• 22 Aprel 2021

Ölümsüz qəhrəmanlar...

10:27 16/02/21 | Digər

Şəhid əsgər Mehrab Niftəliyev

Mehrab Söhrab oğlu Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Mehrab Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mehrab Niftəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin Mehrab Niftəliyev "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli idi, üç övladı yadigar qalıb.

Şəhid leytenant Vəli Quliyev

Quliyev Vəli Kamal oğlu 20 iyul 1997-ci ildə Naxçıvan MR Culfa rayonunun Qazançı kəndində dünyaya gəlib. 2003-cü ildə həmin kəndin 1991-ci il şəhidi Elsəvər Eldar oğlu Aslanov adına tam orta məktəbdə təhsil almağa başlayıb, 2009-cu ildə Azər Tağıyev adına 17 nömrəli Naxçıvan şəhər məktəbində 7-ci sinifdən təhsilini davam etdirib. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub. 2018-ci ildə Akademiyanı bitirdikdən sonra sərhəd bölgəsində yerləşən “N” saylı hərbi hissədə əvvəllər taqım komandiri, son beş ayda isə bölük komandiri işləyib. Onu tanıyanlar deyir ki, sərhəd bölgəsini özü seçib. Hətta kirayə etdiyi mənzildən çıxıb postda qalır və deyirmiş ki, “evim buradır, sərhədçinin evi post olar”. Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən - dostları onu belə xatırlayır.

Deyirlər ki, dilində bir söz olub: “Ya Qarabağ, ya ölüm!” Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bilman İSAQ

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?