• 28 Yanvar 2021

OBRAZIN KATARSİS HALI

15:19 07/01/21 | Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda tərcüməçi-dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” monotamaşasına elmi-təcrübi yanaşma

Quruluşçu rejissor- Ayla Osmanova

İfaçı – Səbinə Məmmədova

Ekzpozisiya sadə bir görüntü ilə vizuallığa uğrayır: yarıqaranlıq məkanda gördüyümüz yeganə detal çarpayıdır. Bu, proloqdan finala qədər faciə məkanına çevrilən məhkumluq çarpayısıdı.

Aktrisanın zümzüməsi eşidilir, astaca əl görünür. Hadisəyə keçid üçün təməl rolunu oynayan və düyün yaratmaq üçün ifaçı tərəfindən informasiya ötürümü başlanır: personaj çarpayının arxasında yerdə oturub zümzümə edir. Aktrisanın təcəssüm zümzüməsində istər-istəməz tamaşaçı ruhuna kədər çiləyən maraqlı minor milizm gizlənib. Nəhayət, aktrisa təyin olunmuş təcəssüm mizanına keçir: “Mənə soyuqdu,”- deyib büzüşən obraz-aktrisa əslində məkan soyuqluğundan deyil, fikir soyuqluğundan üşüdüyünü ötürür.

Obrazın daxili etirazı onun sadə bir ritorikasında açılır: “Heç adamın da əlini-qolunu bağlayıb onu sağaltmaq olar?” Bəli, psixiatriya dispanserində tənha çarpayıya məhkum olunmuş gənc, gözəl qız yaşından çox verdiyi həyat mücadiləsi nəticəsində pixiofizioloji labirintə düşmüş, anlamazlar tərəfindən bağlı qapı arxasına salınmışdır. Vaideyn basqıları, işlədiyi müəssisələrdə gördükləri, ona olan təzyiqlər ruhunu elə sirkələmişdir ki, sağlam ikən şikəstə çevrilmişdir. Yaxın keçmişini qısaca xatırlamaqla, obrazın bu gününün dəqiq diaqnozunu vermək olar. Qız anasına: “Ay arvad, heç kişini də qoz qabığına salıb cibində gəzdirmək olar?” Bu bir cümlə qadın qısqanclığını, kişinin həyat tərzini, ailədə baş verənləri bütün təfərrüatı ilə aydınlaşdırır. Bu da görünməyən obrazların tablosudu. Onu müəllif, rejissor və ifaçı informasiya ilə gerçəkləşdirir. Obraz - Aktrisa qalmaqal mühitində süd əmib.

Uşaqlıq illərinin xatirələri tamaşaçının qəlbinə kövrət notlar səpir: bir qız uşağının bütün istəkləri nakamdı: rəqsə getmək istəyib, qoymayıblar, musiqi təhsili almaq istəyib, icazə verməyiblər. Hüquq fakültəsinə qəbul olunub, atasının vecinə olamyıb. Buna görə də Qız sındıqca sınıb. Nəticə isə çox ağırdı: o, tədricən psixofizioloji gərginliyə tuş gəlir. Aktrisa bu prosesi çılğın, titrək səslə təfsir edir. Bir qız uşağının nakam arzuları bizi kövrəldir.

Səbinənin oyun gerçəkliyi üçün çarpayıdan savayı heç bir detalı yoxdur. Ayla xanım, quruluşçu rejissor kimi, dar məkandan və məhdud imkanlardan bacardıqca çox, həm də məharətlə istifadə etməyə çalışıb. Çünki quruluş baxmından Ayla xanımın bir sıra maneələri də vardır ki, bu da indiyə qədər Kiçik Səhnədə gerçəkləşən tamaşalarla bağlıdır: döşəmədən tutmuş tavana qədər hər bir detaldan, fiziki fəaliyyət üçün çoxsaylı vasitələrdən və elementlərdən istifadə olunub. Bu baxımdan, mizan-fəaliyyət gerçəkliyi üçün seçilən detal – çarpayı, bir da aktrisanın fərdi peşə imkanlarıdır. Bu baxımdan rejissor tamaşanın plastik həllini ifaçının potensial imkanlarına hesablayıb. Nəticədə, yozum imkanlarını, dramaturji materialı düzgün oxuya bilib və bunu bizə oxutdura bilir. Bütün çərçivələrə baxmayaraq, sevinirik ki, rejissor konsepsiyası ideya çözümünə yol açır: insanları tənhalığa düçar olmağa qoymayın; dar anında yanında olun; dünyanın ən ağır və dəyərli vasitəsindən – SÖZdən istifadə edin, təsəlli verin!

Səbinə dramaturqla rejissorun psixiofizioloji vəziyyətdən qaynaqlanan təcəssümünü sakit səs çaları ilə gerçəkləşdirir. Obrazın etirazlarını emosional çılğın, vəhşi bağırtılarla deyil, nisbi sakit-emosional, daxili təbbəddülatdan doğan həyəcanla ifa edir. Ginekologiya şöbəsində işə düzələn personaj – Səbinə tamşaçıya çox dəhşətli informasiya ötürür. Qalıq qabının içində doğranmış körpə barmaqlarını görüb ürpənir. Düzü, bu məqam gerçəkliyində daxilimizdən sanki elektrik cərəyanı keçdi: necə yəni bapbalaca barmaqlar? Sonra təhtəlşüurumuzda gizlənən emosional yaddaş fəaliyyətə keçdi: axı, hamiləliyin süni pozuntusu zamanı bədən üzvləri hissə-hissə ambutasiyaya uğrayır. Qalıqlar qabında doğranmış barmaq hissələrinin olması labüddür. Bu, xanım dramaturqun mənəvi ağrılarının təcəssümüdü. Bunu duyub səhnə oyununa çevirən rejissor və onun səhnə yükünü daşıyan aktrisa eyni ağrılar aurasındadırlar. Belə bir real baxış həyatımızın müdhiş bir tablosunun rəsmidir. Dramaturq tamaşaçısına çox ciddi sosial problemləri çözərək ötürməyə çalışır, ağıllı tamaşaçı bunu duyur.

Səbinənin “Tanqo”su çox məharətli ifadır, qəbul etməmək, bəyənməmək mümkün deyil. Sözsüz ki, bu məharət aktrisanın xoreoqrafiq təhslindən irəli gəlir. Lakin ritmik gerçəkliyin, maraqlı plastik həllin arxa planında böyük təəssüf hissi gizlənib. Dramaturq, rejissor və ifaçı qulağımıza pıçıldayır: “Kaş ki, bütün gerçəkliyimiz bu “Tanqo” qədər gözəl olaydı!

Rejissor dramaturqun təklif etdiyi obraz etiraflarını aktrisanın ruhuna elə hopdurub ki, istər-iatəməz tamaşaçı qəlbinə sirayət edir. Sözsüz ki, Səbinə Məmmədova istedadlıdır və o, obrazın etiraflarını bizə ötürə bilir. Elə səviyyədə ötürür ki, onun katarsis halına inanırıq. Bu, özünü daxili təmizləmədi və bu katarsis halı tamaşaçı ruhuna nəm səpir.

Tamaşa bütün zahiri ötürümü ilə tamaşaçı daxilinə gizli bir informasiya sızır: bu gözəl qızı bədbəxt edən mühitdir. Trionun – müəllif, rejissor və ifaçının da üsyanı həmin mühitə qarşıdır. Deməli, günahkar cəmiyyətdir. Bu baxımdan da, yuxarıda xatırladığımız ideya çözülür.

Monotamaşanın uğurunun başında çox təcrübəli bədii-yaradıcı heyət dayanır: quruluşçu rəssam Reyhan Aslanova, rəqslərin quruluşu Ceyhun Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov və ən əsası isə bədii quruluş hissə müdiri Zəminə Erbir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kiçik Səhnəsinin bu maraqlı töhfəsi kollektivimizin peşəkarlığı, səhnə sənətinə sədaqəti kimi dəyərləndirilə bilər.

Rafiq RƏHİMLİ,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?