyri-adi incəliklə çəkdiyi gül rəsmləri adamı heyrətə salır. Bahar laləsi tək tez solan Natəvanın qəmi hopmuş gül ləçəkləri və heç zaman solmaz qəzəlləri ilə milli ədəbi xəzinəmizdə möhrətəm bir yerdədir.

Bundan sonra Natəvanın ruhu Şuşa səmasından onu xilas edəcək Azərbaycan ərənlərinin yollarına boylanıb deməyəcək: “Neçin gəlməz, neçin gəlməz.” Gəldilər! Xilas etdilər!

Əsilzadələr nəslinin bu böyük tarixi şəxsiyyətinin qəlbinə Ali Baş Komandan tərəfindən qoyulan məlhəm onun Şuşasının da, ədəbi tarixinin də əbədi ətrinə çevriləcək: İlham ətrinə.

Rafiq RƏHİMLİ, yazıçı-dramaturq,
Əməkdar mədəniyyət işçisi

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?