• 28 Fevral 2021

Tovuz böyük iqtisadi inkişaf yolundadır

12:42 18/02/21 | İqtisadiyyat

İnsan üçün doğulduğu yer onun üçün həmişə müqəddəs məkandır. Bir həqiqəti deyim ki, insanlıq üçün qəbul ediləndir ki, insan dünyaya gəlir, yəni böyük dünya onun üçün müqəddəsdir, əvəzolunmazdır. Dünyanın hər bir insanın vətəni olduğunu milliyyətindən, dinindən asılı olmayaraq hər kəs başa düşməli, anlamalıdır. İnsan o vaxt böyük olur ki, doğulduğu yerə, gəldiyi dünyaya öz insani münasibətini göstərə, duyura bilsin. Əgər insan bu hisslərdən məhrumdursa o, çox şeylərdən məhrumdur. Yox, özünü, dünyanı qiymətləndirə bilirsə həyatın bütün qapıları onun üzünə açıq olacaqdır. Uzun illər pedaqoji fəaliyyətim, insanlarla ünsiyyətim onu deməyə əsas verir ki, yaxşı olmaq lazımdır və yaxşılıq dünyanı bütün fitnə-fəsadlardan qorumağa qadirdir.

Mən Tovuzda doğulmuşam. Uşaqlığım, gəncliyim burada keçib. Artıq 60 ildən çoxdur ki, ildə yalnız bir-iki dəfə doğulduğum yurda gedirəm. Xoşbəxtəm ki, həmişə burada yeniliklərlə qarşılaşıram. Belə bir səfərim ötən il Tovuz döyüşləri gedən vaxt oldu. Doğrusu, Tovuzun, insanlarının bu qədər qorxmaz, cəsur olduğunu böyük qürur hissi ilə duydum və çox sevindim. Tovuz ulularımızdan bu yana ocaqları, pirləri, vətəncanlı, torpaqcanlı insanları ilə müqəddəsləşib və bu gün də tarixi ənənələrini davam etdirməklə yeni tarixlər yazır.

Həmişə Tovuz haqqında fikirləşəndə, düşünəndə ilk öncə yadıma ulu öndərimiz Heydər Əliyevin Tovuz və onun insanları haqqında dediyi sözlər düşür: “Tovuzun gözəl təbiəti, qiymətli sərvəti vardır. Onun ən qiymətli sərvəti əməksevər insanlarıdır”.

Bu dahiyanə deyilmiş sözlər Tovuz və tovuzlulara verilmiş ən böyük qiymətdir. Biz heç vaxt Ulu Öndərimizin Tovuza və tovuzlulara qayğısını, diqqətini unutmuruq.

Mən Tovuzda olanda təmasda olduğum insanlardan biri də həmyerlim Razim Aslanov oldu. Biz onunla hər ikimiz uzun müddət Naxçıvanda işləmişik. Mən Naxçıvan Dövlət Universitetində, o, isə tikinti sahəsində çalışırdı. Məndən gənc olsa da Naxçıvanda yaxşı tanınmışdır. Onun böyük dünya görüşü, elmi, iş qabiliyyəti həmişə yüksək qiymətləndirilirdi. Əməyi, zəhməti bu gün də unudulmur, yaddan çıxmır.

Bu yaxınlarda yenə də görüşdük. Görüşümüz Vətən müharibəsində qazanılan Böyük Zəfərdən sonra oldu. Çox şeylərdən danışdıq, xatirələr yada düşdü. Bizə böyük sevinc yaşadan möhtərəm Prezidentimizə minnətdarlığımızı ifadə etdik.

Razim Aslanovun dediklərindən:

- Biz hamımız Azərbaycan üçün doğulmuşuq. Əməlimiz, işimiz, elmimiz, bacarığımız onun inkişafına, qüdrətlənməsinə xidmət etməlidir. Hər kəs bacardığı qədər çalışmalı, mübarizə aparmalıdır və bu çalışmalardan, mübarizələrdən Azərbaycanımız qazanmalıdır. Mən deyərdim ki, həyatda qazandığım uğurlar böyük Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, o, gəncliyə, qabiliyyətli insanlara həmişə yüksək qiymət verib. Məhz onun sayəsində Azərbaycanda çox böyük ilklərə imza atılıb. Belə ki, Azərbaycanda ilk milli hərbi məktəbin yaradılması, gənclərimizin keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil alması, böyük sənaye müəssisələrinin yaradılması, Azərbaycan dilinin dövlət statusu qazanması və daha çox işlər onun adı ilə bağlıdır.

Mən Tovuzdan olduğum üçün həmişə rayonumuzun uğurlarına sevinmişəm. Ulu Öndərin Tovuza tarixi səfərləri yaxşı yadımdadır. Onun hər bir səfəri rayonumuzda yeni obyektlərin açılması ilə yadda qalıb. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr istər iqtisadiyyatımızın, istərsə də əhalimizin rifah halının yaxşılaşmasında böyük mərhələ kimi tarixə düşüb. Bu gün Azərbaycan Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev Tovuza böyük diqqət və qayğı göstərir. Son bir neçə ildə açılışı keçirilmiş çoxsaylı obyektlər, təhsil, idman, mədəniyyət müəssisələri bu qayğının geniş təzahürüdür. Demək olar ki, kəndlərimizə çəkilən yollar sabahımızın işıqlı günlərindən xəbər verir. Yolun böyük mədəniyyət olduğu hamıya gün kimi aydındır. Yollar qovuşdurur, yollar inkişaf etdirir, yollar birləşdirir. Birlik olan yerdə isə inkişaf var, sabaha böyük inam var.

Bizim ötən yayda ki, görüşümüz Tovuz döyüşlərinə təsadüf etdi. Xalq-Prezident, Prezident-Xalq birliyinin şahidi olduq. Düşmənə verilən layiqli cavab onu göstərdi ki, bizim gücümüz torpaqlarımızı işğaldan azad etməyə yetərlidir və bizi yolumuzdan döndərəcək güc yoxdur. İtkilərimiz olsa belə, böyük qələbəyə inamla irəliləyəcəyik.

Mən bir vətəndaş, sadə bir tovuzlu olaraq dərk etdim ki, bizim mübariz insanlarımız və Azərbaycanı uğurla gələcəyə aparan Ali Baş Komandanımız var. Tovuz döyüşləri düşmənə ağır zərbələr endirməklə yeni bir mərhələnin başlanğıcı oldu.

Bir neçə müddət keçdi...

Sentyabrın 27-də Vətən müharibəsi başladı. Cəmi 44 gün çəkdi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz sözünü dedi. Otuz ilə yaxın müddətdə ayrı düşdüyümüz tarixi torpaqlarımıza qovuşduq. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Hadrud, Xocavənd, Xocalı həsrətlərimizə son qoyuldu. Dağlıq Qarabağ məsələsi birdəfəlik həll olundu. Azərbaycan Ordusunun parlaq qələbəsi Ermənistanın təslimi ilə yekunlaşdı. Bu, son 200 ildə Azərbaycanın itirilmiş torpaqlarını qaytarılması istiqamətində ilk addım və böyük Zəfər oldu. Bu Zəfərin banisi isə möhtərəm prezidentimiz İlham Əliyevdir.

Hələ qələbələr gələcək. Bu, başlanğıcdır...

Azərbaycanın regionda söz sahibi olmağı onun illərlə min bir zəhmət hesabına qazandığı böyük uğurdur. Dövlətimizin, onun yorulmaz, böyük, müdrik rəhbərinin apardığı uzaqgörən siyasət bizi əmin edir ki, Azərbaycanın idarə etmə sükanı uğurlu əldədir və hər birimiz bu uğurlu əlin dövlətimiz, millətimiz naminə daha da möhkəmlənməsi, bir olması naminə daha böyük əmək, zəhmət sərf etməliyik. Bu, bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Qələbələrimiz çox olacaq, bunlar başlanğıcdır.

Tovuz haqqında bildiklərimizdən

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən qədim tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən biri olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8–10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variant məlumdur, onlardan biri "Tau Ok uz" Qədim türkcədən (Huncadan) tərcümədə Dağ tayfalarıyıq mənasını verir, ikincisi "Tau ust" qala türkcədən (Huncadan) tərcümədə Dağ üstündə yerləşən qala mənasını verir. Bu iki variantdan daha inandırıcısı İkinci variantdır ki həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavus qalanın adı ilə bağlıdır,qalanın xarabazarlığı hələdə qalmaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun (Hunlar)-Sabir (Sabirlər) türk tayfaları tərəfindən tikilmişdir. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar (Karavul) saldılar, qalanı Tauust, kiçik qalacıqları isə karavulqala adlandırdılar.

Bütün sahələrin inkişafına diqqət yetirilir

Kənd təsərrüfatının əsas istiqamətlərindən biri olan üzümçülük və şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etdiyi dövrlərdə görülmüş tədbirlər nəticəsində sahələrdən yığılan məhsul 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Tovuz rayonunda da 10 min hektara yaxın sahədə üzüm plantasiyaları salınmış və illik məhsul istehsalı 120 min tona çatdırılmışdır. Rayon ərazisində 12 şərab emalı zavodu fəaliyyət göstərmişdir. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilmiş, insanlar bu gəlir mənbələrindən məhrum edilmişlər.

15 dekabr 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilmiş və icra olunmuşdur. Dövlət Proqramının icrası ilə əlaqədar Tovuz rayonunda da üzümçülüyün inkişafı ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, rayon üçün ənənəvi olan bu sahənin dirçəldilməsi ilə bağlı torpaq mülkiyyətçiləri arasında geniş maarifləndirici işlər aparılmış, üzümçülüyün iqtisadi səmərəliliyi təşviq olunmuş və real nəticələrə nail olunmuşdur. Hazırda Tovuzda 794 hektar üzüm bağı vardır ki, bunun da 720 hektarı məhsul verən sahələrdir. Üzüm bağlarının 654 hektarı süfrə, 140 hektarı texniki üzüm sortlarıdır. Keçən il rayonda 17712 ton üzüm istehsal olunmuşdur. Məhsulun bir hissəsi təzə tər şəkildə istehlakçılara çatdırılması üçün rayonda fəaliyyət göstərən soyuducularda saxlanılmış, qalan hissəsi daxili bazarlarda satılmışdır. Texniki sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən rayonda fəaliyyətə başlayan üzüm emalı müəssisəsinə təhvil verilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov üzümçülüklə yanaşı kartofçuluğun, maldarlığın, baramaçılığın, arıçılığın inkişafına da xüsusi diqqət yetirir.

Aldığım məlumatdan: Bunları Əməkdar jurnalist Hamlet Qasımov deyir

Tovuzda rayonun turizm potensialının təbliği məqsədilə yaradılmış sayt istifadəyə verilib. Qeyd edək ki, Tovuz rayonu turizm-rekreasiya ehtiyatları və onlardan istifadə imkanları ilə olduqca zəngindir. Rəngarəng təbii şəraitə, müxtəlif landşaftlara malik olan, həm düzənlik və həm də dağlıq relyefə, şaquli qurşaqlıq üzrə bir-birindən kəskin fərqlənən iqlim tiplərinə, müalicəvi su ehtiyatlarına, əlverişli nəqliyyat infrastrukturuna, ekoloji təmiz ətraf mühitə və təbii turizm-rekreasiya ehtiyatlarına malikdir.

Tovuz rayonu tarixi, mədəniyyət və təbii abidələrlə də çox zəngindir. Rayonda VI-VII əsrə aid alban məbədləri, alman məskənləri, tunc, dəmir və erkən orta əsrlər dövrünə aid arxeoloji, tarixi və mədəniyyət abidələri, Yanıqlı kəndində yerləşən XVII əsrə aid “Şah Abbas” məscidi, “Göytəpə” Arxeoloji yaşayış məskəni, Vahidli kəndində yerləşən “Sultan körpüsü”, Yu-xarı Öysüzlü kəndində XIX əsrə aid Nəsib bəy və Usub bəy qardaşlarının yaşayış evləri, Əsrik çayının sol sahilində bizim eradan IV əsrə aid Alban məbədi və Qala divarları və s. bu günə qədər saxlanılmışdır.

Rayonun “Qədim İpək Yolu”nun üzərində yerləşməsi xarici turistlərin dəmir yolu və avtomobil nəqliyyat vasitələri ilə turizm məkanına səfər etmələrini asanlaşdırır. Qovlar şəhərindən Gədəbəy rayonunun Saratovka kəndi istiqamətində tarixi Xınna dərəsindəki Alakol kəndində şəhərgah, XII əsrə aid türbələr, Qəribli və Abdal kəndlərində orijinal arxitekturaya malik qədim alban məbədləri mühafizə olunur. Eyni zamanda “Çinarlı”, “Sınaqlı”, “Haçaqaya”, “Aldədə” kimi bir sıra ziyarətgah və pirlər də mövcuddur.

Təhsilə və mədəniyyətə qayğı

Rayonda təhsil sahəsində olan uğurları da xüsusilə qeyd etmək lazımdır. Rayonda Dövlət Proqramlarına uyğun, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı məktəblər tikilib istifadəyə verilmişdir. Məktəblərin müasir texniki avadanlıqlarla təchiz edilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ötən il ölkə Prezidentinin rayona səfəri çərçivəsində bir sıra mədəniyyət obyektlərinin təntənəli açılışı olmuşdur. Hüseyn Bozalqanlı adına Dövlət Aşıq, Tarix-diyarşünaslıq, Bayraq muzeyləri öz qapılarını yerli sakinlərin və rayona gələn qonaqların üzünə açmışdır.

Azərbaycanda ilk

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikada idmanın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına və gənc nəslin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərirlər. Bütün bunların nəticəsində Azərbaycanda davamlı olaraq Olimpiya idman kompleksləri, beynəlxalq yarışların keçirildiyi böyük stadionlar və idman arenaları, digər idman qurğuları tikilib istifadəyə verilir.

Bu tədbirlərin davamı olaraq AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması qərara alınıb. Qısa müddətdə FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunan Akademiyanın tikintisi başa çatdırılıb.

Bu günlərdə Tovuz rayonunda “Turan Tovuz” klubunun nəzdində futbol akademiyasının açılış mərasimi keçirilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Futbol Akademiyası Azərbaycanda ilkdir və uğurlar qazanacağına böyük inamımız var.

...Bəli, bu gün Tovuz dinamik şəkildə inkişaf edir. Bütün bunlar məni çox sevindirir. İnanıram ki, tovuzlular icra başçısı Məmməd Məmmədovla daha böyük uğurlara imza atacaqlar.

Yolların işıqlı olsun, Tovuzum!

Alı ƏLİYEV, təbiətşünas alim

Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir - Ölkə başçısı



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?