• 28 Fevral 2021

Şuşanın qoruq ərazisindəki abidələrin sayı ermənilər tərəfindən qəsdən saxtalaşdırılıb - Tədqiqatçı ekspert

11:24 16/02/21 | Mədəniyyət

Şuşada 850-dən 1360-a qədər qeydiyyatdan kənarda qalmış tarix və mədəniyyət abidəsi var. Şəhərin bərpası zamanı bu abdiələrin nəzərə alınmaması bərpa işlərində böyük boşluqlar yarada bilər.

Bunu 2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin monitorinqini aparan Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü olmuş mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Tədqiqatçı hesab edir ki, sovetlər dönəmində Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyi qəsdən Şuşa şəhərinin qoruq ərazisində 142 tarixi-mədəniyyət abidəsinin olduğunu açıqlayıb.

"Ermənilər həmin dövrdə azərbaycanlıların mədəni-irs nümunələrinin saylarını şübhə altına atmaq, Azərbaycan tarixini saxtalaşdırmaq istiqamətində əməli fəaliyyət göstəriblər. Əgər təqdim olunan 142 rəqəmini təhlil etsək görərik ki, bu abidələrin 9-u məhəllə məscidləri, 2-si hamam, 8-i bulaqdır. Qoruq ərazisindəki mədrəsə, karvansay, təhsil müəsisələrini də nəzərə alsaq, oradakı bu tipli binaların, eləcə də inzibati binaların sayı ümumilikdə 51 olmalıdır. Əgər biz bu rəqəmi tarix və mədəniyyət abidələrinin ümumi sayından çıxsaq, belə çıxır ki, Şuşada cəmi 91 yaşayış evi olub. O zaman bu məlumat belə bir haqlı sual doğurur: Xanlıq üçün mühüm strateji əhəmiyyət daşıyan Şuşa Qalasında Pənahəli xanın inşa etdiyi 17 məhəllədə 91 ailə yaşayırdımı? Əgər Şuşada bu qədər az əhali yaşayırdısa, o zaman 17 məhəllə inşa etmək hansı zərurətdən yaranmışdı?".

F.İsmayılov əlavə edib ki, işğal səbəbindən müstəqillik dövründə bu ərazilərdə tarix və mədəniyyət abidələrinin qeydiyyatını aparmaq mümkün deyildi. Lakin indi bu abidələrin sayını yenidən dəqiqləşdirərək qeydiyyata almaq mümkündür.

F.İsmayılov qeyd edib ki, Şuşanın tarixi görkəminin qaytarılması Şuşadakı 17 məhəllənin sərhədləri daxilində məscid, hamam, bulaq, görkəmli adamların və tarixi şəxsiyyətlərin mülklərinin, XVIII-XIX əsrlərdə inşa edilmiş yaşayış evlərinin, inzibati binaların, elm və təhsil müəsisələrinin bərpasından keçir:

"Təqribi hesablamaya görə, hər bir məhəllədə 60-80 yaşayış evi və digər inzibati bina və qurğular olubsa, bunun ümumi sayı 1020-1360 olur. Deməli, Şuşanın bərpası layihələşdiriləndə ayrı-ayrı məhəllələr üzrə bu say mütləq nəzərə alınmalı və XVIII-XIX əsr memarlığına uyğun bərpa edilməlidir".

Mütəxəssis qeyd edib ki, bu abidələrin hamısı indiyədək öz mövcudluğunu qoruyub saxlaya bilməyib. Onların bir qismi işğal dövründə dağıdılaraq yerində şəhər landşaftına uyğun olmayan binalar inşa edilib, digər bir qismi isə dağıdılsa da, onların qalıqları qalır. Amma müvafiq idarə rəhbərlərinin səhlənkarlıqları üzündən onlar qeydiyyata alınmayıblar. Lakin arxiv sənədlərində Şuşanın qədim landşaftına aid bir çox dəyərli məlumatlar qorunub saxlanır.

Ekspertin fikrincə, Şuşada dövlət qeydiyyatından kənarda qalan tək yaşayış evləri deyillər. Bu abidələr sırasında XIX əsrə aid inzibati binalar təhsil müəssisələri və monumental qurğular da var. Belə abidələrdən çox önəmlilərindən biri İctimai Məclisin yay binasıdır. Öz memarlıq quruluşu və bədii gözəlliyi ilə göz oxşayan, bu və ya bu kimi abidələrin Şuşanın bərpasında nəzərə almamaq mədəniyyətimizə çox ağır zərbə ola bilər:

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Vətən Müharibəsindən sonrakı quruculuq dövründə Şuşa şəhərinin bərpasına xüsusi önəm verir. Prezidentin Azərbaycan Ordusunun Qarabağ üzərindəki qələbəsindən dərhal sonra Şuşanı Mədəniyyət Paytaxtı elan etməsi, öz çıxışlarında Şuşanın bərpası zamanı klassik ənənələrə üstünlük verilməsi barədə bu və ya digər tövsiyələri bu qənaətə gəlməyimizə əsas verir".

Onun sözlərinə görə, Prezidentin Azərbaycan Ordusunun Qarabağ üzərindəki qələbəsindən dərhal sonra Şuşanı Mədəniyyət Paytaxtı elan etməsi, öz çıxışlarında Şuşanın bərpası zamanı klassik ənənələrə üstünlük verilməsi barədə bu və ya digər tövsiyələri bu qənaətə gəlməyimizə əsas verir. Klassik ənənələr dedikdə isə Şuşanın ən azından qoruq zonası ərazisindəki tarixi görkəminin özünə qaytarılması üçün şəhərin sövet dövründə inşa edilmiş “xruşovkalar”dan, eləcə də erməni işğalı zamanı inşa edilmiş müasir kotec, restoran və digər qurğulardan azad edilməsi işlərini gündəmə gətirir.

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?