• 28 Fevral 2021

XALQIN SEVİMLİ ŞAİRİ

07:00 18/02/21 | Mədəniyyət

Nəriman Həsənzadə - 90

(Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı və şəxsiyyəti haqqında bir neçə dost sözü)

Deyirlər, sənətkar ömrü onun yaşadığı bir insan ömrü ilə deyil, yaratdığı əsərləri, sənət nümunələri, xalq məhəbbəti, millət sevgisiylə ölçülür. Belə insanlar sağlığında ikən xalqının ürəyində, qəlbində elə ocaq çatır, elə işıq yandırır ki, bu ocaq, bu işıq sönməyən bir nura çevrilir, xalq yaddaşlarında əbədiləşir, nəsildən-nəsilə, əsrdən-əsrlərə keçərək əbədiləşir. Böyük Nizami, Nəsimi, Füzuli, Vaqif, S.Vurğun, Ü.Hacıbəyli, C.Cabbarlı və onlarla belə nəhəng mütəfəkkirlərimiz sağlıqlarında ikən xalq məhəbbətini, vətən sevgisini elə bir ilahi səviyyədə qazanmışlar ki, bu sevgi, bu məhəbbət onları dünən də yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaqdır...

Fəxrlə deyə bilərik ki, bu gün də bizim ümumxalq məhəbbəti qazanmış korifey sənətkarlarımız, şair və ədiblərimiz vardır. Bunlardan biri də Azərbaycanın Xalq şairi, Heydər Əliyev Mükafatı laureatı, Prezident təqaüdçüsü, Şöhrət ordenli, Əməkdar incəsənət xadimi, görkəmli alim, publisist və ictimai xadim Nəriman Həsənzadədir.

“Şair Nəriman Həsənzadəni nə vaxtdan tanıyırsan?” deyə məndən sorsalar, doğrusu, bu suala cavab verməkdə çətinlik çəkərəm. Bu tanışlığın nə gününü, nə də tarixini deyə bilmərəm. Bircə onu bilirəm ki, Nəriman müəllimin özündən əvvəl onun şeirləri ilə tanış olmuşam və bu şeirlər məndə onların müəllifinə xüsusi bir sevgi yaratmışdı. Bu da bir həqiqətdir ki, ötən əsrin 60-70-ci illərin uşaqları, gəncləri çox kitab oxuyardılar. Məktəbdə tənəffüs vaxtı da şagirdlər əlinə düşən bədii kitabı acgözlüklə oxuyardılar.

Mən də lap uşaqlıq çağlarımdan bədii ədəbiyyatı çox sevirdim. Əlimə düşən nağıl, hekayə, şeir kitablarını acgözlüklə oxuyardım. Mübaliğəli sayılmasa, deyə bilərəm ki, oxumurdum ey, içirdim. Əlimə bir bədii kitab düşəndə o gün mənim üçün toy-bayram olurdu.

Yadımdadır, orta məktəbin 5 və ya 6-cı sinfində oxuyurdum. Kimsə mənə balaca bir şeirlər kitabı verdi. Səhv etmirəmsə, baharın gözəl günlərindən biri idi. Həyətimizdəki “yarım dünya” adlandırdığım tut ağacının altında oturub o balaca kitabı açdım. Ətrafımda arılar, müxtəlif böcəklər hey fırlanır, hərə öz dilində nəsə söyləyirdi. Bəlkə onlar da şeirə qulaq asmaq istəyirdilər...

Kitabın iç vərəqində cavan bir oğlanın şəkli vardı. Deyəsən, gənc şair əsgər paltarında idi. Çox sonralar mən Nəriman müəllimin oğlu Nazimi görəndə həmin kitabdakı şəkil gözlərim önündə canlandı. Nə böyük oxşarlıq!

Kitabın adı yadımda qalmayıb. Nədənsə o ilk kitabın adını Nəriman müəllimdən də heç soruşmamışam. Birnəfəsə kitabı oxuyub qutardım. Kitabdakı şeirlər nə qədər təbii, canlı idi. Hər bir şeirdə təbiətin bir lövhəsi, ülvü məhəbbət hissi şairanə bir dillə canlanırdı. Kol dibində boynu bükük bənövşə, dağlardan tökülən şəlalə, dağlar döşü ilə baş alıb gedən cığırlar, bahar yağışları, çiçəkdən-çiçəyə qonan böcəklər, ilk məhəbbət, sevgi yanğısı burdakı şeirlərə hopmuşdu. Həm də nə qədər mənalı, nə qədər təbii verilirdi bu hisslər, bu düşüncələr...

Yuxarı siniflərdə oxuyanda da N.Həsənzadənin şeir, poemalarını oxudum, radioda ürəyəyatımlı, həzin səsini eşitdim. Şeirdən-şeirə şairin yüksəldiyini, istedadının parladığını hiss edir, duyurdum.

Bakıya gəlib, institutda oxuyanda N.Həsənzadə poeziyasına daha dərindən bələd oldum. Onun çağlayan istedadının məhsulu olan “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu” və s. poemalarını, yüzlərlə şeirlərini oxudum. Artıq o vaxt gənclərin ən çox sevdikləri şairlərdən biri məhz N.Həsənzadə idi.

Şairin “Nəriman” poeması xalqımızın böyük oğlu, bütün şüurlu həyatını qətrə-qətrə millətin, vətəninin yolunda əridən, görkəmli dövlət xadimi, şöhrətli yazıçı-dramaturq Nəriman Nərimanovun həyatına həsr olunmuşdu. Bu, poema yox, özünün bədii dolğunluğuna, məzmununa, əhatə dairəsinə görə nəzmlə yazılmış roman idi. Bu əsər böyük Nərimana bədii heykəl idi. Sonralar şair bu poema əsasında “Qoy bütün Şərq eşitsin” adlı pyes də yazdı. Poema kimi pyes də çox uğurlu oldu. Bakıda və Moskvada yüksək mükafatlara layiq görüldü...

İllər ötüb keçsə də, mən yaşa dolsam da N.Həsənzadə yaradıcılığına nə həvəsim azaldı, nə də ehtiyacım. Məni N.Həsənzadə yaradıcılığına bağlayan bir də onun böyük şair S.Vurğun poeziyasına oxşarlığıdır, səmimiliyi, təbiiliyidir. Şairin şeir dili o qədər axar-baxarlı, o qədər şirindir ki, oxucu ondan ayrıla bilmir. Az sözlə dərin mənalar, fəlsəfi düşüncələr vermək bacarığı N.Həsənzadə yaradıcılığına xas olan xüsusiyyətdir. Şair kiçik bir şeir parçasında böyük bir tablo, məna çələngi yarada bilir.

Niyə haqsız oldu bunca təbiət,

Niyə ürəyinə o, dəyir sənin.

Kimsə - camalını görməyə həsrət,

Kimsə - görüşünə gəlməyir sənin...

Sonralar tale elə gətirdi ki, mən bu böyük şairlə təkcə qələm yoldaşı yox, həm də dost, sirdaş oldum. Onu özümə böyük qardaş bildim, qardaş da gördüm. Yaxından tanıyandan sonra mən bir daha əminlik qazandım ki, Nəriman müəllimin şəxsiyyəti ilə poeziyası, yaradıcılığı arasında tamlıq, bütövlük vardır. Bir insan kimi şairanə qəlbi, ürəyi vardır Nəriman müəllimin. Allah ona hər şey – cismani gözəllik, mənəvi təmizlik, sevdalı könül, tükənməz ilham və ilhamı sönməyə qoymayan zəhmətsevərlik veribdir...

Onun yaradıcılığında böyük istedadla tükənməz zəhmət bir vəhdətdədir. O, həmişə bir ziyalı, bir vətəndaş kimi zamanın nəbzini tutmağa çalışmışdır. Nəriman müəllim təkcə şair deyil. O, həm də tanınan, seçilən dramaturq, geniş təfəkkürlü alim, istedadlı publisist, pedaqoq və ictimai xadimdir.

Şairi yaxından tanıyanlar bilirlər ki, o dünya poeziyasına, fəlsəfi fikrinə, estetik baxışlarına dərindən bələd olan bir insandır. Şərqin intibah dövrünü onun kimi yaxşı bilən və dəyərləndirən adamlar çox azdur.

Bu vaxta kimi şairin ölkəmizdə və xaricdə 50-dən yuxarı əsəri nəşr olunmuşdur. Onun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə edilərək geniş yayılmışdır. Təkcə şerləri yox, böyük əsərləri, o cümlədən “Nabat nənənin çörəyi” povesti bir çox xarici dillərə tərcümə olunaraq dərc edilmişdir.

N.Həsənzadə bir şair kimi xoşbəxt sənətkardır. Ona görə ki, o, həmişə xalqın sevimlisi olmuşdur və bu gün də sevimlisidir. Mən çox şahidi olmuşam ki, insanlar onu necə sevirlər. Təkcə sevmirlər, ona pərəstiş edirlər. Oxucular istər gənc olsun, istər yaşlı, onu ən yaxın həmsöhbəti, ürək dostu sayırlar. Xalqın belə istəyini qazanmaq hər sənətkara qismət olmur. N.Həsənzadə təkcə görkəmli şair yox, həm də şəxsiyyətdir. Onun daxili, “mən”i heç vaxt dəyişməyib. Ona görə də hər bir oxucu şairin əsərlərindəki həqiqi vətənpərvərliyi, saf məhəbbəti, bəşəri duyğuları səmimiyyətlə qəbul edir, şairin səmimiliyinə inanır. Şairin şəxsiyyətinə bələd olanlar hətta onun əsərlərində olmayan bəşəri xüsusiyyətləri görür və valeh olurlar. Dilindən özünəməxsus şirin ləhcə ilə “qurban olum”, “qadan alım” sözləri düşməyən bu şairi, bu insanı sevməmək mümkün deyildir.

Hansı vəzifə sahibi olmasından asılı olmayaraq, o, şair Nəriman, şəxsiyyət Nəriman olaraq qalmışdır, heç vaxt dəyişməmişdir. Həyatda nə qədər adamın Nəriman müəllimin köməyi ilə arzusuna qovuşduğunu çoxları bilir. Çox vaxt biləndə ki, kimin köməyə, haqqa ehtiyacı var, şairə müraciət olunmasa belə o özü işə qarışır, lazımı yerə telefon açır, xahiş edir.

Xalqda belə bir misal vardır. Deyirlər, qardaşını yaxşı tanıyırsan? Cavab verir ki, Vallah yoldaşlıq etməmişəm. Doğrudan da, səfərdə yol-yoldaşı olmaq insanı apaydın tanıdır. Tale elə gətirdi ki, mən Nəriman müəllimlə uzaq bir səfərdə yol-yoldaşı oldum.

Yadımdadır. 1989-cu ilin noyabrın 1-də Azərbaycandan biz nümayəndə heyəti ilə Kubaya Azərbaycan günlərində iştirak etmək üçün yola düşdük. Bakıda günəşli külək, Moskvada qar, sazaq vardı. Bir gün Moskvada qaldıqdan sonra nəhəng TU-186 təyyarəsi ilə yola düşdük. Yolüstü İrlandiyada, Kanadada bir-iki saatlıq istirahətdən sonra Kubaya uçduq. Kubada 28-30 dərəcə isti vardı... O vaxt hələ SSRİ dağılmamışdı. Ancaq M.Qorbaçov imperiyanı dağıtmaq üçün müsəlləh idi. Yerlərdə milli azadlıq hərəkatı genişlənirdi. Dağlıq Qarabağ məsələsində Qorbaçovun ermənipərəst mövqeyi hamıya aydın idi.

Kubanın çox yerində olduq. Çoxlu görüşlər keçirdik. Kubalıların qonaqpərvərliyi hələ də yadımdadır. Harda olurduqsa, bütün böyük-kiçik görüşlərdə nümayəndə heyətimizin üzvləri Qarabağ hadisələrindən danışırdıq. Nəriman müəllim hər yerdə M.Qorbaçov hakimiyyətini kəskin tənqid edirdi. Onun alovlu, məntiqli, milli qayəli çıxışları hələ də qulaqlarımdadır. Biz avtobusda şəhərdən-şəhərə yol gedəndə də Qarabağ məsələsi şairi tərk etmirdi.

- Əyə, Musa, - deyirdi – mən bu erməniləri yaxşı tanıyıram. Tarixən hansı rus çarına dil tapıblarsa, ondan öz xeyirlərinə, bizlərin isə əleyhinə gen-bol istifadə ediblər. İndi də belədir. Bu haramzadalar Qorbaçovu artıq tilova salıblar. Çətin olacaq, qardaş, çətin olacaq.

Şairin nə qədər haqlı olduğunu tarix sübut elədi...

Səfərdə Nəriman müəllimdə gözəl bir xüsusiyyət də hiss elədim. Bu sadə insanda böyük ürək gördüm. Hansı şairdən söz düşürdüsə tərifləyirdi, “gözəl şairdir” deyirdi. Şairlər içərisində Nizamini Allah sayır, S.Vurğun ilhamından danışmaqdan doymurdu. S.Vurğun və Nazim Hikmətin ona gəncliyində göstərdikləri qayğıdan danışırdı – S.Vurğun mənim əlimdən tutub poeziyaya gətirdi. Mənə zəmanəti də böyük şair verdi. Nazim Hikmətsə yuxarılara xahiş edərək mənə ev verdirdi. Belə şeylər yaddan çıxmır heç vaxt...

Bəzən hansısa şairdən bir beyt deyirdim. Əgər ürəyinə yatırdısa, “Allah, Allah, nə gözəldir. Bax, buna şeir deyərəm”, - deyə fikrini bildirirdi.

Çox vaxt söhbətimiz dolanıb yenə el-obamızın üstünə gəlirdi. Biz tez-tez Azərbaycanın müstəqilliyindən, o taylı, bu taylı, Azərbaycanın birləşməsindən danışırdıq. Azadlıq! Bu böyük arzu, istək idi... Azadlıq bütün insanlar üçün əziz bir sözdür.

Yadımdadır, bir gün Varadero şəhərinin (nümayəndə heyətimiz bu şəhərdə qalırdı) çimərliyində narın, ağappaq qumun üstündə uzanıb Atlantik okeanının gümüşü sularını seyr edirdim. Yanımda yerli sakin olan bir kişi oturmuşdu. Tərcüməçinin orda olmasından istifadə edərək kubalıdan soruşdum ki, indiki müstəqil Kubada yaşamaq yaxşıdır, yoxsa əvvəlki kapitalist Kubasında? Kubalı yəqin ki, mənim haradan gəldiyimi bilmirdi. O, üzünü mənə tutaraq dedi:

- Bir baxın, buradan 90 km o tərəfdə ABŞ-dır. Onlar bizdən yaxşı yaşayırlar. Nə olsun? Mən azad Kubada yaşamağımla fəxr edirəm. Sonra o, bir qədər sahil boyu uzaqlara baxaraq əlavə etdi – görürsüz bu sahili? 120 km-dir. Əvvəllər bu çimərlikdə mən ola bilməzdim. Dövlətlilər, xarici əcnəbilər gördüyün villalarda dincəlir, okeanda çimərdilər. İndisə... İndi mənim öz dilim, himnim, bayrağım vardır.

O kubalı kişinin mərdanə, ürəkdən dediyi sözləri çox yerdə çoxlarına danışmışam. Bugunkü müstəqil Azərbaycan xalqımız üçün hər şey deməkdir...

Kubadan qayıtdıqdan bir qədər sonra vətənimizdə 20 yanvar hadisələri törədildi. Bakı şəhidlər qanına bələndi. O günlər Nəriman müəllim Parisdə idi və orada müdhiş xəbəri eşitmişdi. Ordaca şair o taylı, bu taylı azərbaycanlıları toplayaraq Qorbaçov hakimiyyətinə öz etiraz səslərini dünyaya yaymışdılar.

Bir neçə gündən sonra Nəriman müəllim Bakıya qayıtdı. Onu görəndə tanımadım. Şairin məğrur qəddi əyilmiş, rəngi avazımışdı. O günlər və sonralar Nəriman müəllim öz dərdini, nisgilini bayatılar vasitəsilə göstərdi. Bu bayatılar nakam şəhidlərimizə, dərdli vətənimizə, xalqımıza bir ağı idi. Ancaq şairin bayatılarında da məğrurluq, ucalıq əks olunmuşdu. Dillər əzbəri olmuşdu bu bayatı.

Analara qurban olum,

Oğul doğurlar.

Oğullara qurban olum,

Şəhid olurlar...

- deyə şair dözümlüyə çağırdı xalqımızı. Kürsülərə sinə gərdi, alovlu nitqlər söylədi. Xalqı birliyə, bütövlüyə çağırdı şair. Ümummilli liderimiz Heydər Əliyevi o vaxtlar müdafiə edənlərdən biri də o idi. Prezident binasının qarşısına ilk gələnlərdən və söz deyənlərdən oldu N.Həsənzadə.

Nəriman müəllim respublikanın ictimai-siyasi həyatında həmişə fəal iştirak edən ziyalılarımızdan, qələm sahiblərimizdəndir. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinə rəhbərlik edib. Onun dövründə bu qəzetin nüsxəsi hardasa 300-400 min nüsxəyə çatırdı. Qəzet olduqca samballı, olduqca maraqlı idi. Şair həm də 1990-1995-ci illər Azərbaycan Ali Sovetinin deputatı olmuş və müstəqil Azərbaycanın istiqlalına ilk səs verən xoşbəxt insanlardan biridir...

Onun haqqında, poeziyası, onlarla kitabları barədə çox deyilib, çox yazılıb. Onu məhəbbət şairi, fikir şairi, bəşəri ideyalar şairi kimi zaman-zaman təqdim ediblər. Hamı da haqlıdır, N.Həsənzadə XX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biridir.

Şairin o illərdə qələmə aldığı “Qafqaz” şeiri (bunu poema da adlandırmaq olar) müasir dövrümüzdə siyasi lirikanın ən gözəl nümunələrindən biridir, desəm yanılmaram. Burada onun yazdığı “Qoy bütün Şərq eşitsin” pyesi də oxucular və tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Nəriman müəllim öz pyeslərini nəzmlə yazmışdır. S.Vurğundan sonra dram əsərlərini nəzmlə, yəni şeirlə yazan və uğur qazanan şair də N.Həsənzadədir. Onun pyeslərinin hamısı demək olar ki, tarixi əsərlərdir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” pyeslərində uzaq tariximizin qəhrəmanlıq səhifələri novatorcasına verilmişdir. Müəllif bu əsərlərində tarixi həqiqətlərə söykənərək, tarixdən külü yox, odu götürmüş və ona bədii siqlət vermişdir. Başqa sözlə, bu əsərlərdə milliliklə yoğrulmuş, bədii həqiqət tarixi həqiqəti təhrif etmir, əksinə, onu tamamlayır.

N.Həsənzadənin mahnıları, şeir və poemaları nəzmlə yazdığı pyesləri dillər əzbəridir. O, öz sevgisinə əbədi sadiq olan bir insandır. N.Həsənzadə vaxtsız dünyadan köçən ömür-gün yoldaşı Sara xanımı heç vaxt unutmur. Bu ayrılığa, əbədi itkiyə onlarla şeir yazıb.

Gül gətirdim, çiçək qoydum üstünə,

Gül sənindi, yer sənindi, sən mənim...

Yaxud:

Nə deyim, sağ olsun heykəltaraşı,

Gör necə düz verib o gözü, qaşı.

Saçları örpəyinin altından çıxıb,

Tək nəfəs verməyi yadından çıxıb...

Böyük məhəbbət, ilahi sevgi əbədi ayrılıqdan sonra da əbədi qalan, daima közərəndir... Bunlar isə N.Həsənzadə kimi mərdanə insanlara xas olan bir duyğudur...

Son illərdə Nəriman müəllim bir-birinin ardınca “Poylu - beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” adlı poema əsərləri yazıb nəşr etdirmişdir.

“Poylu - beşiyim mənim” şairin doğulduğu, boya-başa çatdığı Poylu qəsəbəsinə həsr olunmuşdur. Deyirlər beşikdən başlayır vətən. Bu bir həqiqətdir. İnsan övladı üçün doğulduğu yurd çox əziz olur. Bax o ilk yurddan, beşikdən başlanan həyatda hər birimiz addım-addım, sətir-sətir öz vətənimizi, xalqımızı, millətimizi tanımağa başlayırıq. N.Həsənzadə də böyük vətənimizin kiçik parçası olan Poylunu beləcə görür və təsvir edir. Şair bu balaca qəsəbəni elə məhəbbətlə təsvir edir ki, sanki bütöv Azərbaycandan söhbət açır. Bu əsəri oxuyanda istər-istəməz böyük S.Vurğunun “Azərbaycan” və ustad Şəhriyarın “Heydər Babaya salam” əsərləri yada düşür.

S.Vurğun “Azərbaycan” şeirində bütöv Azərbaycan məmləkətinin bədii mənzərəsini təkrarolunmaz lövhələrlə vermişdir. Şəhriyar “Heydər Babaya salam” poemasında doğma dilimizdə yurdumuzun əsrarəngiz bölgələrindən birini təsvir etsə də, bu əsərdə Azərbaycan xalqının adət-ənənələri, məişəti, həyat tərzi, təbiəti, mənəviyyatı elə təsvir olunmuşdur ki, oxucu bütün varlığı ilə o yerlərə, şairin ayaq izləri düşən torpağa, daşa, çölə, çəmənə qəlbən, ruhən vurulur, vətənimizin o dilbər güşəsini görməyə can atır. Arif oxucu başa düşür ki, kiçik çaylardan ümmanlar yarandığı kimi, kiçik bir obanın tam bədii təsviri də yarpaq-yarpaq toplanaraq vətənimizin ümumi varlığına çevrilir... Bu haqda şair özü yaxşı deyir:

Kənd də deyil, qəsəbədi bizim Poylumuz,

Şəhərlərə burdan düşür amma yolumuz.

Soruşsalar, deyərsiniz şair oğlunuz –

dəmiryolçu Alməmməd kişinin oğlu,

unutmadı, bizdən yazdı, sevindi Poylu...

Vaxtı ilə S.Vurğun o yerlərə xitabən demişdi “Qarayazı...Kür qırağı... od ocaq... Sizi bir də hansı şair yazacaq...”

N.Həsənzadə böyük ustadının istəklərini göyərtdi. O yerlərin bədii salnaməsini özünəməxsus ilhamla yaratdı. Bu əsərdə tarix də vardır, bu gün də vardır. Keçmişə hörmət, bu günə diqqət vardır. Burda həm də övladlıq, doğmalıq, torpağa bağlılıq və bir də vətəndaşlıq vardır. Ona görə ki, “Poylu – beşiyim mənim” də kənd həyatının bütün çalarları, şairin uşaqlıq çağlarında gördüyü, təmasda olduğu insanlar yad edilir.

Şairin “Nizami” poeması da maraqlı, yeni sujet xətti ilə seçilir. Poema müasir ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, professor Nizami Cəfərova həsr olunmuşdur. Müəllif özü bu barədə belə deyir: “Bu əsərin maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub.

Mən, 1949-cu ildə Ağstafanın Hasansu kənd (keçmiş Kirovka) orta məktəbində oxuyurdum. Bibim oğlu Yolçiyev Məmmədəli Ermənistandan köçürülən ailələrdən birinə öz ailəsində yer verdi, ona ev ayırdı. Ümumiyyətlə, əsər bizim günlərdən bəhs edir”.

Müəllifin dediyi kimi poemada müasirlərimizdən bəhs edilsə də burada tarix var, keçmiş var, tarix boyu haqqı tapdanan Azərbaycan xalqı var... Deyirlər, Azərbaycan yadellilər tərəfindən ikiyə bölünübdür. Doğru deyil bu! Azərbaycan torpağı, Azərbaycan xalqı zaman-zaman parçalanıb, hissələrə bölünüb. Xəritəyə bax: bir hissə İraqda, bir hissə Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda... Ürəkaçıqlığımızdan əzəli torpağımızda haylara ərazi verdik. Elə ərazi ki, orada haylar Ermənistan dövlətini yaratdılar. Və sonrada azərbaycanlıların aramsız deportasiyasını yaratdılar. Bu işdə Moskva, Kreml yaşıl işıq yandırdı. Bizlərə “döz”, onlara isə “irəli!” dedilər.

Şair N.Həsənzadə bu hadisələri yaxşı bildiyindən poemada bunları dərdli-dərdli, yana-yana şeirə çevirərək söyləyir. “Nizami” poeması bədii ricətlərlə, fəlsəfi öyüd-nəsihətlərlə şairanə tərzdə bəzədilmişdir.

N.Həsənzadə həm də irfani şairdir. Onun “Seyid Nigari türbəsi” poeması buna bariz sübutdur. Bu da bir həqiqətdir ki, bizim söz bahadırlarımız – Ulu Nizami, Nəsimi, Füzuli və i.a. irfani şairlər olmuşlar... Poemada dövrünün mürşüdü olmuş Seyid Nigarinin həyatı və fəaliyyəti yüksək təfəkkür işığında təsvir olunmuşdur.

Nəriman müəllim həm də yaxşı atadır, əvəzsiz babadır, övladları Xatirəyə və Nazimə təkcə ata yox, əsl sirdaş və rəfiqdir, nəvələrini dünyalar qədər sevir.

Yenə deyirəm, N.Həsənzadə yaradıcılığı haqqında çox deyilib və bundan sonra da deyiləcəkdir.

Əziz dostumun lirik dünyası, təfəkkür asimanı ümmandır və heç vaxt tükənən deyil. Mənsə, bu gözəl, böyük şairdən bir insan kimi söhbət açdım. Təbii ki, onun haqqında mən günlərlə danışa bilərəm.

İndisə şair dostuma deyirəm: Nəriman müəllim, 80-90 nədir ki... Sənin bəşəri poeziyan min illər boyu Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan biri olacaqdır. Bu günsə şair, durma, yaz! O çağlayan ilhamınla söz mülkünü ucaltmaqda davam et. Özün yaxşı demisən:

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

Bu şair ömrü isə xalqımızın, dilimizin varlığı qədər var olacaqdır. Ona görə ki, Nəriman Həsənzadə təkcə bu günün deyil, həm də gələcəyin söz bahadırlarındandır.

Bu il mayın 10-da - Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin ad günündə möhtərəm prezidentimiz tərəfindən Nəriman Həsənzadəyə ölkəmizin Ali mükafatı – “Heydər Əliyev Mükafatı” verildi. Bu mükafat təkcə Nəriman Həsənzadəyə deyil, bütün Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına göstərilən qiymətdir. Onu da qeyd edək ki, “Heydər Əliyev Mükafatı” şairlərdən ilk olaraq Nəriman müəllimə verilmişdir...

Nəriman Həsənzadə xalqın vətənpərvər şair oğlu kimi yeri gələndə, zamanında qələmini süngüyə çevirən sənətkardır. Azərbaycan xalqının şərəf və ləyaqətini, milli qürurunu özünə qaytaran Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə 2020-ci ilin 27 sentyabrında başlanmış İkinci Vətən müharibəsinin ilk günündən Müzəffər ordumuzla bir sırada şair Nəriman da öz qələmi ilə 44 günlük müharibənin son gününə kimi yağı düşmənlə var qüvvəsi ilə vuruşdu. Onun, müharibə dövründə xeyli müddət xəstəhal olduğuna baxmayaraq yazıb və dövrü mətbuatda dərc etdirdiyi odlu, alovlu, qələbəyə çağırış, qələbəyə inam, düşmənə nifrət dolu şeirləri təkcə arxa cəbhədə yox, döyüş səngərlərində də böyük əks-səda doğurdu.

Şairin noyabr-dekabr aylarında gecəni-gündüzə qatıb yazdığı “Qarabağ Azərbaycandır – Qarabağnaməm-İlham” poeması öz siqləti, əhatə dairəsi, ən ümdəsisə, günümüzlə səsləşdiyinə görə geniş maraq doğurmuşdur. Poema “Azərbaycan” qəzetində dərc olunmuşdur. Poemada ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev cənablarının parlaq, dolğun obrazı yaradılmışdır. Əsərdə Müzəffər Ali Baş Komandanın yüksək qətiyyəti, hərb tarixini mükəmməl bilməsi, hər gün ordumuzun zəfər yürüşünü, bir-bir kənd və şəhərlərimizin düşməndən azad olunması xəbərini sevinclə xalqa çatdırması obrazlı və poetik ifadələrlə verilməsi şairin yeni uğuru sayıla bilər. Onu da deyək ki, poemada İlham Əliyev təkcə prezident, Baş Komandan kimi yox, həm də Milli Qəhrəman kimi tərənnüm olunmuşdur. Bu doğrudan da belədir, bütün dünya azərbaycanlıları İlham Əliyev cənablarını belə qiymətləndirir. Sanki Böyük şair xalqın qəlbindəki duyğuları duyaraq belə şedevr yaratmışdır...

Sonda isə Böyük şairimizi yubileyi münasibətilə təbrik edərək deyirəm: Qələmin həmişə işləsin.

Musa QULUZADƏ, 
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, 
tarix elmləri doktoru, Əməkdar müəllim, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?