• 28 Yanvar 2021

Müharibə dövründə hərbçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress pozuntusudur - Səhiyyə Nazirliyi

11:47 12/01/21 | Gündəm

Müharibə dövründə hərbiçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Vətən Müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə danışarkən deyib.

Onun sözlərinə görə, stress reaksiyalarının yaranmasında və ağırlığında şəxsin fərdi təsirlənmə və özünü idarə etmək qabiliyyəti böyük əhəmiyyətə malikdir: "Əlamətlər tipik qarışıq və dəyişkən mənzərəyə malikdir, düşüncə və diqqət sferasının daralması ilə, qıcıqlandırıcıları tam dərk etməyin qeyri-mümkünlüyü ilə ilkin “heyrət” halından ibarətdir. Bu hal ətraf situasiyadan “uzaqlaşma” (dissosiativ stupor halına qədər) və ya yüksək aktivliklə (uçuş və ya fuqa reaksiyası) müşayiət oluna bilər. Bu zaman adətən həyəcanın əlamətləri də (taxikardiya, həddən artıq tərləmə, qızarma) mövcud olur. Şəxsdə stress hadisəyə qarşı hissəvi və ya tam amneziya da baş verə bilər".

Mərkəz rəhbəri deyib ki, hərbçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub: "Posttravmatik stress pozuntusu hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciə xarakterli stress hadisəsinə təxirəsalınmış və ya yubanmış cavab kimi meydana çıxır. Belə ki, psixi sağlamlıq xidmətləri üçün müraciət edən hərbiçilərdə və əsgərlərdə kəskin stress pozuntusu əlamətləri davamlı və uzunmüddətli olduqda posttravmatik stress pozuntusu diaqnozuna dəyişdirilir".

F. İsmayılov bildirib ki, psixoloji yardım üçün müraciət edən kəskin stress reaksiyası yaşayan bütün hərbiçilərə və əsgərlərə ilkin psixoloji yardım göstərilirdi: "İlkin psixoloji yardım kəskin stress əlamətlərinin azalması və tələbatların ödənilməsinə yönəlmiş mərhəmətli və dəstəkedici yardım növüdür. İlkin psixoloji yardım zamanı şəxslərə praktiki və emosional dəstək göstərilir, onların tələbatları və problemləri öyrənilir, əsas tələbatların ödənilməsinə yardım olunur və böhran vəziyyətinin qarşısı alınaraq insanlara stabil vəziyyətdə qalmağa kömək edilir. Bu isə hərbiçiləri və əsgərləri gələcəkdə baş verə biləcək zərərlərdən qoruyur.

Posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbiçilərə və əsgərlərə həm klinik psixoloqlar tərəfindən psixoloji yardımın müxtəlif növləri (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya), həm də psixiatrlar tərəfindən dərman müalicəsi təyin olunur. Psixoloji yardımın növü və dərman müalicəsi psixi problemin ağırlıq dərəcəsinə əsasən təklif edilir".

Qurum rəhbəri deyib ki, bundan əlavə posttravmatik stress pozuntusu diaqnozu təyin edilmiş hərbiçilərə və əsgərlərə əsasən psixoloji yardımın psixoterapiya növü olan koqnitiv-davranış terapiyası (KDT) aparılır: "KDT travmatik hadisənin hərbiçidə və əsgərdə yaratdığı emosional, koqnitiv və davranış nəticələrinə yönəlmiş qısamüddətli və strukturlaşdırılmış psixoloji müdaxilədir. Bu zaman PTSP-dən əziyyət çəkən hərbiçi və əsgərlər travmatik hadisə ilə bağlı xatirələri ilə, həmçinin travma ilə bağlı çəkinmə situasiyaları ilə idarə olunan və təhlükəsiz mühitdə üzləşdirilir (təsəvvür ekspozisiyası). PTSP-nin müalicəsində koqnitiv davranış terapiyası hərbiçilərə travmatik hadisə ilə bağlı əmələ gələ bilən təhrif olunmuş mənfi fikirləri, eləcə də özləri və ətraf mühit haqda uyğun olmayan, faydasız inancları müəyyənləşdirmək, aradan qaldırmaq və dəyişməkdə kömək edir".

Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?