• 28 Fevral 2021

Sağlığında klassik adı qazanmış şair

12:00 13/02/21 | Mədəniyyət

Nəriman Həsənzadə - 90

Nəriman Həsənzadə: «Qarabağla bağlı çoxlu xatirələrim var»

Görkəmli şair, gözəl şəxsiyyət Nəriman Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). O, ibtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kurunsa göndərib. Buranı bitirdikdən sonra, o vaxtlar dünya səviyyəsində tanınan Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il burada uğurla təhsil alıb və Bakıya qayıdıb.

1962-65-ci illərdə Azərbaycanın böyük yazıçısı və alimi Mir Cəlal Paşayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olub. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. 1962-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyib. O, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olduğu illərdə bu qəzet çox məşhur olub və hətta Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz üçün əski əlifbada və Türkiyədə yaşayan qardaşlarımız üçün latın qrafikasında da böyük tirajla çap olunub. Belarusiya ədəbiyyatının inkişafındakı xidmətlərinə görə, 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medalı ilə təltif olunub. Nəriman Həsənzadə bir müddət SSRİ Yazıçıları Ədəbiyyat Fondunun Azərbaycan bölməsinin direktoru olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışıb və Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz edib. Həmin illərdə bu sahədə Azərbaycan üçün əvəzsiz işlər görüb.

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışan professor Nəriman Həsənzadə burada da böyük işlər görür. Çoxlu elmi işçilərin yetişməsində və tələbələrin humanitar sahəyə marağının artmasında əlindən gələni edir. O, Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür.

Nəriman Həsənzadə Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib (2004). Hal-hazırda isə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədridir Nəriman müəllim. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir böyük ədibimiz.

Müstəqil Azərbaycan Respublikasının "Şöhrət" və “Şərəf” ordenləri ilə və Heydər Əliyev mükafatı ilə təltif olunub və Fərdi Prezident təqaüdünə layiq görülüb.

Nəriman Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin də iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilib.

“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıdıb. Nəriman Həsənzadə ilin şairi elan olunub və ona bu münasibətlə “Uğur – 2009” diplomu verilib. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 10 May 2017-ci ildə Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkənin ən böyük mükafatına, Heydər Əliyev Mükafatına layiq görülüb. Onu da vurğulayaq ki, Azərbaycan şairləri arasında ilk dəfə bu ali mükafata məhz Nəriman Həsənzadə layiq görülüb. Bu vaxta qədər Nəriman Həsənzadənin 50-dən artıq kitabları çap olunub. Onun “Nəriman”, “Nuru Paşa”, “Qarabağdan gələn var”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı”, “Bəyanat”, “Həsrət”, “Vətənsiz”, “Heybədə gəzən şeir”, “Qadın”, “Sabir”, “Şahid ol, günəş”, “Səfirə məktub, “Nizami”, “Əsir uşaq”, “Qız ürəyi”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Rəsul Həmzətova məktub”, “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qaçaq Kərəm”, “Səfirə”, “Xarı bülbül”, “Poylu-beşiyim mənim” poemaları və “Nabat xalanın çörəyi” povesti oxucuların ən çox oxuduğu əsərlərdəndir. “Nabat xalanın çörəyi povesti” ingilis dilində Amerikada çap olunub və böyük maraqla qarşılanıb. “İmzalar içində”, “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Nabat xalanın çörəyi” pyesləri böyük uğurla Azərbaycanın dövlət teatrlarında tamaşaya qoyulub. Xalq artisti Lütfi Məmmədbəyovun quruluşunda “Kimin sualı var?” televiziya tamaşası ən baxılan əsərlərdən biri olub. Nəriman Həsənzadə son vaxtlar böyük ədibimiz Mir Cəlal Paşayevə həsr etdiyi “Xəlvətdə yanan şam” və “Qarabağ Azərbaycandı! “Qarabağnamə”m İlhamdı” adlı mənzum pyeslərini də yazıb. “Qarabağ Azərbaycandı! “Qarabağnamə”m İlhamdı” dramatik qəhrəmanlıq odası artıq Azərbaycan Dövlət Radio və Televiziya Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi ilə tamaşaya hazırlanır. Bu tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Rəfael Əsədov, geyim üzrə rəssamı Əfşan Əsədova, bəstəkar Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Səbinə Məmmədova, rejissor assistentləri Anar Seyfullayev, Günay Qasımovadır. Tamaşada rolları teatrın aparıcı aktyorlarından –Məhərrəm Musayev, Xalidə Şərifova, Əməkdar artist Elşən Rüstəmov, Rəşad Səfərov, Əməkdar artist Gülər Nəbiyeva, Anar Seyfullayev, Ramiq Nəsirov, Səbinə Məmmədova, Əməkdar artist İlham Əsgərov böyük həvəslə məşq edirlər. Qarabağ müharibəsinə həsr olunan və Azərbaycan dramaturgiyasında son ən maraqlı əsər olan bu tamaşanın fevral ayının sonlarında təhvil verilməsi planlaşdırılır.

Nəriman Həsənzadə ilə etdiyim söhbətlərdə O, hər zaman böyük şairimiz, klassik yazıçımız və alimimiz Mir Cəlala və ulu öndər Heydər Əliyevə həyatda həmişə borclu olduğunu deyir:

- Ömrüm boyu böyük yazıçımız, alimimiz, müdrik şəxsiyyətimiz Mir Cəlal müəllimə minnətdaram. O, həqiqətən də həyatda mənim mənəvi atam olub. Bu haqda mən dəfələrlə yazmışam və radio, televiziya çıxışlarımda demişəm. Bu dahi insan hətta öz oğlu, böyük alimimiz Arif Paşayevə siyahı ilə düşən evi mənə verib. O, Arif müəllimi kooperativ formada siyahıya yazdırıb və oradan onun üçün ev alıb. Hətta kooperativə verdiyi pulu da başqasından borc alıb. Məgər belə dahi insanı unutmaq olarmı? Onu da vurğulayım ki, Mir Cəlal müəllim təkcə mənə yox, yüzlərlə tələbələrinə, cavanlara köməklik edib. Bəzilərinin imtahandan kəsilməməsinə, bəzilərinin təqaüd almasına, bəzilərinin işlə təmin olunmasına, elmi işlərini müdafiə etməsinə əlindən gələn bütün köməklikləri təmənnasız edib. O, dahi şəxsiyyət elə bil ki, bunu özünə mənəvi borc bilib. Biz, belə müdrik ağsaqqallarımızla fəxr etməliyik. Ulu öndər Heydər Əliyevə də mən çox minnətdaram. Bu Dahi insan, böyük rəhbər və əbədiyaşar prezidentimiz də mənim həyatımda çox böyük rol oynayıb. Əgər Ulu Öndər çətin məqamlarda məni qorumasaydı, indi mən burada sizin qarşınızda çıxış edə bilməzdim. Dahi Heydər Əliyev hətta elm, ədəbiyyat və incəsənət xadimlərini də bir-birindən qoruyurdu. Çox sevinirəm ki, onun yadigarı cənab İlham Əliyev də atasının yolunu uğurla davam etdirir. Cənab Prezidentimizin dörd xarici dil bilməsi və balanslaşdırılmış, çox uğurlu siyasət aparması da onu dünyanın aparıcı dövlətlərinin rəhbərlərindən birinə çevirib. Bu gün dünyanın ən aparıcı ölkə başçıları onunla hesablaşırlar. İlham Əliyevin sayəsində Azərbaycan həm də dünyanın ən aparıcı idman ölkələrindən biri olub. Bu sahədə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da zəhmətini, xidmətlərini danmaq olmaz. Onların hər ikisi Azərbaycan iqtisadiyyatının yüksəlməsində, çoxlu sənaye obyektlərinin açılmasında, işsizlik probleminin bütövlükdə həll olunmasında, torpaqlarımızın geri qaytarılmasında əvəzsiz işlər görürlər. I Avropa Olimpiya oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi respublikamıza dünyanın aparıcı ölkələrinin böyük inamının, marağının nəticəsi idi. Biz, bununla fəxr etməliyik. Qarabağ torpaqlarımızın Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günə erməni faşistlərindən təmizlənməsi isə xalqımız üçün böyük qələbə oldu. Mən də bir şair, dramaturq kimi bu Vətən Müharibəsinə çoxlu şeirlər və “Qarabağ Azərbaycandı! “Qarabağnamə”m İlhamdı” adlı həm poema və həm də səhnə əsri yazmışam. Bu səhnə əsrinin də Azərbaycan Dövlət Radio və Televiziya Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi ilə teatrda Əməkdar incəsənət xadimi, rejissor Ağalar İdrisoğlunun quruluşunda çox böyük uğurla məşqləri gedir. Mən cavanlıq eşqi ilə yenə də bir neçə şeirlər, poemalar, pyeslər üzərində yaradıcılıq işləri aparıram. Təki sağlıq olsun. Ən böyük arzum isə yenidən gedib cənnətməkan torpağımız olan Qarabağı ziyarət etməkdir. Çünki hər bir azərbaycanlı kimi o yerlər mənə çox doğmadır. Qarabağla bağlı çoxlu xatirələrim var.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?