• 22 Aprel 2021

Ürəklərdə yurd-yuva quran igid: Cavad Hüseynov

14:30 18/02/21 | Digər

Torpaq uğrunda ötən ilin 27 sentyabr ayında başlanan Vətən müharibəsində hünər göstərib şəhid olan Cavad Cavid oğlu Hüseynov ömrünün 22-ci ilini yaşayırdı. Gələcəkdə onu gözəl günlər gözləyirdi. O, canını vətənə qurban etməyi hər şeydən üstün bildi...

Cavad Lerik rayonunun dağlar qoynuna sığınan, dağ vüqarlı, dağ qürurlu igidlər məskəni olan Çayrud kəndində dünyaya göz açmışdı. 3 yaşı olanda valideynləri ilə birgə Sumqayıt şəhərinə köçürlər. Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı tam orta məktəbində oxuyur. Güləşə maraq göstərir, gözəl rəsmlər çəkir. 9-cu sinifdə oxuyarkən asfalt üzərində tabaşirlə "Ana fəryadı" rəsmini çəkərək Sumqayıt şəhəri üzrə 1-ci yerə layiq görülür.

2016-cı ildə orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinə qəbul olur. O, 2 il yarım burada oxuyur, sonra maddi çətinliklər üzündən universiteti dondurmaq məcburiyyətində qalır.

Cavad 2019-cu ildə Vətən qarşısında oğulluq borcunu vermək üçün hərbi xidmətə gedir. Goranboyda, Ağdamda, Tərtərdə göstərdiyi nümunəvi xidmətlə fərqlənir. Əsgərlər, komandirlər onun vətənpərvərliyinə heyran qalırlar. Qarabağı zəbt etmiş erməni dığalarına qarşı nifrət hissi bir an belə soymur. Qisas gününə düşmənə qalib gəlmək əzmi ilə hazırlaşır...

Vətən müharibəsi başlandığı gündən Cavad döyüşlərə qatılır. Düşmənə qarşı mərdliklə vuruşub, onların xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman oktyabr ayının 17-də Suqovuşan ərazisində gedən şiddətli döyüşlərdə “Vətən sağ olsun” - deyə şirin canından keçir. Müharibə zamanı göstərdiyi şücaəti, rəşadəti onun adını Azərbaycanın şanlı zəfər tarixinə salır. Həm də böyük bir xalqın ürəyində yurd-yuva qurmaqla əbədiyyət qazanır.

İgid əsgərin döyüş yoldaşları onun haqqında qürurla, iftixarla danışırlar. Deyirlər ki, Cavad çox mərd, cəsur, qorxmaz, eləcə dostluqda sədaqətli idi. Ən ağır müharibə meydanlarında həmişə öndə gedərdi. Dığalara sarsıdıcı zərbələr vurmaqla, bizi də yalnız qələbəyə aparırdı. Məhz 30 il əsarətdə qalan Qarabağı Cavad kimi Vətən sevdalıların hünəri ilə azad etdik.

Cavad Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb. Doğma Azərbaycanın hər qarışını özünə əziz bilən İgid Vətən oğlunun uyuduğu yer isə Sumqayıt Şəhidlər Xiyabanıdır.

Zəfər ORUCOĞLU

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edilib



Facebook

Instagram

Youtube

SORĞU


Koronavirusla mübarizədə nə edirsiniz?