• 28 Yanvar 2021

Nəğməsi ilə dastan yazan Şəhidim

11:35 12/01/21 | Digər

Şəhid olması olması ilə ürəkləri sızıldadan, səsi ilə dostlarını ruhlandıran, dastan yazan Xudayar Müslüm oğlu Yusifzadə Bərdə rayonunda doğulub. Dünyaya gəlişi ilə həyat ona ilk zərbəsini uşaq yaşında vurmuş və o atasını erkən itirmişdi. 32 yaşında qarmon ifaçısı olan atası Müslüm Yusifzadə urək tutmasından vəfat etmişdi.
Ailədə üç qardaş bir bacı idilər. Onlar ana, nənə, baba himayəsində böyümüşlər.
Qarşısında neçə-neçə belə surprizlərin olduğunu bilmirdi. Çox ərköyün və dəcəl idi. Nənə-baba əllərindən gələni edirdilər ki, uşaqların gözlərində bir damla yaş görməsinlər. Uşaqlar qayğısız böyüyürdülər. Ailə onları elə saxlayırdı ki, yox nədi bilmirdilər.
Bərdə rayonunun 1 saylı müsiqi məktəbində xanəndəlik dərsi alıb Xudayar. Hər gün harda olurdusa eləcə oxuyurdu. 1-ci sinifə gedəndə bir gün nənəsi ona hərbi forma almışdı. Hərbi formanı geyinəndən sonra fikri dəyişir. Məktəbi bitirdikdən sonra o hərbi xidmətə gedir.
Əsgəri xidmətdən gələndə görür ki, yaşadıqları ev qısa qapanmadan yanıb kül olub. Ailənin belə ağır vəziyyətində Xudayar işləmək qərarına gəlir. Bunun üçün o, Bakıya gəlir. Marketlərin birində mühafizəçi işləyir. Bir gün işlədiyi marketin müdiri darvazanı açmağı ona deyir. Xudayar darvazanı açmadığı üçün marketin müdiri ona acığı tutur. Xudayar cavabında «sizin gəldiyinizi görmədim, birdə ki, mən qapı açan işləmirəm, mən mühafizəçiyəm».
Bu söhbətə təsadüfən qulaq müsafiri olan market müştərisi Xudayara yaxınlaşıb qulağına «mən səni bayırda gözləyirəm» deyir.
Xudayar bilir ki, bu söhbətdən sonra müdir onu işdən çıxaracaq. Ona görə o marketdən çıxıb həmin adama yaxınlaşır. Bayırda gözləyən Orxan adlı şəxs ona sabah sənədlərini götürüb Sərhəd Qoşunlarına gəlməyini təklif edir. Səhəri gün sənədləri ilə Sərhəd Qoşunlarına gedir və oxumağa başlayır. Lakin Xudayar işləmək istəyirdi. Tezliklə O, Astaraya Sərhəd Qoşunlarında gizir kimi işləməyə başlayır.
Xudayar vətənpərvər idi. Müharibənin ilk günündən döyüşlərə qatılır. Xudayarın anası onun döyüşdə olduğunu bilmirdi. Anası Rada Yusifzadə deyir: «Bizə zəng edəndə gülə-gülə zarafata salıb bildirirdi ki, bizi müharibəyə aparmırlar, təlim keçirlər. Bir dəfə ona zəng vurdum güllə səsi gəldi, dedim o nə səsdi. Dedi torpaqlar işgaldan azad olunub, Zəngilan rayonunda əsgərlər atəşfəşanlıq edirlər. Heç birimizə deməmişdi müharibədə olduğunu. Bircə balaca dayısına demişdi ki, döyüşə gedirəm. Dayısı deyir onu saxlamaq olmazdı».
Şəhidliyindən iki gün əvvəl onun ifasında sosial şəbəkələrdə yayımlanan mahnının sözlərində deyildiyi kimi

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xiymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.

Xudayarın Murovdan başlayan döyüş yolu bir-bir alınan rayonlardan Zəngilandan, Qubadlıdan, Cəbrayıldan, Fizulidən keçir. O dağların başında dumanı gördükcə dumandan xiymə qurmuşdu, döyüş yoldaşlarına bu səsi ilə döyüşə ruhlandırırdı.
Xudayar o mahnını oxuyanda 3 gün idi ki, ac-susuz olub. Döyüşlərin gərgin vaxtı idi. O mahnı oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirdi. Hər bir yaralını çiynində məntəqəyə çatdırırdı. Heç bir yaralını tək qoymurdu. O, döyüşlərə elə oxuya-oxuya qatılmışdı. İçində qorxu hissi belə yox idi, həmişə öndə gedirdi.
Xudayarın şəhid xəbərini gətirən döyüş yoldaşları deyirdi ki, düşmən mühasirəsində qalan yoldaşlarının birinə deyib ki, «qorxma gəlib səni xilas edəcəm. Ölsəmdə şəhid olmağa gəlirəm». O, dostunu mühasirədən sağ-salamat çıxarıb gətirmişdi.
Xudayar Fizuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı rayonları uğrunda qaynar döyüşlərdə iştirak edib. Onun bir arzusu var idi. Xudayarın anası tərəfi Ağdamlı idi. Babasına deyirdi gəlib səni doğma yurduna Ağdama aparacam. Mahnının sözlərində deyildiyi kimi.

Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür,
Təbiətdə mənə heyran görünür.

  
Xudayar Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə oktyabrın 23 də şəhid olur. Zəngilanda çox yaxın məsafədən döyüşüblər. Ən qabaqda gedən də Xudayargilin komandası olub. Birinci güllə dəyəndə döyüş yoldaşına deyib ki, «deyəsən şərəfsizlər məni vurdular». Amma heç nə olmamış kimi döyüşə davam edib. Təxminən 40 dəqiqə döyüşüb, sonra plemyotla onun boğazından vurublar. Elə oradaca şəhid olub. Ondan sonra silahdaşları həmin yerə üç rəngli bayrağımızı Xudayarın şərəfinə sancıb, «Rahat yat» deyiblər, «Sənin şəhid olduğun qəsəbəni azad etdik».
Beləcə dastana döndü 22 yaşlı Xudayar Yusifzadə. Arzusunda olduğu hərbçi də oldu, döyüşçü də, şəhid də.
Xudayarın müharibədən əvvəl xanəndə kimi tanınmaq arzusu da ürəyində qalmadı.

Deyirlər bülbülə çəmən yaxşıdı,
İnsan üçün laləzar Vətən yaxşıdı,
Vahid sorma Vətən yaxşıdı,
Adı gəlcək könlüm xəndan görünür.

Təkcə "Vətən yaxşıdır" mahnısını ifa etməklə bütün xanəndəliyin rütbəsinə yüksəldi. Onun bu oxuduğu "Vətən yaxşıdı"  mahnısı Xalq artisti Əlbaba Məmmədova məxsus idi. Xudayarın şəhidliyindən sonra Xalq artisti Əlbaba Məmmədov bu mahnını Xudayar təsnifi adlandırdı.
Öz xoş siması, gülər gözləri, batıq yanaqları, gözəl ifası və qəhrəmanlığı ilə ürəklərə əbədi hopdu. Belə qəhrəmanları biz kinolarda görmüşdük. Lakin bu canlı həqiqətdi. Xudayarın qəhrəmanlığı dastanlar yazdı…

Püstə HÜSEYNOVA

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?